Məhkəmə qərarları › İş №e-2(075)-42/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-42/2023

22.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-42/2023 22.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və onun nümyəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı maneənin aradan qaldırılması, benzin çənlərinin götürülməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Cəfərabad kəndində çıxarışa əsasən ona məxsus yanacaq doldurma məntəqəsinin yaxınlığında qanunsuz aparılan tikinti işlərinin dayandırılması, Cavabdeh1 məxsus torpaq sahəsində qanunsuz inşa edilən tikintinin cavabdehlərin öz vəsaiti hesabına sökülərək götürülməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 300 manat vəsaitin və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumunun tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Cəfərabad kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsi 13 fevral 2019-cu il tarixli çıxarışa əsasən ona məxsusdur. Cavabdeh1 və onun qardaşı Cavabdeh2 həmin yanacaq doldurma məntəqəsinin ehtiyat yanacaq çənlərinin yerləşdiyi ərazinin bir neçə metrliyində heç bir icazə olmadan sürətlə tikinti işləri aparır. Dəfələrlə həmin ərazidə aparılan tikinti işlərinin dayandırılmasını xahiş etsə də, heç bir əhəmmiyyət verməmişdir. Məsələyə hüquqi qiymət verilməsi üçün Fövqəladə Hallar Nazirliyinə və X11 Xidmətinə 06 aprel 2022-ci il tarixdə rəsmi qaydada müraciət etmişdir. Müracitinə 25 aprel 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X5 Yanğın idarəsi rəsmi qaydada cavab verərək Cavabdeh1 tərəfindən aparılan fərdi yaşayış evinin tikinti işlərinin dayadırılması ilə bağlı Şəki şəhər İcra Hakimiyyətinə və Şəki şəhər-rayon Polis Şöbəsinə 25 aprel 2022-ci il tarixli məktublar ünvanlandığı bildirilmişdir. Lakin Cavabdeh1 və onun qardaşı Cavabdeh2 edilən xəbərdarlıqlara məhəl qoymamış və tikinti işlərini davam etdirirlər. Qeyd olunanlardan aşkar görünür ki, cavabdehlər qanunvericliyin tələblərini kobud surətdə pozaraq, tətbiq edilən xəbərdarlıqlardan nəticə çıxarmır, əksinə öz qanunsuz əməllərini davam etdirməklə digər şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurur. Belə ki, o, mövcud problemlərə görə öz sahibkarlıq fəaliyyətini sərbəst şəkildə həyata keçirə bilmir. Bu isə ona dövlət büdcəsinə vergilərin ödənilməsinə maneə yaradır. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək pozulan hüquqlarının bərpa edilməsi və eyni zamanda cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə müvafiq qərar qəbul edilməsinin zəruridir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən ona məxsus olan Şəki rayonu, Cəfərabad kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması, ona məxsus torpaq sahəsinin yaxınlığında İddiaçı tərəfindən yerə basdırılmış benzin çənlərinin onun öz vəsaiti hesabına götürülməsi, İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu, Cəfərabad kəndinin ərazisində ona məxsus 0.10 hektar həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini o, 2013-cü alqı-satqı müqaviləsi əsasında alımışdır. Mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə ona çıxarış və torpaq sahəsinin koordinatlarını əks etdirən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə o, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında evin tikintisinə başlamazdan əvvəl onun layihəsini təsdiq etdirərək Şəki şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərmiş və yalnız Məcəllədə nəzərdə tutulmuş müddət keçdikdən sonra Memarlıq şöbəsindən layihəyə hər hansı bir etiraz daxil olmadığını görüb tikinti işlərinə başlamışdır. Lakin tikinti işlərinə başladıqdan sonra yaxınlıqda yerləşən yanacaq doldurma məntəqəsinin sahibi İddiaçı heç bir əsası olmadan tikintinin aparılmasına maneçilik törətməyə çalışır. Bununla bağlı aralarında bir neçə dəfə mübahisə olmuşdur. Ancaq o, özünə məxsus olan torpaq sahəsində ev inşa edir və İddiaçı onun tikinti işlərinə müdaxilə etməsi üçün subyektiv huququ yoxdur. Onun özünə məxsus obyektin torpaq sahəsinə gəldikdə isə ilkin sənədlərdə yanacaq doldurma məntəqəsi üçün 0.06 hektar torpaq sahəsi ayrılsa da sonradan necə olubdursa 0.15 hektar torpaq sahəsi heç bir əsas olmadan onun İddiaçı adına özəlləşmişdir. Ümumiyyətlə hesab edir ki, yaşayış məntəqəsinin lap yaxınlığında yanacaq doldurma məntəqəsinin fəaliyyət göstərməsi təhlükəsizlik baxımından yolverilməzdir. Bütün bunlar azmış kimi isə hazırda İddiaçı məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində apardığı tikinti işlərinin dayandırılaraq sökülməsini tələb edir. Lakin qeyd etdiyi kimi qanunun tələbinə uyğun olaraq onun bütün sənədlərini qaydasındadır və o, özünün mülkiyyətində olan həyətyanı torpaq sahəsində ev inşa edir. İddiaçının özünə gəldikdə isə onun sənədlərinin heç biri qaydasında deyildir. Belə ki, yanacaq doldurma məntəqəsinin tikintisi üçün müvafiq orqanların rəyi, icazəsi yoxdur. Bu azmış kimi İddiaçı, ona məxsus torpaq sahəsinin lap yaxınlığında yerə benzin çənləri də basdırmışdır ki, bunun da nə qədər təhlükəli olduğu hamıya bəllidir. Bundan başqa cavabdeh İddiaçı məxsus torpaq sahəsinin ilkin sənədlərinə əsasən cəmi 0.06 hektar torpaq sahəsi ayrılsa da, sonradan müəmmalı şəkildə 0,15 hektar sahəsi heç bir əsas olmadan onun adına özəlləşmişdir. İlkin olaraq Şəki rayon XDC İK-nin 39 avqust 1991-ci il tarixli 203 nömrəli qərarına asasan Cəfərahad kəndində neft məhsulları satan mağazanın tikintisi üçün 0,06 hektar torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi burada söhbət yanacaq doldurma məntəqəsindən deyil, yalnız neft məhsulları satan mağazadan gedir. Eyni zamanda İddiaçı verilmiş çıxarışda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı məhkəmə iclasına gəlməmişlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli yanacaq doldurma məntəqəsi 1985-ci ildə inşa edilmişdir. Hətta mübahisəli çənlər də 1985-ci ildə basdırılmışdır. Həmin çənlər podratçı şirkət tərfindən yerindən çıxarılaraq izolyasiya edilmiş və yenidən basdırılmışdır. Çənlərin təhlükəsizliyinə dair sertifikat da almışdır. Əvvəllər yanacaq-sürtkü materialları mağazası kimi fəaliyyət göstərmiş, sonradan yanacaq doldurma məntəqəsi olmuşdur. 2002-ci ilə kimi fəaliyyət göstərmişdir. 2016-2017-cı illərdə isə həmin obyekti, o, almış və 2019-cu ildə təmir-bərpa etmişdir. Cavabdeh tərəfindən həmin yanacaq doldurma məntəqəsinin yaxınlığında 2022-ci ildə ev tikilməyə başlanıldıqda ona, tikintini dayandırmağı, bunun qeyri-qanuni olduğunu bildirmiş, lakin cavabdeh onunla razılaşmamışdır. Hazırda cavabdeh tərəfindən tikinti işləri aparılmır. Belə ki, tikinti artıq başa çatdırılmışdır. Ona görə də, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümyəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli qeyri-yaşayış binası yanacaq doldurma məntəqəsi kimi deyil, neft məhsullarının satışı mağazası kimi fəaliyyət göstərmişdir. Lakin sonradan heç bir əsas olmadan yanacaq doldurma məntəqəsi olaraq fəaliyyətə başlamışdır. Həmin obyektin yanacaq doldurma məntəqəsi kimi heç bir rəsmi sənədi mövcud deyil, çıxarışı isə 2019-cu ildə almışdırş. Cavabdeh1 isə torpağa dair 2013-cü ildən çıxarışı mövcuddur. İddiaçı tikilinin sökülməsini tələb etməyə subyektiv hüququ yoxdu. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında evin tikintisinə başlamışdır və bu səbəbdən də, onlara münasibətdə həmin məcəllənin 80.2-ci maddəsi tətbiq olunmalıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi isə qeyri-yaşayış obyekti olduğuna və zəruri sənədləri olmadığına görə qarşı tərəfə tətbiq olunmalıdır. Ümumiyyətlə göründüyü kimi, ərazisi 6 sot olan mağaza 15 sot ərazisi olan YDM kimi özəlləşdirilmişdir. Ona görə də, alqı-satqı müqaviləsi də, etibarsız hesab edilməlidir. Ətraf da, isə yaşayış evləri tiklib. YDM kimi fəaliyyət göstərməsi təhlükə mənbəyidir. Cavabdeh1 torpağı bələdiyədən alıb, 2022-ci ildə tikintiyə başlayıb və 1 ilə yekunlaşdırıb. Həmin torpaqda evdən başqa tikili yoxdur. Qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon X6 İcraiyyə Komitəsinin 29 avqust 1991-ci il tarixli, 203 nömrəli qərarının surətindən görünür ki, Cəfərabad kəndində neft məhsulları satan mağazanın tikintisi üçün 0.06 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, 3278 nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şəki rayon Cəfərabad kəndində yerləşən 13 saylı yanacaqdoldurma məntəqəsi (ümumi sahəsi 24.4 kv.m) və 1500.0 kv.m torpaq sahəsi hərracdan satış qiymətilə 9000 manata Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş 13 fevral 2019-cu il tarixli, **********60-06301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində yerləşən 13 saylı yanacaq doldurma məntəqəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş 13 fevral 2019-cu il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində 0.15 hektar torpaq sahəsində yerləşən 24.4 kvadratmetr qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X9 Agentliyinin 10 oktyabr 2022-ci il tarixli, 4283 nömrəli nömrəli texniki təhlükəsizlik sertifikatının surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində İddiaçı məxsus təhlükə potensiallı obyektdə istifadə olunan 1 nömrəli yanacaq çəninin texniki təhlükəsizlik standartlarına, normalarına,qaydalarına və texniki sənədlərə uyğun olması təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X9 Agentliyinin 10 oktyabr 2022-ci il tarixli, 4284 nömrəli texniki təhlükəsizlik sertifikatının surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində İddiaçı məxsus təhlükə potensiallı obyektdə istifadə olunan 2 nömrəli yanacaq çəninin texniki təhlükəsizlik standartlarına, normalarına,qaydalarına və texniki sənədlərə uyğun olması təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X9 Agentliyi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli A-13795 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı məxsus obyekt “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 və X7 Agentliyi tərəfindən verilmiş 12 aprel 2023-ci il tarixli 3-18-3/2-3544/23 nömrəli arayışdan görünür ki, sözügeden yanacaqdoldurma məntəqəsində istifadə olunan 2 ədəd yanacaq çəni xx.xx.2022-ci il tarixində təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır (çıxarışın surəti əlavə olunur). Obyektin 2022-ci ildə reyestr qeydiyyatına alındığını nəzərə alaraq yoxlamanın gələn ilin iş planına daxil edilməsi nəzərdə tutulub. “Şəhər qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN 2.6-1-in 8.46-cı bəndinə əsasən yeraltı yanacaq çənləri olan yanacaqdoldurma məntəqəsindən yaşayış və digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır (sutkada 500-ə qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş məntəqələr üçün məsafəni 25 km-dən az olmamaq şərtilə qısaltmaq olar). “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanununda yanacaqdoldurma (mayə qaz istisna olmaqla) fəaliyəti ilə məşğul olmaq üçün icazə (lisenziya) tələbi nəzərdə tutulmamışdır. İş materiallarına əlavə edilmiş 07 yanvar 2014-cü il tarixli, **********58 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində yerləşən torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş 09 yanvar 2014-cü il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində 0.10 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin tikinti işlərinin dayandırılması barədə 04 iyul 2022-ci il tarixli 0488 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulduğu üçün Cavabdeh1 tikintinin aparılması qadağan edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X5 yanğın Nəzarəti İdarəsinin 25 aprel 2022-ci il tarixli, 37/B-00942 nömrəli məktubundan görünür ki, X4 tərəfindən aparılan fərdi yaşayış evinin tikinti işlərinin dayandırılması ilə bağlı Şəki Rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli xx/xx-00901 saylı vı Şəki Rayon Polis Şöbəsinə xx.xx.2022-ci il tarixli xx/xx-00900 saylı məktublar ünvanlanmışdır. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(075)-1593/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizasə təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 10/6260 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan iş üzrə cavabdeh şəxsə məxsus fərdi yaşayış evinə dair layihəçi X8 tərəfindən tərtib edilmiş eskiz layihənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədiyini nəzərə alaraq qeyd olunan fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikniti Məcəlləsinin 75-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunur. Tədqiq olunan fərdi yaşayış evi ilə yanacaq çənləri arasındakı məsafənin 5.20m təşkil etdiyini nəzərə alaraq həmin yanacaq çənlərinin quraşdırılması zamanı AZDTN 2.6-1 "Dövlət şəhərsalma Norma və Qaydalan"nın 8.46-cı bəndinin tələbinin pozulduğu müəyyən olunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 13 fevral 2019-cu il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Şəki rayonu, Cəfərabad kəndində 0.15 hektar torpaq sahəsində yerləşən 24.4 kvadratmetr qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Sözügedən qeyri-yaşayış binası yanacaq doldurma məntəqəsi kimi satılmışdır. Həmin yanacaq doldurma məntəqsinin ehtiyat yanacaq çənlərinin yerləşdiyi ərazinin bir neçə metrliyində icazə olmadan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikinti işləri aparılaraq fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək sözügedən tikilinin cavabdehlərin öz vəsaiti hesabına sökülərək götürülməsini xahiş etmişdir. Cavabdeh1 isə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması, yerə basdırılmış benzin çənlərinin iddiaçının öz vəsaiti hesabına götürülməsi, İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən və qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzi fələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinı əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Dövlət Şəhərsalma Norma və Qaydaların (AzDTN 2.6-1) 8.46-cı bəndinə əsasən maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən məktəbəqədər və ümumi təhsil, habelə, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır. Göstərilən məsafəni yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı, çənlərdən təyin etmək lazımdır. Sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş YDM-dən göstərilən obyektlərə qədər məsafələri 25 m-dən az olmamaq şərtilə qısaltmaq olar. İş materiallarından görünür ki, 09 yanvar 2014-cü il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair tərtib edilmiş eskiz layihə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikniti Məcəlləsinin tələbləri pozulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi də 04 iyul 2022-ci il tarixli 0488 nömrəli qərarı ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulduğu üçün Cavabdeh1 tikintinin aparılmasını qadağan etmişdir. Həmin mövqe həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 10/6260 nömrəli ekspert rəyində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 məxsus torpaq sahəsində olan tikili hər hansı bir icazə alınmadan, əksinə Fövqaladə Hallar Nazirliyinin müvafiq qurumları, İcra Hakimiyyəti tərəfindən tikintinin dayandırılması, yasaqlandırılmasına baxmayaraq inşa etdirildiyindən özbaşına tikili kimi qəbul olunmalıdır. Həmçinin fərdi yaşayış evi təhlükə potensiallı obyektin cəmi 5m-liyində inşa olunmuşdur ki, həm Fövqaladə Hallar Nazirliyinin arayışından, həm də ekspert rəyi ilə müəyyən olunur ki, qeyd olunan məsafə qanunvericinin tələblərinə ziddir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan tikiliyə görə İddiaçı mülkiyətçisi olduğu əmlakından istifadə edə bilmir, ona görə də, həmin tikilinin sökülməsini tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia tələbi Cavabdeh1 məxsus torpaq sahəsində qanunsuz inşa edilən tikilinin cavabdehlərin öz vəsaiti hesabına sökülərək götürülməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Cavabdehlər tərəfindən tikinti işləri artıq başa çatıdırıldığından və hazırda mübahisəli ərazidə tikinti işləti aparılmadığından ilk iddia tələbi iddiaçıya məxsus yanacaq doldurma məntəqəsinin yaxınlığında qanunsuz aparılan tikinti işlərinin dayandırılması hissəsində təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin Cavabdeh1 məxsus torpaq sahəsinin yaxınlığında yerə basdırılmış benzin çənlərinin onun öz vəsaiti hesabına götürülməsi hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Şəki rayon X6 İcraiyyə Komitəsinin 29 avqust 1991-ci il tarixli, 203 nömrəli qərarına əsasən Cəfərabad kəndində neft məhsulları satan mağazanın tikintisi üçün 0.06 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. Sonradan 13 fevral 2019-cu il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Şəki rayonu, Cəfərabad kəndində yerləşən 24.4 kvadratmetr qeyri-yaşayış binası, yəni 13 saylı yanacaq doldurma məntəqəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan və cavabdeh tərəfindən qarşılıqlı iddia tələbinə əsasən mübahisələndirilən qeyri-yaşayış sahəsinin 1991-ci ildən neft məhsulları satan mağaza kimi fəaliyyətinə icazə verilmiş və həmin obyektdə yanacaq doldurma məntəqəsi fəaliyyət göstərərək, neft məhsullarının satışı həyata keçirilmişdir. Göründüyü kimi, mübahisəli yanacaq çənləri elə həmin dövrdən nəzərdə tutulan yerdə basdırılmışdır. Eyni zamanda İddiaçı məxsus mübahisəli qeyri-yaşayış sahəsi “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmış və həmin obyektdə, yəni yanacaq doldurma məntəqəsində istifadə olunan 1 və 2 nömrəli yanacaq çənlərinin texniki təhlükəsizlik standartlarına, normalarına, qaydalarına və texniki sənədlərə uyğun olması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X9 Agentliyi tərəfindən təsdiq edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi Cavabdeh1 məxsus torpaq sahəsinin yaxınlığında İddiaçı tərəfindən yerə basdırılmış benzin çənlərinin onun öz vəsaiti hesabına götürülməsi hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinin İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 həmin tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Belə ki, alqı-satqı müqavilənin etibarsızlığı dedikdə onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Mülki Məcəllənin 337.1, 340.2, 404.1, 404.2-ci maddələrinin mənasına görə, alqı-satqı müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə təsdiq edilsin və ya alqı-satqı müqaviləsi yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “Eyrenin İrlandiyaya qarşı” iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göründüyü kimi İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hər hansı bir əsas müəyyən olunmur. Obyektin 1991-ci ildə torpaq sahəsi 6 sot olduğu halda alqı-satqı müqaviləsində 15 sot göstərilməsi tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyən oluna bilər və bu halın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. Ona görə də, qarşılıqlı iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə, qarşılıqlı iddia ərizəsinin İddiaçı tərəfindən Cavabdeh1 məxsus olan Şəki rayonu, Cəfərabad kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması hissəsinə münasibətdə isə qeyd edir ki, Cavabdeh1 ona məxsus 0.10 hektar həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılması qanunsuz hesab edildiyindən, həmçinin artıq həmin tikinti işlərinin aparılması başa çataraq dayandırıldığından həmin hissədə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, Şəki rayonu Cəfərabad kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 fevral 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən Cavabdeh1 məxsus torpaq sahəsində inşa edilən tikili cavabdehlərin öz vəsaiti hesabına sökülərək götürülməli, ilk iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh1 İddiaçı qarşı ona məxsus olan Şəki rayonu, Cəfərabad kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması, ona məxsus torpaq sahəsinin yaxınlığında yerə basdırılmış benzin çənlərinin onun öz vəsaiti hesabına götürülməsi, İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat və ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 110 manat dövlət rüsumu cavabdehlərə aid edilməli, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlk iddia qismən təmin edilsin Şəki rayonu Cəfərabad kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 fevral 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən Cavabdeh1 məxsus torpaq sahəsində inşa edilən tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz vəsaitləri hesabına sökülərək götürülsün. Hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat və ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 110 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 İddiaçı qarşı ona məxsus olan Şəki rayonu, Cəfərabad kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması, ona məxsus torpaq sahəsinin yaxınlığında İddiaçı tərəfindən yerə basdırılmış benzin çənlərinin onun öz vəsaiti hesabına götürülməsi, İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar