Məhkəmə qərarları › İş №e-2(075)-1952/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1952/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1952/2023 30.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137,9 kv.metr olan 6 saylı yaşayış sahəsinə dair onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında onun tərəfindən cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min yüz qırx altı) manat pul vəsaitinin, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh (MMC) tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmiş və həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-nin(“Kooperativ”) direktoru X3 ilə onun (“Payçı”) aralarında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137,9 kv.metr olan 6 saylı yaşayış sahəsini “Kooperativ” “Payçı”-ya(sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürmüşlər. Həmin Müqavilə əsasında xx.xx.2016-cı il tarixdə onun tərəfindən yuxarıda qeyd olunan ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137,9 kv.metr olan yaşayış sahəsi üçün əvvəlcədən 115146,00 (bir yüz on beş min yüz qırx altı) manat pul, qalıq borcu olmadan tam ödənilmişdir. Bunun əsasında isə həmin yaşayış sahəsinin tam dəyərinin ödənilməsi barədə ona Cavabdeh MMC tərəfindən 01 saylı xx.xx.2016-cı il tarixli Maliyyə arayışı verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh MMC-nin 01 saylı xx.xx.2016-cı il tarixli maliyyə arayışının surətindən də göründüyü kimi, xx.xx.2016-cı il tarixdə onun tərəfindən müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsindəki ümumi sahəsi 137,9 kv.metr yaşayış sahəsi üçün 115146,00 ( bir yüz on beş min yüz qırx altı) manat qalıq borcu olmadan Cavabdeh MMCyə ödənilmişdir. Cavabdeh müqaviləyə əsasən öz üzərinə düşən öhdəliyini icra etməmiş və sözügedən binanın “A4” blokunun heç bir tikintisi aparılmamışdır. Cavabdeh MMC məni inandırmışdır ki, binanın bloku hazırdır və müqavilə bağlanan zaman binanın digər blokunu təqdim edərək ondan 115146,00 (bir yüz on beş min yüz qırx altı) manat pulu almışdır. Lakin mövcud olacaq blok nəticədə heç tikilməmiş, binanın blokunun tikilməməsi barədə cavabdeh ona heç bir məlumat verməmişdir. Bu barədə məlumat ona Bakı şəhəri Xətai Rayon Məhkəməsində cavabdehə qarşı olan digər iddia tələbi üzrə məhkəmə baxışı zamanı – 2022-ci ilin oktyabr ayında məlum olmuşdur. Bundan sonra onun əri X1 onların cavabdeh tərəfindən dələduzluq yolu ilə aldadılmaqları ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq hüquq mühafizə orqanına ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq araşdırma zamanı məsələnin mülki xarakterli məsələ olduğu və bununla əlaqədar məhkəməyə müraciət etmək hüquqlarının olması onlara izah edilmişdir. Mövcud müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh (“Kooperativ”) yaşayış sahəsini iddiaçıya (“Payçı”ya) tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbuletməyi öhdələrinə götürür. Göründüyü kimi, o, yaşayış sahəsinin tam dəyərini 7 il bundan əvvəl ödəmiş olsa da, indiyədək ona heç bir yaşayış sahəsi təhvil verilməmişdir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən bu Müqavilənin icrası nəticəsində yaranan narazılıqlara səbəb olan məsələlər tərəflər arasında danışıqlar yolu ilə, razılığa gəlmək mümkün olmadığı halda bütün mübahisəli məsələlər Azərbaycan Respublikasında mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmədə həll edilməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq həmin yaşayış sahəsinin dəyəri onun tərəfindən Cavabdeh MMC-yə tam olaraq ödənilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, qeyd edilən yaşayış sahəsini tikib mənə verməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh onu yaşayış sahəsi ilə təmin etməmiş, eləcədə ödənilmiş pulu ona qaytarmamışdır. Belə ki, xx.xx.2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilmədiyinə görə ləğv edilməsi və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min yüz qırx altı) manat pulun geri qaytarılması, əks təqdirdə mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin mübahisənin həlli üçün cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkmədən xahiş etdi. İşin halları Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 30 mart 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına əsassən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. Həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imknaları hesabına həyata keçirilir. Buna əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən yaşayış sahəsinin ümumi sahəsi 137,9 m² təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəni tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəliyinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 mart 2016-cı il tarixli maliyyə arayışından görünür ki, 30 mart 2016-cı il tarixdə İddiaçı tərəfindən müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsindəki ümumi sahəsi 137.9 kv.metr yaşayış sahəsi üçün 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat qalıq borcu olmadan Cavabdeh MMC-yə ödənilmişdir. Qalıq borcu yoxdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh MMC-nə göndərilmiş 14 mart 2023-cü il tarixli pretenziyadan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sǝrancamına əsasən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmiş və həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC ilə həmin MMC-nin direktoru X3 ilə onunla müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə onların təşkilat Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda yüksək mərtəbəli binanın tikintisini başa çatdırdıqdan sonra, həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsini tikib mənim öhdəmə verməyi öhdəliləklərinə götürmüşlər. Mövcud müqavilə əsasında qeyd olunan ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsi üçün onun tərəfindən əvvəlcədən 115146,00 manat nağd qaydada, qalıq borcu olmadan, tam ödənilmişdir. Pul məbləğinin tam ödənilməsi barədə ona onların təşkilat tərəfindən 01 saylı xx.xx.2016-cı il tarixli maliyyə arayışı verilmişdir. Hazırda sözügedən ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binasının “A4” blokunun tikintisi işləri umimiyyətlə aparılmamışdır. xx.xx.2016-cı il tarixli müqavilədən yaranan öhdəlikləri icra etməmişlər, nəticədə 137.9 kv.metr olan yaşayış sahəsi onun istifadəsinə təhvil verilməmişdir. Aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsi vaxtında tikib təhvil vermədiklərinə və müqavilə öhdəliklərini icra etmədiklərinə görə, könüllü formada 15 gün ərzində mövcud müqavilənin pozulması və ödənilmiş 115146,00 manat pulun ona qaytarılması onlardan tələb olunmuşdur. Əks təqdirdə qüvvədə olan Qanunların tələblərinə uyğun olaraq bu mübahisə məhkəmə müstəvisində həll ediləcəyi, əlavə olaraq dövlət rüsumu və məhkəmə prosesi zamanı çəkilən digər xərclərin tutulması onlardan tələb ediləcəyi bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Cavabdeh MMC-nə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2015-ci il tarixli sərəncamından görünür ki:

1. Cavabdeh xx.xx.2015-ci il tarixli, 02 saylı müraciətini və «X8» Mənzil Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 72 saylı razılıq məktubunu nəzərə alaraq, Xətai rayonu, Xocalı prospekti,1181-ci məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ile «X8» MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə "İnter” MMC-nin istifadəsinə verilsin. 1.1. «X8» MTK-ya dair razılaşdırılmış layihə sənədləri Cavabdeh MMC-yə ayrılan torpaq sahəsinə düşən hissədə həmin cəmiyyətə aid edilsin. 1.2. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1ci bəndi ilə «X8» MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək, 0,2316 ha müəyyən edilsin.

2. Sifarişçiyə tapşırılsın: 2.1. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.2. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. 2.3. Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. 2.4. Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. 2.5. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. 2.6. Bu sərəncam və memarlıq-planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır.

3. Sifarişçi, Əmlak Məsələləri Dövlət Komitəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənəd almalıdır.

4. Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir.

5. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır.

6. Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikasının «Torpaq Məcəlləsi»nin 73-cü maddəsi ilə tənzimlənir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli, 10/4817 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən A-5-A-4 – A- 1 vǝ T-1 binalarının planlaşdırılmasının xx.xx.2016-ci ildə təsdiq olunmuş Eskiz Layihəsində göstərilən "A-1" və "T-1" bloklarının faktiki vəziyyətdə inşa edildiyi müəyyən olunur. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən A-5-A-4-A- 1 vǝ T-1 binalarının planlaşdırılmasının xx.xx.2016-ci ildə təsdiq olunmuş Eskiz Layihəsində göstərilən "xxxx" MMC tərəfindən inşa edilməli olan "A4" blokunun tikintisinə başlanılmadığı, Eskiz Layihəsində qeyd olunan "A-4" blokunun yerləşdiyi yerdə faktiki olaraq hər hansı binanın inşa edilmədiyi müəyyən olunur. "xxxx" MMC tərəfindən inşa edilən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən tikintisi başa çatdırılmış binaların, həmin ünvanda yerləşən yaşayış kompleksinin (A-5, A-4, A-1, T-1 binalar planlaşdirmasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş eskiz layihəsində planlaşdılmış "A-1" və "T-1" binaları olduğu müəyyən edilir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC-nin arasında 30 mart 2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına əsassən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. Həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imknaları hesabına həyata keçirilir. Buna əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən yaşayış sahəsinin ümumi sahəsi 137.9 m təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəni tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəliyinə götürmüşdür. 30 mart 2016-cı il tarixli maliyyə arayışından görünür ki, 30 mart 2016-cı il tarixdə İddiaçı tərəfindən müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsindəki ümumi sahəsi 137.9 kv.metr yaşayış sahəsi üçün 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat qalıq borcu olmadan Cavabdeh MMC-yə ödənilmişdir. Göründüyü kimi, Cavabdeh MMC müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən yaşayış sahəsinin ümumi sahəsi 137.9 m² təşkil edən yaşayış sahəsini təhvil verməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də iddiaçı Cavabdeh MMC-dən öz öhdəliyini icra etməsini, 30 mart 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsini və yaşayış sahəsi üçün ödədiyi 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat qalıq borcu tələb etməkdə haqlıdır. Beləliklə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsinə dair Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ləğv edilsin və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsinə dair Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ləğv edilsin və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar