Məhkəmə qərarları › İş №e-2(075)-2205/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2205/2022

01.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2205/2022 01.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Törəmə ASC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" Törəmə ASC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01 iyul 2022-ci il tarixli, 14- K nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun "xxxx" Törəmə ASC-də əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1999-cu il tarixdə anadan olmuşdur. 01 iyul 2022-ci il tarixədək "xxxx" Törəmə ASC-nin iş əmrlərinin icraçı qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə qüsursuz işləməklə, hər hansı bir pozuntuya yol verməmişdir. Lakin əsaslı bir səbəb olmadan və hər hansı bir xəta törətmədən aralarında bağlanmış əmək müqaviləsinə "xxxx" Törəmə ASCnin rəisinin 01 iyul 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bildirir ki o, hər hansı bir pozuntu etmədiyi halda işdən azad edilməyi ilə bağlı ona məcburi şəkildə ərizə yazıdırılmış və işdən azad olunmuşdur. Bu gün iş tələbi edən və himayəsində azyaşlı uşağı, xəstə anası olan və yüksək əmək haqqı alan bir qadının könüllü olaraq işdən çıxarılması barədə ərizə verməsi ağlabatan ola bilməz. Ümumiyyətlə barəsində verilmiş əmr qanunvericiliyin tələblərinə zidd olmaqla, onun əmək hüquqlarının pozulması ilə nəticələnmişdir. Onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi barədə "xxxx" Törəmə ASC-nin rəhbərliyi tərəfindən verilmiş əmri qeyri-qanuni və əsassız hesab edir. "xxxx" Törəmə ASC-nin rəhbərliyinin verdiyi həmin əmr onun, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan əmək hüquqlarını da pozmuşdur. Belə ki, nəinki ona yeni iş yeri axtarmaqdan ötrü xəbərdarlıq edilmiş, hətta başqa iş yeri axtarmaqdan ötrü Əmək Məcəlləsinin tələblərinə əsasən xəbərdarlıq edilmədən qəflətən, həm də qeyriqanuni olaraq işdən kənarlaşdırılmışdır. Ona görə də, qanunsuz verilən əmr ləğv edilməli, o, işə bərpa olunmalı və məcburi iş buraxdığına görə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olanadək bütün dövr üçün onun aylıq orta əmək haqqı ödənilməlidir. Mübahisəsinin həlli ilə bağlı Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi təyin edilmiş ilkin mediasiya prosessində iştirak etmədiyindən, Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya prosesində iştirak edilməmə barədə 02 sentyabr 2022-ci il tarixli arayış verilmişdir. Qeyd edilən mübahisənin artıq məhkəmədən kənar həlli olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, "xxxx" Törəmə ASC-də işləyən Teymur adlı şəxsin vasitəsi ilə həmin idarədə işə düzəlmişdir. Belə ki, əvvəllər şirniyyat evində işlədiyi zaman Teymuru tanımışdır. Teymurla onun şəxsi münasibətləri olmuşdur. Bir müddət həmin idarədə işlədikdən sonra, Teymurun təkidi ilə ondan qorxduğu üçün ərizə yazaraq işdən çıxmaq barədə ərizə yazmış və "xxxx" Törəmə ASC-nin rəisinin müvafiq əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Teymurla aralarında olan şəxsi münasibətləri, ona qarşı etdiyi qeyri-etik hərəkətləri və işdən çıxması barədə zorla ərizə yazdırması barədə müvafiq orqanlara müraciət etmiş, lakin qeyd etdikləri sübuta yetirilmədiyindən hər hansı tədbir görülməmişdir. Ona görə də, iddia ərizəsinn təmin edilməsini və onun əvvəlki işinə bərpa edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh "xxxx" X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı öz ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən "xxxx" Törəmə ASC tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə ünvanlayaraq, hazırkı işdə ona hüquqi yardım göstərməsi üçün vəkillə müqavilə bağlamaq istədiyini, ona görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının ərizəsinə əsasən məhkəmə baxışının təxirə salınmasına lüzum görmür. Belə ki, iş üzrə kifayət qədər araşdırma aparılmış, sübutların təqdim edilməsi üçün tərəflərə vaxt verilmişdir. İddiaçı işə baxılması ilə əlaqədar təyin edilmiş 02 noyabr 2022-ci il tarixli iclasına da gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iclasının yenidən təxirə salınması, işin əsassız yerə uzadılmasına səbəb olacaqdır. İş materiallarına əlavə edilmiş "xxxx" Törəmə ASC ilə İddiaçı arasında bağlanmış 16 iyul 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, sonuncu, "xxxx" Törəmə ASC-yə Müştəri Xidmətləri Şöbəsinə 4-cü dərəcə ilə Su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə qəbul olunmudur. İş materiallarına əlavə edilmiş İddiaçı "xxxx" Törəmə ASC-nin direktoruna ünvanladığı ərizənin surətindən görünür ki, o, 01 iyul 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 01 iyul 2022-ci il tarixli, 14-k nömrəli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə 01 iyul 2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 02 sentyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, "xxxx" Törəmə ASC-nin nümayəndəsi isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının küçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, 16 iyul 2019-cu il tarixli əmək müqaviləsinə əsasən "xxxx" Törəmə ASC-yə Müştəri Xidmətləri Şöbəsinə 4-cü dərəcə ilə Su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə qəbul olunmudur. 01 iyul 2022-ci il tarixdə İddiaçı ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı onun işdən azad olunması ilə bağlı cavabdehə ünvanladığı ərizəni təzyiq altında qalaraq yazdığını, ona görə də, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsassız olduğunu bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X1 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əmək müqavilələrinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. İş materiallarından görünür ki, "xxxx" Törəmə ASC-də Su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması barədə əmrin qanunsuz olmasını həmin idarədə işləyən və onunla şəxsi münasibətləri olduğunu iddia etdiyi Teymur adlı şəxsin ona hədə-qorxu gəlməsi və Teymurun təkidi ilə, məcburiyyət qarşısında qalaraq əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazdığını bildirmişdir. Lakin iş materiallarında onun qeyd etdiyi halları sübut edən hər hansı sənəd mövcud deyil. Eyni zamanda qeyd etdiyi halları sübut etməsi üçün iddiaçıya kifayət qədər vaxt verilməsinə baxmayaraq o, məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd etməyi vacib bilir ki, əgər iddiaçının qeyd etdiyi kimi, yəni Teymur adlı şəxsin ona hədə-qorxu gəlməsi və onu işdən çıxması barədə ərizə yazmağa məcbur etməsi kimi hallar mövcud olduğu zaman, əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmaq əvəzinə, işlədiyi idarənin rəhbərinə və ya aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Törəmə ASC tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Törəmə ASC-yə qarşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01 iyul 2022-ci il tarixli, 14-K nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun "xxxx" Törəmə ASC-də əvvəlki vəzifəsinə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh "xxxx" Törəmə ASC-yə qarşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01 iyul 2022-ci il tarixli, 14-K nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun "xxxx" Törəmə ASC-də əvvəlki vəzifəsinə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar