Məhkəmə qərarları › İş №e-2(075)-22/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-22/2023

04.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-22/2023 04.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, mənə məxsus olan, Şəki rayonu İkinci Biləcik kəndində yerləşən, fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsindən çıxarılması və mənə məxsus olan torpaq sahəsindən istədiyim kimi istifadə edilməsində cavabdeh tərəfindən ona qarşı edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiiyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparılması ilə bağlı mülkiyyətinə yaradılmış maneələrin aradan qaldırılmaqla istifadəsində olan torpaq sahəsinin ölçülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbinin dəyişdirilməsi barədə ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün mərhum atası X2 1226 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X6 kitabında 17avqust 2009-cu il tarixdə, A№195500 – 2420 nömrə ilə uçota alınmışdır. Lakin atasından miras qalmış torpaq sahəsindən bu günə kimi istifadə edə bilmir. Belə ki, Şəki rayonu, Baqqal kənd sakini Cavabdeh həmin torpaq sahəsini 2005-ci il tarixdən zəbt etmiş, həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Cavabdehdən dəfələrlə həmin torpaq sahəsindən çıxmasını tələb etsə də, o buna məhəl qoymamış, kənd bələdiyyəsinin və kənd icra nümayəndəsinin rəsmi sənədlərinə məhəl qoymayaraq həmin torpaq sahəsindən konkret olaraq çıxmayacağını bildirmişdir. Bundan başqa o, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmişdir. Reyestr Xidməti isə torpaq sahəsinin digər şəxsin istifadəsində olmaqla ərazidə mübahisə olduğundan ərizənin icrasının mümkün olmadığını və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə baxılmalı olduğu bildirilmişdir. Hal-hazırda da cavabdeh onun hüquqlarını pozaraq ona məxsus olan torpaq sahəsindən çıxmır və ona məxsus olan torpaq sahəsində hər hansı bir işi görməyə maneəçiliklər törədir. Ona görə də, indiki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün mərhum atası X2 1226 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi atasından ona miras qalmışdır. O, miras payına dair çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastr və X8 Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin həmin fərdi yaşayış evinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının baxış keçirmələrinə və ölçü işlərinin aparılmasına cavabdehlər tərəfindən maneələr yarandığından daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Odur ki, bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. 1996-ci ildə İslahat keçirilən zaman mübahisələndirilən torpaq sahəsi onun istifadəsində olmuşdur. Ona istifadəsində olan torpaq sahəsinin özünə qalması üçün ərizə müraciət etməsi bildirilmişdir. Həmin ərazidə daha artıq torpaq sahəsi alamlı olduğu halda ona cəmi 77 sot torpaq sahəsi verilmişdir. Lakin bununla bağlı heç bir rəsmi sənəd verilməmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsindən digər şəxsə 1226 kv.m torpaq ayrılmışdır. Qeyd edilən, torpaq sahəsindən o uzun illərdir ki istifadə edir. Buna görə də iddianın təmin olunmamasını xahiş edir İşin halları; 07 avqust 2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 30 iyul 2003-cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2003-cü il tarixdə ölmüş X1 vərəsəsi İddiaçıdur və o mirak əmlakdan tam hissədə pay almalıdır. Şəhdətnamə verilən miras əmlak Şəki 3408 nömrəli əmanət bankının 28871 nömrəi həsabında olan əmanət puldan ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13 dekabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə köməklik göstərilməsi barədə 12 noyabr 2021-ci il tarixli müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərazi idarəsinin arxiv materillarında Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə X1 adına (ailə tərkibi 4 nəfərdən ibarətdir) 17 avqust 2009-cu il tarixli, A № ******* torpaq sahəsinin planı və ölçüsü verilməsi barədə məlumat mövcuddur. Torpaq sahəsi digər şəxsin istifadəsində olmaqla ərazidə mübahisə olduğundan və X1 vərəsəsi olmağınız barədə sənəd təqdim edilmədiyindən ərizənizin icrası mümkün olmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası "Torpaq Məcəlləsi"nin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 27 oktyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Şəki rayonu, İkinci Biləcik kəndi ərazisində AN-195500 (**********0001) saylı "Torpaq sahəsinin planı və ölçüsü" ilə ona və ailə üzvlərinə məxsus 1226 kv.m mübahisəli həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə daxil olmuş müraciətinə aidiyyəti üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, daxil olan müraciəti ilə bağlı xx.xx.2020-ci il tarixində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəki Layihə Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən X4 sədrinin və onların iştirakı ilə AN-195500 (**********0001) nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" ilə onun və aiəsinin mülkiyyətinə verilmiş 1226 kv.m həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Mübahisəli torpaq sahəsi müasir ölçü aləti (GPS) vasitəsilə ölçülərək həmin sahənin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 02 fevral 2022-ci il tarixli cavab məktubundan görünür ki, Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə köməklik göstərilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən 0.1226 ha həyətyanı torpaq sahəsinə mərhum X1 və 3 nəfər ailə üzvünün adlarına 17 avqust 2009-cu il tarixli, AN 195500 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumat mövcuddur. Torpaq sahəsi digər şəxsin istifadəsində olmaqla ölçü işləri aparılmasına maneçilik törədildiyindən və ərazidə mübahisə olduğundan ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası "Torpaq Məcəlləsi"nin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir . Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafid məhkəmədə baxılır. Azərbaycan Respublikası Şəki rayonu X4 tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli, 02 nöməli arayışdan görünür ki, torpaq islahatı vaxtı Cavabdeh təsərrüfatında 5 nəfər olduğuna görə ona aşağıdakı qaydada torpaq payı verilmişdir: 1.Zəbt torpaq sahəsi (pay torpaq kimi)-1.40 ha 2.İkinci qrup torpaq payı-0.52 ha 3.Üçüncü qrup torpaq payı-0.26 ha Bundan başqa onun 0.12 ha həyətyanı torpaq sahəsi var. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1155/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “istifadəsində olan torpaq sahəsinin üzərində işlənmiş AN:1995500 saylı, xx.xx.2009-cu il tarixdə 2420 üçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmədə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı mərhum atası X2 1226 kv.m torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etməsinə baxmayaraq Şəki rayonu, Baqqal kənd sakini Cavabdeh həmin torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə etdiyindən Reyestr Xidməti isə torpaq sahəsinin digər şəxsin istifadəsində etdiyindən və iş üzrə mübahisə olduğundan torpaq sahəsinə çıxarış verilməsindən imtina etmişdir. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparılması ilə bağlı İddiaçı mülkiyyətinə yaradılmış maneələr aradan qaldırılmaqla istifadəsində olan torpaq sahəsi ölçülərək iddiaçıya təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparılması ilə bağlı İddiaçı mülkiyyətinə yaradılmış maneələr aradan qaldırılmaqla istifadəsində olan torpaq sahəsi ölçülərək iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar