Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-153/2023 13.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əmrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müdiri X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə 06 sentyabr 2022-ci il tarixli K-148 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildən hazırkı dövrə qədər Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında müdir vəzifəsində işləyir. 2008-ci ildə rəhbərlik etdiyi uşaq bağçası köhnə maddi-texniki bazaya malik olmaqla, iki qrupda fəaliyyət göstərirdi. Rəhbərlik etdiyi müddətdə qənaətbəxş fəaliyyəti və təkidli xahişlərini nəzərə alınaraq X11 və Şəki şəhər İcra Hakimiyyətinin birgə dəstəyi nəticəsində bağça yenidən qurularaq, müasir dövrün standartlarına cavab verən müəssisəyə çevrilmiş və halhazırda onun rəhbərliyi ilə 1 körpələr evi olmaqla, 7 qrupda fəaliyyət göstərir. Rəhbərlik etdiyi müəssisədə Təsil Nazirliyi, Əmək Müfəttişliyi, X3 və sair qurumlar tərəfindən keçirilmiş yoxlamalar və monitorinqlətin nəticəsində bu günə kimi heç bir neqativ hal müəyyən edilməmişdir. Bunun da məntiqi nəticəsi olaraq, digər bağçalarla müqayisədə rəhbərlik etdiyi müəssisə kitayət qədər nüfuz və Şəki şəhər sakinlərinin rəğbətini qazanmışdır. Cavabdehnə X7 müdir təyin edildikdən sonra onun rəhbərlik etdiyi müəssisənin fəaliyyətinə münasibət mənfi istiqamətdə dəyişmiş, rəhbərlik etdiyi müəssisənin fəaliyyətinə kölgə salınmağa çalışılmışdır. Belə ki, 17 avqust 2022-ci il tarixdə tanımadığı 4-5 nəfər şəxs özlərini təqdini etmədən qəfil olaraq, bağçaya daxil olmuşlar. Sonradan ona məlum olmuşdur ki, bu şəxsləri bağçaya gətirən təhsil sektorunda işləyən Elxan Abdullayevdir. O, həmin şəxslərdən kim olmalarını, hansı əsasla heç bir icazə almadan bağçaya daxil olmalarını, onlarda hər hansı bir əmr və ya qərarın olubolmamasını soruşmuşdur. Bu zaman həmin şəxslər onun haqlı tələblərinə məhəl qoymadan, heç bır sənəd təqdim etmədən sözün əsl mənasında basqın edərək, bağçanın qida-saxlanc anbarına, mətbəxə, soyuduculara, körpələr yemək yeyərkən otaqlara daxil olmuşlar. O, dəfələrlə həmin şəxslərə “Sanitariya-epidemıoloji salamatıq haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq enilmiş "Yoluxucu parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarına riayət etmələrini, qoruyucu və gigiyenik vasitələrdən istifadə etmələrini tələb etmişdir. Lakin həmin şəxslər qanunvericiliyin tələblərini pozaraq, heç bir qoruyucu və gigiyenik vasitələrdən istifadə etmədən, küçədən gələn tozlu ayqqabılarla, yuyulmamış əllərlə bağçanın qida-saxlanc anbarına, mətbəxə, soyuduculara, körpələr yemək yeyərkən otaqlara daxil olub "yoxlama" aparmağa başladılar. Halbuki bağçada kifayət qadar üst geyimi, xalat, əlcək, baş geyimi, maska, spirt, termometr, bir sözlə bütün gigiyenik və qoruyucu vasitələr var. Həmin şəxslər küçədən gəldikləri tozlu ayqqabılarla, yuyulmamış əllərlə süd və meyvə şirəsi qutularını, yumurta kasetlərini və digər ərzaqları yerə atmışlar, hansı ki, bərzaqların yerə qoyulması qəti qadağandır. Belə ki, bütün ərzaq növləri, o cümlədən tərəvəzlər yer səthindən ən azı 20 sm hündürlükdə yerləşdirilməlidir. O, dəfələrlə “yoxlama" aparan şəxlərə bağçada hemofiliya, talassemiya, autist sindromu, ferment çoxluğu xəstəliyindən əziyyət çəkən uşaqların olduğunu, onların səhhətini təhlükə altında qoyduqlarını desə də, həmin şəxslər ona heç bir əhəmiyyət vermədən saat 10:30dan 17:20-yə qədər bütün ərzaq məhsullarına, bütün əşyalara toxunmuş, uşaqlarla və bağçanın işçiləri ilə təmasda olmuşlar. Saat 17:20-də onlar bağçadan getdikdən sonra o, dərhal dezinfeksiya xidmətinə müraciət edərək, bağçanı dezinfeksiya etdirmişdir. Bundan sonra 23 avqust 2022-ci il tarixdə Elxan Abdullayev və əlavə 4 nəfər yenə də bağçaya daxil olmuşlar. Yenə də heç bir şəxsi gigiyena, eləcə də, tibbi-profilaktik qaydalara riayət elmədən, heç bir sənəd təqdim etmədən mətbəxə və uşaqların əyləncə yerlərinə getmiş və tərbiyəçilərlə söhbət aparmağa başlamışılar. Bundan sonra o, vəziyyətin gərginləşdiyini görüb 102 xidmətinə zəng edərək, bağçada baş verənlərlə bağlı məlumat vermişdir. Poiis əməkdaşları dərhal özlərini bağçaya çatdırdılar və bunu görən Bəhruz Nəbili, Elxan Abdullayev və digər şəxslər öz qanunsuz əməllərinin ifşa olunmasından qorxaraq bağçadan çıxıb getmişlər. Hesab edir ki, bütün bu baş verənlər Şəki-Zaqataia Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin ona qarşı olan qərəzli münasibətinin nəticəsidir. Bəhruz Mehdiyev o qədər qərəzlidir ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında yoxlama aparılması ilə bağlı əmr verərkən əmrin 2.2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş 09 mart 1994-cü il tarixli 103 nömrəli Qərarına istinad etmiş, əmrdə qeyd edilən komissiyanın tərkibinə adı daxil edilməyən Bəhruz Nəbili adlı şəxsi də “yoxlamaya” gələn şəxslərlə birlikdə bağçaya göndərmişdir. Bəhruz Mehdiyev qanunsuz olaraq aparılan yoxlamanın nəticəsində ona 06 sentyabr 2022-ci il tarixli K-148 nömrəli əmri ilə şiddətli töhmət vermişdir. Şəki şəhəri 22 nömrəli körpələr evi-uşaq bağçasında qüvvədən düşmüş normaya istinad edilərək, qanunsuz aparılan yoxlama zamanı təlim-tərbiyə işlərinin təşkilində, pedaqoji və texniki heyətin işə davamiyyətində, uşaqların isti yeməklə təmin olunmasında, qrupların təşkilində, ərzağın qəbulunda və saxlanılması şəraitində, müəssisədə sənədləşmənin aparılmasında heç bir nöqsan və çatışmazlıqlar aşkar edilmədiyi halda mənə intizam tənbehi veriiməsi barədə əmrdə tamamilə yalan məlumatlar qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini və Cavabdeh müdiri X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə 06 sentyabr 2022-ci il tarixli K-148 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh 17 avqust 2022-ci il tarixli, F-22 nömrəli əmrindən görünür ki, Şəki şəhəri 5 və 10 saylı uşaq bağçaları, həmçinin Şəki şəhəri 22 saylı körpələr evi-uşaq bağçasında yoxlama aparılması üçün komissiya yaradılmışdır. İş materiallarına əlavə edilmiş 17 avqust 2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında uşaq davamiyyət cədvəlində may ayından etibarən Əsəd Səmədovun adı böyük qrup 3 və böyük qrup 2 jurnallarında qeyd olunmuşdur. Böyük qrup 3-də 6 uşağın adı qeyd edilməmiş, lakin sənədləri var, orta qrup 2-də 18 uşağın şəxsi işi var, davamiyyət kitabına qeydiyyata salınmamışdır, böyük qrup 2-də isə 8 nəfərin şəxsi işi var, lakin qeydiyyatları yoxdur. İş materiallarına əlavə edilmiş 17 avqust 2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında monitorinq keçirilərkən gündəlik menyuların olmadığı, qruplarda uşaqların yaş tərkibinə görə qarışıq olmaları, götürülmüş ərzaq məhsullarının qaimələrinin olmaması, işçilərin davamiyyət tabelinin olmaması, 48 saat ərzində saxlanılan yeməklərin üzərində tarixlərinin qeyd edilməməsi, 7 qrupdan yalnız birində avqust ayı üçün uşaqların davamiyyəti qeydiyyatının aparılması, ardıcıl olaraq toyuq ətindən istifadə edilməsi, 50-60 kiloqram mal ətinin isə anbarda saxlanılması kimi nöqsanlar aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 23 avqust 2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında monitorinq keçirilərkən müəssisənin təsərrüfat müdiri Könül Bayramzadə tərəfindən ərzaqların anbardan aşpaza verilməsi sənədlərinin mövcud olmaması, iki nəfər tərbiyəçinin işdə olmaması kimi nöqsanlar aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 23 avqust 2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında monitorinq keçirilərkən, böyük qrup uşaqlarının arasında iki məktəbyaşlı uşağın- Şəki şəhər 10 nömrəli orta məktəbin İİ sinif şagirdi X2 və Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü liseyin İİ sinif şagirdi X6 da olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 23 avqust 2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında monitorinq keçirilərkən qruplardan birində jurnal üzrə 20 uşaqdan yalnız ikisinin olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh müdirinə ünvanlanmış xidməti məlumatdan görünür ki, 17 avqust 2022 və 23 avqust 2022-ci il tarixlərdə Şəki şəhər 22 nömrəli körpələr evi-uşaq bağçasında monitorinq aparılmış və monitorinq zamanı müəyyən edilmişdir ki, bağçaya qəbul edilən uşaqların şəxsi işləri hazırlanmamış, həmçinin pedoqoji və texniki heyətin şəxsi işləri yox dərəcəsindədir. Bağçaya uşaq qəbulu ilə bağlı valideyn ərizələri yığılmamış, qruplarda uşaqların yaş tərkibləri qarışıq və müxtəlifdir. Bağçada fəaliyyət planı hazırlanıb təsdiq edilməmiş, əmr kitabı mövcud deyildir. Bağçada gündəlik menyu yazılmalı olduğu halda bir neçə aydır ki, menyu yazılmamışdır. Ərzağın qəbulu ilə bağlı qaimə faktura mövcud deyildir. Ayın əvvəlində bağça rəhbərliyi tərəfindən 52 kq mal əti qəbulu sənədlərdə öz əksini tapsa da, 23 avqust 2022-ci il tarixdə soyuducuda 60 kq mal ətinin saxlandığı aşkarlanmışdır. Bu da onu göstərir ki, uşaqlara ət yeməyi verilməmiş, bağçada ərzağın saxlanılmasına düzgün riayət edilməmişdir. Bağça müdiri İddiaçı monitorinq qrupunun bağçada normal iş aparmasına hər cür vasitələrlə mane olmağa çalışmış, işçilərə təzyiq edərək izahat yazmalarına imkan verməmiş, yazılmış aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh 06 sentyabr 2022-ci il tarixli, K-148 nömrəli əmrindən görünür ki, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və yol verilmiş nöqsanlara görə Şəki şəhər 22 nömrəli körpələr evi-uşaq bağçasının müdiri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25 oktyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdehin nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyir. Cavabdeh 17 avqust 2022-ci il tarixli, F-22 nömrəli əmri ilə Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında yoxlama aparılması üçün komissiya yaradılmışdır. 17 avqust 2022 və 23 avqust 2022-ci il tarixlərdə bağçada aparılmış monitorinqlər zamanı bir neçə ciddi nöqsanlar aşkar edilmiş və aktlaşdırılmışdır. Bundan sonra Cavabdeh 06 sentyabr 2022-ci il tarixli, K-148 nömrəli əmri ilə bağçanın müdiri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı, ona töhmət verilməsi barədə həmin əmrin əsassız olduğunu bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X5 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hisəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hisəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verə bilər. İş materiallarından görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı barəsində Cavabdeh 06 sentyabr 2022-ci il tarixli, K-148 nömrəli əmri ilə şiddətli töhmət verilərkən yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı həqiqətən də Əmək Məcəlləsinin tələblərini pozmuş, rəhbəri olduğu müəssisədə ciddi nöqsanlara yol vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə 06 sentyabr 2022-ci il tarixli K-148 nömrəli əmrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdehnə qarşı onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə 06 sentyabr 2022-ci il tarixli K-148 nömrəli əmrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-153/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-153/2023
13.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver