Məhkəmə qərarları › İş №e-2(076)-1548/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1548/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1548/2024 02.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızı, İddiaçı ASC-in cavabdeh, Cavabdeh qarşı “borcun alınması tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC Cavabdeh qarşı “borcun alınması tələbi barədə” iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ”Azər-Türk Bank” ASC (bundan sonra “Bank”) ilə cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 26 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində RRN**********45 nömrəli kredit əməliyyatının müvafiq bank tərəfindən təsdiqinə (“presentment”) dair Banka məlumat təqdim olunmadığından, qeyd olunan əməliyyat blokdan çıxarılaraq vəsait geri çəkilmişdir. Bununla əlaqədar olaraq Banka 207.50 ( iki yüz yeddi manat, əlli qəpik) manat həcmində ziyan dəymişdir. Qeyd edilən əsasdan Cavabdeh Bankın hesabına 207.50 ( iki yüz yeddi manat, əlli qəpik) manat məbləğində əsassız varlanmışdır. Müqavilənin 2.7-ci bəndinə əsasən, borcluya ödənilmiş vəsait geri qaytarıldıqda, borclunun hesabında kifayət qədər vəsait olmadığı halda borclunun ödəniş kartına bağlı olan hesabda borc məbləği yaradılır və bu məbləğ sonradan borclu tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Göründüyü kimi, cavabdeh ilə Bank arasında olan 26 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 18 yanvar 2024-cü il tarixli, 6-3/07/05-648 saylı pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hаl-hаzırdа borclunun, Müqaviləyə əsаsən «Аzər– Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn bоrcu 207.50 ( iki yüz yeddi manat, əlli qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış, 26 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilədən görünür ki, bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart Cavabdeh təhvil verilmiş və onun istifadəsində olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh, 26 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə üzrə banka 207.50 (iki yüz yeddi manat, əlli qəpik) məbləğində borcu qalmışdır. İş materiallarında olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsində göstərilir ki, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmçinin, həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Rеspublikasının Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən cəmi 207.50 (iki yüz yedimanat, əlli qəpik) manat məbləğində borc alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 26 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə üzrə, 207.50 (iki yüz yedimanat, əlli qəpik) manat məbləğində borc alınıb İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar