Məhkəmə qərarları › İş №e-2(075)-2644/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2644/2023

07.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2644/2023 07.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hərracların təşkili üzrə X10 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “hərracın nəticələrinin ləgv edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X5 Publik Hüquqi Şəxsin Şəki ərazi müsabiqə və hərrac komissiyasının Qax rayonu, Qum Bələdiyyəsinin mülkiyyətindəki fərdi ev tikintisinə görə ayrılmış 0,09 ha həyətyanı torpaq sahəsinin torpaq müsabiqəsi yolu ilə satılmasını müəyyən etmiş 19 yanvar 2023-cü il tarixlndə keçirilmiş müsabiqənin nəticələri haqqında yekun protokolun və həmin protokolun icrası ilə əlaqədar verilmiş HTM002637 nömrəli şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmşdır ki, Qax şəhəri, İçəribazar küçəsi, 31 saylı evdə qeydiyyatda olmaqla valideynləri ilə birlikdə yaşayır. Yaşayış sahələri və ona bitişik məhdud kommunal şəraitli digər tikililər 150 il qabaq inşa edilmiş və yerli əhəmiyyətli tarixi abidə hesab olunduğu üçün orada əsaslı təmir və yenidənqurma işlərinin aparılmasına yol verilmir. Bu səbəbdən yaxın qohumlarının yaşadığı Qax rayonunun, Qum kəndinin inzibati ərazisindəki Axullar məhəlləsində ulu babasının kolkosdan, daş-kəsəkdən təmizləyərək meyvə ağacları əkib həyətyanı kimi üzun illərdən istifadəsində olduğu sahədə yeni quracağı ailəsinin daimi yaşaması üçün fərdi ev tikmək qərarına gəlmişdir. Bu məqsədlə 2019-cu ilin may ayında sözügedən torpaq sahəsinin mülkiyyətçisi Qax rayonu, Qum Bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edib 0,09 ha həyətyanı torpaq sahəsinin alqsatqı aktının adına rəsmiləşdirilməsini xahiş etmişdir. Qum Bələdiyyəsinin 30 may 2019-cu il tarixli iclasının 6 saylı protokolu ilə hazırda mərhum , sabiq sədri Fərid Həşimovun iştirakı ilə ərizəsinə kollegial baxılıb,qeyd edilən istifadəsindəki 0,09 ha həyətyanı torpaq sahənin fərdi ev tikintisi məqsədinə görə bilavasitə müsabiqə yolu ilə ona satılmasına görə həmin ərazinin yerquruluşu-təsərrüfat planına, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə, yaşayış məntəqəsinin baş planına, həmin yerin başqa hüquqi və fiziki şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olub-olmadığını, həmin torpaq sahəsinin ayrılmasının qanuna uyğunluğunu müəyyən edilməsi üçün müvafiq rəyin alınması məqsədi ilə Qax rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinə və AR Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı Ərazi İdarəsinə müraciət olunması qərara alınmışdır. Sözügedən qərarın 3-cü bəndində göstərilimşdir ki, torpaq sahəsinin müsabiqə yolu ilə satılması üçün müsbət rəy verildikdə,torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatından çıxarışının və yüklülüyünə dair arayışın alınması üçün DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilsin. Müsbət rəyləri alınmış ona satılmasını nəzərdə tutulan torpaq sahəsinin dəyərinin ödənilməsi üçün ona verilmiş Qum Bələdiyyəsinin bank hesabına, 03 iyun 2019-cu il tarixdə , ********* saylı mədaxil qəbzlə 2.000 (iki min) manat ödəmişdir. Ödədiyi alqı-satqı dəyərinin məbləğinin bələdiyyə büdcəsinə mədaxil olunduqdan sonra,həyətyanı torpaq sahəsinin plan ölçü sənədi və reyestrdən çıxarışının əldə edilməsinə dair icra işi ilə bağlı şifahi sorğularına cavab olaraq bildirilib ki, qeyd edilən sənədlərin alınması üçün aidiyyatı orqana müraciət olunmuşdur. Ona ayrılmış həmin torpaq sahəsinin dəyərini ödədiyinə görə, Qum Bələdiyyəsinin razılığı ilə 2019-cu ilin iyun ayından həyətyanının planı və ölçüsü əsasında sərhədlərini metal torla bağlanmasına 2.000 (iki mim) manat , ayrıca yolun çəkilməsinə görə 500 ( beş yüz) manat xərc çəkib hazıradək sahədə tərəvəz bitkiləri və meyvə ağacları becərib həyətyanı üzərində sahiblik və istifadə hüququnu həyata keçirir. Özünə məxsus 0,09 ha həyətyanı sahəni tam mülkiyyətinə verilməsinə dair bələdiyyənin öhdəliyinin icrası ilə bağlı etdiyi şifahi müraciətinə cavab olaraq bildirilib ki, 23 mart 2020-ci ildən COVİD-19 pandemiyasına görə, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsi qeyri-müəyyən müddətə dayandırılmışdır . 27 sentyabr 2020-ci il tarixdən 28 yanvar 2021-ci il tarixədək torpaq üzərində hüququnun qeydiyyatı ilə bağlı bələdiyyə ilə əlaqə yarada bilməmişdir. Belə ki,həmin müddətdə hərbi səfərbərliyə çağrılıb ölkənin ərazi bütövlüyünü pozmuş vandal erməni işğalına qarşı azğın düşməni məhv edən hərbi hissənin əsgəri olaraq “Vətən Müharibəsi“-nin ön cəbhəsindəki döyüşlərində bilavasitə iştirak edərək, göstərdiyi şücaətlər “Şuşanın azad olunmasına görə “ və “ Vətən müharibəsi iştirakçısı“ medalları ilə təltif edilmişdir. Vətən torpaqlarının azad edilməsinin qururunu ata-baba yurdundakı həyatyanı sahəsində tikəcəyi fərdi evdə yaşayacağı ilə bağlı arzularını gerçəkləşdirmək üçün yenidən Qum Bələdiyyəsinin məsul şəxslərinə dəfələrlə etdiyimşifahi müraciətlərdən sonra, sözügedən təsisatın 22 oktyabr 2021-ci il tarixli 11 saylı qərarı ilə etdiyi rəsmi müraciət əsasında Azərbcayn Respublikası ƏMDK-nin DƏDKRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 21 yanvar 2022-ci il tarixində 0,09 ha həyətyanı torpaq sahəsinə 661998 saylı plan ölçü sənədi, **********09 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyesrtrindən çıxarış verilməklə bələdiyyə mülkiyyətinin dövlət qeydiyyatı aparılmışdır. Növbəti dəfə etdiyi müraciət əsasında ona şifahi olmaqla bildirilb ki, Qum kəndində beş il müddətinə daimi qeydiyyatının olmadığına görə, 0,09 ha həyətyanı sahə, AR İN-i yanında ƏMDX-nin tabeliyindəki X5 publik hüquqi şəxsin Şəki ərazi müsabiqə və hərrac komissiyasında keçiriləcək torpaq alqı-satqı müsabiqəsinin nəticəsinə uyğun rəsmiləşdiriləcək . 28 mart 2022-ci ildə, Qum Bələdiyyəsinin sədri, X3 vaxtsız vəfatından sonrakı müddətdə yeni sədr seçilənədək rəsmiləşdirmə işi yenidən dayandırılmışdır. Alqı –satqı üzrə icranı tamalamaq üçün 12 saylı Şəki Ərazi İdarəsinin hesablarına 12 may 2022-ci tarixdə 125 manat və 96 manat olmaqla cəmi 221 manat nəğd pul ödəmişdir. Sözügedən həyətyanıya görə hüquqi marağının reallaşdırılması üçün ödədiyi cəmi 2342 manat müqabilində 0,09 ha torpaq sahəsinə sübyektiv hüququ yarandığı səbəbindən dəfələrlə etdiyi şifahi müraciətlərinin təmin edilməsindən bu və ya digər səbəblərdən bələdiyyə orqanı müstəqil qərar verməkdən yayınmışdır. 15 iyul 2022-ci il tarixdə, onun məlumatı və iştirakı olmadan Qum Bələdiyyəsinin yeni seçilmiş sədri, Sərxan Qurbanovun sədriliyi ilə keçirilən həmin iclasın 11 saylı protokolu əsasında qərara alınmışdır ki,dəyəri tərəfindən ödənilmiş 0,09 ha yaşayış məntəqələrinə aid olan torpaq sahəsinin Qum Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığına görə, fərdi ev tikintisi məqsədi ilə müsabiqəyə çıxarılsın və bu məqsədlə Qum Bələdiyyəsi ilə AR İN-i yanında ƏMDX-inin hərracların təşkil üzrə X10 Ərazi Torpaq Müsabiqə və Hərrac Koimmisiyası arasında müqavilənin bağlanması üçün müraciət edilsin, müsabiqə yolu ilə satılması nəzərdə tutulan 0,09 ha həyətyanı torpaq sahəsinin 0,01 ha –nın satış qiyməti bazar qiymətinə uyğun olaraq 200 manat olmaqla cəmi 1800 manat müəyyən edilsin. Qeyd edilən bələdiyyə iclasında iştirak edən bələdiyyə üzvləri, onun hüququnu qərəzli sürətdə pozub iştirakını təmin etmədən, 03 iyun 2019-cü il tarixdə Qum Bələdiyyəsinin bank hesabına ********* saylı mədaxil qəbzi ilə ödədiyi 2.000 manat pul məbləğinə və həmin vəsait əsasında torpaq sahəsinə subyektiv hüququnun yarandığına dair hər hansı münasibət bildirməmiş və dəyəri tərəfindən ödənilmiş mübahisəli torpaq sahəsini müsabiqəyə çıxartmağa verdikləri qərarla həm də hərracın keçirilməsi haqqında normativ–hüquqi aktın müddəalrınıda kobud sürətdə pozmuşlar. 30 noyabr 2022-ci il tarixdə isə Qum Bələdiyyəsi tərəfindən növbəti dəfə onun məlumatı olmadan, ödədiyi pul məbləği ilə bağlı aidiyyatı orqanların rəyini almadan torpaq müsabiqəsinin keçirilməsi üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı alınmışdır. Arayışın etibarlı olduğu 45 gün ərzində torpaq müsabiqəsinin keçiriləcəyinə dair yalnız o və Qax şəhər sakini X9 məlumatlandırılmışlar. Qeyd edilən müddət ərzində torpaq müsabiqəsi onlara məlum olmayan səbədən keçirilməmiş, arayışın müddəti bitdiyi üçün bələdiyyənin ərizəsi əsasında onun müddəti 20 gün uzadılmışdır. 19 yanvar 2023-cü il tarixdə saat 15:00 –təyin edilmiş torpaq müsabiqəsində onlar 2 nəfərdən başqa müsabiqə iştirakçısının olacağına dair heç bir məlmuat verilməmiş, obyektin 19 yanvar 2022-ci il tarixindəki bazar dəyəri 1.800 manat təşkil etdiyi elan edilimişdir. Bələdiyyənin hesabına həmin məbləğdən xeyli çox yəni, 2.000 manat ödədiyini və yaranmış sübyektiv hüququ əsasında həmin məbləğin üzərinə müsabiqənin qalibi olmaq üçün pul ödəmək imkanının olmasını kommisiya üzvlərinə rəsmən bildirmişdir. Kommisiya üzvləri bu barədə mənə hər hansı izah verməmiş, əksinə müsabiqənin sonuna yaxın qəflətən müsabiqə keçirilən otağa daxil olmuş, sonradan onun Zaqatala rayonunun Göyəm kəndində qeydiyyatda olmaqla yaşayan X8 olduğu məlum olan şəxsin müsabiqəyə iştirakçı kimi qatıldığı bildirilmişdir. Müsabiqənin onun iştirakı ilə davam edildyi elan olunduqda həmin şəxsin özünündə məlumatı olması üçün ona bildirdirmişdir ki, sözügedən həyətyanı sahəyə görə 03 iyun 2019-cu il tarixdə 2.000 manat nəğd pulu bələdiyyənin hesabına, 442 manat isə 0,09 ha torpaq sahəsini müsabiqəyə çıxarılması üçün sənədlərin hazırlanmasına görə 12 saylı Şəki Ərazi İdarəsinin hesabına xidmət haqqları ödəmişdir. Bu barədəki sənədlərə baxış keçirilməmiş və müsabiqə mənim subyektiv hüququmun kobud pozuntusu ilə başlanmış, elan edilmiş bazar dəyərinə münasibətdə X4 təklif etdiyi 2705 manat məbləği ilə o, müsabiqənin qalibi elan edilmişdir. Bu səbəblərdən sözügedən torpaq müsabiqəyə çıxarılması və Şəki ərazi torpaq müsabiqə və Hərrac Kommisiyasının 19 yanvar 2023-cü il tarixli müsabiqəsini mübahisələndirir. Sözügedən müsabiqənin qərarının və uyğun şəhadətnamənin mənası baxımından hazırkı mülki işin mahiyyətinə yanaşdıqda, həyətyanı torpaq sahəsinə görə ödədiyi pul məbləğinin 3 il 6 ay müddətində bələdiyyənin hesabına mədaxil olunduğu və mənə geri qaytarılmadığı səbəbindən torpaq sahəsinə istifadə və sahiblik hüququ ilə izah olunan subyektiv hüququnun yarandığı, torpaq müsabiqəsi zamanı komissiya üzvlərinə və müsabiqə iştirakçılarına bu barədəki hüquqmüəyyənedici sənədləri təqdim edib keçirilən müsabiqənin subyektiv hüququna aşkar şəkildə müdaxilə olunduğu, X4 Zaqatala rayonunda qeydiyyatda olmaqla daimi yaşadığını onun Qax rayonunun Qum kəndi ilə hər hansı bağlılığının olmadığını, əksinə onun bir neçə nəsil ən yaxın qohumlarının həmin kəndə yaşadığlarını, özünündə fərdi yaşayış evinə ciddi ehtiyacının olduğuna görə həyətyanı sahəsini əldə etməyinə dair hüquqi marağı qətiyyən nəzərə alınmamışdır. X2 həyətyanı torpaq sahəsini satın alıb sonradan digər şəxslərə bir-neçə dəfə baha qiymətə satmaqla möhtəbirlik edib xeyli miqdarda qazanc əldə etdiyi barədə çox saylı faktlar vardır. Belə ki, X8 ilə, atası X6 torpaq müsabiqəsindən sonra, mobil telefonla əlaqə yaradıb həyətyanı sahənin kənarına metal torun quraşdırılması və avtomobil yolunun çəkilməsi üçün xərclədiyi 2.500 manat pulun geri ödənməsi ilə bağli danışarkən X2 həyətyanıda fərdi ev tikmək məqsədinini olmadığını, torpağı başqa şəxsə satıb qazanc əldə etmək istədiyini, əgər onlar almaq istəyirlərsə son qiymətin 5.151 manat olduğunu bildirmişdir. Göstərdiyim xüsusatlar iddia tələbinin əsası kimi hüququnun pozulduğuna dəlalət edir və bu səbəbdən fərdi ev tikmək üçün həyətyanı sahəni əldə etməyi ilə izah olunan çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olacağına ümidvardır. Tələbləri əsaslı olmaqla yanaşı, həm də qanunidir. Onun qeyd edilən həyətyanı torpaq sahəsinə əldə etdiyi subyektiv hüququnu pozan sözügedən torpaq müsabiqəsinin etibarsız hesab edilməsi, 0,09 ha həyətyanı sahənin alqı-satqı müqaviləsinin ləğv edilməsi və mülkiyyətindəki həyətyanı sahənin yenidən torpaq müsabiqəsi yolu ilə satılmasını mübahisələndirməyi AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə tamamilə uyğundur. Normanın mənasına görə,pozulmuş hüququnun bərpası ilə bağlı istənilən şəxsin mülküyyətçiyə qarşı məhkəmə qaydasında iddia qaldıra bilər . Zənn edir ki, işin həqiqi hallarına və sözügedən maddənin mənasına görə məhkəmə faktlara düzgün hüquqi qiymət verib iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edəcəkdir. Məhkəm iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 2.2.5-ci mаddəsinə əsаsən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); bаxılmаsı inzibаti mübаhisələrə dаir işlər üzrə məhkəmələr tərəfindən həyаtа keçirilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının 09 dekabr 2020-ci il tarixli, 2-2(102)-407/2020 nömrəli qərarında "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qalibinin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində torpaq mülkiyyətçisi olan bələdiyyə ilə hərracın (müsabiqənin) qalibi arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (bələdiyyə torpaqlarının icarəyə verilməsi üçün hərracın (müsabiqənin) keçirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. (bax qərarın 16-22 bəndləri) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hərracların təşkili üzrə X10 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd olunan 0.09 hektar həyətyanı torpaq sahəsi iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 21 yanvar 2022-ci tarixli, 661998 №-li çıxarışı ilə rəsmiləşdirilmiş, daha sonra 19 yanvar 2023-cü il tarixdə 0.09 ha torpaq sahəsi “Hərrəcların təşkili Mərkəzi” Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 2705 (iki min yeddi yüz beş) manat məbləğə X1. Belə ki, qeyd olunan torpaq sahəsi müvafiq əmr əsasında iddiaçıya verildiyindən onun satın almaqda üstünlük hüququ olması “Hərrəcların təşkili X12 şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən nəzərə alınmamışdır. Belə olan halda “Hərrəcların təşkili Mərkəzi” Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 19 yanvar 2023-cü il tarixdə keçirilən hərracın yekunlarının etibarsız hesab edilməsini xahiş etməsinə baxmayaraq həmin mübahisədən yaranan münasibətlər yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının qərarında da göstərildiyi kimi rayon məhkəməsinə aidiyyatı olmamasına baxmayaraq Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Qaldırılan hazırki tələb bələdiyyə qərarlarının nəticəsi olaraq yarandığından həmin tələbə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hərracların təşkili üzrə X10 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “hərracın nəticələrinin ləgv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunmalı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hərracların təşkili üzrə X10 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “hərracın nəticələrinin ləgv edilməsi” dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar