Məhkəmə qərarları › İş №e-2(076)-1446/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1446/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1446/2024 24.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən və Cavabdeh1 12000 (on iki min) manat məbləğində pulun və gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 744 manat pulun və ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun, cəmi 12872 (on iki min səkkiz yüz yetmiş iki) manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. 03 mart 2023-cü il tarixdə ünvan 2n "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 (VÖEN **********) ilə N057 nömrəli əmanət müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən 6 aylıq, illik 24 (iyirmi dörd) faiz dərəcəsi olmaqla 12000 (on iki min) manat məbləğdə əmanəti "xxxx" MMC-də yerləşdirmişdir. Müqaviləyə əsasən müddət bitdikdən sonra əmanət və ona hesablanmış faizi tələb etsə də "xxxx" tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Müqavilənin müddətinin bitməsinə baxmayaraq onun yerləşdirdiyi 12000 manat məbləğində pulu ona qaytarmır. Hətta o, "xxxx" MMC-yə rəsmi rəsmi bildiriş göndərərək, xx.xx.2023-cü il tarixli, 057 saylı Əmant müqaviləsinə əsasən ona əmanət üzrə 12000 manat borc, gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 744 manat borcunun mövcud olduğunu, qeyd edilənlərin nəzərə alınaraq xx.xx.2023-cü il tarixli, 057 saylı Əmant müqaviləsi üzrə yaranmış öhdəliyi tam şəkildə yerinə yetirməyi xahiş etmişdir. Bundan sonra dəfələrlə ofisinə getməsinə baxmayaraq MMC-nin işçisi depoziti ona qaytara biləcək səlahiyyəti olmadığını qeyd edərək, Cavabdeh1 müraciət etməli olduğunu bildirmişdir. Cavabdeh1 yerləşdirdiyi depoziti geri qaytarmasını tələb etdikdə ona tezliklə yerləşdirdiyi əmanəti qaytaracağını bildirmişdir. Ancaq sonuncu dəfə noyabr ayının əvvəlində görüşəndə pulunun olmadığını və 1-2 günə evini satıb ödəyəcəyini bildirmişdir. Artıq bir neçə gündür nə telefonlara cavab vermir, nə də onun harada olması ilə bağlı məlumat yoxdur. Pulumu geri tələb etmək üçün MMC-nin yerləşdiyi ofisə getmiş, lakin ofis bağlı olmuşdur. Sonradan Cavabdeh1 ölkədən qaçdığını müəyyən etmişdir. Ona görə də bu işin məhkəmə qaydasında həll edilməsi üçün iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək, verdiyi izahatında göstərdi ki, 03 mart 2023-cü il tarixdə "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi Cavabdeh1 ilə İddiaçı arasında 057 nömrəli əmanət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı 6 (altı) aylıq, illik 24 (iyirmi dörd) faiz dərəcəsi olmaqla, 12000 manat məbləğdə əmanət Cavabdeh1 verilmişdir. Əmanət müqaviləsində illik 24 faiz ödənilməsi nəzərdə tutulmuş və Cavabdeh1 İddiaçı hesabına ayrı-ayrı vaxtlarda 280.00 manat, 280.00 manat və 240.00 manat ödənişlər etmişdir. Hazırda Cavabdeh1 İddiaçı 12000 manat borcu qalmışdır. Ona görə də iddia tələbini 12000 manat borc hissəsində qəbul edir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin (VÖEN **********) müvəkkil edilmiş nümayəndəsi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 03 mart 2023-cü il tarixli, 057 nömrəli Əmanət müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı 6 (altı) aylıq, illik 24 (iyirmi dörd) dərəcəsi olmaqla, 12000 (on iki min) manat məbləğdə əmanəti "xxxx" MMC-də yerləşdirmiş, Təşkilat müştərinin müraciətinə əsasən onun nağd şəkildə və ya hesabına nağdsız şəkildə daxil olmuş vəsaiti əmanət hesabına yerləşdirilməsini, hesablanmış faiz məbləğlərini müştərinin tapşırığına əsasən cari və ya ödəniş kart hesabına köçürülməsini, Müştəri isə əmanət əsaslı kredit və ya kreditin xətti üzrə borcun müqavilədə müəyyən olunmuş müddətdə və əmanət üzrə müqavilənin son tarixindən gec olmamaq şərtilə ödənilməsini təmin etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı məxsus kart hesabına 280 manat, 280 manat və 240 manat ödənişlər edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, "xxxx" MMC-nin (VÖEN **********) nümayəndəsi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 03 mart 2023-cü il tarixli, 057 nömrəli Əmanət müqaviləsinə əsasən İddiaçı 6 (altı) aylıq, illik 24 (iyirmi dörd) faiz dərəcəsi olmaqla, 12000 (on iki min) manat məbləğdə əmanəti Cavabdeh1 vermişdir. İddiaçı tərəfindən Cavabdeh1 verilmiş puldan Cavabdeh1 tərəfindən ayrı-ayrı vaxtlarda 280 manat, 280 manat və 240 manat olmaqla cəmi 800 manat ödənişlər İddiaçı məxsus bank kartına ödənilmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" MMC-dən və Cavabdeh1 12000 (on iki min) manat məbləğində pulu və gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 744 manat pulu tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı, ona məxsus 12000 (on iki min) manat məbləğində pulu Cavabdeh1 təsisçisi olduğu "xxxx" MMC-nə yerləşdirməsini, yəni Cavabdeh1 verməsini təsdiq edən sübutunu, yəni tərəflər arasında bağlanmış 03 mart 2023-cü il tarixli, 057 nömrəli Əmanət müqaviləsini məhkəməyə təqdim etmişdir. Həmin Əmanət müqaviləsi ilə, həmçinin cavabdehin nümayəndəsinin izahatı ilə müəyyən olunur ki, ümumilikdə 12000 manat məbləğində pul iddiaçı tərəfindən Cavabdeh1 verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 944.2-ci maddəsinə əsasən əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. 945.1-ci maddəsinə əsasən pul vəsaitini əmanətlərə cəlb etmək hüququna qanunla müəyyənləşdirilmiş qaydada verilən xüsusi icazəyə (lisenziyaya) uyğun olaraq buna hüququ çatan banklar və poçt rabitəsinin milli operatoru malikdirlər. 945.2-ci maddəsinə əsasən hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər. Belə bir şəxs bank əmanəti müqaviləsinin şərtləri əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür müqavilə etibarsızdır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İddiaçı Cavabdeh1 verməklə illik 24 faiz olmaqla 6 ay müddətinə 12000 manat "xxxx" MMC-yə əmanət yerləşdirdiyini, cavabdehin müqavilənin şərtlərinə əməl etmədiyini göstərmiş olsa da, məhkəmə iclasında araşdırılmış sübutlarla tərəflər arasında qanunvericiliyə uyğun olaraq əmanət müqaviləsi bağlanmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 945.1-ci maddəsinin tələbindən də göründüyü kimi pul vəsaitini əmanətlərə cəlb etmək hüququna qanunla müəyyənləşdirilmiş qaydada verilən xüsusi icazəyə (lisenziyaya) uyğun olaraq buna hüququ çatan banklar və poçt rabitəsinin milli operatoru malik olduqları halda mübahisə predmeti olan 03 mart 2023-cü il tarixli, 057 nömrəli Əmanət müqaviləsi "xxxx" MMC ilə İddiaçı arasında bağlanmışdır. Həmin müqaviləyə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəlləninin 945.1-ci maddəsinə əsasən pul vəsaitini əmanətlərə cəlb etmək hüququna qanunla müəyyənləşdirilmiş qaydada verilən xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - banklar və poçt rabitəsinin milli operatoru həyata keçirə bilərlər. İşdə iştirak edən şəxslərin izahatlarından və işin araşdırılmış hallarından aşkar olaraq müəyyən olunur ki, iddiaçı belə xüsusi razılığa malik deyil. Göründüyü kimi hüququ çatmayan şəxs tərəfindən müqavilə bağlanaraq fiziki şəxsdən əmanət qəbul olunduğu üçün müqavilə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 03 mart 2023-cü il tarixdə bağlanmış 057 nömrəli İddiaçı məxsus 12000 manat məbləğində pulun kredit təşkilatına əmanət kimi yerləşdirilməsinə dair müqavilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlanmadığından etibarsızdır. Bununla belə Cavabdeh1 və İddiaçı tərəfindən imzalanmış yazılı qəbzlə (Əmanət müqaviləsi), eyni zamanda işdə iştirak edən şəxslərin izahatı ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən Cavabdeh1 verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında ümumilikdə 12000 manat pulun cavabdehə verilməsinə dair bağlanmış əmanət müqaviləsi qanunvericiliyin tələblərinə zidd olsa da, cavabdeh tərəfindən imza edilən həmin müqavilədə pulun iddiaçı tərəfindən cavabdehə verilməsi, iddiaçının izahatı və cavabdehin nümayəndəsinin etirafı ilə təsdiq edilir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, eyni zamanda 12000 manat pul cavabdehlərdən Cavabdeh1 verildiyindən, həmin məbləğdə pul yəni 12000 (on iki min) manat pul Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 744 manat pul hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh1 iddiaçıya olan borcunu gecikdirdiyindən onun gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsini tələb etmək hüququ yaranmış olsa da, Cavabdeh1 tərəfindən iddiaçıdan aldığı 12000 manata görə artıq 800 manat məbləğində pul İddiaçı qaytarıldığından, həmçinin həmin məbləğdə pul iddiaçının tələb etdiyi gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu olan 744 manat məbləğində pulu əhatə etdiyindən iddia tələbi həmin hissədə əsassızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 12000 (on iki min) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən 125.85 (bir yüz iyirmi beş manat səksən beş qəpik) manat dövlət rüsumu da Cavabdeh1 iddiaçının hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 12000 (on iki min) manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh1 125.85 (bir yüz iyirmi beş manat səksən beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar