Məhkəmə qərarları › İş №e-2(075)-482/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-482/2023

07.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-482/2023 07.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Şəki şəhər Kiş kənd 2 nömrəli tam orta məktəbin direktoru X3 iştirakı ilə İddiaçı cavabdeh Şəki şəhər Kiş kənd 2 nömrəli tam orta məktəbə qarşı işdən çıxarılma barədə əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olması barədə cavabdeh Şəki rayon Kiş kənd 2 nömrəli tam orta məktəbinin 10 sentyabr 2021-ci il tarixli 34 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi (vəkili) Vəkil, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şəki rayon Kiş kənd 2 nömrəli tam orta məktəbinin 14 iyul 2022-ci il tarixli 39 saylı əmrinin ləğv edilməsi, həmçinin iddia tələbinin qalan hissəsinin olduğu kimi qalması, yəni məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 21 avqust 2010-cu il tarixdə Bakı Dövlət Universitetinin biologiya ixtisası üzrə ali təhsil almışdır. 15 sentyabr 2017-ci il tarixdən Şəki rayon A.Məmmədov adına Kiş kənd 2 nömrəli tam orta məktəbdə ixtisası üzrə biologiya müəllimi vəzifəsində işləmişdır. 2022-ci ilin yeni dərs ili başlayanda məktəb rəhbərliyi ona dərs verilməyəcəyini bildirmişdir. Səbəbini soruşduqda isə onun işdən azad olunduğunu bildirmişdir. O, işdən azad olunması barədə ona heç bir məlumat verilmədiyini, barəsində verilən əmrdən məlumatsız olduğunu bildirsə də, ona sözügedən sənəd təqdim olunmamışdır. 19 sentyabr 2022-ci il tarixdə X4 X1 müraciət etmişdir.28 sentyabr 2022-ci il tarixdə barəsində olan 10 sentyabr 2021-ci il tarixli 34 saylı işdən azad olma barədə əmrini almış və qanunvericiliyin tələbinə müvafiq olaraq mediasiya təklifi göndərmişdir. Daha sonra Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin Mediasiya mərhələsində tərəflər arasında hər hansı razılıq əldə olunmadığı üçün ilkin mediasiya sessiyasından sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə müvafiq arayış verilmişdir. Cavabdehin barəsində verdiyi əmrlə tanış olanda məlum olur ki, əmr qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Belə ki, sözügedən əmrdən çıxarışda işdən çıxarılma əsası kimi onun ərizəsi göstərilmişdir. O, ümumiyyətlə heç bir ərizə ilə müraciət etməmişdir. Bundan əlavə sözügedən əmr qüvvədə olmuş olsa idi o, 2022-ci ilin iyun ayına qədər həmin məktəbdə işləməzdi, ona əmək haqqı hesablanmaz, ona 2021-2022-ci ilin dərs bölgüsündə dərs verilməzdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, İddiaçı 15 sentyabr 2017-ci il tarixdən Şəki rayon Kiş kənd 2 nömrəli tam orta məktəbinə biologiya müəllimi vəzifəsinə təyin edilmiş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. 10 sentyabr 2021-ci ildə iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsi, onun razılığı olmadan ləğv edilmiş və 29 sentyabr 2021-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək müddətli əmək müqaviləsi ilə Şəki rayon Kiş kənd 2 nömrəli tam orta məktəbə biologiya müəllimi təyin edilmişdir. Müddətsiz əmək müqaviləsinə xitam verilən zaman və müddətli əmək müqaviləsi bağlanan vaxt iddiaçının razılığı alınmamışdır. Odur ki, iddianın təmin olunması, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şəki şəhər Kiş kənd 2 nömrəli tam orta məktəbin direktoru X6 bildirmişdir ki, iddiaçı 15 sentyabr 2017-ci il tarixdən Şəki rayon Kiş kənd 2 nömrəli tam orta məktəbinə biologiya müəllimi vəzifəsinə təyin edilmişdir. Müqaviləyə xitam veriləndə və iddiaçı ilə müddətli əmək müqaviləsi bağlananda iddiaçının şifahi razılığı olmuş, lakin ərizəsi alınmamışdır. Ona görə də, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 15 sentyabr 2017-ci il tarixli, 35 nömrəli əmrin çıxarışından görünür ki, İddiaçı 15 sentyabr 2017-ci il tarixdən Şəki rayon Kiş kənd 2 nömrəli tam orta məktəbinə biologiya müəllimi vəzifəsinə təyin edilmiş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş 10 sentyabr 2021-ci il tarixli, 34 nömrəli əmrin çıxarışından görünür ki, Şəki rayon Kiş kənd 2 nömrəli tam orta məktəbin biologiya müəllimi İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsi, onun ərizəsi nəzərə alınmaqla 29 sentyabr 2021-ci il tarixdən ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş 29 sentyabr 2021-ci il tarixli, 44 nömrəli əmrin çıxarışından görünür ki, İddiaçı 29 sentyabr 2021-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək müddətli əmək müqaviləsi ilə Şəki rayon Kiş kənd 2 nömrəli tam orta məktəbə biologiya müəllimi təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 14 iyun 2022-ci il tarixli, 39 nömrəli əmrin çıxarışından görünür ki, Şəki rayon Kiş kənd 2 nömrəli tam orta məktəbin biologiya müəllimi İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyindən, o, 14 iyun 2022-ci il tarixdən işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 15 sentyabr 2017-ci il tarixdən müddətsiz əmək müqaviləsi ilə Şəki rayonu Kiş kənd 2 nömrəli orta məktəbdə biologiya müəllimi vəzifəsinə işə qəbul olunmudur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 01 oktyabr 2021-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək müddətli əmək müqaviləsi ilə Şəki rayonu Kiş kənd 2 nömrəli orta məktəbdə biologiya müəllimi vəzifəsinə işə qəbul olunmudur. İş materiallarına əlavə edilmiş X7 Xidmətinin Şəki regional ərazi şöbəsinin 14 oktyabr 2022-ci il tarixli məktubunun surətindən görünür ki, Şəki rayonu Kiş kənd 2 nömrəli orta məktəbin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 19 dekabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, mediasiya prosesini davam etdirməyə razılıq əldə olunmamışdır. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, 15 sentyabr 2017-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Şəki rayonu Kiş kənd 2 nömrəli orta məktəbə biologiya müəllimi vəzifəsinə işə qəbul olunmudur. 29 sentyabr 2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək həmin tarixdən 14 iyun 2022-ci il tarixədək yenidən müddətli əmək müqaviləsi bağlanmışdır. Lakin İddiaçı ilə bağlanmış 15 sentyabr 2017-ci il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilərkən onun ərizəsinin nəzərə alındığı qeyd edilsə də həmin ərizə alınmamış və iddiaçıya bu barədə məlumat verilməmişdir. Daha sonra 14 iyun 2022-ci il tarixədə iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsas göstərilərək cavabdehin 39 nömrəli əmri ilə İddiaçı işdən azad edilmişdir. İddiaçı onunla bağlanmış müddətsiz əmək müqaviləsinin ləğv edilməsi, onunla cavabdeh arasında yenidən müddətli əmək müqaviləsinin bağlanmasından xəbərdar olmamasını bildirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X2 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əmək müqavilələrinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. İş materiallarından görünür ki, İddiaçı ilə bağlanmış 15 sentyabr 2017-ci il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinə istinad edilmişdir. Əmək Məcəlləsinin həmin maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası və əsasları göstərilmişdir. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən belə bir tələbin olması müəyyən edilmir. Həmçinin vaxt verilməsinə baxmayaraq cavabdeh tərəfindən, iddiaçının qeyd edilən maddənin tələbləri baxımından məktəbin rəhbərliyinə müraciətini əks etdirən sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış 15 sentyabr 2017-ci il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilərək və onunla yenidən 29 sentyabr 2021-ci il tarixli müddətli əmək müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmuş, işçi olaraq İddiaçı bu barədə məlumat verilməmiş və onun razılığı alınmamışdır. Belə ki, Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 69-ci maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Göründüyü kimi qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrindən bəhs edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilmişdir ki, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Şəki şəhər Kiş kənd 2 nömrəli tam orta məktəbin direktoru X6 tərəfindən İddiaçı ilə bağlanmış 15 sentyabr 2017-ci il tarixli müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş məhz hansı əsaslarla xitam verilməsi, eyni zamanda onunla yenidən hansı əsaslarla müddətli əmək müqaviləsi bağlanması və habelə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi mötəbər subutlarla əsaslandırılmamışdır. Eyni zamanda, 10 sentyabr 2021-ci il tarixli 34 nömrəli əmrin verilməsi üçün əsaslardan biri kimi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 sentyabr 2021-ci il tarixli 259 nömrəli qərarı göstərilsə də, məhkəmə araşdırması zamanı qeyd edilən qərarın hazırkı işə aidiyyətinin olması və iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin ləğv edilməsi üçün hər hansı əsas verməsi müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh Şəki şəhər Kiş kənd 2 nömrəli tam orta məktəbin direktoru X6 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı işdən azad olması barədə cavabdeh Şəki rayon Kiş kənd 2 nömrəli tam orta məktəbin 14 iyun 2022-ci il tarixli 39 saylı əmri ləğv edilməli, İddiaçı, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Şəki rayon Kiş kənd 2 nömrəli tam orta məktəbə işə bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı işdən azad olması barədə cavabdeh Şəki rayon Kiş kənd 2 nömrəli tam orta məktəbin 14 iyun 2022-ci il tarixli 39 saylı əmri ləğv edilsin. İddiaçı, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki rayon Kiş kənd 2 nömrəli tam orta məktəbə işə bərpa olunsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar