Məhkəmə qərarları › İş №e-2(075)-550/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-550/2023

06.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-550/2023 06.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdehlər Şəki rayon Baş Göynük kənd 1 nömrəli tam orta məktəbin direktoru X1 və Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Şəki rayon Baş Göynük kənd 1 nömrəli tam orta məktəbə, Şəki Şəhər Təhsil Sektoruna və Cavabdeh1nə qarşı dərs yükünün verilməsi və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Şəki rayon Baş Göynük kənd 1 nömrəli tam orta məktəbin direktoru və Cavabdeh1 arasında bağlanmış müddətsiz əmək müqavilənin pozulduğundan heç bir hüquqi əsası olmadan onun üzərindən götürülmüş 6 saat dərs yükünün 15 sentyabr 2022-ci il tarixdən tarifikasiyaya salınaraq ona verilməsi və tədrisin davam etdirilərək əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbdə 1984-cü ildən fasiləsiz olaraq müəllim işləyir. 2003-cü ildən həmin məktəbdə texnologiya müəllimi və psixoloq kimi əmək fəaliyyətini davam etdirir. 2017- 2018-ci tədris ilinin sentyabr ayında ona 6 saat dərs yükü verilmişdir. Oktyabr ayında isə həmin dərslər ondan alınaraq əmək hüquqları kobud şəkildə pozulmuşdur. O, həmin məktəbdə müddətsiz müqavilə əsasında müəllim və müddətsiz müqavilə əsasında psixoloq kimi fəaliyyət göstərirdi. Hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(075)-1137/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Belə ki, məhkəmə ona 6 saat dərs yükünü 2017-2018-ci dərs ilinin sentyabr ayından etibarən başlayaraq ilin sonuna qədər əmək haqqı ödənilməklə verilməsi haqqında qətnamə qəbul etmişdir. Həmin 6 saat dərs yükünə görə əmək haqqı 2017-2018 ci tədris ilinin sonuna qədər hesablanaraq ona verilmişdir. 2018-2019-cu tədris ilində yenə də məktəb direktoru ədalətsiz şəkildə davranaraq ona dərs yükü verməmişdir. Qarşılığında isə o, yenə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(075)-4118/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Şəki rayonu, Baş Göynük kənd 1 saylı tam orta məktəbin direktoru apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2(107)-414/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(075)-4118/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bu məhkəmə qətnaməsindən sonra o, 2019-2022-ci illərdə hər il 6 saat dərs yükü ilə təmin olunmuşdur. 2022-2023-cü tədris ilində ona məktəb direktoru tərəfindən 6 saat dərs yükü verilmiş və 15 sentyabr tarixindən başlayaraq 18 oktyabr tarixə qədər 7, 8 və 9-cu siniflərdə dərs tədris edərək sinif jurnallarında qeydiyyat aparmışdır. Tarifikasiya təsdiqlənərkən məktəb direktoru ona bildirdi ki, Təhsil idarəsində işləyən Bəhruz Nəbilinin tapşırığına əsasən psixoloq dərs tədris etməməlidir. Cavab olaraq rəsmi sənəd tələb etdikdə direktor, Bəhruz müəllim ilə görüşməyini məsləhət gördü. Məsələyə aydınlıq gətirmək üçün Bəhruz müəllimin qəbulunda olmuş və dərs tədris etməsinə nəyin maneə törətdiyi barədə verdiyi suala və tələb etdiyi rəsmi sənədə qarşılıq olaraq "mən deyirəm olmaz" cavabı olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, 40 ildir ki, məktəbdə dərs deyir. Məktəbin direktoru tərəfindən hüquqları pozulduğundan 2 dəfə məhkəməyə müraciət etmiş və məhkəmə qərarları əsasında pozulmuş hüquqları bərpa olunmuşdur. 2022-ci ildə ona dərs verilmiş və hətta bir ay dərs demişdir. Lakin sonradan yenidən məktəbin direktoru ona verilmiş 6 saat dərs yükünü əlindən almışdır. Cavabdeh1nə müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şəki rayon Baş Göynük kənd 1 nömrəli tam orta məktəbin direktoru X2 bildirmişdir ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilənə qədər müəllim və ya məktəbdə vəzifəli şəxslərin dərs aparması barədə heç bir qadağa olmamışdır. Ona görə də İddiaçı ilə əmək müqaviləsi bağlanarkən həm psixoloq, həm də texnologiya müəllimi qeyd olunmuşdur. Lakin 2017-ci ildə DQ keçirildikdən sonrakı təlimata əsasən psixoloqların dərs aparması nəzərdə tutulmamışdır. 2017-ci ildən sonra İddiaçı dərs yükü verilməmiş və bununla bağlı İddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə qərarına əsasən 2018-2019-cu dərs ilindən İddiaçı xx.xx.2019-cu il tarixli 524№-li əmrlə dərs yükü ilə təmin olunmuşdur. 2022-2023-cü dərs ilində İddiaçı dərs yükü nəzərdə tutulmuş, lakin RTİ-də müəllimlərin dərs yükünün yoxlanılması zamanı aydın olmuşdur ki, İddiaçı sonuncu dəfə 2008-ci ildə məktə müəllim yox, psixoloq təyin olunmuşdur. Ona görə də RTİ tərəfindən İddiaçı dərs yükü ilə təmin olunması məqsədəuyuğun hesab olunmamışdır. 2022-2023-cü dərs ilində məktəbimizdə 4 nəfər texnologiya və təsviri incəsənət müəllimi fəaliyyət göstərir. Məktəbdə 10 komplekt V-İX siniflərdə, texnologiya 10 saat, təsviri incəsənət 10 saat və Musiqi 10 saat olmaqla, cəmi 30 saat dərs yükü müəlllimlər Səmədova Sevinc 8 saat, Əhmədova Xavər 6 saat, Salamova Ədalət 6 saat və Babayev İsmayıl 10 saat olmaqla aralarında bölünmüşdür. Ədalətli və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şəki Şəhər Təhsil Sektorunun nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddiaçının dərs deməsinə etiraz etmir. Lakin dərs bölgüsündə müəyyən çətinliklər yaşanır. Digər müəllimlərin dərs yükü tam bitmədiyindən ixtisası müəllim olmayan psixoloqa dərs verilməsi mümkün olmur. İş materiallarına əlavə edilmiş 16 iyul 1984-cü i! tarixli, HB seriyalı, 956095 nömrəli diplomun surətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ümumi texniki fənlər və əmək ixtisası üzrə tam kursunu bitirmişdir. İş materiallarına əlavə edilmiş 28 avqust 2008-ci il tarixli, YB seriyalı. 008857 nöıbrəlı diplomun surətindən görünür ki, İddiaçı Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Psixologiya" ixtisası üzrə yenidən hazırlanma təhsilinin tam kursunu bitirmişdir. İş materiallarına əlavə edilmiş 15 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Şəki rayon Baş Göynük kənd 1 nömrəli tam orta məktəbinə psixoloq və texnologiya müəllimi vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(075)-1137/2018 saylı qətnaməsinin surətindən görünür ki, 6 saat dərs yükü trafikasiyaya salınaraq İddiaçı verilməsi və 2017-2018-ci dərs ilinin sentyabr ayından etibarən başlayaraq ilin sonuna qədər dərs yükünə görə əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2(107)-414/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı Şəki rayon Baş Göynük kənd 1 nömrəli tam orta məktəbdə 15 sentyabr 2018-ci il tarixdən 6 saat dərs yükü verilməklə tədris fəaliyyətinin davam etdirilməsi barədə Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(075)-4118/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 dekabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbdə 1984-cü ildən fasiləsiz olaraq müəllim işləyir. 2003-cü ildən həmin məktəbdə texnologiya müəllimi və psixoloq kimi əmək fəaliyyətini davam etdirir. 2017-2018-ci tədris ilinin sentyabr ayında ona 6 saat dərs yükü verilmişdir. Oktyabr ayında isə həmin dərslər ondan alınaraq əmək hüquqları kobud şəkildə pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(075)-1137/2018 saylı qətnaməsi ilə 6 saat dərs yükü trafikasiyaya salınaraq İddiaçı verilməsi və 2017-2018-ci dərs ilinin sentyabr ayından etibarən başlayaraq ilin sonuna qədər dərs yükünə görə əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. 2018-2019-cu tədris ilində yenə də məktəb direktoru tərəfindən ona dərs yükü verməmişdir. Qarşılığında isə o, yenə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(075)- 4118/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin qətnamə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2(107)- 414/2019 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı, yenidən cavabdeh tərəfindən ona verilmiş dərs yükünün alındığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X3 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin maddənin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 57-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Göründüyü kimi qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verilməmiş, əmək funksiyası onun razılığı olmadan birtərəfli dəyişdirilmiş və azaldılmışdır. Əmək Məcəlləsinin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrindən bəhs edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilmişdir ki, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 15 sentyabr 2022-ci il tarixdən 6 saat dərs yükü trafikasiyaya salınaraq İddiaçı verilməli və tədrisin davam etdirilərək İddiaçı dərs yükünə görə əmək haqqı hesablanaraq ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı 15 sentyabr 2022-ci il tarixdən etibarən 6 saat dərs yükü trafikasiyaya salınaraq verilsin və dərs yükünə görə əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar