Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2007/2024 10.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 29 dekabr 1986-cı il tarixli, 26 nömrəli iclas protokolundan çıxarışa əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum ataları X6 mülkiyyətinə Şəki şəhəri Oktyabr küçəsində verilmiş 500 kvadrat metr olan torpaq sahəsinin ona satılması ilə bağlı onunla Cavabdeh2 arasında bağlanmış 19 may 2004-cü tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması, bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və iddia tələbi ilə bağlı ödədiyi dövlət rüsumu xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 29 dekabr 1986-cı il tarixli, 26 nömrəli iclas protokolundan çıxarışa əsasən X7 Oktyabr küçəsində bibisinin istifadəsində olan torpaq sahəsinin 500 kvadrat metrdə 185-000-1 nömrəli layihə ilə üç otaqlı 60 kvadrat metr yaşayış, 35 kvadrat metr qeyri yaşayış sahəsi olan ev tikməyə icazə verilmişdir. X11 iş üzrə cavabdehlərin atasıdır. X11 vəfat etmişdir. X1 Şəki şəhər XDS İcraiyyə Komitəsinin 29 dekabr 1986-cı il tarixli, 26 nömrəli iclas protokolundan çıxarışa əsasən ona verilmiş və Şəki şəhəri, Oktyabr küçəsində yerləşən 500 kvadrat metrdən ibarət torpaq sahəsini 19 may 2004-cü ildə ona 22000 ABŞ dollarına satmışdır. Bundan bir neçə il sonra o, həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək istədikdə X11 həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı onun adına 17 iyul 2008-ci il tarixli etibarnamə vermiş, həmçinin, torpaq sahəsinin ona satmasına dair ərizə yazmışdır. Lakin, həmin vaxt aralarında notarial şəkildə müqavilə bağlanmamışdır. Hazırda isə həmin torpaq sahəsini adına sənədləşdirə bilmir. Hesab edir ki, qeyd edilən torpaq sahəsinin ona satılması ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdi etibarlı sayılmalı və bununla bağlı aralarında alqı-satqı əqdi bağlanmış hesab edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Şəki şəhəri, Oktyabr küçəsində yerləşən 500 kvadrat metrdən ibarət torpaq sahəsini 2008-ci ildə 22000 ABŞ dollarına X5 almışdır. Bununla bağlı X11 həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı onun adına 17 iyul 2008-ci il tarixli etibarnamə vermişdir. Həmin vaxtı imkanı olmadığından torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. Lakin sonradan Abid Şərifov vəfat etdiyindən etibarnamə qüvvədən düşmüşdür. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddianı qəbul edir. Mübahisələndirilən torpaq sahəsini mərhum atası X11 tərəfindən iddiaçıya satılmasından məlumatı olmuşdur. Məhkəmədən qanuni qərar çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh X11 tərəfindən verilmiş 17 iyul 2008-ci il tarixli ərizənin surətindən görünür ki, Şəki şəhəri, Oktyabr küçəsində yerləşən 500 m² (beş sot) torpağı, 22000 ABŞ dollarına Şəki sakini X2, pulunu tam almış və gələcəkdə heç bir iddiası olmayacaqdır. Şəki 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 17 iyul 2008-ci il tarixli etibarnamədən görünür ki, X3 Coşğun Nazim oğluna Şəki şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 26 nömrəli iclas protokolundan çıxarışa əsasən Şəki şəhəri, Oktyabr küçəsində birisinin istifadəsində olan 500 kv.metr torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. X4 tərəfindən verilmiş 17 iyul 2008-ci il tarixli ərizədən görünür ki, əri X6 adına olan Şəki şəhəri, Oktyabr küçəsində yerləşən torpaq sahəsində satılmasına heç bir etirazı yoxdur. 08 fevral 2008-ci il tarixli arxiv çıxarışından görünür ki, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 29 dekabr 1986-cı il tarixli 26 nömrəli iclas protokolundan çıxarışa əsasən Şəki şəhəri 22-ci rayon 26 Komissar küçəsi 19 nömrəli evdə yaşayan X7 Oktyabr küçəsində bibisinin istifadəsində olan torpaq sahəsinin 500 kv.metrdə 185-000-128 nömrəli layihə ilə üç otaqlı 60 kv.metr yaşayış, 35 kv.m qeyri-yaşayış sahəsi olan ev tikməyə icazə verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilcinin) etibarnaməyə, qanunun gostərişinə və ya buna vəkil edilmiş dovlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən)adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir vəonlara xitam verir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərlə, tərəflərin izahatları ilə müəyyən olunur ki, Şəki şəhəri, Oktyabr küçəsində yerləşən torpaq sahəsi X6 mülkiyyətindədir. Bu torpaq sahəsinin satılması ilə bağlı iddiaçı ilə X11 arasında sadə yazılı formada xx.xx.2008-ci il tarixdə razılaşma olmuş, iddiaçı cavabdehə torpaq sahəsinin alınması məqsədilə 22000 ABŞ dolları ödəmişdir. Cavabdehlərin mərhum atası X11 isə torpaq sahəsinə dair sərəncam vermə və s. səlahiyyətlər barədə iddiaçıya xx.xx.2008-ci il tarixdə 30 il müddətinə etibarnamə versə də, lakin alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı iddia tələbində alqı-satqı müqaviləsinin 19 may 2004-cü il tarixdə bağlandığını qeyd etsə də, məhkəmə iclaslarında verdiyi izahatlarında alqı-satqı müqaviləsinin 2008-ci il tarixdə bağlandığını bildirmiş və bununla bağlı cavabdehlərin mərhum atası X11 tərəfindən ərizə imzalanmışdır. Göründüyü kimi, tərəflər arasında sadə yazılı əqd 2008-ci ilin iyul ayında imzalanmışdır, yəni tərəflər arasındakı hüquq münasibətləri bu tarixdə yarandığına görə məhkəmə hesab edir ki, hazırki mübahisəyə 24 iyun 2005-ci il tarixdən sonra qüvvədə olan Mülki Məcəllənin müvafiq müddəaları tətbiq olunmalıdır. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335.2-ci maddəsinin qüvvədə olduğu müddət ərzində əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı nəzərdə tutulduğu halda, 24 iyun 2005-ci il tarixdən sonra məhkəmənin qeyd olunan səlahiyyəti qanundan çıxarılmışdır. Hazırki halda isə İddiaçı öz iddia tələbinin əsası kimi cavabdehlərin mərhum atası X12 2007-ci ildə alğı-satqı müqaviləsinin bağlanmasına, həmin müqavilənin dəyərinin onun tərəfindən X9 ödənməsinə dair ərizəyə istinad etmiş və həmin alqı-satqı müqaviləsinin etibarlı sayılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şəki şəhər XDS İcraiyyə Komitəsinin 29 dekabr 1986-cı il tarixli, 26 nömrəli iclas protokolundan çıxarışa əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum ataları X6 mülkiyyətinə Şəki şəhəri, Oktyabr küçəsində verilmiş 500 kvadrat metr olan torpaq sahəsinin ona satılması ilə bağlı onunla Cavabdeh2 arasında bağlanmış 19 may 2004-cü tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması, bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və iddia tələbi ilə bağlı ödədiyi dövlət rüsumu xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şəki şəhər XDS İcraiyyə Komitəsinin 29 dekabr 1986-cı il tarixli, 26 nömrəli iclas protokolundan çıxarışa əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum ataları X6 mülkiyyətinə Şəki şəhəri, Oktyabr küçəsində verilmiş 500 kvadrat metr olan torpaq sahəsinin ona satılması ilə bağlı onunla Cavabdeh2 arasında bağlanmış 19 may 2004-cü tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması, bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və iddia tələbi ilə bağlı ödədiyi dövlət rüsumu xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2007/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2007/2024
10.12.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver