Məhkəmə qərarları › İş №e-2(075)-2131/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2131/2024

03.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2131/2024 03.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbi, Cavabdeh4 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Şəki rayonu, İnçə- Zunud kənd tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 iyun 2024-cü il tarixli, 40 nömrəli əmri ləğv edərək, əvvəlki işinə bərpa edib, məcburi iş buraxma müddəti üçün xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta aylıq əmək haqqının “4 saylı Oğuz Ərazi Maliyyə Hesablaşma Mərkəzindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil sonradan məhkəməyə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə ərizə təqdim edərək, 4 saylı Oğuz Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əsl cavabdehlə əvəzlənməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 54-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbində müddətsiz əmək müqaviləsinə əsasən müəllimə kimi dərs deməyinə icazə verilmiş Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbində müdətsiz müqaviləyə əsasən fasiləsiz olaraq işləmişdir. Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbinin 40 nömrəli, 27 iyun 2024-cü il tarixli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. Təkrarən sertifikatlaşdırmada iştirak etdiyi tarixdə Azərbaycan Respublikasının Elm və Təhsil naziri, cənab Emin Əmrullayevə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, 08 iyun 2024-cü ildə təkrarən sertifikatlaşdırmada iştirak etmiş və aşağıda qeyd edəcəyi səbəblərə görə az bal toplayaraq sertifikatlaşdırmadan keçə bilməmişdir. Belə ki, imtahana yaxşı hazırlaşdığı üçün 08 iyun 2024-cü ildə keçirilən sertifikatlaşdırmada təqdim edilən suallar şəxsən onun üçün kifayət qədər asan idi. Komputer vasitəsilə dəqiq bildiyi sualları cavablandırırmışdır. Bu zaman komputer dəfələrlə sönüb yandı. O ilk əvvəl bunun adi hal olduğunu hesab etmiş və bununla bağlı imtahan keçirilən otaqda olan nəzarətçilərə məlumat verməmişdir. Ardınca isə yenidən sualları cavabandırmağa davam etmişdir. Bildiyi sualları cavablandırıb yekunlaşdırdıqdan sonra komputer vasitəsilə işarələdiyi cavab variantlarını yenidən yoxlamaq qərarına gəlmiş, bu zaman artıq imtahan prosesində düz şəkildə cavablandırdığı və komputer vasitəsi ilə işarələdiyi bir sualda cavab variantının onun əvvəl qeyd etdiyindən fərqli şəkildə olduğunu görmüşdür. Bu zaman da artıq o, komputerdə nasazlığın olduğuna əmin olmuşdur. Artıq imtahanın başa çatmasına az zaman qaldığı üçün cavablandırdığı digər sualların cavab variantlarının da dəyişilib-dəyişilmədiyini dəqiqləşdirə bilməmişdir. Vaxt az qaldığı üçün bu nasazlığın aradan qaldırılmasından ötrü dərhal məlumat verib, komputerdə nasazlıq olduğunu demişdir. Daha sonra isə qeyd olunan texniki nasazlıqlara görə düzgün qeyd etdiyi cavab variantlarının çoxunun dəyişdiyini və bu səbəbdən də imtahanın kağız daşıyıcıda təkrar keçirilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Müraciəti ilə bağlı ona hər hansı köməklik edə bilməyəcəyini bildirdilər. Onun qeyd etdiklərini həm əməkdaşlar həm də digər şəxslərin iştirakı ilə araşdırmaqla, həm imtahanın keçirildiyi otaqda və həmin inzibati binada olan digər yerlərdə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə iştirakı ilə baxmaqla, həm də sertifikatlaşdırma zamanı əyləşdiyi Komputerin məlumatlarına iştirakı ilə baxmaqla (imtahan prosesi zamanı əyləşdiyi komputerin baza məlumatlarına iştirakı ilə baxdıqda onun hər bir suala dair ilkin olaraq hansı cavab variantını işarələdiyini və sonradan imtahan prosesinin gedişində həmin sualın cavabının hansı cavab variantına dəyişdiyini müəyyən etmək olar) da araşdıra bilərsiniz. Əldə etdiyi məlumata görə X6 tərəfindən keçirilən imtahanlarda olan komputerin baza məlumatlarında hər bir şəxsin hər bir suala dair ilkin olaraq hansı cavab variantını işarələdiyini və sonradan imtahan prosesinin gedişində həmin sualın cavabının hansı cavab variantına dəyişdiyini müəyyən etmək üçün texniki imkanlar vardır. Bu texniki imkanın Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda olan komputerlərdə mövcud olub-olmamasını isə bilmir. O sonradan bir daha imtahanda baş verən texniki nasazlıqla bağlı imtahanın keçirildiyi 08 iyun 2024-cü ildə portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə bildirdi. Lakin ona müvafiq cavab verilmədiyi üçün yenidən qeyd olunan qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət ünvanladı. Lakin ona yenidən müvafiq cavab verilmədiyi üçün bir daha yenidən qeyd olunan qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət ünvanladı. Lakin cavab verilmədi. Təhsil İnstitutunun nəznində X2 mətbuata verilmiş məlumata əsasən, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olub. Texniki məsələ ilə bağlı edilmiş 632 apellyasiya şikayəti həqiqətən də imtahan prosesi zamanı həm onun əyləşdiyi komputerdə, həm də ümumilikdə digər müəllimlərin əyləşdikləri komputerlərdə qeyd olunan nasazlığın yaranmasını təsdiq edir. Ondan aslı olmayan səbəblərdən sertifikatlaşdırmadan keçə bilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.22-ci bəndinə əsasən sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, mənim müraciətimdə qeyd etdiyim halları özümün və imtahanın təşkili prosesində iştirak edən X7 Təhsil İdarəsində nümayəndələrinin iştirakı ilə müzakirələr aparmaqla, imtahanın keçirildiyi otaqda və həmin inzibati binada olan digər yerlərdə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə iştirakı ilə baxmaqla, sertifikatlaşdırma zamanı əyləşdiyi komputerin məlumatlarını iştirakımla təhlil etməklə və digər zəruri olan prosedurlarla araşdıraraq və qüsursuz fəaliyyət göstərməyini nəzərə alaraq, işə bərpa olunmağını və ya yenidən imtahanda iştirak etmək üçün müvafiq şərait yaradılmasını xahiş etmişdir. Aidiyyəti üzrə müraciətlər etsə də, müraciətləri üzrə araşdırılma aparılmamışdır. Bu səbəbdən də Şəki İnzibati Məhkəməsinə müraciət edərək müraciətində qeyd etdiyi halları özünün və imtahanın təşkili prosesində iştirak edən Cavabdeh4ndə nümayəndələrinin və digər şəxslərin iştirakı ilə müzakirələr aparmaqla, imtahanın keçirildiyi otaqda və həmin inzibati binada olan digər yerlərdə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə iştirakı ilə baxmaqla, sertifikatlaşdırma zamanı əyləşdiyim komputerin məlumatlarını iştirakı ilə təhliletməklə və digər zəruri olan prosedurlarla araşdıraraq imtahan üzrə nəticənin, o cümlədən qəbul edilmiş qərarın ləğv edilməsi və yenidən imtahanda iştirak etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və iddim məhkəmənin icraatına qəbul edilərək müvafiq sərancam verilmişdir. O Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Cavabdeh4, Şəki rayonu, İnçə- Zunud kənd tam orta məktəbin dİrektorunun təqsiri üzündən qanunsuz olaraq işləməkdən məhrum olmuşdur. İddiaçı olaraq cavabdehlərə qarşı “İmtahanın keçirildiyi otaqda və həmin inzibati binada olan digər yerlərdə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə iştirakı ilə baxmaqla, sertifikatlaşdırma zamanı əyləşdiyi komputerin məlumatlarını iştirakı ilə təhlil etməklə və digər zəruri olan prosedurlarla araşdıraraq imtahan üzrə nəticəsinin, o cümlədən qəbul edilmiş qərarın ləğv edilməsi və onun yenidən imtahanda iştirak etməyinin təmin edilməsi; Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 40 saylı əmrin ləğv edilməsi” tələbi ilə mediasiyaya müraciət etmişdir. Cavabdehlər keçirilən ilkin mediasiya sessiyasında tələbi ilə razılaşmayıblar. Bunun müqabilində, Şəki 1 saylı mediasiya təşkilatının mübahisə üzrə təyin etdiyi mediator Dərya Yaşarlı tərəfindən iddiaçıyaya 23.08. 2024-cü il tarixli MŞŞ/MT018/2024-01359 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilib. Beləliklə, iddiaçı olaraq yuxarıda sadalanan tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. İddia tələbinə qarşı etirazın dəlilləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada göndərilmiş etiraz ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Cavabdeh4nə qarşı “İmtahan üzrə nəticəsinin, o cümlədən qəbul edilmiş qərarın ləğv edilməsi və onun yenidən imtahanda iştirak etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda həmin iddia ərizəsinə Şəki İnzibati Məhkəməsində baxılmaqdadır (2- 1(116)-2822/2024 nömrəli iş). Həmin iddia ərizəsinə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən etiraz təqdim edilmişdir. Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli 40 nömrəli əmri təklikdə mübahisələndirilə bilməz. Çünki həmin əmr Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmrinin əsasında verilmişdir. Belə ki, Agentliyin adıçəkilən əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tabe qurumlara tapşırılmışdır. Qeyd olunan tapşırığın icrası ilə bağlı təkrar sertifikatlaşdırmadan keçməyən Şəki rayon İnçə-Zunud kənd tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin məktəbin direktorunun xx.xx.2024-cü il tarixli 40 nömrəli əmri ilə 27 iyun 2024-cü il tarixindən ləğv edilmişdir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təkrar sertifikatlaşdırmanın test mərhələsinin nəticələri barədə” 25 iyun 2024-cü il tarixli 3-29/3- 2-439F/2024 nömrəli əmrinin əsasında verilmişdir. Beləliklə, iddiaçı ilk növbədə keçirilmiş sertifikatlaşdırmanın nəticələrini mübahisələndirməlidir. Çünki onun əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Qeyd”inə əsasən bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərə münasibətdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) başa düşülməlidir. İddiaçı iddia tələbi (2-1(116)-2822/2024 nömrəli iş) üzrə Şəki İnzibati Məhkəməsinə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təqdim edilmiş etirazın surətini və etiraza əlavə edilmiş sənədləri məhkəməyə təqdim edirərək İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbində müddətsiz əmək müqaviləsinə əsasən müəllimə kimi dərs deməyinə icazə verilmiş Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbində müdətsiz müqaviləyə əsasən fasiləsiz olaraq işləmişdir. Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbinin 40 nömrəli, 27 iyun 2024-cü il tarixli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. O, 08 iyun 2024-cü ildə təkrarən sertifikatlaşdırmada iştirak etmiş və aşağıda qeyd edəcəyi səbəblərə görə az bal toplayaraq sertifikatlaşdırmadan keçə bilməmişdir. Belə ki, imtahana yaxşı hazırlaşdığı üçün 08 iyun 2024-cü ildə keçirilən sertifikatlaşdırmada təqdim edilən suallar şəxsən onun üçün kifayət qədər asan idi. komputerdə yaranmış nasazlığa görə az bal toplayaraq sertifikatlaşdırmadan keçə bilməmişdir. Dəfələrlə komputerdə yaranmış nasazlığın aradan qaldırılıması və imtahan nəticəsinə yenidən baxış keçirilməsini bildirsə də onun müraciətlərinə əsaslı tədbir görülməmişdir. Nəticədə qanunsuz olaraq işinə xitam verilməsini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirdi ki, Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli 40 nömrəli əmri təklikdə mübahisələndirilə bilməz. Çünki həmin əmr Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmrinin əsasında verilmişdir. Belə ki, Agentliyin adıçəkilən əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tabe qurumlara tapşırılmışdır. Qeyd olunan tapşırığın icrası ilə bağlı təkrar sertifikalaştırmadan keçməyən Şəki rayon İnçə-Zunud kənd tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin məktəbin direktorunun xx.xx.2024-cü il tarixli 40 nömrəli əmri ilə 27 iyun 2024-cü il tarixindən ləğv edilmişdir. Buna görə də, iddiaçının tələbi əsassızdır, rədd olunmalıdır. Digər cavabdehlər Şəki rayonu, Baş Göynük 2 nömrəli tam orta məktəbi, Cavabdeh4 nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları 23 avqust 2024-cü il tarixli MŞŞ/MT018/2024-01359 nömrəli ilkin X1 Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 23 avqust 2024-cü il tarixdə 16:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin X1 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdehlər Şəki rayonu, İnçə- Zunud kənd tam orta məktəbi, Cavabdeh4, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin etibarnamə üzrə nümayəndələri ilkin X1 etməmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə iştirak etdiyi sertifikatlaşma imtahanının nəticəsindən görünür ki, İddiaçı mövcud 60 baldan 21 bal toplamışdır. Şəki rayon İncə-Zunud kənd tam orta məktəbinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 40 nömrəli əmrindən görünür ki, İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0002X0 nömrəli bildirişdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 40 nömrəli əmr ilə əmək müqaviləsinə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası isə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əsası ilə xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunun: 36-2.1-ci maddəsinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.2-ci maddəsinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarının; 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iş üzrə İddiaçı Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbində müddətsiz əmək müqaviləsinə əsasən müəllimə kimi dərs deməyinə icazə verilmiş Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbində müdətsiz müqaviləyə əsasən fasiləsiz olaraq işləmişdir. Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbinin 40 nömrəli, 27 iyun 2024-cü il tarixli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. O, 08 iyun 2024-cü ildə təkrarən sertifikatlaşdırmada iştirak etmiş və aşağıda qeyd edəcəyi səbəblərə görə az bal toplayaraq sertifikatlaşdırmadan keçə bilməmişdir. Belə ki, imtahana yaxşı hazırlaşdığı üçün 08 iyun 2024-cü ildə keçirilən sertifikatlaşdırmada təqdim edilən suallar şəxsən onun üçün kifayət qədər asan idi. komputerdə yaranmış nasazlığa görə az bal toplayaraq sertifikatlaşdırmadan keçə bilməmişdir. Dəfələrlə komputerdə yaranmış nasazlığın aradan qaldırılıması və imtahan nəticəsinə yenidən baxış keçirilməsini bildirsə də onun müraciətlərinə əsaslı tədbir görülməmişdir. Bu səbəbdən iddiaçı qanunsuz olaraq işinə xitam verilməsini göstərərək iddianı müdafiə edir. Cavabdeh təşkilatın nümayəndəsi isə iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, İddiaçı 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün onun əmək müqaviləsi 2024-cü ilin 27 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu qeyd etsə də, Şəki rayon İncə-Zunud kənd tam orta məktəbinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 40 nömrəli əmrindən görünür ki, İddiaçı təkrar sertifikatlaşmadan 60 baldan keçid balı 30 bal olmağına baxmayaraq 21 bal topladığı üçün sertifikatlaşmadan keçməmiş hesab edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozuntusu hallarına yol verilməmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunundan bəhs edilir.

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qeyd olunan norma baxımından da hesab edir ki, Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbinin 40 nömrəli, 27 iyun 2024-cü il tarixli nömrəli əmrinin məzmununda da pozuntuya yol verilməmiş və əmrdə əks olunan məlumatlar 84-cü maddənin tələblərinə uyğun əmrdə əks etdirilmişdir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbi, Cavabdeh4 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı onunla Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 iyun 2024-cü il tarixli, 40 nömrəli əmri ləğv edərək, əvvəlki işinə bərpa edib, məcburi iş buraxma müddəti üçün xx.xx.2024cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta aylıq əmək haqqının tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbi, Cavabdeh4 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı onunla Şəki rayonu, İnçə-Zunud kənd tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 iyun 2024-cü il tarixli, 40 nömrəli əmri ləğv edərək, əvvəlki işinə bərpa edib, məcburi iş buraxma müddəti üçün xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta aylıq əmək haqqının tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar