Məhkəmə qərarları › İş №e-2(075)-911/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-911/2025

07.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-911/2025 07.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ İGiriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Şəki Rayon Qeydiyyat Şöbəsinə, Cavabdeh1 qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Şəki Rayon Qeydiyyat Şöbəsi və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 05 №-li nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2004cü il tarixli 05 №-li nikah bağlanmışdır. Həmin nikah faktiki olaraq 2006-cı ilin mart ayında pozulmuşdur. İddiaçı şəxsiyyət vəsiqəsini dəyişmək üçün Şəki Regional ASAN Xidmət Mərkəzinə müraciət etdikdə bildirilmişdir ki, onun X7 və Cavabdeh1 ilə nikahları mövcuddur. Ona görə də şəxsiyyət vəsiqəsinin verilməsi mümkün deyil. Bundan sonra İddiaçı məsələyə aydınlıq gətirilməsi üçün Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Şəki Rayon Qediyyat Şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışlarda İddiaçı ilə X7 arasında xx.xx.1995-ci il tarixli 199 №-li, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2004-cü il tarixli 05 №-li nikahlarının bağlandığı göstərilmişdir. Lakin İddiaçı hər iki şəxslə nikahının pozulduğunu, buna dair onda hər hansı sənədin olmadığını, əgər digər şəxslə nikahda olsa idi onun ikinci nikaha daxil olmasının yolverilməz olmasını, hətta Cavabdeh1 da sonradan başqa şəxslə nikaha daxil olması və nikahının pozulmasını bildirsə də nikahın pozulmasının qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən cavab məktubunda da qeyd olunmuşdur ki, İddiaçı ilə X7 arasında xx.xx.1995-ci il tarixli 199 №-li nikahın və N. Aydınovanın Cavabdeh1 arasında xx.xx.2004-cü il tarixli 05 №-li nikahlarının pozulması barədə nikahın pozulması aktı aşkar edilməmişdir. Bu halda nikahın pozulması haqqında akt qeydinin bərpa edilməsi mümkün deyil. Cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsi iddiaçı X7 ilə rəsmi qaydada nikahda olduğu halda Cavabdeh1 ilə onların rəsmi nikaha daxil etmişdir. Bu isə bu gün iddiaçının bir sıra problemlərlə üzləşməsinə səbəb olmuşdur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə etdiyini və iddialarının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli arayışın surətindən görünür ki, X7 və İddiaçı nikahı haqqında 23 sentyabr 1995-ci il tarixdə 199 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Məlikov”, arvada “Məlikova” soyadı verilmişdir. - Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 və İddiaçı nikahı haqqında 07 fevral 2004-cü il tarixdə 05 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Şirinov”, arvada “Aydınova” soyadı verilmişdir. - Şəki rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixli 199 nömrəli və xx.xx.2004-cü il tarixli 05 nömrəli nikahının pozulması barədə kifayət qədər əsaslar (nikahın pozulması haqqında şəhadətnamə) olduqda şəxsin müraciətinə əsasən nikahın pozulması haqqında akt qeydlərinin bərpa edilməsi mümkündür. - Şəki Rayon Məhkəməsi tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanmış 24 sentyabr 2024-cü il tarixli, 1-8117/2024 nömrəli məktubdan görünür ki, İddiaçı və X7 arasında xx.xx.2025-ci il tarixdə, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2004cü il tarixdə bağlanmış nikah akt qeydlərinin pozulması ilə bağlı müvafiq olaraq Şəki Rayon Məhkəməsində saxlanılan 1995-ci il və 2004-cü illərdən bu günə qədər olan mülki işlərin qeydiyyatı kitabına baxılmış və həmin illərə dair Şəki Rayon Məhkəməsinə daxil olmuş hər hansı bir müraciət aşkar edilməmişdir. Müvafiq illərə dair Şəki Rayon Məhkəməsində saxlanılan mülki işlərin qeydiyyatı kitabından görünür ki, Cavabdeh1 Nemət oğluna qarşı X3 “Nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx.xx.2012-ci il tarixdə baxılaraq ərizə təmin edilmiş, tərəflər arasında olan nikah pozulmuşdur. - Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.1995-ci il tarixli 199 nömrəli və xx.xx.2004-cü il tarixli 05 nömrəli nikahının pozulması barədə kifayət qədər əsaslar (nikahın pozulması haqqında şəhadətnamə) olmadığına görə nikahın pozulması haqqında akt qeydlərinin bərpa edilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət edilməsi məsləhət olunmuşdur. - Şəki Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən ünvanlanmış 27 may 2025-ci il tarixli, 3-16-5/8-13-1376/2025 nömrəli məktubdan görünür ki, X7 xx.xx.1995-ci il tarixdə İddiaçı ilə nikaha daxil olmuş, həmin akt qeydinə əsasən onun doğum tarixi “xx.xx.1961”-ci il, doğulduğu və daimi yaşadığı yer “Dağıstan Muxtar Respublikası, Kızılyurd şəhəri” yazılmış və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin nikahdan əvvəl və sonra nikaha daxil olması barədə məlumat aşkar edilməmişdir. xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 İddiaçı ilə xx.xx.2004-cü il tarixdə, xx.xx.2009-cu il tarixdə isə X5 ilə nikaha daxil olmuşdur. - xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin: 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; (Bu maddə 2025-ci il iyulun 1-dən qüvvəyə minir.) 12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; (Bu maddə 2025-ci il iyulun 1-dən qüvvəyə minir.) 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; 12.0.3-2. ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı, İddiaçı xx.xx.1995-ci il tarixdə X7 ilə, 07 fevral 2004-cü ildə isə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. Birinci nikah Şəki rayon Qeydiyat Şöbəsində, ikinci nikah isə Şəki şəhər İHB-nın Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində qeydə alınmışdır. İddiaçının, hazırkı iddia tələbini irəli sürməkdə əsası ondan ibarətdir ki, onun birinci nikahına xitam verilmədən ikinci nikahı qeydə alınmış, hazırda isə bu hal ona problem yaratmaqdadır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11.1-ci bəndində qeyd edilmişdir ki, nikahın etibarsız hesab olunması haqqında iddia ərizəsi icraata qəbul edilərkən nikahın həqiqiliyinin hansı əsasa görə mübahisələndirildiyi, iddiaçının bu əsas üzrə məhkəmədə iddia qaldırmaq hüququna malik şəxslər kateqoriyasına (Ailə Məcəlləsinin 26.1-ci maddəsi) aid olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nikah, iddiaçının bağladığı əvvəlki nikah pozulmadan bağlanmış, qeydiyyat şöbəsində əvvəlki nikahın pozulmasına dair qeyd aşkar edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməli və tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 07 fevral 2004-cü il tarixli, 05 nömrəli nikah etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar