Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-715/2023 03.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd Claas Dominator- 130 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 2350 (iki min üç yüz əlli) manat dəymiş maddi ziyanın və 43,50 (qırx üç manat 50 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2393,50 (iki min üç yüz doxsan üç manat 50 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 27 may tarixli 02/02258 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Claas Dominator-130 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Bildirmişdir ki, müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Claas Dominator-130 markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 2350 (iki min üç yüz əlli) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Claas Dominator-130 markalı taxılyığan kombaynın tam bərpası üçün 2350 (iki min üç yüz əlli) manat dəymiş maddi ziyan hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci və 2.2.6-cı maddələrinə əsasən lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya qəza və təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.8ci maddəsinə əsasən lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürür. İddiaçı ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Dominator-130 markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan görünür ki, Dominator-130 markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsi üçün bir ədədi 1160 manat dəyərin olan iki ədəd Samansilkələyən ********** dəyişdirilməsi 2320 manat və işçilik haqqı 30 manat olmaqla, ümumilikdə 2350 manat dəyərində müəyyən edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2022-ci il tarixli, 02/02258 saylı operativ lizinq müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı ASC tərəfindən Cavabdeh 1 ədəd Claas Dominator-130 markalı taxılyığan kombayn istifadəsinə verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış 27 may 2022-ci il tarixli iltizamdan görünür ki, həmin iltizam əsasında Cavabdeh 27 may 2022-ci il tarixli, 02/02258 saylı müqavilə əsasında götürdüyü 1 ədəd Claas Dominator-130 markalı taxılyığan kombaynı təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabıma aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi, taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə mərkəzi aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi, müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyimdən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi, həmçinin texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi və odsöndürən balondan (olduğu halda) istifadə qaydaları mənə tam, ətraflı şəkildə izah edildi və həmin qaydalara riayət etmədiyim halda baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyəti öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 may 2022-ci il tarixli, 02/02258 saylı aktdan görünür ki, 1 ədəd Claas Dominator-130 markalı taxılyığan kombayn tam saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 avqust 2022-ci il tarixli, 02/02258 saylı aktdan görünür ki, 1 ədəd Claas Dominator-130 markalı taxılyığan kombaynın ümumi vəziyyətinin nasaz olması, digər mexanizmləri və qovşaqlar, yəni 2 ədəd saman aparanın yararsız olması, qabaq şnekin bir neçə yerdən qaynaq edilməsi müəyyən olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 avqust 2022-ci il tarixli qüsur aktından görünür ki, 1 ədəd Claas Dominator-130 markalı taxılyığan kombayn 27 may 2022-ci il tarixli, 02/02258 saylı müqavilə əsasında Cavabdeh tam saz vəziyyətdə icarəyə verilmiş, xx.xx.2022-ci il tarixdə müqavilənin müddəti bitdiyi üçün kombaynı Cavabdeh idarənin parkına gətirərkən kombaynın iki ədəd saman aparanın yararsız olması, qabaq şnekin bir neçə yerdən qaynaq edilməsi müəyyən olunmuşdur. Həmin akt Cavabdeh tərəfindən imzalanmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış 27 may 2022-ci il tarixli iltizamdan görünür ki, həmin iltizam əsasında Cavabdeh müqavilə əsasında saz vəziyyətdə müvəqqəti istifadəyə götürdüyü taxılyığan kombayna (Class Dominator 130 markalı, 15611701 şassi nömrəli, 960882 mühərrik nömrəli, buraxılış ili 2014) 2022-ci il taxıl yığımına hazırlıq işləri ilə əlaqədar cari texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin üçün tam hazır vəziyyətə gətirməyi, eləcə də, biçin zamanı Cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi dislokasiya planına əməl etməyi, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi öhdəsinə götürür, eyni zamanda qeyd edir ki, biçin başlamazdan əvvəl taxılyığan kombaynı istifadə etməkdən bu və ya digər səbəbdən imtina edəcəyi və texnikanı Cəmiyyətin parkına geri qaytaracağı halda kombaynı parka saz və dəst halda təhvil verəcəyini, kombaynın daşınması, cari texniki qulluq üçün çəkdiyi xərclərin, eləcə də tərəfindən ödənmiş digər xərclərin geri qaytarılması ilə bağlı tələb irəli sürməyəcəyini, müqavilə öhdəliyi üçün ödədiyi vəsaiti geri tələb etməməyi, həmin kombaynı başqa mexanizator istifadəyə götürəcəyi halda müqavilənin və ödənilmiş vəsaitin digər mexanizatorun adına keçirilməsinə etiraz etməməyi öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 16 yanvar 2023-cü il tarixli, 3-22-13/S-29 saylı pretenziya məktubundan görünür ki, həmin pretenzya məktubu əsasında İddiaçı ASC tərəfindən Cavabdeh texnikaya dəymiş 2350 manat məbləğində maddi zərəri tez bir zamanda İddiaçı ASC-ə ödəməsi bildirilmişdir. Əks təqdirdə maddi ziyanın və məhkəmə xərləri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə iclası və işin təhlili zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2022-ci il tarixli, 02/02258 saylı operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Claas Dominator-130 markalı taxılyığan kombayn İddiaçı ASC tərəfindən Cavabdeh istifadəsinə verilmişdir. Həmin operativ lizinq müqaviləsinə əsasən lizinqə (istifadəyə) verən müqavilədə göstərilən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana (istifadəçiyə) verilməsini təmin etməlidir, həmçinin lizinq alan (istifadəçi) texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin etməlidir, texnikanın qəzaya düşdüyü və ya təbii fəlakət nəticəsində texnikaya zərər dəydiyi andan ən gec 12 saat ərzində istifadəyə verənə yazılı məlumat verir və zərərin ödənilməsini təmin etməlidir, bundan başqa bu müqavilənin müddətini başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı qeyri-şərtsiz üzərinə götürür. Lakin yoxlama zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC tərəfindən Cavabdeh istifadəsinə verilmiş 1 ədəd Claas Dominator-130 markalı taxılyığan kombaynın 2 ədəd saman aparanının yararsız olması, qabaq şnekin bir neçə yerdən qaynaq edilməsi müəyyən olunmuşdur. Göründüyü kimi cavabdeh 27 may 2022-ci il tarixli, 02/02258 saylı operativ lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını pozmuş, İddiaçı ASC-dən götürdüyü texnikanın saz vəziyyətdə saxlanılmasına riayət etməmişdir. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı ASC-nə maddi ziyan vurulmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunaraq Cavabdeh 1 ədəd Claas Dominator-130 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 2350 (iki min üç yüz əlli) manat dəymiş maddi ziyan və 43,50 (qırx üç manat 50 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2393,50 (iki min üç yüz doxsan üç manat 50 qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-nə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1 ədəd Claas Dominator-130 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 2350 (iki min üç yüz əlli) manat dəymiş maddi ziyan və 43,50 (qırx üç manat 50 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2393,50 (iki min üç yüz doxsan üç manat 50 qəpik) manat məbləğində pul vəsaiti alınaraq Aqroservis ASC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-715/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-715/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver