Məhkəmə qərarları › İş №e-2(075)-164/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-164/2025

17.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-164/2025 17.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və tikilidən çıxarılma və istifadənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən 0,0209 ha torpaq sahəsindən və üzərindəki tikilidən Cavabdeh çıxarılması və həmin torpaq sahəsi və üzərindəki tikilidən istifadənin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Bələdiyyəsinin 25 may 2022-ci il tarixli 09 saylı iclas protokolunun 54 saylı qərarı ilə Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən 0,0209 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. Qeyd edilən torpaq sahəsinə olan mülkiyyət hüququ reyestr nömrəsi **********0, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la təsdiq olunur. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən və üzərindəki tikilidən onun razılığı olmadan qanunsuz olaraq istifadə edir. O, dəfələrlə Cavabdeh bu özbaşınalıqlarına son qoymasını, mülkiyyətində olan torpaq sahəsindən və üzərindəki tikilidən çıxmasını xahiş etsə də, sonuncu onun xahişlərini nəzərə almamışdır. Nəticədə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və onun iddia tələbi təmin edilməlidir. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: Cavabdeh məhkəməyə etiraz göndərərək bildirmişdir ki, iddia tələbi başqalarının hüquq və vəzifələrinin pozulmasına yönəlmişdir, hüquqdan sui-istifadə etməklə irəli sürülmüşdür, bu səbəbdən tam əsassızdır və təmin edilməməlidir. İddiaçı onun anasıdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində birgə yaşayır. Əvvəllər həmin ev mülkiyyət hüququ ilə, evə aid həyətyanı sahə isə qanuni istifadə hüququ ilə ½ hissə olmaqla mərhum atası X1 və mərhum əmisi X2 məxsus olmuşdur. Bu fakt 21 may 1992-ci il tarixli, 1074 inventar nömrəli qeydiyyat vəsiqəsində və eyni inventar nömrəli texniki pasportda öz təsdiqini tapmışdır. Sözügedən ev 42 ildir ki, onun daimi yaşayış yeridir və hazırda da həmin evdə ailə üzvləri ilə - həyat yoldaşı və övladları ilə birgə yaşayır. Atasından və əmisindən miras qalmış əmlakın fiziki baxımdan tərkibində olan, əvvəllər müvafiq sənədlərdə zəbt ərazi kimi göstərilmiş mübahisələndirilən 0,0209 ha torpaq sahəsi uzun müddətdir ki, ailəsinin istifadəsindədir. Hələ atasının sağlığında, təxminən 2007-ci ildə fəhlə işlədiyi topdan satış mərkəzinin rəhbərliyinin maddi yardımı ilə sözügedən torpaq sahəsinin üzərində kiçik bir mağaza tikmişdir. X8 01 fevral 2010-cu ildə vəfat etmişdir (ölüm haqqında şəhadətnamə AZ İİ № 047213). Atasının vəfatından sonra onun ümumi əmlakdakı payına münasibətdə vərəsəlik işi açılmışdır. Həmin ərəfədə anası İddiaçı atasından miras qalmış payı tam olaraq öz mülkiyyətinə keçirmək istədiyini bildirmiş və etiraz etməyəcəyi təqdirdə hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsini və onun üzərində inşa etdirdiyi mağazanı adına rəsmiləşdirəcəyini vəd etmişdir. Ana-övlad münasibətlərinin ülviliyinə, səmimiliyinə, qərəzsizliyinə olan sonsuz inamı ana vədini qeydşərtsiz qəbul etməyinə rəvac vermiş və atasından miras qalmış əmlak payının ona aid hissəsini, bağışlama yolu ilə anasına vermişdir. Anasının vədinə etibar edərək, 2015-2016cı illərdə həyat yoldaşı X3 ilə birgə sözügedən torpaq sahəsinin üzərində kiçik avtoyuma məntəqəsi inşa etmişlər. Məntəqə fəaliyyətə başlayan gündən anası, ailəsindən ayrılmış və onunla birgə yaşayan bacısı Arzu İsmayılova ilə əlbir olub qazancından onlara da hissə verməyi, yəni məntəqəni onlarla şərik işlətməyi tələb etdilər. O, anasına verdiyi vədini xatırlatmış, maddi vəziyyətinin ağır olduğunu, ailənin ehtiyaclarını qarşılamaq üçün yetərli gəlirinin olmadığını izah etməyə çalışmışdır. Anası ilə bacısı, Ulduzu boşayacağı təqdirdə ona heç bir maneçilik yaratmayacaqlarını bildirdilər. O, onlara bu iyrənc şərtlərinin baş tutmayacağını söyləmişdir. Planlarını həyata keçirə bilməyən anası və Arzu həmin vaxtdan həyat yoldaşını incitməyə, onun işlərinə yersiz müdaxilə etməyə və bu yolla daim ailədaxili münaqişələr yaratmağa başladılar. Onları gərgin stresə məruz qoyan bu davranışları bu günədək davam edir. Artıq üçüncü ailə həyatı qurmuş Arzu İsmayılova bu gün yenə də onunla birgə yaşamaqdadır. O, dəfələrlə ona yad bir kişinin onun ailəsilə eyni evdə yaşamasının doğru olmadığını izah etməyə çalışmışdır. Lakin onu və ailəsini daim gərgin vəziyyətdə saxlamaqla bezdirmək üçün bütün vasitələrə əl atır. Təəsüflər olsun ki, anası da ona dəstək olur. Bu məqamlar, məhz hazırkı iş üçün əhəmiyyət kəsb edən və onun faktiki hallarını təşkil edən məqamlardır. İddiaçının və onunla həmrəy olan qızı Arzu İsmayılovanın bütün bu xoşagəlməz hərəkətləri iddia predmeti olan torpaq sahəsi üzərindəki tikililərin (mağaza və avtoyuma məntəqəsi) ələ keçirilməsinə yönəlmişdir. Anası ilə əvvəlki mövqeyi ilə uzlaşmayan hərəkətə yol verərək adına rəsmiləşdirəcəyini vəd etdiyi torpaq sahəsini 2022-ci ildə öz mülkiyyətinə keçirmiş və daşınmaz əmlakın dövlət reyestrindən 21 iyun 2022-ci il tarixli, **********007 reyestr nömrəli çıxarış almışdır. Mübahisəsi gedən torpaq sahəsi atasından və əmisindən miras qalmış əmlaka fiziki cəhətdən bitişikdir və onun həmin əmlakdan ayrılıb müstəqil torpaq sahəsi kimi mövcud olması miras əmlakın inşaat-texniki cəhətləri baxımdan mümkünsüzdür. Belə ki, yaşadığı evin avtomobil yoluna və ümumiyyətlə küçəyə çıxışını həmin torpaq sahəsindən istifadə etmədən təmin etmək mümkün deyil. Məlumdur ki, avtomobil yoluna çıxışı olmayan torpaq sahələrinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılması qanunauyğun deyil. Mübahisə predmeti olan torpaq sahəsindən çıxarılmağına və həmin sahədən istifadəsinə qadağan qoyulmasına dair qərar qəbul etməklə məhkəmə, yaşadığı evdən avtomobil yoluna və ümumiyyətlə küçəyə çıxışına da qadağa qoymuş olacaqdır ki, bu da konstitusion dəyərlər, qanunvericilik, hüququn fundamental prinsipləri baxımından yolverilməzdir. Bir sözlə, mübahisə predmeti olan torpaq sahəsindən istifadəsinə qadağa qoyulması, onu və ailə üzvlərini faktiki olaraq sosial həyatdan, ictimai münasibətlərdən də təcrid edəcəkdir. Belə bir qərar, təbii ki, qanunsuz olacaq və ləğv ediləcəkdir; 42 ildir ki, o və ondan daha öncə də valideynləri evə giriş-çıxış üçün sözügedən torpaq sahəsi üzərində olan qapıdan istifadə etmiş və bugün də istifadə edir. Həmin qapının yerinin hazırkı təyinatına (həm insanların, həm də nəqliyyat vasitələrinin giriş-çıxışına) uyğun olaraq dəyişdirilməsi mümkünsüzdür. Mübahisə predmeti olan torpaq sahəsi üzərində yalnız mağaza və avtoyuma məntəqəsi deyil, həmçinin digər tikililər – hamam, sanitar qovşaq və sair yardımçı tikililər mövcuddur ki, onlar da hamısının ümumi istifadəsindədir. Onun və ailə üzvlərinin yaşadığı evə və evin digər tikililərinə münasibətdə istifadə hüququnun məhdudlaşdırılması, qadağan edilməsi konstitusion dəyərlərə ziddir və yolverilməzdir. Mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən və hamısının istifadəsində olan hamam, sanitar qovşaq və sair yardımçı tikililərin yerini dəyişdirmək evin və həyatyanı sahənin inşaat-texniki cəhətləri baxımından mümkün deyil. Mümkün olsa belə, paylı mülkiyyət hüququ baxımından digər mülkiyyətçi ilə mübahisələrin yaranmasına rəvac verəcəkdir. Mübahisələndirilən torpaq sahəsi üzərindəki mağazanı o, avtoyuma məntəqəsini isə nikah dövründə həyat yoldaşı ilə birgə inşa etmişdir. Həmin obyektlərlə bağlı bütün ödənişlər tərəfindən həyata keçirilir. Məlumat üçün onu da bildirmişdir ki, sözügedən obyektlər sənədləşdirilməmişdir və üzərində hüquqi müqəddəratı məlum olmayan obyektin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi qanunsuzdur. Məhz, bu məqamlar nəzərə alınaraq qanunvericilikdə torpaq sahəsi və onunla bağlı olan, ondan ayrıla bilməyən əşya vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti kimi qiymətləndirilmişdir. Torpaq sahəsini onunla bağlı olan obyektlə vahid daşınmaz əmlak kimi qiymətləndirməklə üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almaq üçün ilk öncə həmin obyektin təyinatı, kimin faktiki sahibliyi altında olduğu, istismara yararlıığı və sair bu kimi məsələlərə aydınlıq gətirilməlidir. Normativ tələblərdən irəli gələn bu və bu kimi digər məqamlara aydınlıq gətirmədən hüquqi müqəddəratı məlum olmayan obyektin yerləşdiyi torpaq sahəsini həmin obyektlə vahid əmlak kimi qiymətləndirmək və onun üzərində, həmçinin bağlı olduğu obyektdən ayırmaqla yalnız torpaq sahəsinin üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almaq qanuna ziddir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ tam qanunsuz olaraq dövlət qeydiyyatına alınmış və çıxarışla rəsmiləşdirilmişdir. Yuxarıda qeyd etdiyi kimi o, anasının vədinə güvənib, etibar edib həyat yoldaşı ilə birgə iddia predmeti olan torpaq sahəsi üzərində avtoyuma məntəqəsi inşa etdirmişdir. Bu gün isə ona məlum olur ki, anası öz vədinə sadiq qalmayıb, əvvəlki mövqeyi ilə uzlaşmayan hərəkətə yol vermiş, adına rəsmiləşdirəcəyini vəd etdiyi torpaq sahəsini 2022-ci ildə öz mülkiyyətinə keçirmiş və daşınmaz əmlakın dövlət reyestrindən 21 iyun 2022-ci il tarixli, **********007 reyestr nömrəli çıxarış almışdır. Hesab edir ki, hüququn təməl prinsipi olan vicdanlılıq prinsipi ilə uzlaşmayan davranış xəttini seçməklə güvənmiş olduğu əvvəlki rəftarına zidd hərəkət edən iddiaçının qeyri-adekvat mövqeyi hüquqdan sui-istifadə halını yaratmışdır. Qeyd olunanlara, işin faktiki hallarına və hüquqi cəhətlərinə əsaslanaraq İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbini tam əsassız hesab edir, həmin iddiaya etirazını bildirir və təmin edilməməsini xahiş edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh verilmiş etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0209 ha ümumi sahəsi olan torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, ilk iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunur. Göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən 0.0209 ha ümumi sahəsi olan torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iddiaçının tam mülkiyyətindədir. ********** qeydiyyat nömrəli çıxarış çıxarış üzrə iddiaçıya verilmiş 0.0209 ha torpaq sahəsində yerləşən avtoyuma məntəqəsi hal-hazırda cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus tam mülkiyyətində olan Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən 0,0209 ha torpaq sahəsindən və üzərindəki tikilidən Cavabdeh çıxarılması və həmin torpaq sahəsi və üzərindəki tikilidən istifadənin Cavabdeh qadağan edilməsini tələb etməkdə haqlıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən 0,0209 ha torpaq sahəsindən və üzərindəki tikilidən çıxarılmalı və həmin torpaq sahəsi və üzərindəki tikilidən istifadə ona qadağan edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən 0,0209 ha torpaq sahəsindən və üzərindəki tikilidən çıxarılsın və həmin torpaq sahəsi və üzərindəki tikilidən istifadə ona qadağan edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar