Məhkəmə qərarları › İş №e-2(075)-233/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-233/2024

22.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-233/2024 22.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İlk iddia tələbi üzrə İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, İlk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilk, iddiaçı X1 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli mülkiyyətində olan Şəki rayonu Baş Kəldək kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh1 2000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilərək məcburi qaydada çıxarılması və Cavabdeh2 həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək xx.xx.2022-ci il tarixdə cavabdeh İddiaçı adına dövlət qeydiyyatına alınmış Şəki rayonu Baş Kəldək kəndində yerləşən gəlin düşdüyü evə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının oğlu, digər Cavabdeh2 isə onun gəlinidir. Onlar ailə həyatı qurandan bugünə kimi onunla yaşayırlar. Demək olar ki, uzun illərdir onlar ailə ehtiyaclarını qarşılamırlar, ev-təsərrüfat işləri ilə məşğul olmurlar. O və yoldaşı yaşlı adamlardır. Uzun müddətdir bir evdə otursalar da onların otağının qapısını açıb hal-əhvallarını belə soruşmurlar. Məhz buna görə də onları mülkiyyətində olan evdən çıxarmaq qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh2 istifadə hüququ yoxdur. Cavabdeh1 həmin evdə boya-başa çatdığı üçün hesab edir ki, onun istifadə hüququ mövcuddur. İstifadə hüququna xitam verilməsi üçün tərəflər arasında razılaşma olmadığı halda mülkiyyətçi onu kompensasiya ilə çıxarmaq hüququna malikdir. Cavabdehlər evə istifadə hüququnun tanınması tələbi ilə mübahisənin mediasiya yolu ilə həll edilməsi məqsədilə ona təklif göndərmişdir. Mediasiyada vəkili onlarla görüşmüş, lakin hər hansı bir razılıq əldə edilməmişdir. İş materiallarına əlavə etdiyi qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışdan göründüyü kimi Şəki rayonu Baş Kəldək kəndində yerləşən fərdi yaşayış evi tam onun mülkiyyətindədir. Həyətyanı sahə isə onunla digər ailə üzvülərinin birgə mülkiyyətindədir. Cavabdehlərə Aqrar İslahat zamanı ayrıca olaraq torpaq sahəsi verilmişdir. Onlara dəfələrlə özlərinə məxsus torpaq sahəsində ev tikərək köçmələrini tələb etsə də onlar buna məhəl qoymamışdırlar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun qaynatasıdır. Cavabdeh1 ilə 2006-cı ildə qeyri-rəsmi ailə həyatı qurmuş və qaynatası İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli ********** reyestr nömrəli çıxarışı ilə qeydiyyata alınmış Şəki rayonu Baş Kəldək kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və həmin vaxtdan da bugünədək sözügedən evdə yaşamış və yaşayır. Həyat yoldaşı Cavabdeh1 ilə 18 mart 2008-ci il tarixində Baş Kəldək kənd icra nümayəndəliyində nikahları rəsmiləşdirilmiş və həmin evə pasport qeydiyyatına alınmışdır. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. Gəlin köçdüyü gündən o, həmin evdə qaynatası və qaynanası birgə təsərrüfat aparmış, ev işlərində, tikinti işlərində, mal-qaraya baxmaqda həmişə onlara köməklik etmiş, eyni zamanda da iki azyaşlı övladlarının təlimtərbiyəsi ilə məşğul olmuşdur. Hazırda isə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh onu həmin sözügedən evdən çıxarmaq istəyir. Onun hərəkətlərini əsassız və qanunsuz hesab edir. Çünki onun həmin evdən istifadə hüququ vardır. Əgər o və həyat yoldaşı evdən çıxarılarsa, yaşamağa heç bir yeri və ev tikmək üçün heç bir vəsaiti yoxdur. Eyni zamanda iki azyaşlı qız övladı da çöldə qalacaqdır. Onun həmin evdən istifadə hüququ olduğu halda, həmin evdən çıxarılmağı qanunsuz və əsassızdır. Şəki rayonu Baş Kəldək kəndində yerləşən mübahisəli fərdi yaşayış evi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına dövlət qeydiyyatına 2022-ci ildə alınmışdır. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən də göründüyü kimi onun həmin evdən istifadə hüququ yaranmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İlk iddia tələbinə qarşı ilk iddia tələbi üzrə Cavabdeh1 tərəfindən yazılı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı heç özü də bilmir ki, nəyə görə onları evdən çıxarmaq istəyir. Buna səbəb isə kənar şəxslərin təsiridir. İddia ərizəsində onun iradəsi ifadə edilməmişdir. Həyat yoldaşı Cavabdeh2 2006-cı ildə qeyri-rəsmi ailə həyatı qurmuş və o, həmin mübahisəli evə gəlin gəlmişdir. Cavabdeh2 ilə 18 mart 2008-ci il tarixində Baş Kəldək kənd icra nümayəndəliyində nikahlarını rəsmiləşdirmiş və o, həmin evə pasport qeydiyyatına alınmışdır. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. Valideynin onları evdən çıxarmaq istəməsi kənar təsirlərlə bağlıdır. Belə ki, o, özünə aid torpaq sahəsində dəfələrlə fərdi yaşayış evi tikdirmək istəmiş, hər dəfə də atası tərəfindən buna etiraz edilmişdir. Buna səbəb kimi də onun evin kiçik oğlu olmağı və buna ehtiyac olmadığını göstərmişdir. Birgə yaşadığı dövrdə avtomobil, traktor, kotan, səpin aqreqatı almışlar. Xeyli sayda mal-qaraya baxmışlar. Hər il xeyli sayda mal-qara, qoyun-quzu yetişdirib satmış, ev tikintisi aparmış, bir sözlə birgə təsərrüfat aparmışlar. Bütün bunlarda onun və həyat yoldaşının zəhməti vardır. Lakin atası tərəfindən hazırkı iddianın qaldırılması kənar təsirlərin nəticəsidir. Hazırda isə onların ev tikmək üçün heç bir vəsaiti yoxdur. İddia təmin olunarsa, o və ailəsi çöldə yaşamaq məcburiyyətində qalacaqdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi (vəkili) ilk iddia ərizəsinə uyğun izahat verərək ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə iddiaçı ilk iddia ərizəsini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə Cavabdeh1 etiraza uyğun izahat verərək ilk iddia tələbinin təmin edilməməsini və qaşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, onlara məxsus torpaqda ev tikmək üçün ona 20-25 min manat vəsait lazımdır ki, hazırda onun o qədər pulu yoxdur. Təklif olunan kompensasiya məbləği isə həddindən artıq azdır. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək ilk iddia tələbinin təmin edilməməsini və qaşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Şəki rayonu, Baş Kəldək kəndində yerləşən 110.8 kv.m. fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Kəldək Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 195 nömrəli arayışında qeyd edilir ki, Cavabdeh1 həqiqətən hal-hazırda yaşadığı ev atası İddiaçı məxsusdur. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Kəldək Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 194 nömrəli arayışında qeyd edilir ki, Cavabdeh1 həqiqətən ailəsi ilə birgə atası İddiaçı məxsus Baş Kəldək kəndində olan fərdi yaşayış evində yaşamasına baxmayaraq 06 nömrəli təsərrüfatbaşına kitabın 86 nömrəli səhifəsində adına 443 saylı təsərrüfat qeydə alınmışdır və həmin təsərrüfatda aşağıdakı ailə üzvləri yaşayır. Cavabdeh2 – arvadı, X8 – qızı, X7 – qızı. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Kəldək Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 193 nömrəli arayışında qeyd edilir ki, Cavabdeh1 həqiqətən Baş Kəldək kəndində atası X2 məxsus evdə doğulub və hal-hazırda həmin evdə yaşayır. - xx.xx.2008-ci il tarixli, AZ-İ № 373165 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X3 arasında 18 mart 2008-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Pirəmmədova soyadı verilmişdir. - 21 aprel 2008-ci il tarixli, AZ-İİ № 075448 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 06 mart 2008-ci il təvəllüdlü X4 atası Cavabdeh1, anası Cavabdeh2dır. - 03 may 2010-cu il tarixli, AZ-İİ № 444623 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 11 yanvar 2010-cu il təvəllüdlü X5 atası Cavabdeh1, anası Cavabdeh2dır. - Daşınmaz əmlakın alqı-satqı mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 032 saylı arayışda qeyd edilmişdir ki, Şəki rayonu, Baş Kəldək kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, məlum olmuşdur ki, ev şəhərdən 40 km uzaqda Küngüt çayının kənarında yerləşir, kənddə təzə ev tikilmir. Sözügedən 3 otaqlı yaşayış evi çiy kərpicdən çoxdan tikildiyi üçün aşınması çoxdur. Evin barılarına və çardağının təmirinə ehtiyac var. Evin içi də təmir olunmalıdır. Evin ağac materialarında çürümə gedib. Evə məxsus 0.25 ha torpağın ətrafı qismən hasara alınıb. Kənddə qaz, hamam, kanalizasiya, yol şəraiti yoxdur. Bu sayaq evlər 20-25 min manata təklif oluna bilər. Kirayə haqqında sorğuya cavab olaraq isə kənddə kirayəçi saxlanılmır. Kirayə təsadüfi qalan olsa da kamunaları ödəyir. Əlavə pul verilmir. - xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, ilk iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, qarşılıqlı iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Ailə Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” Kongvensiyanın: 1-ci maddəsinə əsasən hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın. 9-cu maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İşin müəyyən edimiş halları ondan ibarətdir ki, ilk iddia tələbi üzrə cavabdehlər ilk iddia tələbi üzrə iddiaçının oğlu və gəlinidir. Onlar 2008-ci ildə ailə həyatı qurmuş və ilk iddia tələbi üzrə iddiaçıya məxsus Şəki rayonu Baş kəldək kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. İlk iddia tələbi üzrə cavabdehlərin birgə nikahından iki övladları anadan olmuş və hazırda həmin uşaqlar yetkinlik yaşına çatmamışlar. İlk iddia tələbi üzrə iddiaçının özünün də qeyd etdiyi kimi oğlu Cavabdeh1 ona məxsus fərdi yaşayış evinə istifadə hüququ var və ona çıxarılması üçün 2000 manat kompensasiya ödənilməsini təklif edir. İlk iddia tələbi üzrə iddiaçı tərəfindən təqdim olunmuş Daşınmaz əmlakın alqı-satqı mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 032 saylı arayışda Şəki rayonu Baş Kəldək kəndində kirayəçi qalmadığı qeyd edilsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından da aydın olduğu kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçinin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Göstərilən qanunvericilik normalarını, təklif olunan kompensasiya məbləğini, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarlarını, ilk iddia tələbi üzrə Cavabdeh1 iki yetkinlik yaşına çatmayan övladı olmaqla 3 nəfərdən ibarət ailə üzvünün olmasını nəzərə alaraq hesab edir ki, təklif olunan 2000 manat kompensasiya məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğun deyil. Digər ilk iddia tələbi üzrə Cavabdeh2 kompensasiya ödənilmədən evdən çıxarılmasına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən hissədə iddia tələbinin təmin edilməsi ilk iddia tələbi üzrə iddiaçının arzuladığı məqsədə çatmağına nail olmağa imkan vermədiyi kimi, iki azyaşlı övladın analarından ayrı salınmasına, ana qayğısından ayrı yaşamasına səbəb olacaqdır ki, bu isə yaşayış yeri valideynlərinin yanı olan azyaşlı uşaqların ailədə yaşamaq və tərbiyə almaq hüquqlarından məhrum olmasına səbəb olacaqdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.5ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. Qarşılıqlı iddia üzrə iddiaçı isə mübahisəli evin mülkiyyətçisi olan ilk iddia üzrə iddiaçının qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onun istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia tələbi üzrə Cavabdeh2 mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Məhkəmə həmçinin hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilk, iddiaçı X1 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar