Məhkəmə qərarları › İş №e-2(075)-851/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-851/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-851/2024 16.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Bayramov Mahir Mİkayıl oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı «İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 28 fevral tarixli 002-SS/23 nömrəli müqavilə üzrə 2500,0 (iki min beş yüz) manat borcun və 45,00 (qırx beş) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, müqavilənin ləğv edilərək, müqavilə predmeti olan 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynın saz vəziyyətdə cavabdeh tərəfindən geri qaytarılması barədə qətnamə çıxarılması xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq 1900,0 (bir min doqquz yüz) manat borcun və 45,00 (qırx beş) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, müqavilənin ləğv edilərək, müqavilə predmeti olan 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynın saz vəziyyətdə cavabdeh tərəfindən geri qaytarılması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 28 fevral tarixli 002-SS/23 nömrəli müqaviləyə əsasən cavabdeh, ümumi qiyməti 9000,00 (doqquz min) manat olan 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynın dəyərinin 6000,00 (altı min) manat hissəsini əvvəlcədən, 3000,00 (üç min) manat hissəsini isə taxıl biçini mövsümünün sonunadək, 2023-cü il 15 sentyabr tarixinədək ödəmək şərti ilə əldə etmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və müqavilə müddətinin başa çatmasına baxmayaraq ödəməli olduğu məbləği tam ödəməmişdir. Belə ki, o, müqavilə şərtlərinə əsasən, 2023-cü il 15 sentyabr tarixinədək 9000,00 (doqquz min) manat ödəməli olduğu halda 6500,00 (altı min beş yüz) manat məbləğdə ödəniş aparmış və müqavilə üzrə 2500,00 (iki min beş yüz) manat borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci bəndinə əsasən Alıcı texnikanın 9000,00 (doqquz min) manat məbləğində qiymətləndirilən dəyərini taxıl biçini mövsümünün sonunadək, 2023-cü il 15 sentyabr tarixinədək Satıcının hesabına tam ödənilməsini öhdəsinə götürür. Cavabdehə borc məbləğinin ödənilməsi barədə göndərilmiş pretenziya cavabsız qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü və ya icra edilməli olan dövr müddəti müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəm iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 002-SS/23 nömrəli texnikaların satılması barədə müqavilədən görünür ki, 9000 manat məbləğdə 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayn Cavabdeh 6000 manat ilkin ödəniş etməklə, qalan 3000 manatı 15 sentyabradək ödəmək şərti ilə satılmışdır. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayn Cavabdeh təhvil verilmişdir. Həmçinin AZ 019695 nömrəli qeydiyyat şəhadətnaməsi təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2500 manat məbləğdə ödənilməmiş borcu qalmışdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1900 manat məbləğdə ödənilməmiş borcu qalmışdır. - xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 3000 manat borcu qısa zaman ərzində ödəməsi əkstəqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2024-cü il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 45,40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 598.1-ci madəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 6000 manat ilkin ödəniş etməklə qalan 3000 manat 2023-cü ilin sentyabr ayına dək ödəmək şərti ilə 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayn satılmışdır. Malliyyə arayışına əsasən cavabdehin 1900 manat məbləğdə borcu qalmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcla yanası cavabdehə satılmış texnikanı tələb edir. Mülki Məcəllənin 600.4-cü maddəsində satıcının verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehdən əşyaya görə yaranmış borc məbləği tələb edildiyi halda əşyanın geri tələb edilməsi yol verilməzdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik lazımi qaydada yerinə yetirilmədiyindən alqı-satqı müqaviləsi ləğv edilməlidir. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qsimən təmin edildiyindən 39 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ləğv edilsin və Cavabdeh 1900 manat və 39 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar