Məhkəmə qərarları › İş №e-2(075)-2571/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2571/2024

28.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2571/2024 28.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “mirasın qəbulu faktının tam miras payının müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum əmisi İddiaçı Mürsəl oğlundan miras qalmış Şəki şəhəri, G.Vahabova küçəsində 0.0792 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun İddiaçı Mürsəl oğlu adlı əmisi olmuş və əmisi 1934-cü ildə anadan olmuş və 1946-cı ildə 12 yaşında vəfat etmişdir. Mərhum əmisinin və atasının ümumi birgə mülkiyyətində Şəki şəhəri, G.Vahabova küçəsində 0.0792 ha torpaq sahəsi mövcuddur. Belə ki, əmisi uşaq vaxtı 12 yaşında vəfat etmişdir. Əmisi vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahəsinə atası X1 etməyə və idarə etməyə başlamışdır. X2 da xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. Beləliklə atasının vəfatından sonra o, əmisindən miras qalmış həmin torpaq sahəsinə sahiblik etməyə və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsinə o sahiblik edir. Beləliklə o, mərhum əmisi İddiaçı Mürsəl oğlundan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Buna görə də o, mərhum əmisindən miras qalmış həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Xətai Səmədov xx.xx.2024-cü il tarixli X2201 saylı Notariat hərəkətlərinin aparılmasının imtina haqqında qərarı ilə onun ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əçlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0792 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı Mürsəl oğlu və X5 adına qeydiyyata alınmışdır. - Şəki Rayon Məhkəmsinin 2-233 saylı 2006-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı Mürsəl oğlunun 1946-cı ildə Şəki şəhərində ölməsi hüquqi faktının təsdiq edilməsi qət edilmişdir. - Şəki Rayon Məhkəmsinin e-2(075)-92/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Mürsəl oğlunun 1934-cü il tarixdə Şəki şəhərində anadan olması, atasının X4, anası isə X22 olması faktının müəyyən edilməsi qət edilmişdir. - 14 iyul 2006-ci il tarixli, AZ-İ 209107 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı Mürsəl oğlu 1946-ci ildə vəfat etmişdir. - 02 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, XX.XX.1920-ci il təvəllüdlü X5 atası X4, anası X18r. - 11 mart 2023-cü il tarixli arayışdan görünür ki, XX.XX.1934-cü il təvəllüdlü İddiaçı Mürsəl oğlunun atası X4, anası X18r. - Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, X12 01 mart 1982-ci ildə Şəki şəhərində vəfat etmiş və ölüm səbəbi ürək əzələsinin infarktı kimi qeyd edilmişdir. - İddiaçı tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, əmisi İddiaçı Mürsəl oğlu 1946-cı ildə vəfat etmişdir. Odur ki, mərhumdan qalmış miras əmlakdan xx.xx.1982-ci il tarixdə vəfat etmiş X2na çatası miras paydan ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - xx.xx.1955-ci il tarixli, İ-ИE 005952 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı X2, anası X20r. - X29 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, atası X8 vəfatından sonra miras qalmış Şəki şəhəri, G.Vahabova küçəsi, 37 saylı evdən ona düşən payı qəbul etməmiş və iddiası yoxdur. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. - X9 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, həyat yoldaşı X8 vəfatından sonra miras qalmış Şəki şəhəri, G.Vahabova küçəsi, 37 saylı evdən ona düşən payı qəbul etməmiş və iddiası yoxdur. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. - X32 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, atası X8 vəfatından sonra miras qalmış Şəki şəhəri, G.Vahabova küçəsi, 37 saylı evdən ona düşən payı qəbul etməmiş və iddiası yoxdur. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. - X6 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, atası X8 vəfatından sonra miras qalmış Şəki şəhəri, G.Vahabova küçəsi, 37 saylı evdən ona düşən payı qəbul etməmiş və iddiası yoxdur. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. - X14 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, atası X8 vəfatından sonra miras qalmış Şəki şəhəri, G.Vahabova küçəsi, 37 saylı evdən ona düşən payı qəbul etməmiş və iddiası yoxdur. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. - X11 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, atası X8 vəfatından sonra miras qalmış Şəki şəhəri, G.Vahabova küçəsi, 37 saylı evdən ona düşən payı qəbul etməmiş və iddiası yoxdur. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon 2 saylı Xüsusi notariat kontorunun xx.xx.2016-cı il tarixli, 189 saylı məktubunda qeyd edilmişdir ki, X5 vərəsələri arvadı X30, oğlu X15, qızı X6, oğlu X16, oğlu İddiaçı və qızı X3 ibarətdir. - xx.xx.2002-ci il tarixli, AZ-İ seriyalı 007140 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X31 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 308 nömrə ilə qeyd edilmişdir. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 17 iyul 2024-cü il tarixli qərarının surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı 1946-cı il tarixdə vəfat etmiş İddiaçı Mürsəl oğlundan qalmış miras əmlakdan xx.xx.1982-ci il tarixdə vəfat etmiş X2na düşən miras paydan özünə çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mirasın qanunla müəyyən edilmiş müddəti ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - Şəki şəhər Pirimlər Məhəllə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 375 nömrəli arayışından görünür ki, İddiaçı Mürsəl oğlu 1946-ci ildə ölmüşdür. Onun vərəsəsi mülkdə yaşayan X10r. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, G.Vahabova küçəsində 0.0792 ha torpaq sahəsi İddiaçı mərhum əmisi İddiaçı Mürsəl oğlunun paylı mülkiyyətində olmuş, onun vəfatından sonra qeyd olunan əmlak iddiaçının X2nun istifadəsində olmuşdur. İddiaçının atasının vəfatından sonra qeyd olunan əmlak faktiki olaraq iddiaçının istifadəsində olmuşdur. İş materiallarında göründüyü kimi qeyd olunan əmlaka heç kim sahiblənməmiş, əmlaka dair hər hansı vərəsəlik işi olmamışdır. Eyni zaman əmlakdan irs almalı olan şəxslər tərəfindən notarial qaydada ərizələr yazılaraq qeyd olunan əmlakdan imtina etdiklərini bildirmişlər. Göründüyü kimi Şəki şəhəri, G.Vahabova küçəsində 0.0792 ha torpaq sahəsinə iddiaçı sahiblik etməyə və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsinə o sahiblik edir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı mərhum əmisi İddiaçı Mürsəl oğlundan miras qalmış Şəki şəhəri, G.Vahabova küçəsində 0.0792 ha torpaq sahəsindən ibarət mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mərhum əmisi İddiaçı Mürsəl oğlundan miras qalmış Şəki şəhəri, G.Vahabova küçəsində 0.0792 ha torpaq sahəsindən ibarət mirası qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar