Məhkəmə qərarları › İş №e-2(075)-626/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-626/2024

13.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-626/2024 13.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, 08 iyul 2015-ci il təvəllüdlü X4 atasının 06 iyun 1972-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuş və 26 avqust 2022-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində vəfat etmiş X9 olması hüquqi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onun əsaslandırılmışdır ki, o, xx.xx.1973-cü il tarixdə Şəki rayonu Qayabaşı kəndinə anadan olmuşdur Hal-hazırda Şəki rayonu Qayabaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. 06 iyun 1972-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuş və 26 avqust 2022-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində vəfat etmiş X16 oğlu ilə xx.xx.2012-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olmuşdur. Faktiki ailə münasibətlərindən bir övladları - xx.xx.2015-ci il tarixdə X7 anadan olmuşdur. Mərhum X16 oğlu onlarla birlikdə yaşamış və həmişə övladı ilə maraqlanmışdır. O, ərizə ilə Şəki rayon qeydiyyat şöbəsinə müraciət edərək xx.xx.2015-ci il təvəllüdlü X4 atasının X16 oğlu olmasının müəyyən edilməsinin qeydə alınmasına köməklik edilməsini xahiş etmişdir. X20 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixli 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 6.2-ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideyinlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Ona görə də bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - 01 dekabr 2022-ci il tarixli, 361 saylı arayışdan görünür ki, Ərizəçi Şəki rayonu Qayabaşı kəndində qeydiyyatdadır. Hal-hazırda Şəki rayonu Cəyirli kəndində yaşayır, ailə tərkibi qızı xx.xx.2015-ci il təvəllüdlü X2 ibarətdir. - xx.xx.2022-ci il tarixli, 227 saylı arayışdan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində vəfat etmişdir. - Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-1236/15 saylı məktubundan görünür ki, uşağın atasının atalığın müəyyən edilməsi ilə bağlı qeydiyyat şöbəsinə gəlməməsi səbəbindən qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi mümkün olmamış, atalığın müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - xx.xx.2023-cü il tarixli, AZ-İİ 348011 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 489 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli, AZ-İİİ 143647 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X6 atası X10, anası X3r. - xx.xx.2020-ci il tarixli, AZ-T 139831 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 anası Ərizəçi, atası doğum haqqında şəhadətnamədə qeyd edilməmişdir. - İşdə olan foto şəkillərdən görünür ki, X9 və Ərizəçi Şəki rayonu Qayabaşı kəndində toy mərasimləri keçirilmişdir. - xx.xx.2024-cü il tarixli, 60 saylı arayışdan görünür ki, Ərizəçi 2012-ci il tarixdən Şəki rayonu Cəyirli kəndində mərhum qayınatası Nürəli Şirinova məxsus yaşayış evində 2022ci il tarixədək qeyri-rəsmi nikahda olduğu mərhum əri İlham Şirinovla birlikdə yaşamış və həmin nikahdan bir qızları olmuşdur. Hal-hazırda həmin evdə Ərizəçi 2015-ci il təvəllüdlü qızı Reyhan Qurbanovla birlikdə yaşayır. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ərizəçinin baldızıdır. Onun mərhum qardaşı Ərizəçi ilə 2012-ci ildə ailə qurmuşdur. Onlar el adəti ilə toy mərasimi etmişdilər. 2015-ci ildə onların bir qız övladları anadan olmuşdur. Qızlarının adı Reyhandır. Bildirmişdir ki, qardaşı İlham Rusiya Federasiyası vətəndaşı olmuşdur. Əvvəllər Rusiyada yaşamışdır. Lakin ailə qurduqdan sonra Rusiyaya getməmişdir. Qardaşıgilin yaşadıqları evi atası tikmişdir. Hal-hazırda Nəzakət qızı ilə birlikdə həmin evdə yaşayır. Göstərmişdir ki, qardaşı sağlığında Rusiya vətəndaşı olduğu üçün sənədlərini göstərməmiş, Reyhanın ata qrafasında onun adı qeyd edilməmişdir. Qardaşı qorxmuşdur ki, onun Rusiya vətəndaşı olması bilinib, Rusiyaya geri qaytararlar. Sonradan qardaşı 2022-ci ildə vəfat etmişdir. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşıdır. Bacısı Nəzakət 2012-ci ildə mərhum həyat yoldaşı İlhamla ailə qurmuşdur. Onların 2015-ci ildə Reyhan adlı övladları anadan olmuşdur. Hazırda Nəzakət qızı ilə birlikdə İlhamın evində yaşayırlar. Onun özü də Qayabaşı kəndində yaşayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 45.1-ci madəsinin tələblərinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və uşağın atasının ərizəsi olmadıqda atalıq məhkəmə qaydasında müəyyən olunur. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3-cü maddəsində uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktınyəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin qərarın 11.3-cü bəndində qeyd edilmişdir ki, ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadəsi və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Ərizəçi mərhum X9 ilə 2012-ci ildə qeyri-rəsmi ailə qurmuşdur. Onların birgə yaşadıqları dövrdə, yəni xx.xx.2015-ci il tarixdə Reyhan adlı uşaqları anadan olmuşdur. Həmin uşaq anadan olmamışdan əvvəl tərəflərin rəsmi nikahlarının olmaması səbəbindən X1 atası kimi tanınmamış və uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında adı qeyd edilməmişdir. X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ərizəçi birgə münasibətlərindən anadan olmuş Reyhan adlı uşaqlarının atasının X9 olması tələbi ilə bağlı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi sosial yardım almaq istəməsi omuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, foto şəkillər ilə müəyyən edilir ki, Ərizəçi ilə mərhum X9 ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Reyhan adlı uşaqları anadan olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, 08 iyul 2015-ci il təvəllüdlü Reyhanın atasının 06 iyun 1972-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuş və 26 avqust 2022-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində vəfat etmiş X9 olması hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 08 iyul 2015-ci il təvəllüdlü Reyhanın atasının 06 iyun 1972-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuş və 26 avqust 2022-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində vəfat etmiş X9 olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar