Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-843/2023 01.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı əmrin ləğvi və işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Şəki Rayon Mərkəzi Xəsləxanasi" publik hüquqi şəxsin onun işdən azad olunması barədə verdiyi 08 sentyabr 2022-ci il tarixli 1724 saylı əmrin və 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdehn 0.5 ştat vahidi əvəzçilikdən azad edilmə haqqında 08 sentyabr 2022-ci il tarixli 1624 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin ştat vahidinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrin ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci il tarixli 143 saylı əmrlə Şəki MRX-yə həkim uroloq vəzifəsinə təyin edilmişdir. İşlədiyi illər ərzində daim kollektiv arasında hörmət qazanmış, həmişə şərəf və vicdanla işləyərək işində nöqsana yol verməmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. Daha sonra 24 sentyabr 2021-ci il tarixli 1764 saylı əmrlə Hemodializ şöbəsinə 0.5 ştat vahidi həkim-nefroloq vəzifəsinə təyin edilmişdir. Həmin işdə də heç bir nöqsana yol verməmişdir. 01 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Lakin Şəki RMX-da rəhbərlik dəyişildikdən sonra işçilərin kütləvi işdən çıxarılması halları baş vermişdir. O, məzuniyyətdə olduğu müddətdə 08 sentyabr 2022-ci il tarixli 1624 saylı əmrlə onun işinə xitam verilmişdir. O, aidiyyəti olaraq əmək müfəttişliyinə müraciət edərək pozuntular haqqında tədbirlər görülməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan əlavə cavabdehin ona olan qərəzli mövqeyi bitməmiş, ona 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrlə ona heç bir hüquqi əsas olmadan şiddətli töhmət elan edilmişdir. Sözügedən əmrlərlə razılaşmadığı üçün məsələni məhkəmə qaydasında mübahisələndirəcəyi üçün Şəki 1 saylı Mediasiya Təşkilatına da müraciət etmiş, lakin mediasiya mərhələsində barışıq əldə edilmədiyi üçün prosesə xitam verilməsi barədə arayış verilmişdir. Ona görə də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, həqiqətən də xəstəni muayinə etmiş, lakin xəstədən pul almamış, onun cibinə pul qoymasından da xəbəri olmamışdır. Məlumatı olan da isə pulu qaytarmışdır. Onun işdən azad olunması da tam əsassızdır, çünki əmr onun məzuniyyətdə olduğu vaxt verilmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, mübahisəli əmrlər qərəzli olaraq verilmişdir. Belə ki, 0.5 ştat vahidi əvəzçilikdən azad edilmə haqqında 08 sentyabr 2022-ci il tarixli 1624 saylı əmr iddiaçı məzuniyyətdə olan zaman verilmişdir. İddiaçıya töhmət verilməsinə səbəb olmuş puldan isə onun xəbəri olmamışdır. Bu barədə iddiaçıdan şikayətçi olmuş şəxs də izahatında sonradan bildirmişdir. Hesab edir ki, bu əmələ görə iddiaçıya töhmət deyil, xəbərdarlıq da edilə bilərdi. Ona görə də, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı əmək müqaviləsi üzrə 36 saat işi vardır. Əvəzçiliklə bağlı ona əlavə 0.5 ştat vahidi iş verilmişdir. Belə olan halda onun həftəlik iş saatı 50 saatdan artıq olur. Sonradan həmin vəzifəyə başqa həkim təyin olunduğuna görə iddiaçı və ondan başqa 10 nəfər həkimə verilmiş 0.5 ştat vahidi iş ləğv edilmişdir. 08 sentyabr 2022-ci il tarixli 1624 saylı əmr iddiaçı əmək məzunuyyətində olarkən verilsə də, həmin əmrdə, əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidinin kəsilməsinin onun məzuniyyət müddətindən sonra icra olunması qeyd edilmişdir. Bundan başqa, iddiaçının həyat yoldaçı USM həkimidir. İddiaçı, buna səlahiyyəti olmadan həyat yoldaşının USM aparatından istifadə edərək xəstəni müəyinə etmiş, xəstəyə müalicə yazaraq bunun müqabilində ondan 20 manat pul almışdır. Həmçinin xəstəyə cərrahiyyə əməliyyatı olunmalı olmasını bildirmişdir. Daha sonra xəstə həkimin ondan pul alması barədə şikayət etmiş, sonra isə həmkarlar komitəsinin iclasında həmin halları inkar edərək, həkimin xəbəri olmadan onun cibinə pul qoyduğunu bildirmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 06 mart 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Cərrahiyyə şöbəsində həkim uroloq vəzifəsinə işə qəbul edilmiş, o, həftəlik iş saatı 36 saat olmaqla gün ərzində 6 saat işləyir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 25 iyul 2022-ci il tarixli, 1255 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı 01 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək 42 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 07 sentyabr 2022-ci il tarixli elektron məktubunun surətindən görünür ki, İddiaçı işindən əlavə Hemodializ şöbəsində 0.5 ştat vahidi həkim nefroloq işləməsi məqsədəuyğun hesab edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidi 08 sentyabr 2022-ci il tarixdən kəsilmişdir. Həmin tarixdə İddiaçı, əmək məzuniyyətində olduğundan sözügedən əmrin, ona münasibətdə məzuniyyət müddəti bitdikdən sonra icra edilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş X8 Xidmətinin Şəki regional ərazi şöbəsinin 18 oktyabr 2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidinin kəsilməsi barədə Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmri qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş X4 tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoruna ünvanlanmış 28 dekabr 2022-ci il tarixli şikayət ərizəsinin surətindən görünür ki, həkim İddiaçı müayinə qarşılığında ondan 20 manat pul tələb etmişdir. İş materiallarına əlavə edilmiş X12 X5 07 yanvar 2023-cü il tarixli iclas protokolunun surətindən görünür ki, həkim İddiaçı ilə xəstə arasında olan mübahisə araşdırılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoruna verdiyi 07 yanvar 2023-cü il tarixli izahatının surətindən görünür ki, xəstə X3 müayinə etmiş və bunun müqabilində xəstədən pul tələb etməmişdir. İş materiallarına əlavə edilmiş X1 Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoruna verdiyi 07 yanvar 2023-cü il tarixli izahatının surətindən görünür ki, o, 28 dekabr 2020-ci il tarixdə həkim İddiaçı tərəfindən müayinə olunduqdan sonra həkimin xəbəri olmadan hörmət əlaməti olaraq onun cibinə 20 manat pul qoymuşdur. İş materiallarına əlavə edilmiş Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 10 yanvar 2023-cü il tarixli, 70 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı əmək və icra intizamını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, 30 dekabr 2002-ci il tarixli 143 saylı əmrlə Şəki Mərkəzi Rayon Xəstəxanasına həkim uroloq vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra 24 sentyabr 2021-ci il tarixli 1764 saylı əmrlə Hemodializ şöbəsinə 0.5 ştat vahidi həkim-nefroloq vəzifəsinə təyin edilmişdir. 01 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 07 sentyabr 2022-ci il tarixli məktubuna əsasən, İddiaçı işindən əlavə xəstəxananın Hemodializ şöbəsində 0.5 ştat vahidi həkim nefroloq işləməsi məqsədəuyğun hesab edilmədiyindən və Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmri ilə İddiaçı əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidi 08 sentyabr 2022-ci il tarixdən kəsilmişdir. Əmr verilərkən İddiaçı, əmək məzuniyyətində olduğundan sözügedən əmr, iddiaçı əmək məzuniyyətindən qayıtdıqdan sonra icra edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı, xəstə X3 müayinə etdikdən sonra ondan pul tələb etmiş və xəstə ona 20 manat pul vermişdir. Daha sonra xəstə X4 həkimin ondan əsassız pul tələb etməsi barədə xəstəxananın rəhbərliyinə şikayət etmişdir. İddiaçının bu hərəkəti araşdırılmış və Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 10 yanvar 2023-cü il tarixli, 70 nömrəli əmri ilə İddiaçı əmək və icra intizamını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı bu qeyd edilən əmrləri əsassız hesab edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ilk növbədə iddia tələbinin Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 08 sentyabr 2022-ci il tarixli 1724 saylı əmrinin ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X6 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əmək müqavilələrinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Həmin əsaslar aşağıda göstərilənlərdən ibarətdir: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadaqıda; e) dövlət büdcəsindən maliyyələşən müəssənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 89.3-cu maddəsinə əsasən gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Həmin Məcəllənin 58.2-ci maddsinə əsasən əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Həmin Məcəllənin 82 maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. İş materiallarından görünür ki, Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmri verilərək iddiaçının xəstəxananın Hemodializ şöbəsində əvəzçilik üzrə 0.5 ştat vahidinin kəsilməsinə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 07 sentyabr 2022-ci il tarixli məktubu əsas olmuşdur. Yəni həmin əmrin verilməsi İddiaçı iddia tələbində, onun nümayəndəsinin isə məhkəmə iclasında qeyd etdikləri kimi xəstəxana rəhbərliyinin qərəzli mövqeyindən irəli gəlməmişdir. Başqa sözlə desək mübahisəli əmrin verilməsi Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdən deyil, həmin qurumun tabe olduğu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdən asılı olmuşdur. İddiaçı əvəçiliklə işləməsi zamanı həftəlik iş saatı 40 saatdan artıq olduğundan qanunvericiliyin tələbinə görə işəgötürənin razılığı olmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İş materiallarından göründüyü kimi İddiaçı xəstəxananın Hemodializ şöbəsində əvəzçilik üzrə 0.5 ştat vahidinin kəsilməsi barədə 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmrinin verilərək o, növbəti əmək məzuniyyətində olsa da, həmin əmrin icra edilməsi iddiaçının işə qayıtdığı vaxtdan, yəni 12 sentyabr 2022-ci il tarixdən həyata keçirilmişdir. Qeyd edilən hallar iddiaçının müraciəti əsasında X8 Xidmətinin Şəki regional ərazi şöbəsində də araşdırılmış və yekunda həmin əmrin verilməsində hər hansı qanun pozuntusu aşkarlanmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmrin ləğv edilməsi, iddiaçının həmin ştat vahidinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində təmin edilə bilməz. Bundan başqa məhkəmə, iddia tələbinin 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrlərin ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddənin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İş materiallarından göründüyü kimi iddiaçı xəstəni müayinə etdikdən sonra xəstə iddiaçıya 20 manat pul vermişdir. Daha sonra xəstə həkimin, yəni iddiaçının bu hərəkəti barədə xəstəxananın rəhbərliyinə şikayət ərizəsi yazaraq öz narazılığını bildirmişdir. Bütün bu hallar xəstəxana daxilində, həmçinin həmkarlar komitəsinin iclasında müzakirə edilmiş və yekunda Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 10 yanvar 2023-cü il tarixli, 70 nömrəli əmri ilə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Qeyd edilən hallardan sonra iddiaçının və şikayətçi olan xəstənin Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoruna verdikləri izahatlarında yuxarıda qeyd edilən halların baş verməməsini bildirmələrinə məhkəmə şübhə ilə yanaşır və hesab edir ki, şikayətçi X1 28 dekabr 2022-ci il tarixdə şikayət ərizəsində qeyd etdiyi halları sonradan təkzib etməsinə baxmayaraq, iddiaçının ümumiyyətlə səlahiyyəti olmadan USM aparatından istifadə etməsi özü-özülüyündə pozuntudur. İddiaçı hüquqlarından sui-istifadə etməklə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 10 yanvar 2023-cü il tarixli, 70 nömrəli əmri əsaslı olduğundan, həmin əmrin ləğv edilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı Şəki Rayon Mərkəzi Xəstəxanasi publik hüquqi şəxsin 0.5 ştat vahidi əvəzçilikdən azad edilmə haqqında 08 sentyabr 2022-ci il tarixli 1624 saylı əmrinin ləğv edilməsi, onun həmin ştat vahidinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən vəkilə ödənilmiş 250 manat xidmət haqqı onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı Şəki Rayon Mərkəzi Xəstəxanasi publik hüquqi şəxsin 0.5 ştat vahidi əvəzçilikdən azad edilmə haqqında 08 sentyabr 2022-ci il tarixli 1624 saylı əmrinin ləğv edilməsi, onun həmin ştat vahidinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrin ləğv edilməsi və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-843/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-843/2023
01.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver