Məhkəmə qərarları › İş №e-2(075)-596/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-596/2024

08.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-596/2024 08.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli çıxarışla hazırkı iş üzrə İddiaçı mülkiyyətində olan Şəki rayonu Suçma kəndində yerləşən 0,15 ha torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Şəki rayonu, Suçma kəndindən Şəki rayonunun Cəfərabad kəndinə gəlin köçmüşdür. İddiaçı ata yurdu Şəki rayonu, Suçma kəndi olmuşdur. Təxminən 2003-cü ilin əvvəllərində Şəki rayonu, Suçma kənd sakini X1 özünə və ailə üzvlərinə məxsus olan 0.15 ha torpaq sahəsini satması barədə məlumat aldıqdan sonra həmin torpaq sahəsinin alqı-satqısı barədə İddiaçı sonuncu ilə razılığa gəlmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin razılaşdırılmış dəyəri X3 ödənildikdən sonra torpaq sahəsi hazırkı iş üzrə iddiaçının istifadəsinə verilmişdir. Torpaq sahəsinin sənədləri tam hazır olmadığından həmin vaxt sənədləşdirilməsi mümkün olmamışdır. Daha sonra 14 noyabr 2023-cü ildə X7, X16, X8, X2 və X9 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 0,15 ha torpaq sahəsi İddiaçı satılmışdır. Sonuncunun hüquqları 04 dekabr 2023-cü ildə ********** nömrə ilə qeydiyyata alınmaqla ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Hazırkı iş üzrə İddiaçı qardaşı, hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh1 digər Cavabdeh2 ilə nikahlarını 3 mart 2000-ci ildə Şəki rayonu, Aşağı Küngüt kənd İcra nümayəndəliyində 5 nömrə ilə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 19 fevral 2001-ci ildə X10, 11 oktyabr 2003-cü ildə X11, 26 sentyabr 2005-ci ildə X12 və 05 avqust 2014-cü ildə X13 adlı 4 uşaqları dünyaya gəlmişdir. Cavabdehlər ailə qurduqları zaman maddi imkanları zəif olduğundan və qalmağa yerləri olmadığından hazırkı iş üzrə iddiaçı həmin torpaq sahəsini müvəqqəti istifadə edilməsi üçün cavabdehlərə vermişdir. Daha sonra İddiaçı maddi vəsaiti hesabına həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra hazırkı iş üzrə cavabdehlər həmin evdə müvəqqəti yaşamağa başlamışlar. Daha sonra cavabdehlər arasında olan ailə münasibətləri pozulmuşdur. Bu səbəbdən də, Cavabdeh1 iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə arasında Şəki şəhər İHB-nin Aşağı Küngüt kənd İƏD üzrə nümayəndəliyində 03 mart 2000-ci il tarixdə bağlanmış 05 nömrəli nikahın pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(075)-2080/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında 03 mart 2000-ci il tarixdə Şəki şəhər İHB-nin Aşağı Küngüt kənd İƏD üzrə nümayəndəliyində bağlanmış 05 nömrəli nikahın pozulması, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 14 sentyabr 2021-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahlarından anadan olmuş uşaqları 26 sentyabr 2005-ci il təvəllüdlü X4 atası Cavabdeh1, 05 avqust 2014-cü il təvəllüdlü X5 anası Cavabdeh2 yanında qalmalarının razılaşdırılmasının nəzərə alınması, 150 manat məbləğində mediasiya xərcinin Cavabdeh1 özünə aid edilməsi, tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olmasının izah edilməsi qət edilmişdir. Cavabdehlər arasında olan nikah pozulduqdan sonra hər dəfə aralarında müəyyən söz-söhbətlər baş verir. Həmin söz-söhbətlər zəminində baş verən mübahisələr nəticəsində iddiaçının mülkiyyətinə maddi ziyanlıq vurulur. Hazırkı iş üzrə İddiaçı dəfələrlə torpaq sahəsinin və evinin boşaldılmasını tələb etsə də, cavabdehlər onun müraciətinə məhəl qoymamışlar. Hazırkı vəziyyətdə cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsində qalması onun mülkiyyətindən tam istifadə etməyinə maneçilik törədir. Cavabdehlər könüllü şəkildə torpaq sahəsindən çıxmaqdan imtina etdikləri üçün hazırkı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İş materialarına əlavə olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli çıxarışdan göründüyü kimi, mübahisəli torpaq sahəsi hazırkı iş üzrə iddiaçı olan İddiaçı tam mülkiyyətimdədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, hazırkı iddia tələbinə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. 09 aprel 2024-cü il tarixdə keçirlən məhkəmə iclasında tərəflər mediasiya prosesində bağlanan barışıq sazişi təqdim etmişlər. Həmin barışıq sazişinə əsasən: 2.1. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olmaqla hər birinə 5000 (beş min) manat, ümumilikdə cəmi 10000 (on min) manat məbləğində ödəniş etməklə, Cavabdeh1 və Cavabdeh2, İddiaçı hazırda Şəki Rayon Məhkəməsində qaldırdığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli “çıxarış”la hazırkı iş üzrə İddiaçı mülkiyyətində olan Şəki rayonu Suçma kəndində yerləşən 0,15 ha torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılması” tələbinə dair iddiasını qəbul edir. 2.2. Cavabdeh1 özünə düşən 5000 manatdan Cavabdeh2 xeyrinə imtina edir. Bunun müqabilində Cavabdeh2 Cavabdeh1 bu günə kimi ona heç bir aliment borcu olmadığını qəbul edir və bu şərtlə tərəflər qarşılıqlı olaraq razıdırlar. 2.3. Cavabdeh2 Cavabdeh1 qarşı heç bir aliment tələbinin olmadığını və gələcəkdə də olmayacağını qəbul edir və bu şərtlə tərəflər qarşılıqlı olaraq razıdırlar. 2.4. Cavabdeh2 Cavabdeh1 qarşı heç bir əmlak tələbinin olmadığını və gələcəkdə də olmayacağını qəbul edir və bu şərtlə tərəflər qarşılıqlı olaraq razıdırlar. 2.5. Bu saziş imzalandıqdan sonra tərəflərin təqdim etdikləri sənədlərin əslləri mediator tərəfindən həmin sənədləri təqdim etmiş tərəfə qaytarılmış və mediatorda yalnız təqdim edilmiş zəruri sənədlərin surətləri və mediasiya prosesi ilə bağlı tərtib edilmiş sənədlər qalır. İş materiallarına əlavə edilmiş İddiaçı, Cavabdeh2 və Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, mediasiya sessiyası ərəfəsində Cavabdeh2 və Cavabdeh1, İddiaçı ümumilikdə 10000 (on min) manat məbləğində vəsaiti qəbul etdilər və bunu öz imzaları ilə birlikdə təsdiq edirlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra- Konstitusiya) 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququ konstitusion səviyyədə təminat altına alınmış və qanunda xüsusi olaraq nəzərdə tutulmuşdur. MPM-in normaları mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları 01/2024 saylı, 23 fevral 2024-cü il tarixli qərardadının 35-ci bəndində qeyd edilmişdir ki, birincisi, barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir. Məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış edir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını (əqdin qüvvəyə minməsini) təmin etməklə yanaşı mülki prosesi tamamlayan (işin icraatına xitam verən) prosessual nəticə əmələ gətirir. Həmin qərardadın 36-cı bəndində qeyd edilmişdir ki, ikinci halda isə tərəflər sazişin qüvvəyə minməsini məhkəmə təsdiqindən asılı etmədən özləri təmin edirlər (məsələn, sadə yazılı müqaviləni imzalamaqla, yaxud notariat qaydasında təsdiqlətməklə). Eyni zamanda, mediasiya prosesində bağlanan barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.1). Bundan sonra barışıq razılaşması məhkəmənin icraatında olan işə xitam verilməsi üçün məhkəməyə təqdim olunur. Belə ki, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər (MPM, maddə 52.3). Bu halda da məhkəmə yuxarıda qeyd olunan prosessual şərtləri yoxlayaraq barışığı təsdiqləyir və ya bundan imtina edir. Tərəflər arasında imzalanmış Sazişin 6-cı bəndində qeyd edilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gübndən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətidə könüllü şəkildə icra olunmalıdır. Həmin Sazişin 8-ci bəndində qeyd edilmişdir ki, Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi tərəflər arasında mediasiya prosesi zamanı imzalanmış barışıq sazişində həmin sazişin məhkəmə tərəfindən təsdiq olunması nəzərdə tutulmamış, əksinə saziş icra olunmadığı təqdirdə Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edilə biləcəyi qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə olmadığından hazırkı iddia ərizəsinə məhkəmə icraata qaydasında baxılması mümkün olmadığından iş üzrə icraata xitam verilməli və iddiaçıya barışıq sazişi icra olunmadığı təqdirdə məcburi icrası üçün məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, barışıq sazişi icra olunmadığı təqdirdə məcburi icrası üçün məhkəməyə müraciət müraciət edə bilər. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar