Məhkəmə qərarları › İş №e-2(075)-808/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-808/2025

30.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-808/2025 30.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşamaq hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X11, X12 və xx.xx.2014-cü il təvəllüdlü X13 adlı uşaqları ilə birlikdə gəlin köçdüyü Şəki rayonu Aşağı Layısqı kəndində yerləşən yaşayış evinə yaşayış hüquqlarının tanınması, həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə el adəti üzrə 2008-ci ildə toy edərək həmin evə gəlin köçmüşdür. Lakin nikahlarını xx.xx.2010-cu ildə Şəki İHB-nın Aşağı Göynük kənd İcra nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X11, X12 adlı əkiz və xx.xx.2014-cü il təvəllüdlü X13 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlə sonralar xasiyyətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışdırlar. Belə ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehlə aralarında olan xx.xx.2010-cu il tarixli nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X11, X12 adlı əkiz və xx.xx.2014-cü il təvəllüdlü X13 adlı uşaqları iddiaçının himayəsində saxlanılmış, onların saxlanılması üçün hər uşaq üçün 140 manat olmaqla cəmi 420 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. O məhkəmədən öncə faktiki ayrılarkən birgə nikahdan dünyaya gəlmiş uşaqlar onun himayəsində qalmışdır. Hal-hazırda uşaqları ilə birlikdə kirayədə yaşayır. Maddi vəziyyətləri olduqca aşağı səviyyədədir. Cavabdeh gəlin düşdüyü evdə yaşmağa lazımi şərait yaratmır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, İddiaçı ilə atası X1 2008-ci ildə el adəti ilə ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2010-cu ildə Şəki İHB-nın Aşağı Göynük kənd İcra nümayəndəliyində qeydə aldırmışdırlar. Birgə nikahlarından əkiz olmaqla 2 qızı və bir oğlu vardır. 2024-cü ilin əvvəllərindən münasibətləri pozulmuş və iddiaçı evdən çıxıb getmişdir. İddiaçının gəlin düşdüyü fərdi yaşayış evi 1981-ci ildə atası tərəfindən inşa edilmişdir. Atası 2010-cu ildə rəhmətə getmişdir. İddiaçı özü uşaqlarıda götürüb evdən getmişdir. İddiaçı uşaqların saxlanılması üçün aliment alır. Yaşamaq hüququnun verilməsinə və köçürülməsinə razı deyil. İddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil da cavabdehin bildirdiklərinə əlavə olaraq qeyd etmişdir ki, İddiaçı gəlin düşdüyü fərdi yaşayış evi 1981-ci ildə cavabdehin atası X7 tərəfindən inşa edilmişdir. Bu barədə kənd İcra nümayəndəliyi tərəfindən müvafiq arayış verilmişdir. Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə fərdi yaşayış evini yerləşdiyi həyətyanı topaq sahəsi X8 və onun ailə üzvüləri X14, X9, X15, Cavabdeh, X10 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. Fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Fərdi yaşayış evinə mərhum X4 gözlənilən mülkiyyət hüququ var. İddiaçı gəlin düşdüyü zaman gözlənilən mülkiyyət hüququ olan şəxs X2 olmuşdur. İddiaçı gəlin düşdüyü zaman və ondan sonra istifadə hüquqi ilə bağlı notarial müqavilə bağlamamış və buna təşəbbüs göstərməmişdir. Buna görə də onun yaşamaq hüququ yoxdur və köçürülməsi təmin edilə bilməz. Cavabdehin təqdim etdiyi sübutları nəzərə alınaraq tələbin rədd edilməsini xahiş edir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - Şəki rayon məhkəməsinin e-2(075)-798/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında Şəki İHB-nın Aşağı Göynük İƏD-si üzrə nümayəndəliyində xx.xx.2010-cu il tarixində nikah bağlanmışdır. - Həmin qətnamədən görünür ki, tərəflər - İddiaçı və Cavabdeh birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X11, X12 adlı əkiz və xx.xx.2014-cü il təvəllüdlü X13 adlı uşaqları dünyaya gəlmişdir. - Şəki Rayon Məhkəməsinin e-2(075)-798/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında Şəki İHB-nın Aşağı Göynük İƏD-si üzrə nümayəndəliyində xx.xx.2010-cu il tarixində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X11, X12 adlı əkiz və xx.xx.2014-cü il təvəllüdlü X13 anaları İddiaçı himayəsində saxlanılmış, onların saxlanılması üçün hər uşaq üçün 140 manat olmaqla cəmi 420 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - xx.xx.2025-ci il tarixli MŞŞ/MT018/2025-00116 nömrəli X17 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X22 və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və X17 sonra prosesi davam etdirmək barədə qərar qəbul edilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. - JN-035B nömrəli, KOD 40404030 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə 0.20 ha həyətyanı topaq sahəsi X8 və onun ailə üzvüləri X14, X9, X15, Cavabdeh, X10 və X6 mülkiyyətinə verilmişdir. - Şəki şəhər İHB-nın Aşağı Göynük İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 11 saylı məktubdan göründüyü kimi, nümayəndəliyin təsərrüfatbaşına uçot kitabında Şəki rayonu Aşağı Layısqı kənd sakini Cavabdeh qeydiyyatda olduğu, əvvəllər atası X3 təsərrüfat başçısı olduğu, o rəhmətə gedəndən sonra anası X14nın təsərrüfat başçısı kimi qeydə alındığı 16 nömrəli təsərrüfatda mərhum X5 məxsus 1981-ci ildə tikilmiş fərdi yaşayış evi vardır. - xx.xx.2025-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X11, X12 adlı əkiz və xx.xx.2014-cü il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Hazırda mübahisə predmeti olan Şəki rayonu Aşağı Layısqı kəndində yerləşən evə 2008-ci ildə gəlin köçmüşdür. Həmin ev mülkiyyətdə deyil və heç kimin adına qeydə alınmamışdır. Hazırda iddiaçı uşaqları ilə birlikdə mülkiyyətdə olmayan fərdi yaşayış evinə köçürülməsini, həmin evə yaşamaq hüquqlarının tanınmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında ilkin ailə münasibətləri 2008-ci ildən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin maddənin tələblərinə əsasən istifadə hüququnun yaranması üçün əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Məcəllənin 228.1-ci maddəsi əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İş materiallarından göründüyü kimi mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda iddiaçının yaşayış hüququ üzrə tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi iddiaçının uşaqları ilə birlikdə köçürülməsi hissəsində isə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhkəmə qeyd edir ki, hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehin təzyiqləri nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdeh buna imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında bu nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikinti olmasını, mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini nəzərə alaraq hesab edir, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. Beləliklə İddiaçı həmin dövrdə mübahisəli evin kirayəçisi olmuş, yəni hazırki iş üzrə Cavabdeh öz razılığı ilə onun evinə gəlin köçmüş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı iddiaçının qarşısında hər hansı bir şərt qoyulmamış, iddiaçının bütün cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. İddiaçının gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Həmçinin özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsində Cavabdeh gözlənilən mülkiyət hüququ mövcuddur. İddiaçı və birgə nikahdan dünyaya gəlmiş uşaqlar onun ailə üzvüləri sayılır. Mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvlərini, yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdir. İş materiallarında olan JN-035B nömrəli, KOD 40404030 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə 0.20 ha həyətyanı topaq sahəsi X8 və onun ailə üzvüləri X14, X9, X15, Cavabdeh, X10 və X6 mülkiyyətinə verilmişdir. Hal-hazırda Cavabdeh və anası X14 həmin evdə yaşayaraq təsərrüfat aparır. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ər (arvad) və uşaqlar ailə üzvü sayılır və mülkiyyətçi tərəfindən onunla birlikdə yaşayış sahəsinə küçürülmək hüququna malidirlər. Buna görə də idiaçı və uşaqları mübahisəli evə köçürülməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələbində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X11, X12 və xx.xx.2014-cü il təvəllüdlü X13 adlı uşaqları ilə birlikdə gəlin köçdüyü Şəki rayonu Aşağı Layısqı kəndində yerləşən yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar