Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-395/2024 16.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan və baxması üçün Cavabdeh təhvil verdiyi 1 baş camış heyvanın dəyəri olan 1300 manatın, həmin heyvana baxmaq üçün əvvəlcədən Cavabdeh ödədiyi 150 manatın və iddia tələbi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 35 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Daşüz kəndində yaşayır. Ailəsini dolandırmaq məqsədi ilə iri buynuzlu heyvan saxlayır. Yaz gəldikdə heyvanları baxmaq üçün sığırçı kimi fəaliyyət göstərən iş üzrə Cavabdeh etibar etmişdir. Belə ki, Cavabdeh Şəki rayonu, Cumakənd kəndinin kənarında yerləşən dağda mal otarmaqla məşğuldur. O da təxminən, 7 ay bundan əvvəl özünə məxsus olan 1 baş iri buynuzlu camışı və 1 baş balasını birlikdə baxmaq məqsədi ilə Cavabdeh təhvil vermişdir. Aralarında razılığa əsasən o, heyvanlarına baxılması qarşılığında hər ay hər bir heyvan üçün Cavabdeh 30 manat pul verməyi razılaşmışlar və o, 5 ayın ödənişini əvvəlcədən etmişdir. Lakin, sentyabr ayında Cavabdeh ona baxması üçün təhvil verdiyi heyvanlardan birinin itdiyini bildirmişdir. O, itmiş heyvanının özünün və ya pulunun ona qaytarılmasını Cavabdeh tələb etsə də, Cavabdeh onun heyvanını qaytarmamış, pulunu isə verməmişdir. Cavabdeh səhlənkar hərəkəti nəticəsində ona maddi ziyan dəymişdir. Hansı ki, Cavabdeh ona təhvil verdiyi heyvanları 5 ayın tamamında ona sağ-salamat təhvil verməli idi. Göstərilənlərlə əlaqədar hüququ pozulduğundan hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, itmiş heyvan cavabdehə veriləndə 1 yaş 1 aylıq idi. Ümumilikdə heyvanlara baxması üçün 300 manat pul vermişdir. 1 heyvan üçün 1 aylıq ödəniş 30 manat olmuşdur. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ona iki dəfə 50 manat və 100 manat pul vermişdir. Heyvan itəndə də 150 manat vermişdir. O, dəfələrlə iddiaçının oğlu Qaçaya demişdir ki, mala cavabdeh deyil. Çünki həmin heyvana baxmaq mümkün deyildi. Çünki bir neçə dəfə də həmin heyvan itmişdi. Avqust ayında heyvan itəndə Qaçay özü gətirib heyvanı qoymuşdu. Heyvanları ona may ayında vermişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki şəhər İcra Hakimiyyəti Başçısının Cumakənd kəndindəki nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 276 saylı arayışında qeyd edilmişdir ki, həqiqətən xx.xx.2023-cü il vəziyyətinə mal-qaranın qeydiyyatı aparılarkən İddiaçı adına bir baş camış, bir baş camış düyəsi və bir baş dişi xötək qeydiyyata alınmışdır. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 45 nömrəli məktubda qeyd edilmişdir ki, bir baş bir il doqquz aylıq, təxmini diri çəkisi 250-260 kiloqram olan camış düyəsinin orta satış bazar qiyməti 1300 (bir min üç yüz) manat təşkil edir. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının Cumakənd kəndindəki nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 36 saylı arayışında qeyd edilmişdir ki, həqiqətən xx.xx.2023-cü il vəziyyətinə mal-qaranın qeydiyyata alınması aparılarkən İddiaçı adına bir baş, bir yaşa qədər (səkkiz aylıq) camış balası qeydə alınmışdır. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, o, İddiaçı oğludur. xx.xx.2023-cü il tarixdə heyvanları Ülviyə vermişdir. Ümumilikdə heyvanlara baxması üçün 300 manat da pul vermişdir. 100 manatını atası vermiş, qalanını isə o özü vermişdir. Hər ayın səkkizi ödəniş günü olmuşdur. Əgər cavabdehin dediyi kimi heyvan qaçırdısa gətirib həyətlərinə qoyardı. Hər ay pulu alandan sonra deyirdi ki, xote ipə sapa yatmır. Heyvan itəndə 1 yaş 9 aylıq idi. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, X4 yanına camış və balasını qoymuşdu. Heyvan ipə sapa yatmırdı. Dəfələrlə qaçmışdı. Qaçaya Ülvinin telefonundan zəng elədilər açmadı. Sonra onun telefonundan zəng elədilər. Qaçay telefonu açdı. Ona bildirdilər ki, heyvan ipə sapa yatmır. Onun da orada heyvanı var. O özü pul vermir, Ülvinin işinə kömək edir. Təxminən 1 illik xote olardı. Bəlkə də 1 yaşdan bir iki ay balaca ya böyük olardı. 60-70 kiloqram olardı. O çəkidə xotenin qiyməti təxminən 800 manatdır. Heyvan evlərinə qaçanda Qaçay yenə geri gətirdi. - xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı bir baş camış və bir baş camış balasını otarmaq üçün 2023-cü ilin may ayında Cavabdeh vermişdir. Tərəflər arasında olan razılığa əsasən bir heyvan üçün bir aylıq ödəniş 30 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə heyvanların otarılması üçün ümumilikdə 300 manat ödəniş edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən itirilmiş heyvanın dəyərini və heyvanların otarılması üçün ödədiyi məbləğin yarısını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və bildirir ki, dəfələrlə iddiaçıya camış balasına baxmağın mümkün olmadığını bildirməsinə baxmayaraq iddiaçı heyvanı gəlib götürmədiyindən onun hər hansı məsuliyyəti yoxdur. Cavabdeh həmçinin itmiş heyvanın yaşını və dəyərini də mübahisələndirir. Tərəflər arasında bağlanmış şifahi müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki cavabdeh iddiaçıya heyvanların otarılması xidmətini göstərməyi, sonuncu isə həmin xidmətin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. İddiaçı tərəflər arasında əldə edilmiş razılığa əsasən öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya maddi ziyan dəymişdir. Tutulmalı məbləğə münaisbətdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Cumakənd kəndindəki nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda xx.xx.2023-cü il tarixə iddiaçının adına bir ədəd bir yaşa qədər (səkkiz aylıq) camış balasının qeydə alındığını bildirilir. Həmin tarixdən hesabladıqda isə may ayında camış balası cavabdehə otarmağa verildikdə 1 yaş 1 aylıq olur ki, bu da iddiaçının izahatı və şahid ifadəsi ilə üst-üstə düşür. Qeyd edilənlər nəzərə alınmaqla "xxxx" ASC tərəfindən verilmiş arayışa əsasən camış düyəsinin orta bazar qiyməti 1300 mnat müəyyən edilmişdir. Heyvanların otarılması üçün ödənilmiş məbləğ isə işin mübahisəsiz halıdır. Heyvanın itirilməsi səbəbindən həmin heyvanın otarılması üçün ödənilmiş məbləğ də iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 45 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1 baş heyvanın dəyəri olan 1300 (bir min üç yüz) manat, həmin heyvana baxmaq üçün ödənilmiş 150 (bir yüz əlli) manat və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-395/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-395/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver