Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-816/2022 11.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «torpaqdan çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40413018, JN-105233 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarı üzrə onların paylı mülkiyyətinə verilmiş Şəki rayonu Cumakənd kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 2.91 hektar pay torpaq sahəsindən Cavabdeh əmlakı ilə birlikdə çıxarılması və həmin torpaq sahəsindən istifadə etməyinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən ona, X1, X2 və digər şəxslərə birlikdə Şəki rayonu Cumakənd kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2.91 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40413018, JN- 105233 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsindən hazırda istifadə etməyinə Cavabdeh tərəfindən qanunsuz müdaxilələr vardır. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi ona və digər mülkiyyətçilərə məxsusdur. İşin bu faktiki halı ərizəyə əlavə edilmiş sənədlərlə tam təsdiq olunur. Mübahisə predmeti olan həmin torpaq sahəsinin ona və digər mülkiyyətçilərə məxsus olmasına dair hüquq müəyyənedici sənədlər vardır. Mübahisə predmeti olan torpaq sahəsi cavabdehin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdeh tərəfindən hər hansı hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilə bilməz. Yaranmış vəziyyətdə onun və digər mülkiyyətçilərin mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etməyi ilə bağlı cavabdeh tərəfindən maneələrin qadağan edilməsini tələb etmək hüququ vardır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, sözügedən torpaq sahəsi 2004-cü ildən mərhum atasının istifadəsində olmuşdur. Belə ki, atası həmin dövrün 1000 manatı ilə İddiaçı 1 hektar torpaq sahəsini pulunu tam ödəməklə satın almışdır. Atası vəfat etdikdən sonra torpaq onun mülkiyyətinə keçmişdir. 2015-ci ildə 1000 manat ödəniş edib 50 sot torpaq sahəsini İddiaçı almışdır. Bununla bağlı aktlar tərtib edilmişdir. Həmin torpaq sahəsi qeyd edilən tarixdən etibarən 18 ildir ki, onların ailəsinin faktiki istifadəsindədir. Onlar əkir-becərir. İddiaçı heç torpaq sahəsinin faktiki olaraq harada yerləşdiyini belə göstərə bilməz. İddiaçı hazırda torpaq sahəni ona satdığını inkar edərək torpaq sahəsini geri götürmək istəyir. O və məhrum atası qeyd edilən torpaq sahəsi ilə bağlı alıcı kimi üzərlərinə düşən bütün öhdəlikləri hələ müvafiq olaraq 15 sentyabr 2004-cü il və 20 noyabr 2015-ci il tarixlərdə tam icra etmişlər. Torpaq uzun müddətdir ki, onun istifadəsində və sərəncamındadır. Torpaq sahəsini satın aldığından iddiaçının ona qarşı hər hansı iddiası qanunsuz və əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Mülki iş materiallarını araşdırıb, mülki proses tərəflərinin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır. Elektron qaydada işə əlavə edilmiş: JN:233 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən Şəki rayonu Cumakənd kənd sakinləri X1, X3, İddiaçı, X8, X5, X9, X6 və X4 ümumi birgə mülkiyyətlərinə 2.91 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Şəki rayonu Cumakənd kəndində yerləşən 2.91 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X1, X3, İddiaçı, X8, X5, X9, X6 və X4 adlarına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması müəyyən edilmişdir. İddiaçı həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə torpaq sahəsinin 1.53 ha hissəsinin iddiaçı tərəfindən onlara satıldığını bildirərək iddianı qəbul etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunur ki, JN:233 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiaçıya məxsus kənd təsərrüfatlı torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur. Torpaq sahəsi iddiaçının ümumi birgə mülkiyyətində olmasına baxmayaraq cavabdehin istifadəsinə iddiaçı və ya digər ümumi birgə mülkiyyətçilər tərəfindən verilməmişdir. Cavabdeh torpaq sahəsinin iddiaçı tərəfindən onlara satıldığını bildirsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bir sözlə, cavabdeh iddiaçının ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən heç bir müqavilə əsası olmadan, yəni özbaşına istifadə etməkdədirlər. Bu kimi istifadə qanunvericiliklə qadağan edildiyindən həmin torpaq sahəsi cavabdehlərin qanunsuz istifadəsindən azad edilməli, həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələr cavabdehə qadağan olunmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən Şəki rayonu Cumakənd kənd sakinlərinə 2.91 ha pay torpaq sahəsinin verilməsi barədə JN-233 saylı, kod 40413018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən əmlakı ilə birlikdə çıxarılmalı və həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb edilməməsi nəzərə alınaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən Şəki rayonu Cumakənd kənd sakinlərinə 2.91 ha pay torpaq sahəsinin verilməsi barədə JN-233 saylı, kod 40413018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən əmlakı ilə birlikdə çıxarılsın və həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-816/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-816/2022
11.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver