Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-9/2024 22.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AMEA «X3»na qarşı “ona məxsus torpaq sahəsinin yolunun zəbtdən azad edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavavdeh “X3”nun onu mülkiyyətinə daxil olmağına imkan verməyən hərəkətlərinin qanunsuz hesab edilməsinə dair zəbt etdikləri yolun açılması, təyinatı üzrə istifadə edilməsinə maneələrin aradan götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, 95-ci kvartal ünvanında, yaşayış məntəqələrinin torpaqları kateqoriyasından olan, 0.03 ha sahəsi olan həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə ona məxsusdur. Bu mülkiyyətə dair ona xx.xx.2010-cu il tarixindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, **********63 reyestr nömrəli, ******* nömrəli Çıxarış və xx.xx.2010-cu il tarixində tərtib edilmiş AA seriyalı, 004315 nömrəli, “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Şəki şəhər İcra Hakimiyyətinin “Tikinti və memarlıq Şöbəsi” tərəfindən təsdiq edilmiş Eskiz layihəsinə əsasən, həmin ərazidə ev inşa etməyə başlamışam. Ancaq xeyli vaxtdır ki, Şəki şəhəri, Oğuz şossesi 5 ünvanında yerləşən “X3, X6 bazası”nın rəhbərliyi onun həyətyanı sahəsinə-torpağına gedən yolu bağlayaraq, onun xüsusi mülkiyyətindən istifadəsini məhdudlaşdırmışlar, onu həyətinə buraxmırlar, evinin inşaasını həyata keçirə bilmir. Hazırda o evindən, həyətyanı sahəsindən istifadə edə bilmir, evinə, mülkiyətində olan torpağa getməyə yolu yoxdur. Dəfələrlə onlarla söhbətlər etmək istəmiş, ancaq nəticə əldə edilməmişdir. Hüquq-mühafizə orqanlarına müraciətlər etmiş, məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh AMEA «X3»nun etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; X4 ilə X2 və İddiaçı arasında bağlanmış 29 oktyabr 2010-cu il tarixli müqavilədən görünür ki, Şəki şəhəri, 95-ci kvartalda yerləşən 0,06 torpaq sahəsinin 0.3 hektar hissəsini X1, 03 hektar hissəsini İddiaçı 5000 manata satmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin 26 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/332 nömrəli ekspert rəyindən görünür ki, DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 02 noyabr 2010-cu il tarixdə verilmiş **********63 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Şəki şəhəri 95-ci kvartalda yerləşən 0.03 ha torpaq sahəsinə Şəhərin baş memarının təsdiqlədiyi Bələdiyyənin ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planında gediş-gəliş yolu nəzərdə tutulmuşdur, DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 02 noyabr 2010-cu il tarixdə verilmiş **********63 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Şəki şəhəri 95-ci kvartalda yerləşən 0.03 ha torpaq sahəsi Şəhərin baş memarının təsdiqlədiyi Bələdiyyənin ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planında nəzərdə tutulmuş gediş-gəliş yolu naturada torla bərkidilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********63 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, 95-ci kvartalda yerləşən 0,03 torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmədə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, Şəki şəhəri, 95-ci kvartal ünvanında yerləşən 0.03 ha sahəsi iddiaçının mülkiyyətindədir. Bu torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********63 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış mövcuddur. Lakin, hazırki vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 26 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/332 nömrəli rəy verilmişdir. Ekspertizanın rəyindən görünür ki, DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 02 noyabr 2010-cu il tarixdə verilmiş **********63 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Şəki şəhəri 95-ci kvartalda yerləşən 0.03 ha torpaq sahəsinə Şəhərin baş memarının təsdiqlədiyi Bələdiyyənin ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planında gediş-gəliş yolu nəzərdə tutulmuşdur, DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 02 noyabr 2010-cu il tarixdə verilmiş **********63 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Şəki şəhəri 95-ci kvartalda yerləşən 0.03 ha torpaq sahəsi Şəhərin baş memarının təsdiqlədiyi Bələdiyyənin ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planında nəzərdə tutulmuş gediş-gəliş yolu naturada torla bərkidilmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə hesab etmişdir ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/332 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş halları təkzib edən, eləcə də bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən sözügedən rəy mötəbər sübut kimi qəbul edilməli və mübahisənin həllində istifadə edilməlidir. Göründüyü kimi, cavabdeh iddiaçının həyətyanı sahəsinə-torpağına gedən yolu bağlayaraq, onun xüsusi mülkiyyətindən istifadəsini məhdudlaşdırmışdır. Cavabdeh qeyd olunan ərazini zəbt etmiş və iddiaçıya həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanuni olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə maneəsiz gediş-gəlişinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmalı və iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh AMEA «X3» tərəfindən zəbt edilən yol açılmalı və iddiaçının həmin yoldan istifadə hüquqlarını həyata keçirməyə cavabdeh tərəfindən edilən maneə aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh AMEA «X3» tərəfindən zəbt edilən yol açılsın və iddiaçının həmin yoldan istifadə hüquqlarını həyata keçirməyə cavabdeh tərəfindən edilən maneə aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-9/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-9/2024
22.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver