Məhkəmə qərarları › İş №e-2(075)-24/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-24/2024

13.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-24/2024 13.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi; Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi; Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 28 dekabr 2022-ci il tarixdə verilmiş **********25-06301 reyetr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Qoxmuq kəndi ərazisində 1.0 hektar torpaq sahəsinə gedən və ümumi istifadədə olun yolun Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin onun öz hesabına açılması, onun həmin torpaq sahəsindən, torpaq sahəsinin ətrafında olan və torpaq sahəsinə gedən yoldan istifadə hüquqlarını həyata keçirməyə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneçiliyin törədilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 28 dekabr 2022-ci il tarixdə verilmiş **********25-06301 reyetr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Qoxmuq kəndi ərazisində 1.0 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 426,4 kvadrat metr sahəsi olan daşınmaz əmlak onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin cizgiləri, yəni koordinatları işlənilmişdir. Həmçinin həmin torpaq sahəsinə daxil olmaq üçün ayrılmış yolun cizgiləri, yəni koordinatları və xəritəsi işlənilmişdir. Belə ki, onun torpaq sahəsi ilə Cavabdeh torpaq sahəsi arasında yol vardır. Lakin Cavabdeh həmin yolun başlanğıcını bağlamaqla yolu qanunsuz olaraq zəbt etmişdir. Halbuki, cavabdehin zəbt etdiyi həmin yola aid torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqi sənədi yoxdur. Cavabdehin zəbt etdiyi həmin torpaq sahəsi ümumi istifadədə olan yola aiddir. Cavabdeh ilə dəfələrlə görüşlərin və söhbətlərin keçirilməsinə, ona dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, o, bu əməllərini davam etdirmişdir. Cavabdehin bu hərəkətləri onun öz mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə olan hüquqlarını məhdudlaşdır. Buna görə də hazırkı iddia ərəzisi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki iclaslarda Cavabdeh ərazinin əsl mülkiyətçisinin hüquqi şəxs olduğunu bildirməklə cavabdehi əsl cavabdeh olan "xxxx" ASC ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçıya cavabdehin əvəz olunmasını təklif etmiş, lakin iddiaçının nümayəndəsi qəti etiraz edərək cavabdeh qismində "xxxx" ASC-nin cəlb olunmamasını, iddiaya Cavabdeh cavab verməli olduğunu bildirmişdir. Bundan başqa, "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianın təmin olunduğu halda "xxxx" ASCnin maraqlarına toxunacağını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin mülkiyətçisinin "xxxx" ASC-nin olması ilə bağlı sübutlar təqdim olunmamış və məhkəmə "xxxx" ASC-nin üçüncü şəxs qismində cəlb edilməsini zəruri hesab etməmişdir. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbi üzrə işə baxılmasına zərurət qalmadığını, ona görə də, iddia ərizəsinin geri qaytarılaraq ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən qanunvericilik normasından göründüyü kimi iddianın baxılmamış saxlanılması barədə ərizə verildikdə cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb edərsə, həmin ərizəni təmin edərək iddianın baxılmamış saxlanılması qeyri-mümkündür. Məhkəmə iclasında iştirak edən hazırkı iş üzrə Cavabdeh iddianın baxılmamış saxlanılması barədə ərizəyə etiraz edərək işin mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə, iddianın baxılmamış saxlanılması barədə ərizəni təmin etməmiş və işə mahiyyəti üzrə baxmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, onların torpaq sahəsinin şimal tərəfdən ümumi istifadədə olan yola çıxışı var. Lakin onlar torpaq sahəsinin cənub hissəsindən də darvaza qoydurmuşlar və darvaza olan hissədədən də yolun aşılmasını xahiş edirlər. Həmin hissə hesab edirlər ki, ümumi istifadədə olan yoldur və cavabdeh həmin yola uçmuş divarın hissəsinə torpaq tökdürmüşdür. Cavabdeh onların qapısının yaxınlığına təxminən 2 metr hündürlüyündə torpaq tökmüş, bunun nəticəsində də evinə gediş-gəliş yolu bağlanmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, tələb əsassızdır və təmin olunmamalıdır. Ümumiyətlə iddiaçının torpağı qanunsuz olaraq bələdiyə tərəfindən iddiaçıya satılmışdır. Halbuki, həmin torpaq sahəsi dövlət mülkiyətində olmaqla "xxxx" istifadəsindədir. Həmin ərazidə hal-hazırda Azərqarartikinti ASC-nin 76 saylı TSMD-nin binası yerləşir. O, "xxxx" nümayəndəsidir və heç kəsin mülkiyətində olan torpaq sahəsini zəbt etməyib. Qeyd edilən yol Azəraqrartikinti ASC-nin ərazisidir. Ərazidə olan hasar uçmuş, o, da, hasarın uçmuş hissəsinə torpaq tökdürmüşdür ki, əraziyə malheyvan girməsin. Ona görə də, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş qeyri-yaşayış binasının texniki pasportunun surətindən görünür ki, Şəki rayonu, Qoxmuq kəndində 1 hektar torpaq sahəsində yerləşən qeyri yaşayış binası İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Qoxmuq kəndində 1 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 426.4 kvadratmetr olan qeyri yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Respublika Dövlət arxivinin Şəki filialı tərəfindən verilmiş 12 yanvar 2011-ci il tarixli 03 nömrəli arxiv çıxarışının surətindən görünür ki, “Kolxozlararası” tikinti idarəsinə 13 hektar təsərrüfat əhəmiyyəti olmayan daşlıq sahədən torpaq sahəsi verilməsi haqqında “1 May” kolxozu kolxozçularının 3 mart 1977-ci il tarixli, 2 nömrəli ümumi iclas qərarının təsdiq edilməsi, həmin qərarın təsdiqinin Azərbaycan SSR Nazirlər Sovetindən xahiş edilməsi qərara alınmışdır. İş üzrə qаnuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(075)-505/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6286 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı 28 dekabr 2022-ci il tarixdə verilmiş **********25-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə (DWJ xəritəsi) əsasən sözügedən torpaq sahəsinə yol şimal hissəsindən göstərilmişdir. Naturada faktiki olaraq torpaq sahəsinin şimal və şərq hissəsindən yol kimi istifadə olunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 28 dekabr 2022-ci il tarixdə verilmiş **********25-06301 reyetr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Qoxmuq kəndi ərazisində 1.0 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 426,4 kvadrat metr sahəsi olan daşınmaz əmlak iddiaçının mülkiyyətindədir. İddiaçı onun torpaq sahəsi ilə Cavabdeh torpaq sahəsi arasında olan yolun başlanğıcının cavabdeh tərəfindən bağlandığını və həmin yolun qanunsuz olaraq zəbt edildiyini bildirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə mübahisəli ərazinin iddiaçıya aid olmadığını, qeyd edilən yolun "xxxx" ASC-nin Şəki “Aqrartikinti” filialının (cavabdehin direktoru olduğu filial) ərazisi olduğunu qeyd edərək iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, həm idda tələbindən, həm tərəflərin izahatlarından, həm də məhkəmənin araşdırmasından belə nəticə hasil olur ki, iddiaçının açılmasını tələb etdiyi yol onun mülkiyyətində olan torpaq sahəsinə gedən yol olmamaqla, onun torpaq sahəsinin arxasında yerləşən və ona aidiyyəti olmayan ərazidir. Belə ki, iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisinin və Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertinin müvafiq rəylərindən məlum olur ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə (DWJ xəritəsi) əsasən iddiaçıya məxsus torpaq sahəsinə yol şimal hissəsindən göstərilmişdir. Lakin faktiki olaraq iddiaçı tərəfindən həmin torpaq sahəsinin şimal və şərq hissəsindən yol kimi istifadə olunur. Göründüyü kimi sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən koordinatları göstərilməklə həmin torpaq sahəsinə giriş-çıxış yolu şimal hissədən göstərilsə də, hazırda iddiaçı tərəfindən həmin torpağın şərq hissəsində yerləşən yoldan da istifadə edilir. Hazırda isə iddiaçı tərəfindən torpaq sahəsinin cənubunda yerləşən və ona aidiyyəti olmayan yolun açılmasını iddia etməsi yolverilməzdir. Göründüyü kimi iddiaçıya, onun öz mülkiyyətindən istifadə edilməsinə cavabdeh tərəfindən hər hansı maneə yaradılması müəyyən olunmur. Belə ki, ekspertizanın rəyindən də, müəyyən olunur ki, iddiaçının açılmasını tələb etdiyi ərazi ümumi istifadədə olan yol kimi nəzərdə tutulmamışdır və iddiaçının mülkiyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Beləliklə müəyyən olunur ki, iddiaçının torpaq sahəsi mübahisəli ərazidən heç bir əlaqəsi və ya bağlılığı yoxdur, torpaq sahəsinin ümumi yola ayrıca giriş-çıxış yolu mövcuddur. İddiaçı tərəfin torpaq sahəsi ümumi yola ayrıca giriş–çıxışı olmaqla, ümumi yola alternativ yolu mövcuddur. Beləliklə iddia edilən iddiaçının torpaq sahəsi ilə Cavabdeh torpaq sahəsi arasında ümumi istifadədə olan yolun olması sübuta yetmədiyindən, həmin yolun Cavabdeh tərəfindən başlanğıcı bağlamaqla qanunsuz olaraq zəbt edilməsinə dair tələb də əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 28 dekabr 2022-ci il tarixdə verilmiş **********25-06301 reyetr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Qoxmuq kəndi ərazisində 1.0 hektar torpaq sahəsinə gedən və ümumi istifadədə olun yolun Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin onun öz hesabına açılması, onun həmin torpaq sahəsindən, torpaq sahəsinin ətrafında olan və torpaq sahəsinə gedən yoldan istifadə hüquqlarını həyata keçirməyə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneçiliyin törədilməsinin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Eyni zamanda iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehl Cavabdeh qarşı DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 28 dekabr 2022-ci il tarixdə verilmiş **********25-06301 reyetr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Qoxmuq kəndi ərazisində 1.0 hektar torpaq sahəsinə gedən və ümumi istifadədə olun yolun Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin onun öz hesabına açılması, onun həmin torpaq sahəsindən, torpaq sahəsinin ətrafında olan və torpaq sahəsinə gedən yoldan istifadə hüquqlarını həyata keçirməyə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneçiliyin törədilməsinin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar