Məhkəmə qərarları › İş №e-2(075)-1541/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1541/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1541/2024 24.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı “pul tələbi”nə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 (borc alan), Cavabdeh1 (zamin), X1 İddiaçı1 xeyrinə xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 100.000 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları ekvivalenti 34.000 manat borc pulun, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı2 xeyrinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsin əsasən 40.000 ABŞ dolları ekvivalenti 68.000 manat dəyərində pul məbləğinin, 662 manat ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş 1000 manat xidmət haqqı məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmənin mövqeyi Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə predmeti olan kredit müqavilələrindən xx.xx.2017, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli müqavilələr İddiaçı1 ilə Cavabdeh2 arasında, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi isə İddiaçı2 ilə Cavabdeh2 arasında bağlanmışdır. İddiaçı2 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin digər kredit müqavilələri ilə əlaqəsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd edilən bütün kredit müqavilələri üzrə eyni şəxsin, yəni Cavabdeh1 zamin olması isə hazırkı kredit müqavilələrindən irəli gələn tələblərə bir icraatda baxılması üçün əsas deyil. Məhkəmə həmçinin qeyd edir ki, bütün kredit müqavilələrinin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Lakin iddia ərizəsinə mübahisənin məhkəmədən kənar (pretenziya) qaydasında həll edilməsinə dair hər hansı sənəd əlavə edilməmişdir. Bütün bunlara görə də iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçılara göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 151, 152, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçılar tərəfindən ********** saylı xx.xx.2024-cü il tarixli qəbz üzrə ödənilmiş 663 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar