Məhkəmə qərarları › İş №e-2(075)-75/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-75/2025

09.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-75/2025 09.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X2, X7, X3 və X4 qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı cavabdehlər X2, X7, X3 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla ½ hissəsi iddiaçının mülkiyyətində olan Şəki rayonu, Oxud kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,142 ha torpaq sahəsindən ona məxsus ½ hissədə naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə təqdim edərək məhkəmədən Şəki rayonu, Oxud kəndində yerləşən ümumi sahəsi 135,8 kv.m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0,142 ha torpaq sahəsindən ona məxsus ½ hissədə payın naturada ayrılaraq ona verilməsi və giriş çıxış yolunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Şəki rayonu, Oxud kəndində yerləşən ümumi sahəsi 135,8 kv.m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0,142 ha torpaq sahəsi ½ hissədə onun, ½ hissədə isə mərhum atası X1 paylı mülkiyytəindədir. Mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Atasının payı onun vərəsələri kimi onun bacı-qardaşlarına düşdüyündən cavabdeh olaraq qoymuşdur. Əslində o, faktiki olaraq evindən istifadə edə bilmir. Qardaşı cavabdeh Mustafa İsmayılovun ailəsi ona düşən payda yaşamağa imkan vermir. Əmlakın hansı hissəsinin onun payına düşdüyünü bilmədiyindən təmir etdirə bilmir, problemlər yaranır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə istinad edir: - Şəki şəhər İHB-nın Oxud kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X8 vəfat etdikdən sonra varisləri – arvadı X11 (vəfat edib), qızı X9, oğlu X12, oğlu İddiaçı, oğlu X10, qızı X5r. - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan aydın olur ki, Şəki rayonu, Oxud kəndində yerləşən 0,142 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 135,8 kv.m olan fərdi yaşayış evinə İddiaçı ½ hissədə (302201126 qeydiyyat nömrəsi) pay hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Digər ½ hissə X1 mülkiyyətindədir. - Daşınmaz əmlakın texniki pasportdan məlum olur ki, Şəki rayonu, Oxud kəndində yerləşən 0,142 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 135,8 kv.m olan fərdi yaşayış evi 2 mərtəbədir, yaşayış otaqları və köməkçi otaqlardan ibarətdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-1661/2019 saylı qətnaməsindən bəlli olur ki, X8 xx.xx.2000-ci ildə vəfat etmiş, ondan miras qalmış Şəki rayonu, Oxud kəndində yerləşən fərdi yaşayış evi üzrə miras İddiaçı tərəfindən mirasın qəbulu faktı müəyyən edilmişdir. - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6099 saylı tikinti-texniki obyektlərin tədqiqi ekspert rəyindən görünür ki, tədqiqat mübahisə predmeti olan Şəki rayonu, Oxud kəndində yerləşən 0,142 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 135,8 kv.m olan fərdi yaşayış evi üzrə aparılmışdır. Tikili 3 köməkçi otaq, 4 yaşayış otağından ibarətdir. Torpaq sahəsi 3 tərəfdən qonşu sahələr, 1 tərəfdən isə yol ilə əhatə olunmaqla hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikili (anbar) mövcuddur. Fərdi yaşayış evi üzrə ½ hissə 67,9 kv.m, torpaq sahəsi üzrə ½ hissə 0,071 ha-dır. Tədqiqatın nəticəsi olaraq: Şəki rayonu, Oxud kəndində yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən ½ hissə payın naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərində Məhkəmə Tikinti-X6 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunur. Tətbiq edilən hüquq: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə elmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 135.10-cu maddəsinə əsasən Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 213.1-ci maddəsinə əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.6-ci maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli, № 02/2024 nömrəli Qərardadı: “- 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. - 63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. - 64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.” Vərəsəlik hüquq münasibətlərinin qüvvədə olduğu Mülki Məcəllənin (1964-cü il) 532-ci maddəsinə əsasən birinci növbə vərəsələr qanun üzrə vərəsəlik payları bərabər olmaqla uşaqlar, ər(arvad), ölənin valideynləri hesab olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. İşin faktiki hallarından görünür ki, mübahisə predmeti olan Şəki rayonu, Oxud kəndində yerləşən, ümumi sahəsi 135,8 kv.metr yaşayış evi və 0,142 ha torpaq sahəsi paylı mülkiyyətdə olmaqla ½ hissəsi İddiaçı, ½ hissəsi mərhum atası X1 mülkiyyətindədir. X8 xx.xx.2000-ci ildə vəfat etmişdir. Onun vərəsələri arvadı X11 (vəfat edib), qızı X9, oğlu X12, oğlu İddiaçı, oğlu X10, qızı X5r. İddiaçı faktiki olaraq əmlakın mülkiyyətçisi, digər paylı mülkiyyətçinin də vərəsəsidir. İddiaçı isə hazırda paylı mülkiyyətində olan bu əmlakların naturada bölünməsini, giriş-çıxış yolunun müəyyən edilməsini xahiş edir. Mübahisə predmeti olan əmlakın naturada bölgüsünün mümkünlüyü ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bu barədə ekspert rəy mübahisələndirilməmiş, tərəflər başqa sübut təqdim etməmişlər. Əmlakın naturada bölgüsü texniki cəhətdən mümkündür. Bu barədə ekspert rəyi məhkəməyə təqdim edilmiş, rəyə bölgü sxemi əlavə edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Şəki rayonu, Oxud kəndində yerləşən, ümumi sahəsi 135,8 kv.metr yaşayış evi və 0,142 ha torpaq sahəsi ½ hissədə İddiaçı onun adına paylı mülkiyyətdə olan əmlakın naturada ayrılmasını tələb etməkdə haqlıdır. Bu payın naturada ayrılması texniki cəhətdən mümkündür.Tədqiq olunan əmlakın (torpaq və evin) ayrılması qaydası və ölçüləri rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin ediməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 302201126 qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestindən çıxarışla ½ hissəsi iddiaçının mülkiyyətində olan Şəki rayonu, Oxud kəndində yerləşən, ümumi sahəsi 135,8 kv.metr yaşayış evi və 0,142 ha torpaq sahəsi ½ hissədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6099 saylı ekspert rəyinə əlavə edilmiş sxemə uyğun olaraq naturada ayrılaraq İddiaçı verilsin və həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin giriş-çıxış yolu müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçıya ödənilsin. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar