Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2103/2025 16.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı"xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə cəmi 133.52 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Kart Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CP0026765 saylı müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tam kart vasitəsilə kart/cari hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması “Texniki overdraft” adlandırılır. Kart Mərkəzi filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 133.52 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2024-cü il tarixində hesabında 0.01 manat olmasına baxmayaraq 130.31 manat məxaric edərək hesabından 130.30 manat artıq istifadə etmişdir. Hesab hal-hazırda 130.30 AZN mənfidə qalmışdır. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 3.22 manat borcu mövcuddur. Maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 133.52 manat borcu olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə təsdiq edilir ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli, CP0026765 nömrəli kredit müqaviləsinə əsasən bank müştəriyə kart hesabının açılması, ödəniş kartının təqdim edilməsi və ödəniş kartının dövriyyəyə buraxılmasını, müştəri isə plastik kartdan istifadə ilə bağlı yaranan borcu və xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7.3-cü bəndinə əsasən müştəri bu Müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində (https://abbbank.az/muqavile) yerləşdirilmiş sonuncu tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlərlə (bundan sonra - Standart Şərtlər), Tam Kart bölməsinin Tam Kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanış olduğunu, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyi təsdiq edir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh hüquqi əsas olmadan hesabdan çıxarış etmiş, əsassız varlanmaya səbəb olan məbləğ cəmi 133,52 manat təşkil etmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən cavabdehin iddiaçıya 132,56 manat borcu vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehə qeyd olunan vəsaiti 3 iş günü ərzində banka geri ödəməyi tələb etmiş və əks təqdirdə borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Məhkəmə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması ilə bağlı öhdəliyi pozaraq, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh bank tərəfindən təqdim edilmiş plastik kartdan hüquqi əsası olmadan müəyyən məbləği məxaric etmiş və yaranmış borcu (overdraft) ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir. Buna görə də, iddia tələbi təmin edilməli, Cavabdeh 133,52 manat borc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 133,52 (yüz otuz üç manat, əlli iki qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-2103/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2103/2025
16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver