Məhkəmə qərarları › İş №e-2(075)-703/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-703/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-703/2023 31.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh Nofel oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh Nofel oğluna qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 19.37 (on doqquz manat otuz yeddi qəpik) ABŞ dolları məbləğində bоrcun və 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh Nofel oğluna qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 04 dekabr 2018-ci il tariхli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişnə əsasən onun adına plastik kart hesabı açılmış və əməliyyatların aparılması üçün istifadə müddəti müddəti 2 il olan bank kartı verilmişdir. Sazişin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ80AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Belə ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh cari hesabında 0.57 ABŞ dolları məbləğində pul vəsaiti olmuşdur. xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə hesabından offline qaydada (şəbəkədən xaric) hostgator.com xarici internet provayder vasitəsi ilə cəmi 21.9 ABŞ dolları məbləğində pul vəsaiti silinmişdir. Silinmə aparılan zaman onun kart hesabında kifayət qədər pul vəsaiti mövcud olmamışdır. Odur ki, hər hansı şirkətlərin internet səhifəsində qeydiyyatdan keçdiyi zaman ödənişlərin aparılması üçün müştərilər öz bank hesabı məlumatlarını təqdim edir və həmin məlumatlar onların online bazasında saxlanılır. Həmin şirkətlərə internet vasitəsi ilə ödəniş edilərkər kart balansında yetərincə pul vəsaiti olmasa da lazım olan ödəniş civarında pul vəsaiti offline qaydada qəbul edilir və daha sonra kart hesabı olan banka silinmə barədə məlumat göndərilir. Məlumat daxil olduqdan sonra kartda kifayət qədər pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılır və bu səbəbdən də 19.37 ABŞ dolları məbləğində overdraft yaranmışdır. Sözügedən internet portalında qeydiyyat keçərkən müştərinin bank rekvizitləri tələb olunur. Qeydiyyatdan keçdikdən sonra müştəriyə portalın imkanlarından tam istifadə edilməsi üçün 1 ay möhlət verilir, buna baxmayaraq qeydiyyat pulsuz aparılsada 1 ay keçdikdən sonra xidmətinin dayandırlması barədə müştəri məlumat verməsə onun hesabından aylıq abunəlik haqqı çıxılır. Cavabdeh öz bank hesabı məlumatlarını təqdim edərkən həmin səhifənin qeydiyyat tələbləri ilə diqqətlə tanış olmamış, kart hesabında kifayət qədər pul vəsaitinin mövcud olmadığı barədə məlumatı olmasına baxmayaraq qeydiyyat şərtləri nəzarətində saxlamamış və bu ödənişi qəbul etmişdir. Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama saılnması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi хəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. 19 yanvar 2023-cü il tarixinə borclunun Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən yaranmış overdraft üzrə 19.37 (on doqquz manat otuz yeddi qəpik) ABŞ dolları məbləğində əsas bоrcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, qətnamənin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə cəmi 19.37 (on doqquz manat otuz yeddi qəpik) ABŞ dolları məbləğində bоrc və 30.40 (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu Cavabdeh Nofel oğludan tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Nofel oğludan qətnamənin icra edildiyi günə Azərbaycan manatının məzənnəsi ilə cəmi 19.37 (on doqquz dollar, otuz yeddi sent) ABŞ dolları məbləğində bоrc və 30.40 (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev. MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 31 mart 2023-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı ASC-nin Cavabdeh Nofel oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 15:10-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 15:20-də qurtardı. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar