Məhkəmə qərarları › İş №e-2(075)-1581/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1581/2025

06.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1581/2025 06.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi Nümayəndə1, Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi “iş stajı faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizənin tələbi, onunla bağlı izahat və etirazlar: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1987-1990-cı illərdə və 1992- 1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işləməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, o, xx xxxx 1964-cü ildə Şəki rayonunda anadan olmuşdur. Ərizəçi 1982-ci ildən Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü kimi işləməyə başlamışdır. Həmin tarixdən 1998-ci ilə kimi Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü kimi işləmişdir. Daha sonra Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin qurumdan 04 dekabr 2020-ci il tarixdə verilən **********9 nömrəli cavab məktubunda “şəxsiyyət vəqisəsinin surətinin, ümumi iş stajını təsdiq edən sənədlərin əsillərinin (əmək kitabçasının), yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış, pensiya təyin edilməsi ilə bağlı ərizənin təqdim edilməsi tələb edilmişdir. Bundan sonra hazırki iş üzrə Ərizəçi göstərilən sənədlərin toplanılmasına başlanılmışdır. Ancaq sonradan ərizəçiyə məlum olmuşdur ki, onun yuxarıda göstərildiyi kimi Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozunda işlədiyi dövrlərin 1987-1990-cı illəri, həmçinin 1993- 1998-ci illəri əhatə etdiyi müddəti qeydə alınmamışdr. Həmçinin Şəki rayonu Orta Zəyzid kolxozunun X27 komissiyası 02 may 2003-cü ildə Azərbaycan Respublikası X24 filialına ünvanladığı məktubdan müəyyən edilmişdir ki, təsərrüfatda olan kolxoz üzvlərinin idarə binasının 1961-ci ildə yanması ilə əlaqədar olaraq 1955-58-ci illərin və 1991-ci ildə həmin binanın ikinci dəfə yanması ilə əlaqədar olaraq 1987-1990-cı illərin şəxsi hesab kitabçaları yanmışdır. Ona görə də, həmin sənədlər arxivə təhvil verilməmişdir. Eyni zamanda 21 yanvar 2025-ci ildə tərtib edilmiş aktdan görünür ki, Ərizəçi 1982-1997-ci illərdə Şəki rayonu Orta Zəyzid kəndində “Lenin adına kolxozda” tütünçü olaraq işləmişdir. Lakin, onun 1986, 1992-1997-ci illərdə işləməsi arxiv arayışında həmin dövrdə kolxozda uçot aparan işçinin səhlənkarlığı üzündən qeydə alınmamışdır. Halbuki, hazırki iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və məhkəmə iclasına dəvət edəcəyimiz şahidləri izahatlarından hazırki iş üzrə Ərizəçi digər dövrlər ilə yanaşı 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə də, Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işlədiyi tam şəkildə sübuta yetiriləcəkdir Məhkəmə iclasında Ərizəçi izahatında ərizəsini müdafiə edərək bildirdi ki, o, 1982- 1998-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işləmişdir. Əmək kitabçası səhlənkarlıq nəticəsində idarə binası yanmış, müvafiq qeydlər aparılmaışdır. Bundan başqa xx.xx.2019-cu ildə əri İ qrup əlil olduğundan ona qulluq edən kimi sosial müavinət təyin olunmuşdur. Onun əri X11 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. O, qeyd edilənlərə əsasən pensiya təminatı almaq hüququnun reallaşması üçün faktın təsdiqi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəməyə etiraz ünvanlayaraq, bildirdi ki, ərizə əsassızdır və təmin olunmamalıdır. Hazırda ərizəçinin müəyyən etmək istədiyi fakt onun 1987, 1990, 1993- 1998-ci il tarixlərində Şəki rayonu Orta Zəyzid kənd "Lenin" adına kolxozda tütünçü olaraq işlədiyini iddia etdiyi dövrlərdir. İş materiallarına əlavə edilmiş Şəki rayonu "Orta Zəyid" X23 Komissiyasının xx.xx.2003-cü il tarixli məktubunda kolxoz üzvlərinin idarə binası yandığı üçün 1987-1990-cı illərə aid şəxsi hesab kitabçalarının yandığı və bu səbəbdən də arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli şahidlərin ifadəsi ilə tərtib olunmuş aktda ərizəçiyə dair müavfiq dövrlərə aid qeydlərin kolxoz işçilərin səhlənkarlığı səbəbilə qeyd alınmaması öz əksini tapmışdır. Gördündüyü kimi, məhkəməyə təqdim edilmiş sübutlar arasında müəyyən ziddiyyət vardır. İş üzrə yanğın olması və arxiv sənədlərinin yanması hər hansı sübuta öz təsdiqini tapmır. Həmçinin aktda adları çəkilən şahidlərin ərizəçi ilə eyni vaxtda, eyni yerdə işləməsi müvafiq sənədlərlə təsdiq olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinədair işlərüzrə məhkəmə təcrübəsinin bəziməsələləri haqqında" 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq ədilib-ədilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı, ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Lakin is üzrə icraat materiallarında ərizəçinin islədiyi illəri təsdiq edəcək iki nəfər sahidin isə cəlb olunmadığı aydın görünür. Ərizəçi ərizədə iki sahidinin olduğunu qeyd etsə də, şahidlərin şəxsiyyətini təsdiq edən sənədləri, o cümlədən şahidlərin onunla birgə isləməsini təsdiq edən sənədləri (əmək kitabçasını) məhkəməyə təqdim etməmisdir. Maraqlı şəxsin nümayəndəsi X18 məhkəmə iclasında etirazı müdafiə edərək ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə aşağıdakı sənədlərə və şahid ifadələrinə istinad edir: Şahid qismində məhkəmə iclasında ifadə verən X3 ifadəsində göstərdi ki, o, ərizəçini tanıyır, ərizəçi onların kolxozunda tütünçü işləmişdir. Onun özü 1962-ci ildən Şəki rayonu Orta Zəyzid kəndi Lenin adına kolxozun üzvü olmuşdur. O, kolxozda 1998-ci ilədək iqtisadçı işləmişdir. Onun əmək kitabçası özündə olduğundan əmək kitabçası salamat qalmışdır. Ərizəçiyə dair sənədlər yanğın və səhlənkarlıq nəticəsində saxlanılmamışdır. Ərizəçi 12 ay tütünçülüklə məşğul olmuşdur. Ona təhkim edilmiş ölçüdə torpaqda tütünü becərib, sonda kolxoza məhsulu təhvil verirdi. Şahid qismində məhkəmə iclasında ifadə verən X12 ifadəsində göstərdi ki, o, ərizəçini tanıyır, ərizəçi onunla qonşudur. Həmçinin ərizəçi onların kolxozunda tütünçü işləmişdir. Onun özü 1982-ci ildən Şəki rayonu Orta Zəyzid kəndi Lenin adına kolxozun üzvü olmuşdur. O, kolxozda tütünçü işləmişdir. Hazırda 1 saylı orta məktəbdə xidmətçi vəzifəsində işləyir. Onlar orta məktəbi bitirib, kolxozda tütündə işləmişdir. Onların çörəyi ordan çıxmışdır. O, 1989-cu ildə əlavə iş yeri kimi Toxucu kooperativinin tikiş sexində qablayıcı kimi işə qəbul edilmişdir. O, əmək kitabçasını özündə saxlamışdır. Ərizəçinin əmək kitabçası barədə məlumatı yoxdur. Yəqin ki arxivə verilmişdir. O, xatırladığı qədərilə kolxozun binası bir dövrdə yandığına görə müəyyən müddətə dair məlumat yoxdur. İş materiallarında olan: Şəki rayonundakı Orta Zəyzid kəndində yerləşən Lenin adına kolxoz tərəfindən X2 adına xx.xx.1999-cu ildə verilmiş 286 nömrəli “Kolxozçunun əmək kitabçası”nın surətindən görünür ki, (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), o, 1962-ci ildə həmin kolxozda kolxozçu olaraq əmək fəaliyyətinə başlamışdır. Kolxozda 1981-1984-cü illər əmək fəaliyyəti var, 1985-ci ildə üzrə yanma səbəbi ilə arxivdə məlumat yoxdur, 1986-cı ildə əmək fəaliyyəti var, 1987- 1990-ci ildə yanma səbəbi ilə arxivdə məlumat yoxdur, 1991-1998-ci ilədək əmək fəaliyyəti var. İş materiallarında olan: Şəki rayonundakı Orta Zəyzid kəndində yerləşən Lenin adına kolxoz tərəfindən X12 adına xx.xx.1984-cü ildə verilmiş 1712 nömrəli “Kolxozçunun əmək kitabçası”nın surətindən görünür ki, (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), o, 1982-ci ildə həmin kolxozda kolxozçu olaraq əmək fəaliyyətinə başlamışdır. Kolxozda 1982-1998-ci ilədək əmək fəaliyyəti var. İşdə olan X24 filialının xx.xx.2017-ci il tarixli 400 saylı arayışdan görünür ki, X1 rayonundakı Orta Zəyzid kəndində yerləşən Lenin adına kolxozda 1982-ci ildə 182 gün, 1983-cü ildə 182 gün, 1984-cü ildə 210 gün, 1985-ci ildə 210 gün, 1991-ci ildə 24 gün olaraq kolxozda işçi kimi qeydiyyatı var. Həmin arayışın verilməsinə əsas olmuş əməyin ödənişi üzrə hesablaşma kitablarından çıxarışlar ələd edilmişdir. X15 Şəki filalının xx.xx.2003-cü il tarixli arayışından aydın olur ki, Şəki rayonu Orta Zəyzid kolxozunun X27 komissiyası məlumatına əsasən təsərrüfatda olan kolxoz üzvlərinin idarə binasının 1961-ci ildə yanması ilə əlaqədar olaraq 1955-58-ci illərin və 1991-ci ildə həmin binanın ikinci dəfə yanması ilə əlaqədar olaraq 1987-1990-cı illərin şəxsi hesab kitabçaları yanmışdır. Ona görə də həmin sənədlər arxivə təhvil verilməmişdir. Şəki rayonu Orta Zəyzid kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Ərizəçi Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda 1982-1997-ci illərdə tütünçü işləməsini, lakin 1986, 1992-1997-ci illərdə işləməsi kolxozda uçot aparan işçilərin səhlənkarlığı üzündən qeyd edilməməsi X13, sadıqova Gülbahar Məmmədsaleh qızı, X16 tərəfindən təsdiq edilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1990-cı ildə X11 ilə nikaha daxil olmuş, nikahdan sonra soyadı Qaffarova olmuşdur. İşdə olan “e-sosial” Azərbaycan Respublikası ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan aydın olur ki, Ərizəçi xx.xx.2019-cu il tarixdən İ qrup əlil olduğundan ona qulluq edən şəxs olaraq qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə X9 vəfat etmişdir. Tətbiq edilməli hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 və 4.1.1ci bəndlərindən görünür ki, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı o cümlədən aşağıdakılara əsasən müəyyən edilir: 1) “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2) seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 17-ci bəndindən görünür ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən (iş stajı barədə sənədləri hərbi əməliyyatlar, təbii fəlakət, qəza,dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda) səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. X17 Partiyası Mərkəzi komitəsinin və SSRİ Nazirlər Sovetinin 1969-cu il 28 noyabr tarixli qərarı ilə təsdiq edilmiş, dəyişikliklər və əlavələr olunması Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1980-ci il 10 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Kolxozun nümunəvi nizamnaməsi”nin: 3-cü bəndinin birinci abzasından görünür ki, öz əməyi ilə kolxozun ictimai təsərrüfatında iştirak etmək istədiyini bildirən 16 yaşına çatmış vətəndaşlar kolxoza üzv ola bilərlər; 3-cü bəndinin dördüncü abzasından görünür ki, kolxozun hər bir üzvünə vahid formada əmək kitabçası verilir; 27-ci bəndinin ikinci abzasında qeyd olunur ki, “kolxozda yerinə yetirilmiş işlərin həcminə, istehsal edilən məhsulun miqdarına görə işəmuzd, akkord əməkhaqqı, vaxtamuzd, vaxtamuzd-mükafatlı və digər əməkhaqqı sistemləri tətbiq edilir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının: -1.5-ci bəndində qeyd edilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim Mülki Prosessual Məcəllənin 259.0.10-cu və 306.4-cü maddələrinə görə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı,ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. -13.1-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Ərizəçi 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işləməsi faktı tam sübuta yetirilir. Kolxozun binasında yanğın nəticəsində sənədlərin yanması, daha sonra səhlənkarlıq nəticəsində qeydiyyatın aparılmaması nəticəsində ərizəçiyə dair məlumatlar saxlanılmamışdır. Məhkəmə qeyd edir ki, mülki işin hallarından və maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının məhkəməyə göndərdiyi yazılı etirazdan da görünür ki, ərizəçinin 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü kimi işləməsi ilə bağlı əmək stajının məhkəmədənkənar həll edilməsi yolu hazırki halda mövcud deyildir. Həmçinin, maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun məhkəməyə göndərdiyi yazılı etirazdan o da görünür ki, həmin etirazda hazırki ərizənin Mülki Prosessual Məcəllənin 259.0.10 və 306.4-cü maddələrində nəzərdə tutulmuş qaydada baxılmamış saxlanılması üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə mülki işi tam araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq bu nəticəyə gəlir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərcləri ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.1, 307.2.11, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işləməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar