Məhkəmə qərarları › İş №e-2(076)-1265/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1265/2024

27.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1265/2024 27.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə1 Cavabdehin vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan qızı X6 ilə birlikdə İddiaçı məxsus olan, ünvan 1 kəndi ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.31 ha torpaq sahəsindən çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2754/2017 saylı 29 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə mərhum X1 miras qalmış əmlaka iddiaçı və cavabdehlər vərəsə tanınmışlar. Bundan sonra ünvan 2 kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi onların paylı mülkiyyəti olaraq qeydə alınmışdır. Daha sonra Şəmkir Rayon Məhkəməsinin 2(076)-951/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə 4/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh və 1/6 hissəsi X4 adına Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında qeydə alınmış, ünvan 1 kəndində yerləşən 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 115.9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin 4/6 hissəsinin İddiaçı, 1/6 hissəsinin Cavabdeh və 1/6 hissəsinin X5 verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra 26 sentyabr 2023cü il tarixli 234/23 nömrəli Hərrac Yekunları barədə Protokola əsasən həmin əmlakın sonuncu hərracda alış qiyməti 35350 (otuz beş min üç yüzəlli) manat olaraq müəyyənləşdirilmişdir. Bundan sonra digər payçıların payına düşən 10047 (on min qırx yeddi) manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə hazırda iddiaçı məhkəmə qətnaməsi ilə hərracdan satılması qərara alınmış əmlakı hərracda alaraq cavabdehlərin payına düşən pul vəsaitini ödəmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək hazırda tam mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxmaqdan yayınır. Belə ki, cavabdeh qızını evləndirdikdən sonra evdən çıxacağını deyir. Qeyd edilənlərə əsasən Cavabdeh yetkinlik yaşına çatmayan qızı X6 ilə birlikdə İddiaçı məxsus olan, ünvan 1 kəndi ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.31 ha torpaq sahəsindən çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiaçının öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilməməsini əsas iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edək şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 424752 nömrəli mədaxil qəbzindən görünür ki, X3 hərrac üzrə xidmət haqqı və ona aid olan ƏDV-ni ödəmişdir. Ödəniş məbləğı cəmi 2085,65 manat olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 243/23 nömrəli Hərracın Yekunları barədə Protokoldan görünür ki, Satılan əmlak- ilkin satış qiyməti 50.000 (ǝlli min) manat məbləğində müəyyənləşdirilən, ümumi sahəsi 115.9 kv. metrdən ibarət, ünvan 1 kəndində 0.31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi olmuşdur. Hərracın qalibi İddiaçı olmuşdur. Əmlakın sonuncu qiyməti 35.350 manat müəyyən edilmişdir. (Alış qiyməti ödənilərkən qalib alıcı, eyni zamanda İddiaçı payının məbləği nəzərə alınmalıdır.) Hərracın nəticələrinə dair bu protokol ünvan 2 kənd kəndində 0.31 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 115.9 kv.metr olan fərdi yaşayış evinin dövlət qeydiyyatı orqanında yeni mülkiyyətçi İddiaçı adına dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şəmkir rayon İcra Şöbəsinin 189827/2021-12 saylı,xx.xx.2023-cü il tarixli sifarişi üzrə keçirilən açıq hərracda iştirak etmək üçün İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 xahiş etmiş, Hərraca çıxarılan əmlak 115.9 kv.metrdən ibarət olan, ünvan 1 kəndində 0.31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış əmlakdan ibarətdir, ərizəçi tərəfindən 1750 manat məbləğində beh pul ödənilmişdir. İş materiallarında olan RX ******* seriyalı **********90-10301 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışndan görünür ki, 115.9 kv.metrdən ibarət olan, ünvan 1 kəndində 0.31 ha torpaq sahəsində yerləşən əmlakın İddiaçı tam hüquqi sahibidir.(Qeydiyyat nömrəli 3********) İş materiallarında olan 2(104)-3451/2021 nömrəli xx.xx.2021-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, 2(076)-951/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə 4/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh və 1/6 hissəsi X4 adına Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında qeydə alınmış, ünvan 1 kəndində yerləşən 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 115.9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin 4/6 hissəsinin İddiaçı, 1/6 hissəsinin Cavabdeh və 1/6 hissəsinin X5 verilməsi qət edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, ünvan 1 kəndində yerləşən 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 115.9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətində olmuş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin 4/6 hissəsinin İddiaçı, 1/6 hissəsinin Cavabdeh və 1/6 hissəsinin X5 verilməsi qət edilmişdir. Bundan sonra mübahisəli fərdi yaşayış evi açıq hərracda satışa çıxarılan zaman əmlakın satış qiyməti 35350 manat müəyyən edilmiş, Cavabdeh 1/6 hissə və X4 1/6 hissə paylarının əvəzi (5891,6+5891,6, cəmi 11783 manat) iddiaçı tərəfindən ödənilərək (beh kimi 1750 manat+10036 manat) Hərrac Yekunları barədə protokol əsasında alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X9 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsə də bu məsələyə yuxarıda göstərilən qaydada X9 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Şəmkir rayon, Sabirkənd kənd ərazisində yerləşən 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 115.9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Lakin, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur. Azərbaycan Republikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllənin və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Qərarında göstərilən hüquqi mövqeyə görə mülki işə baxan məhkəmə formal həqiqəti müəyyən edir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh yetkinlik yaşına çatmayan qızı X6 ilə birlikdə ünvan 2 kəndi kəndi ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.31 ha torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan verilmiş tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan qızı X6 ilə birlikdə ünvan 2 kəndi ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.31 ha torpaq sahəsindən çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar