Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1697/2025 22.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xidmət müqaviləsi üzrə yaranmış əsas borc 790 manat və əsas öhdəliyin gecikdirilməsi səbəbindən yaranmış 2.079 manat cəmirə məbləği olmaqla, ümumillikdə 2.869 manat pul vəsaitinin tutularaq, iddiaçı “Azstudy" MMC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində təhsil ilə bağlı müqavilə üzrə müəyyən edilmiş xidmətlərin həyata keçirilməsinə dair TR-200188 saylı xidmət müqaviləsi bağlanmışdır. Bağlanmış xidmət müqaviləsi üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri vaxtlı - vaxtında icra etməsinə baxmayaraq cavabdeh xidmət müqaviləsi üzrə müəyyən edilmiş 990 manat pul vəsaitindən yalnız 200 manatını ödəmiş və geridə qalan 790 manat xidmət haqqını ödəməkdən imtina edir ki, hazirki iddia tələbinin təqdim edilməsinin səbəbi bu hal olmuşdur. Eyni zamanda cavabdeh ali təhsil müəssisəsinə qəbul tarixi elan olunan, yəni faktiki olaraq iddiaçı xidmət müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirdiyi gündən etibarən 3 gün müddətində ödənilməli olan xidmət müqaviləsinin 790 manat dəyərini hazirki tarixədək ödəmədiyinə görə xidmət müqaviləsinin 3.2.2. bəndinə görə gecikdirilmiş hər gün üçün müqavilənin ümumi dəyərinin 1% midqarında cərimə ödəməlidir ki, hazirki tarixə bu cərimə məbləği 2.079 manat təşkil etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə 14 iyul 2025-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə icraatının iştirakları olmadan aparılmasına etiraz etmədiklərini, iddia tələbini tam olaraq müdafiə etdiklərini bildirmişdir. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsində göstərilən 790 manat əsas borc və 2079 manat cərimə borcu tələbi ilə razı deyildir. Müqavilə imzalanarkən ona İstanbul Şişli Universitetinə yerləşdiriləcəyi vədi verilmiş, bu əsasla ilkin ödənişi edib müqaviləni qəbul etmişdir. Müqavilədə, qəbul sənədi təqdim edildikdən sonra 790 manat əlavə ödəniş ediləcəyi qeyd olunmuşdur. Lakin bir müddət sonra ona, həmin Universitetdə yer olmadığı bildirilmişdir ki, bu gecikmiş müqavilənin əsas şərtinə ziddir. Sonradan müqavilənin ləğvini tələb etsə də tələbi rədd edilmişdir. Hal-hazırda öz şəxsi imkanları ilə İstanbul Gelişim Universitetində təhsil alır. Müqavilədə nəzərdə tutulan gündəlik 1% hesablanmaqla 2079 manat cərimənin hesablanması, üstəlik əsas borc olan 790 manatla birlikdə 2869 manat məbləğində iddianın irəli sürülməsini qeyri mütənasib və qanunsuz hesab etmişdir. Müqavilənin şərtlərinə əməl olunmamış, xidmət göstərilməmiş, o, isə heç bir real qarşılıq almadan əsassız borc yükü ilə üzləşmişdir. Bu əsaslara görə iddianın tam rədd edilməsini xahiş etmişdir. Cavabdeh elekton qaydada göndərdiyi müraciətləri əsasında məhkəmə iclasları təxirə salınıb işə iştirakı ilə baxılmış, o, məhkəmə iclasında izahat verərək göstərmişdir ki, həqiqətən də İddiaçı ilə təhsillə bağlı ona xidmət göstərilməsi üçün müqavilə bağlımış, lakin istədiyi və müqavilədə qeyd olunan universitetə deyil, digər universitetə qəbul olunduğu üçün müqavilədə göstərilən və tələb olunan 790 manat pulu ödəməmişdir. Hazırda həmin pulu ödəməli olduğu ona aydın olmuş və ödəməyə razılaşmış, lakin 790 manat əsas borca görə 2869 manat cərimə məbləğini əsassız və həddindən artıq çox hesab etmişdir. O, iddia tələbini 790 manat həcmində qəbul etmiş, tələb olunan cərimə məbləğini əsassız hesab edərək qəbul etməmiş, məhkəmədən cərimə məbləğinin azaldılmasını və növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. O, qeyd etdiklərini məhkəməyə rəsmi qaydada ərizə formasında təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.. İş materiallarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş.; İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlamış TR-200188 saylı xidmət müqaviləsinə əsasən, İddiaçı Cavabdeh sözügedən müqaviləyə 1 saylı əlavədə qeyd edilmiş xidmətləri (müraciət olunan müvafiq universitetdən qəbul cavabının alınması, sifarişçiyə xaricdə təhsil haqqında ilkin məlumatların, məsləhətlərin verilməsi, sifarişçinin sənədləşmə işlərinin aparılması, müvafiq təhsil müəssisəsinin araşdırılması və sifarişçiyə uyğun təhsil müəssisələrinin seçilməsi, əsaslandırılma məktublarının yazılması (tələb olunarsa), tələbə üçün seçilmiş müvafiq universitetlərə tələb olunan qeydiyyat sənədlərinin yollanması (Universitetlərə və üçüncü şəxslərə) göstərməyi, Cavabdeh isə qarşılığında xidmət haqqı olaraq 990 manat pul məbləğinin 200 manat hissəsini müqavilə imzalandığı gün, 790 manat hissəsini isə universitetdən qəbul cavabı gəldiyi gündən 3 gün ərzində ödəməyi, tələb olunan məbləği vaxtında ödəmirsə, hər gecikdiyi gün üçün müqavilənin ümumi dəyərinin 1%-i miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ilə bağladığı TR-200188 saylı müqavilənin xidmət haqqı olaraq nəzərdə tutulmuş 990 manat ödənişin 200 manat hissəsi müqavilə bağlandığı gün İddiaçı”nə ödənilmişdir. xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı TR-200188 saylı müqavilə ilə nəzərdə tutulmuş ödənişi müqavilədə qeyd olunan şəkildə tam ödəməyi, müqavilə üzrə öhdəliyin İddiaçı MMC-nin təqsiri üzündən pozulmadığı digər hallarda müqavilədən imtina etdikdə İddiaçı MMC-dən ödənilmiş məbləği geri tələb etməmək öhdəliyini qəbul etmişdir. 5 oktyabr 2024-cü il tarixli üzləşmə aktından aydın olur ki, bu aktda qeyd edilən xarici təhsil müəssisəsinə qəbul barədə xx.xx.2024-cü il tarixli, TR-200188 saylı müqaviləyə əsasən “X1” üzrə qəbulu alınmışdır ki, hazırki üzləşmə aktı ilə Cavabdeh bu faktı qəbul etmişdir və müqaviləyə 2 saylı əlavədə qeyd edilmiş xidmət haqqı ilə yanaşı, qəbul prosesi ilə əlaqədar olacaq xərclər: universitetin təhsil haqqı ödənişinin; yol xərcləri (təyyarə bileti, nəqliyyat və s.); yataqxana, otel, gedəcəyi ölkədə qalmaq və yaşam xərcləri; müqavilədən əlavə və xidmət müqaviləsi ilə əlaqəsi olmayan qəbul ilə bağlı olan digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. 7 oktyabr 2024-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı TR-200188 saylı müqaviləyə əsasən xidmət haqqı ödənişindən qalan 790 manat məbləği 20 oktyabr 2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. “X2” tərəfindən Cavabdeh verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 2024-2025-ci tədris ili üçün ödənişli əsaslarla “X2”nə qəbul olunmuşdur və halhazırda həmin universitetdə təhsil almaqdadır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlamış TR-200188 saylı müqaviləyə əsasən, Cavabdeh xidmət haqqı olaraq İddiaçınə 990 manat pul məbləğinin 200 manat hissəsini müqavilə imzalandığı gün, 790 manat hissəsini isə universitetdən qəbul cavabı gəldiyi gündən 3 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri - o cümlədən cavabdehin adından Türkiyədə universitetə müraciətin həyata keçirilməsini (sənədlərin hazırlanması və təqdim edilməsi) tam yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh müqavilədə razılaşdırılmış xidmət haqqı olan 990 manatın qalan 790 manatını ödəməməklə müqavilə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh iddianın əsas borc olan 790 manat hissəsini etiraf edib qəbul etmiş, 2869 manat cərimə hissəsini isə qəbul etməyib azaldılmasını xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.1-ci maddəsinə görə, Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 385.1-ci maddəsinə görə, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə görə, Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 389.3-cü maddəsinə görə, Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə görə, Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə görə, Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 406.1-ci maddəsinə görə, Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2-ci maddəsinə görə, Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3-ci maddəsinə görə, Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 467-ci maddəsinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı MMC xx.xx.2024-cü il tarixdə bağlanmış TR-200188 saylı müqaviləyə əsasən Cavabdeh İstanbul Şişli Universitetində təhsil alacağı nəzərdə tutulmuş, lakin sonradan tərəflər arasında 5 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş aktından görünür ki, bu aktda qeyd edilən xarici təhsil müəssisəsinə qəbul barədə xx.xx.2024-cü il tarixli, TR-200188 saylı müqaviləyə əsasən Cavabdeh “X1” üzrə qəbulu alınmışdır. Cavabdeh həmin üzləşmə aktı ilə bu faktı qəbul etmiş və müqaviləyə əlavədə qeyd edilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı tərəf cavabdehin İstanbul Gelişim Universitetindən qəbulnun almasını təmin etmiş, bunun üçün bütün qəbul və sənədləşmə prosedurlarını yerinə yetirmişdir. Cavabdeh isə öz tərəfindən bu görüləcək xidmətə görə 790 manat ödəyəcəyini yazılı öhdəlik kimi üzərinə götürmüş, lakin yerinə yetiməmiş, borcu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Tələb olunan cərimə ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı MMC-nin cavabdehə qarşı 2869 manat məbləğində cərimə tələbinə dair hissədə məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır və azadılmalıdır. Beləliklə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, TR-200188 saylı müqavilə üzrə 790 manat məbləğində əsas bоrc və 80 manat məbləğində cərimə tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə hazırki işin hallarını və Portaldan çıxarılmış “qəbz haqqında məlumat”dan göründüyü kimi iddiaçı tərəfindən **********68 nömrəli qəbzlə 49 manat dövlət rüsumunun iddianın qaldırılması üçün ödənilməsini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 257 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, TR-200188 saylı müqavilə üzrə 790 manat məbləğində əsas bоrc və 80 manat məbləğində cərimə olmaqla ümumilikdə 870 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-1697/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1697/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver