Məhkəmə qərarları › İş №e-2(075)-645/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-645/2024

26.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-645/2024 26.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Vüqar Ağasıyev adına Bazar kənd tam orta məktəbinin direktoru Cavabdeh2, Cavabdeh1 nümayəndəsi Nümayəndəov Cabbar oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Qoca Qocayev adına X11 orta məktəbi və Vüqar Ağasıyev adına Bazar kənd tam orta məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bazar Kənd Tam Orta Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli qeyri-iş günü verilmiş qanunsuz əmrinin ləğv edilməsi, Vüqar Ağasıyev adına Bazar kənd tam orta məktəbinə işə bərpa olunması, Cavabdeh1 X11 orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li qanunsuz əmrinin ləğv edilməsi və Qoca Qocayev adına X11 orta məktəbinə işə bərpa olunması, məcburi iş buraxma dövrü üçün məhkəməyə müraciət etdiyi tarixədək və ondan sonra işləmədiyi dövr ərzində işəgötürən tərəfindən ödənilməmiş olan əmək haqqının ümumi məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 6 ildən artıq idi ki, Zaqatala Rayon Təhsil Şöbəsi ilə müddətli əmək müqaviləsi bağlamışdır. Lakin 6-cı ilinə keçdikdən sonra onu qanunsuz olaraq Cavabdeh1 işdən azad etmişdir. Halbuki bu hüquqa ziddir. Lakin 5 ildən artıq işləməyinə baxmayaraq onun əmək müqaviləsinə birtərəfli qaydada Cavabdeh1 xitam vermişdir. İşdən çıxarılmağına dair əmrin surətini də ona verməmişdilər. İşdən çıxarılma barədə əmrin surətini ona təxminən yarım ay sonra o, tələb etdikdən sonra vermişlər. Belə ki, onu 162 №-li, 14 oktyabr 2023-cü il tarixli əmrlə (müvəqqəti əvəzçilik üzrə işləyən müəllimin işdən azad edilməsi haqqında) məktəbin direktoru Cavabdeh2 Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 42(1)-1297 nömrəli məktubuna əsasən məktəbin müvəqqəti əvəzçilik üzrə müəllimliyindən azad etmişdir. Həmçinin 2023-cü ilin kalendarına (təqviminə) baxanda görünür ki, 14 oktyabr 2023-cü il qeyri-iş gününə düşür. Müddətli əmək müqaviləsi üzrə fasiləsiz olaraq 5 ildən artıq müddətə işlədiyi məktəbdən onu çıxarmaları tam qanunsuz hərəkətdir. Digər bir qanunsuz əmr isə X11 orta məktəbindən işdən azad edilməyi ilə bağlıdır. Belə ki, Cavabdeh1 X11 orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li əmrində qeyd olunmuşdur ki, “X11 Orta Məktəbində vakant musiqi dərslərini əvəz edən Tala 5 saylı məktəbin musiqi müəllimi İddiaçı Şəki Regional Təhsil İdarəsinin 42(İ)-1297 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əsasən məktəbdə musiqi müəllimi kimi çalışması uyğun hesab edilmədiyi üçün həmin tarixdən işdən azad edilməsi təsdiqlənsin”. Cavabdeh1 X11 Orta Məktəbi çox böyük qanunsuzluğa yol verərək xx.xx.2023-cü ilə dair saxta sənəd hazırlamışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixədək X11 Orta Məktəbində dərs demişdir. Jurnalda yazı yazmışdır. Belə bir tarixli əmrdən çox sonra xəbər tutmuşdur. Hətta xx.xx.2023-cü il tarixdən sonraya dair jurnal da əlində var. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-2024-cü il, Vİ sinif jurnalından (dərs hissə müdiri: Fətəliyeva Məlahət məktəbin direktoru: Cavabdeh2) görünür ki, xx.xx.2023-cü il tarixdə o, dərsdə olmuşdur. Eyni zamanda əmr veriləndən sonra işləməsi Zaqatala Rayon Təhsil Şöbəsi V Ağasıyev adına Bazar kənd tam orta məktəbinin 2023-2024-cü tədris ilinin pedaqoji işçilərinin əvəz və buraxılan tədris saatları haqqında tabelindən görünür. Yəni, hər iki əmr saxta və qanunsuzdur. Bundan əlavə onun əvəzinə Bazar Kənd Tam Orta məktəbinə işə götürülən müəllimə (Gülnar adlı xanım) MİQ (X7) imtahanında iştirak etməmişdir. Həmin müəllimənin özü qanunsuz olaraq işə götürülmüşdür. Bunu sübut etmək üçün məktəbin rəhbərliyindən müvafiq sənədləri tələb edərək onlara baxış keçirmək kifayətdir. Habelə o, Vüqar Ağasıyev adına Bazar Kənd Tam Orta məktəbinin vakantda olan yerinə musiqi dərsi deməyə ixtisaslı müəllim kimi işə qəbul olunmuşdur. 2023-cü ilin sentyabr ayının 15-dən əmri verilmiş, lakin əmək müqaviləsi bildirişi sistemə xx.xx.2023-cü ildə daxil edilmişdir. Bunun özü çox böyük hüquq pozuntusudur. Digər bir qanunsuzluq ondan ibarətdir ki, Bazar Kənd Tam Orta Məktəbi tərəfindən kağız formasında verilən əmrdə işdən çıxma tarixi xx.xx.2023-cü il tarixi göstərilsə də, e-sosialda işdən çıxma tarixi xx.xx.2023-cü il tarixi göstərilmişdir. Bu da işəgötürən Cavabdeh1 qanunsuzluqlarından bir daha xəbər verir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 Bazar Kənd Tam Orta Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli qeyriiş günü verilmiş qanunsuz əmrinin ləğv edilməsi və Vüqar Ağasıyev adına Bazar kənd tam orta məktəbinə işə bərpa olunması, Cavabdeh1 X11 orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li qanunsuz əmrinin ləğv edilməsi, Qoca Qocayev adına X11 orta məktəbinə işə bərpa olunması, məcburi işburaxma dövrü üçün məhkəməyə müraciət etdiyi tarixədək və ondan sonra işləmədiyi dövr ərzində işəgötürən tərəfindən ödənilməmiş olan əmək haqqının ümumi məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Bazar kənd tam orta məktəbindən xx.xx.2023-cü il tarixdə işdən çıxarılmışdır. Lakin onun bundan xəbəri olmamışdır. O, xx.xx.2023-cü il tarixdə məktəbə gedərkən Əlövsət müəllim onu məktəbdən çıxarmışdır. Ona icazə verməmişdir ki, o, sinfə girsin. Digər məktəbdə 2023-cü ilin noyabr ayının əvvəlinə qədər işə getmişdir. Noyabr ayının əvvəlində bilmişdir ki, o, işdən çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı iki məktəbdə müəllim işləyir. Birində əsas iş yeri kimi, digərində əlavə iş yeri kimi. Boş yer olanda tutulana qədər işlə təmin olunur. Üçüncü və dördüncü məktəblərə regionun tam razılığı olduqda rəsmiləşməli idi. Məhkəmə iclasında iştirak edən cavabdeh Vüqar Ağasıyev adına Bazar kənd tam orta məktəbinin direktoru Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onlar İddiaçı 15 sentyabr 2023-cü il tarixdən bir ay müddətinə işə qəbul etmişlər. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə işdən azad edilmişdir. Lakin əmək müqaviləsi sistemə gec daxil edilmişdir. Digər cavabdeh Qoca Qocayev adına X11 orta məktəbi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Qoca Qocayev adına X11 orta məktəbinin direktoru Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatlarında bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işə qəbul edilmişdir. Lakin vaxt baxımından çatdırmadıqları üçün yazılı əmək müqaviləsi bağlaya bilməmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Qoca Qocayev adına X11 orta məktəbinin direktoru Cavabdeh3 15 sentyabr 2023cü il tarixli, 76 nömrəli əmrindən görünür ki, Şəki musiqi texnikomunun Xalq Çalğı alətləri şöbəsinin “Tar” ixtisası üzrə tam kursu bitirmiş musiqi müəllimi İddiaçı məktəbə xx.xx.2023-cü il tarixdən ixtisası üzrə müddətli müqavilə ilə X8 Təhsil İdarəsindən razılıq gələnədək musiqi müəllimi təyin edilməsi əmr edilmişdir. - Qoca Qocayev adına X11 orta məktəbin direktoru Cavabdeh3 16 oktyabr 2023-cü il tarixli, 90 nömrəli əmrindən görünür ki, X11 orta məktəbində vakant musiqi dərslərini əvəz edən Tala 5 saylı məktəbin musiqi müəllimi İddiaçı Cavabdeh1 42(İ)-1297 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən məktəbdə musiqi müəllimi kimi çalışması uyğun hesab edilmədiyi üçün həmin tarixdən işdən azad edilməsi təsdiqlənmişdir. - Bazar kənd tam orta məktəbinin direktoru Cavabdeh2 15 sentyabr 2023-cü il tarixli, 137 nömrəli əmrindən görünür ki, Aşağı Tala kənd 5 nömrəli tam orta məktəbin Musiqi müəllimi İddiaçı 15 sentyabr 2023-cü il tarixdən Şəki-Zaqatala RTİ-nin razılıq məktubu gələnədək müvəqqəti əvəzçilik qaydasında ixtisası üzrə müəllim təyin edilməsi və ona 5,5 saat musiqi dərsinin tədrisinin həvalə edilməsi əmr edilmişdir. - Bazar kənd tam orta məktəbinin direktoru Cavabdeh2 14 oktyabr 2023-cü il tarixli, 162 nömrəli əmrindən görünür ki, məktəbə müvəqqəti əvəzçilik üzrə müəllim təyin edilmiş İddiaçı Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 42(İ)-1297 nömrəli məktubuna əsasən məktəbin müvəqqəti əvəzçilik üzrə müəllimliyindən azad edilməsi əmr edilmişdir. - 15 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmaqla Lahıc kənd Qoca Qocayev adına tam orta məktəbində musiqi müəllimi vəzifəsinə işə başlamış, müqavilənin bitmə tarixli xx.xx.2024-cü il göstərilmişdir. - 26 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 26 sentyabr 2023-cü il tarixdə Bazar kənd Vüqar Ağasıyev adına tam orta məktəbdə musiqi müəllimi vəzifəsində müddətli əmək müqaviləsi ilə işə başlamış, müddətli əmək müqaviləsinin bitmə tarixi 26 oktyabr 2023-cü il müəyyən edilmişdir. - 28 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 26 sentyabr 2023-cü il tarixdə müddətli əmək müqaviləsi ilə işə başlamış, 14 oktyabr 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. - Bazar kənd tam orta məktəbinin direktoru Cavabdeh2 09 oktyabr 2023-cü il tarixli, 157 nömrəli əmrindən görünür ki, məktəbin İ sinif müəlliməsi X2, İİ sinif müəlliməsi X1 və İİİ sinif müəlliməsi X3 12 oktyabr 2023-cü il tarixdə Şəki şəhərində müəllimlərin sertifikasiyasının müsahibə mərhələsində iştirak edəcəklərinə görə xx.xx.2023-cü il tarixdə İ, İİ, İİİ siniflərdə dərs gününün xx.xx.2023-cü il tarixə dəyişdirilməsi əmr edilmişdir. - Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədovaya göndərilmiş 42(İ)-1297 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, əlavə iş yeri ilə təmin olunma barədə Regional təhsil idarəsinə daxil edilmiş müraciətlər təhlil edilmiş və namizədlərin işlə təmin olunması imkanları araşdırılmışdır. X7u və yerdəyişməsi müsabiqələrindən sonra yaranan ümumi təhsil müəssisələrindəki müvafiq vakansiyalara təyinatın verilməsi üçün namizədlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələr və cədvəldə (əlavə olunur) göstərilmiş namizədlərin qeydlər bölməsindəki rəylər nəzərə alınmalıdır. Mövcud qanunvericiliyin və təlimati sənədlərin tələblərinə uyğun olaraq, namizədlərin ixtisaslarının müvafiq vakansiyalara uyğunluğu yoxlanılmaqla işə qəbulunun rəsmiləşdirilməsinə nəzarətin həyata keçirilməsi sizə həvalə olunur. Tətbiq edilən hüquq: Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.[7] 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a, b və e bəndlərinə əsasən tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 87-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmrlərlə Lahıc və Bazar kənd tam orta məktəblərinə müddətli olaraq musiqi müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Bazar kənd tam orta məktəbi tərəfindən əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə, X11 orta məktəbi tərəfindən isə əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmişdir. Cavabdehlərin mövqeyi ondan ibarətdir ki, İddiaçı işə qəbul edilərkən bilirdi ki, vakant vəzifəyə işə qəbul edilir. Həmin vəzifəyə müəllim təyin ediləcəyi təqdirdə işdən azad ediləcəkdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının cavabdeh məktəblərin heç biri ilə yazılı əmək müqaviləsi mövcud deyil. Məktəb direktorları tərəfindən verilmiş əmrlər işçi üçün əsas təşkil edə bilməz. Əmək müqaviləsi olmadığı halda işçi üçün əsas sənəd kimi əmək müqaviləsi bildirişi qəbul edilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək münasibətləri mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biridir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı hər iki məktəbdə xx.xx.2023-cü il tarixdə işə qəbul edilsə də, Bazar kənd tam orta məktəbi tərəfindən əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmişdir. Bazar kənd tam orta məktəbi tərəfindən daxil edilmiş məlumatlardan görünür ki, əmək müqavilənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər göstərilmişdir. Lakin Bazar kənd tam orta məktəbinin direktorunun müddətin hesablanmasının xx.xx.2023-cü il tarixdən götürülməsi barədə özünü müdafiəsi həm elektron sistemə daxil edilmiş məlumatlara, həm də əmək qanunvericilinə ziddir. Digər cavabdeh X11 orta məktəbi tərəfindən elektron sistemə daxil edilmiş məlumatlardan görünür ki, əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər müəyyən edilmişdir. Məhkəmə hər iki məktəb tərəfindən iddiaçı ilə olan əmək münasibətlərinə Regional Təhsil İdarəsindən gələn məktuba əsasən xitam verilməsini qanuni hesab etmir. Çünki bu hal yalnız cavabdeh məktəblər tərəfindən verilmiş əmrlərdə göstərilmişdir. Belə bir halın tətbiq edilə bilməsi üçün tərəflər arasında bağlanmış yazılı əmək müqaviləsinə bununla bağlı müddəa daxil edilməli və hər iki tərəf buna öz razılığını bildirməli idi. İş materiallarında yalnız Bazar kənd tam orta məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilməsi bildirişi mövcuddur ki, həmin bildirişdə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin e bəndi göstərilmişdir. Lakin həmin əsasın tətbiq edilməsi üçün tərəflər arasında yazılı əmək müqaviləsi olmalıdır ki, belə bir müqavilə də mövcud deyil. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı X11 orta məktəbində ilk dəfə dərs keçməsinə baxmayaraq, digər Bazar kənd tam orta məktəbində əvvəlki illlərdə də dərs demiş, əmək müqaviləsi bağlanmasa da dərs müddəti tədris ili ərzində davam etmişdir. Cavabdeh1 nümayəndəsinin İddiaçı birində əsas iş yeri kimi, digərində əlavə iş yeri kimi iki məktəbdə müəllim işləməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericilikdə işçinin əlavə iş yerlərində işləməsinə heç bir məhdudiyyət qoyulmamışdır. Beləliklə, göstərilənlərə, qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı işdən çıxarılması barədə əmrlər ləğv edilməli, iddiaçı işə bərpa edilməli və ona buraxılmış müddət üçün əmək haqqı ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 Bazar Kənd Tam Orta Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli əmri ləğv edilsin, İddiaçı Bazar kənd tam orta məktəbinə işə bərpa edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh1 X11 orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li əmri ləğv edilsin, İddiaçı X11 orta məktəbinə işə bərpa edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar