Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2513/2024 08.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlu, İddiaçı Cavabdeh qarşı “torpaq və torpağın sənədləri” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq və torpağa aid sənədlərin Xanımdan alınıb Nazimə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçı ərizəsində tələbini dəqiq göstərməlidir. Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Azərbaycan Respublikası MPM-nin 10-1.2-ci məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Göründüyü kimi İddiaçı məhkəməyə elektron formada ünvanladığı iddia ərizəsində torpaq və torpağın sənədlərinin Xanımdan alınaraq Nazimə verilməsini xahiş etməklə, qeyri-dəqiq iddia tələbi irəli sürmüşdür. Belə ki, iddiaçı hansı hüquq müəyyənedici sənəd əsasında olan torpağın cavabdehdən alınıb verilməsini, torpağın harada yerləşməsini iddia tələbində dəqiq göstərməmiş və torpağın verilməsini xahiş etdiyi Nazim adlı şəxsin statusu və şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları barədə iddia ərizəsində heç bir qeydiyyat aparmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatların ərizədə qeyd edilməsi xüsusi vurğulanmışdır. İddiaçı iddia tələbində torpaq və torpağın sənədlərinin Xanımdan alınaraq Nazimə verilməsini xahiş etsə də, onun Nazimin etibarnamə üzrə nümayəndəsi olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa sözügedən elektron iddia ərizəsində iddiaçı statusunda Nazim deyil İddiaçı göstərilmişdir. Ona görə də İddiaçı iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı Cavabdeh qarşı “torpaq və torpağın sənədləri” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-2513/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2513/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver