Məhkəmə qərarları › İş №e-2(075)-389/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-389/2023

23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-389/2023 23.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 01 sentyabr 1971-cı il tarixdə Dağıstan Respublikasının Rutul rayonun Borç kəndində anadan olmuşdur. Həmin ildən sonra valideynləri ilə birlikdə Azərbaycan Respublikasına, Şəki şəhərinə köçmüş və burada yaşamağa başlamışdır. Şin kənd orta məktəbində təhsil almışdır. 10 sentyabr 1989-cu il tarixdə Azərbaycan SSR Şəki şəhər və rayon icraiyyə komitələrinin daxili işlər şöbəsi tərəfindən ona pasport verilmişdir. Elə həmin ildə hərbi xidmətə getmiş, 1991-ci ildə hərbi xidmətdən qayıtmışdır və kənddə yaşamağa davam etmişdir. 1994-cü ildə Rusiya Federasiyasına getmişdir. 2000-ci ildə Rusiya Federasiyasından Azərbaycana geri qayıtmışdır. Həmin vaxtdan bəri Şəki rayonunun Şin kəndində yaşayır. 2002-ci ildə ailə həyatı qurmuşdur və 3 övladı var. Lakin onun sənədləri, yəni vətəndaşlıq vəziyyəti qaydasında olmadığı üçün rəsmi işə qəbul oluna bilmir, şəxsiyyət vəsiqəsi ala bilmir, səhhəti ilə bağlı müalicə üçün başqa yerə gedə bilmir, dövlət xəstəxanalarında müalicə ala bilmir və övladlarına sənəd ala bilmir. Bu çətinliyi aradan qaldırmaq məqsədilə dəfələrlə Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək üçün aidiyyəti qurumlara müraciət etsə də bu mümkün olmamışdır. Xüsusilə də, Dövlət Miqrasiya Xidməti dəfələrlə müraciətinə imtina cavabı vermişdir. Sonuncu dəfə 21 aprel 2022-ci il tarixli məktubla müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməkmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5, ərizənin təmin edilməsinə etirazının olmamasına, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iş üzrə ərizəçi ilə eyni kənddə yaşayır. Anadan olandan onu kənddə görmüşdür. Ərizəçinin oğlu hərbi xidmətdədir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, iş üzrə ərizəçi ilə eyni kənddə yaşayır. Ərizəçi 1972-ci ildən valideynləri ilə birlikdə Şin kəndinə köçmüşdür. Ərizəçi kənddə mal-qara ilə məşğul olur. Onun 3 uşağı vardır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 01 sentyabr 1971-cı il tarixdə Dağıstan Respublikasının Rutul rayonun Borç kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş XXİİİ-ЖГ 661027 nömrəli pasportun surətindən görünür ki, Azərbaycan SSR Şəki şəhər və rayon icraiyyə komitələrinin daxili işlər şöbəsi tərəfindən Ərizəçi 10 oktyabr 1989-cu il tarixdə pasport verilmişdir. İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin Şəki rayon Şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2013-cü il tarixli, 1421 nömrəli arayışın surətindən görünür ki, Ərizəçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin Şəki rayon Şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Dövlət Miqrasiya Xidmətinin 21 aprel 2022-ci il tarixli məktubunun surətindən görünür ki, Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə tərəfindən müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyasının Azərbaycan Respublikasında Səfirliyindən verilmiş 29 sentyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, Ərizəçi Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin konsulluq şöbəsində qanunvericiliklə müəyyən edilmiş qaydada Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməyib, onun adına Rusiya Federasiyası vətəndaşının xarici pasportu sənədləşdirilməyib. Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyinin məlumatlarına görə Ərizəçi yaşayış yeri üzrə qeydiyyatda deyil (qeydiyyat uçotundan çıxarılıb), onun adına Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin struktur bölmələrində Rusiya Federasiyası vətəndaşının pasportu sənədləşdirilməyib. Belə ki, müəyyən edilib ki, Ərizəçi qanunvericiliklə müəyyən edilmiş qaydada Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməyib. 06 iyun 1992-ci il tarixinə Rusiya Federasiyasının ərazisində yaşamasını təsdiq edən heç bir sənəd yoxdur. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən verilmiş 10 avqust 2022-ci il tarixli məktubun surətindən görünür ki, Ərizəçi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Layısqı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli arayışının surətindən görünür ki, Ərizəçi Şin kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Layısqı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışının surətindən görünür ki, xx.xx.1971-ci il tarixində Dağıstan Respublikasında anadan olan Ərizəçi 1972ci ildə ailəsi ilə birlikdə Şəki rayonunun Şin kəndində köçüb və 1994-cü ilə qədər Şin kəndində yaşayıb. 1994-cü ildə Kalmıkiya Respublikasına gedib və 2001-ci ildə yenidən Azərbaycan Respublikasına qayıdıb müvəqqəti olaraq qeydiyyatsız Şəki rayonunun Şin kəndində yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 01 sentyabr 1971-cı il tarixdə Dağıstan Respublikasının Rutul rayonun Borç kəndində anadan olmuşdur. 1972-ci ildə valideynləri ilə birlikdə Azərbaycan Respublikasına köçərək, Şəki rayonunun Şin kəndində yaşamışdır. Ərizəçi Azərbaycan SSR Şəki şəhər və rayon icraiyyə komitələrinin daxili işlər şöbəsi tərəfindən 10 oktyabr 1989-cu il tarixdə pasport verilmiş və o, həmin ildə hərbi xidmətə yollanmışdır. 2001-ci ildən Azərbaycan Respublikasında yaşayır. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, bundan imtina edilmişdir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Həmin Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndinə görə məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Həmin qərarın 12.1-ci bəndinə görə bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Göründüyü kimi Ərizəçi ölkəyə nə vaxt, və nə məqsədlə gəlməsi, onun, doğulduğu Dağıstan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmaması, onun, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməməsi tam sübuta yetirilir. X7 Xidmətinin Sərhəd Nəzarətindən verilmiş 10 avqust 2022-ci il tarixli məktubda Ərizəçi dövlət sərhədindən çıxması və ya qayıtması barədə məlumatların qeydə alınmaması onun, heç bir dövlətin vətəndaşı olmaması nəticəsinə gəlmək üçün əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, 01 sentyabr 1971-cı il tarixdə Dağıstan Respublikasının Rutul rayonun Borç kəndində anadan olmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və onun 2001-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. 01 sentyabr 1971-cı il tarixdə Dağıstan Respublikasının Rutul rayonun Borç kəndində anadan olmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 2001-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar