Məhkəmə qərarları › İş №e-2(076)-1912/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1912/2025

06.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1912/2025 06.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X33 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçılar: İddiaçı1, İddiaçı4, İddiaçı2 Səttar qızının, onların və İddiaçı3 nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh: X5, onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Səttar qızının və İddiaçı3 cavabdehlər Cavabdeh3, X8 və Cavabdeh1 qarşı miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Səttar qızı və İddiaçı3 cavabdehlər Cavabdeh3, X8 və Cavabdeh1qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qardaşları X6 miras qalmış ünvan 1 ünvanda yerləşən, xx.xx.2023–cü ildə qeydə alınmış ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə onların mərhum valideynlərinə düşəcək paylarının müəyyən olunması, mərhum X3 və mərhum anaları X4 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşəcək miras paylarının müəyyən olunması və 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X3 ilə anaları X9 1953– cü ildə faktiki ailə qurmuşlar. xx.xx.1961–ci ildə aralarındakı nikah Çinarlı qəsəbə nümayəndəliyində rəsmi qeydə alınmışdır. Onların nikahından 6 uşaq doğulmuşdur: Kifayət Səttar qızı–xx.xx.1954, Dilarə Səttar qızı–xx.xx.1956, Sənubər Səttar qızı–xx.xx.1959, İlqar Səttar oğlu–xx.xx.1961, Şahlar Səttar oğlu–xx.xx.1965, Qoşqar Səttar oğlu–xx.xx.1967. X3 xx.xx.1997–ci ildə, anaları X9 xx.xx.2001–ci ildə vəfat etmişdir. Onlardan Şəmkir rayonu, Çinarlı qəsəbəsində fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi miras qalmışdır. X10 xx.xx.2012–ci ildə vəfat etmişdir. Cavabdehlər İlhamə, onun həyat yoldaşı, Jalə və Zərqələm qızlarıdır. Valideynlərinin və qardaşlarının vəfatından sonra onlar miras mülkdə yaşamaqla, miras mülki idarə etməklə mərhum valideynlərindən və qardaşlarından qalan mirası cavabdehlərlə birlikdə qəbul etmişlər. Onlar da mərhum valideynlərindən qalan miras əmlakı həm faktiki, həm də rəsmi qaydada qəbul etməklə miras əmlaka qanun üzrə vərəsə tanınmışlar. Mərhum qardaşlarından ünvan 2 ünvanda həyətyanı torpaq sahəsi, mərhum ata və analarından isə həm ev, həm də evin yerləşdiyi həyətyanı torpaq sahəsi qalmışdır. Bu səbəbdən onlar mərhum valideynlərindən qalan miras əmlakla bağlı mülkiyyət hüququna dair çıxarış əldə etmək istəyirlər, lakin üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi miras əmlakla bağlı mərhum valideynlərinin adına çıxarış verməkdən imtina edir. Əsas olaraq göstərir ki, təqdim etdikləri 468 inventar nömrəli texniki pasportda qeyd edilən fərdi yaşayış evinin bir hissəsinin də yerləşdiyi 0.06 ha torpaq sahəsi cavabdehlərin və məhrum qardaşları Qoşqarın mülkiyyətinə verilmişdir. Eyni zamanda qeyd olunan torpaq sahəsinin giriş və çıxışı Cavabdeh3 məxsus çıxışa aid hissədədir. Onlar hesab edirlər ki, cavabdehlərin qanunsuz və əsassız hərəkətlərinə görə mərhum valideynlərindən və qardaşlarından miras qalmış əmlakla bağlı mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırıb həmin əmlakla bağlı sərəncam verə bilmirlər. Belə ki, valideynləri birgə nikah müddətində Şəmkir rayonunda fəaliyyət göstərmiş sabiq Həzi Aslanov adına sovxoz tərəfindən ayrılmış 0.15 ha həyətyanı torpaq sahəsində 1959–cu ildə fərdi yaşayış evi inşa etmişlər. Texniki pasportda evin yerləşdiyi həyətyanı torpaq sahəsi faktiki olaraq 2280 ha göstərilmişdir. DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin arayışına əsasən, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 103 ünvanında yerləşən ümumi sahəsi 119.7 kv.m, 3 yaşayış otağından ibarət, 1959–cu ildə inşa edilmiş fərdi yaşayış evinə dair X11 adına 02 noyabr 1987–ci il tarixli 468 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Dəfələrlə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edib mərhum valideynlərindən qalan miras əmlakın dövlət qeydiyyatına alınmasını xahiş etmişlər, lakin DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi bir neçə dəfə miras mülkdə ölçmə işləri aparsa da, həmin ölçmə işlərinin nəticəsi barədə onlara məlumat verməkdən imtina etmişdir. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinə müraciət etmişlər və məhkəmə vasitəsilə müvafiq ekspertiza təyin olunmuş, araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, iddiaçının (yəni İddiaçı1) X7 miras qaldığını iddia etdiyi Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami Gəncəvi küçəsi, 103 ünvanında yerləşən 151.81 kv.m–dək fərdi yaşayış evinin 50.42 kv.m–dək hissəsi xx.xx.2023–cü il qeydiyyat tarixli **********49 reyestr nömrəli çıxarışla Cavabdeh3, X12 və X5 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin hüdudları daxilindədir. Dəfələrlə cavabdehlərə təklif etmişlər ki, öz aralarında razılaşsınlar və notariat kontoruna birlikdə ərizə verərək qanun üzrə vərəsəlik hüquqlarını dövlət qeydiyyatına aldırsınlar. Lakin cavabdehlər razılıq verməmişlər. Bu səbəbdən də məcbur olub hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. İstəyirlər ki, məhkəmə onları mərhum qardaşları Qoşqardan qalan miras əmlaka – Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 103 ünvanında yerləşən 0.02 ha həyətyanı torpaq sahəsinə görə mərhum valideynlərinə düşən paya və mərhum valideynlərindən miras qalan, həmin ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşən miras payına qanun üzrə miras paylarını müəyyən etsin. Valideynləri sağ olmadığı üçün hesab edirlər ki, mərhum qardaşları Qoşqardan qalan miras əmlaka görə mərhum valideynlərinə düşəcək mirasdan pay almalıdırlar. Cavabdehlərlə aralarında belə bir razılıq olmadığı üçün məhkəməyə müraciət etmişlər. Odur ki, mərhum qardaşları X6 miras qalmış ünvan 1 ünvanda yerləşən, xx.xx.2023–cü ildə qeydə alınmış ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə onların mərhum valideynlərinə düşəcək paylarının müəyyən olunması, mərhum X3 və mərhum anaları X4 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşəcək miras paylarının müəyyən olunması və 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası zamanı iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Səttar qızı, onların və İddiaçı3 nümayəndəsi (vəkil) Nümayəndə əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclası zamanı cavabdeh X17 nümayəndəsi (vəkil) Vəkil2 təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs, o cümlədən digər cavabdehlər mərhum X11 ailə üzvləri olmaqla, sonuncudan miras qalmış əmlakı qəbul etmişlər. Belə ki, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi mülkiyyət hüququ üzrə cavabdehlərin adına qeydə alınmışdır. xx.xx.2025–ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında həmin evin və torpaq sahəsinin 4/9 hissəsi X5, torpaq sahəsinin 4/9 hissəsi Cavabdeh3 və torpaq sahəsinin 1/9 hissəsi Cavabdeh1 tam mülkiyyət hüququ DƏDR–də qeyd edilmiş, eləcə də X5 adına fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. Hesab edir ki, mübahisəli miras əmlak qanuni əsaslarla cavabdehlərin mülkiyyətindədir və bununla bağlı hüquq müəyyənedici sənədlər vardır. Həmçinin, cavabdehlər uzun müddət miras əmlakla bağlı heç bir orqana müraciət etməmiş və susmuşlar. Belə olan halda iddiaçıların hazırki iddiasını əsassız hesab edir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh X17 ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, üçüncü şəxslər DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və üçüncü şəxs qismində cəlb edilmiş X18 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına heç bir üzrlü səbəb olmadan gəlməmişlər. Məhkəmə, gəlməyən şəxslərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamələrdən gprünür ki, X19 xx.xx.1997–ci ildə, X9 xx.xx.2001–ci ildə vəfat etmişlər. İşdə olan Şəmkir RİH Başçısının Çinarlı qəsəbə İƏD üzrə nümayəndəsinin 649 nömrəli xx.xx.2022–ci il tarixli arayışından görünür ki, X9 ölən günədək Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşamışdır. Vəfat etdikdən sonra təsərrüfatında ailə üzvləri–gəlini Cavabdeh3 Mehti qızı, nəvəsi X20, nəvəsi X13, nəticəsi X24, nəticəsi X21, nəticəsi X15 qalmışdır. Mərhumun hal–hazırda yaşayan övladları aşağıdakılardır: 1. Qızı– İddiaçı4 (Sumqayıt şəhər qeydiyyatı), 2.Qızı– İddiaçı2 Səttar qızı (Gəncə şəhər qeydiyyatı), 3. Qızı– X16 (Gəncə şəhər qeydiyyatı), 4.Oğlu–X25 (Qazaxıstan Respublikası qeydiyyatı), 5. Oğlu– İddiaçı1 (Şəmkir rayonu Çinarlı qəsəbə qeydiyyatı). İşdə olan 11 saylı Şəmkir Ərazi İdarəsinin arayışından görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 103 ünvanında yerləşən ümumi sahəsi 119.7 kv.m, 3 yaşayış otağından ibarət, 1959–cu ildə inşa edilmiş fərdi yaşayış evinə dair X11 adına 02 noyabr 1987–ci il tarixli 468 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Göstərilən əmlakın özgəninkiləşdirilməsi ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsində məlumat yoxdur. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2023–cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh3, X5 və X12 ümumi birgə payı olaraq xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan A seriyalı 936405 nömrəli xx.xx.2023–cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN–222F, xx.xx.2006–cı il tarixli şəhadətnaməyə əsasən Cavabdeh3 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN–222F, KOD 50402016 olan şəhadətnamədən görünür ki, Şəmkir rayonu AİK–nın xx.xx.1999–cu il tarixli qərarına əsasən 0.06 ha torpaq sahəsi X12, Cavabdeh3 və X5 mülkiyyətinə verilmişdir. İşdə olan X5 adına verilmiş, **********49 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2025–ci il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 4/9 hissəsi Cavabdeh3, 4/9 hissəsi X5, 1/9 hissəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2025–ci il tarixdə tərtib olunmuşli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2025–ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X17 və başqalarının xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İşdə olan "xxxx" MMC–nin təqdim etdiyi arxiv sənədlərinin təqdim edilməsi barədə arayışdan görünür ki, Şəmkir rayonu, Çinarlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 222–ci sıra nömrəsi ilə 0.06 ha həyətyanı torpaq sahəsi X12, Cavabdeh3, X5 mülkiyyətinə verilmişdir. İşdə olan 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami Gəncəvi küçəsi, 103 ünvanında yerləşən 151.81 kv.m–dək fərdi yaşayış evinin 50.42 kv.m–dək hissəsi xx.xx.2023–cü il qeydiyyat tarixli **********49 reyestr nömrəli çıxarışla Cavabdeh3 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin hüdudları daxilindədir. Qeyd olunan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi faktiki olaraq Cavabdeh3 istifadəsindədir. İşdə olan X5 adına verilmiş, **********49–10301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2025–ci il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, yeni qaydalarla: AZ5713, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 179.60 kv.m olan fərdi yaşayış evi X5 qızının adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN–388E, KOD 50402016 olan şəhadətnamədən görünür ki, Şəmkir rayonu AİK–nın xx.xx.1999–cu il tarixli qərarına əsasən Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160–cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256–cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər Həmin Məcəllənin 1272–ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların X3 xx.xx.1997–ci ildə, anaları X9 xx.xx.2001–ci ildə vəfat etmişdir. Onların hal–hazırda yaşayan övladları– İddiaçı4 (Sumqayıt şəhər qeydiyyatı), İddiaçı2 Səttar qızı (Gəncə şəhər qeydiyyatı), X16 (Gəncə şəhər qeydiyyatı), X25 (Qazaxıstan Respublikası qeydiyyatı) və İddiaçı1 (Şəmkir rayonu Çinarlı qəsəbə qeydiyyatı) ibarətdir. Sonuncu övladları (iddiaçıların qardaşları) Qoşqar 2012–ci ildə vəfat etmişdir. İş üzrə cavabdehlər Qoşqarın ailə üzvləridir. Şəmkir rayonu AİK–nın xx.xx.1999–cu il tarixli qərarına əsasən 0.06 ha torpaq sahəsi X12, Cavabdeh3, X5 mülkiyyətinə verilmişdir. X22 2012–ci ildə vəfat etmiş, xx.xx.2025–ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasında sözügedən torpaq sahəsinin 4/9 hissəsi üzərində Cavabdeh3, 4/9 hissəsi üzərində X5, 1/9 hissəsi üzərində Cavabdeh1 payları müəyyən edilərək mülkiyyət hüquqları paylarına müvafiq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025–ci il tarixdə qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi üzərində 1959–cu ildə inşa edilmiş və hazırda cavabdehlərin yaşadıqları fərdi yaşayış evinə dair iddiaçıların atasının – mərhum X11 adına 02 noyabr 1987–ci il tarixli 468 inventar nömrəli texniki pasport tərtib edilmişdir. xx.xx.2025–ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsi, yeni qaydalarla: AZ5713, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 179.60 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində X5 qızının adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Hazırda iddiaçılar 0.06 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə onların mərhum valideynlərinə düşəcək payının müəyyən olunmasını, mərhum valideynlərindən miras qalmış fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşəcək miras paylarının müəyyən olunmasını tələb edirlər. Məhkəmə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145–ci maddəsi). Mülki Məcəllənin 1146–cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Hazırkı mübahisədə evə münasibətdə miras qoyan valideynlər 1997–ci ildə və 2001–ci ildə vəfat etmişlər. Bununla da miras həmin tarixlərdən açılmış hesab olunur. İddiaçıların valideynləri 1997 və 2001–ci illərdə vəfat etdiyindən qətnamə Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 217.2–ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçıların ataları vəfat edən dövrdə Azərbaycan SSR–in 1964–cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 552–ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İddiaçıların anaları vəfat edən dövrdə və hazırda qüvvədə olan Mülki Məcəllənin 1243–cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99–cu bəndinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: –vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; –mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; –mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; –mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; –miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, “valideynlərimizin və qardaşımızın vəfatından sonra biz iddiaçılar miras mülkdə yaşamaqla, miras mülki idarə etməklə mərhum valideynlərimizdən və qardaşımızdan qalan mirası cavabdehlərlə birlikdə qəbul etmişik. Biz də mərhum valideynlərimizdən qalan miras əmlakı həm faktiki, həm də rəsmi qaydada qəbul etməklə miras əmlaka qanun üzrə vərəsə tanınmışıq”. İddiaçılar mirasın açıldığı gündən ən gec 6 ay ərzində müvafiq notariat ofisinə miras əmlakı qəbul etməsi barədə ərizə ünvanlamalı idi (formal üsul) və ya miras əmlaka faktiki sahiblik edərək onu idarə etməli idi (qeyri–formal üsul). İşin mübahisəsiz halı odur ki, mirasın açıldığı tarixdən 6 aylıq müddət ərzində iddiaçılar tərəfindən miras əmlakı qəbul etməsinə dair hər hansı bir ərizə müvafiq notariat ofisinə ünvanlanmamışdır, yəni mirası qəbul etmək üçün müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfdən formal üsulla miras qəbul edilməmişdir. Qeyri–formal üsula nəzər saldıqda isə, iddiaçı tərəf hər nə qədər iddia ərizəsində faktiki olaraq miras əmlakları qəbul etdiklərini, idarə etdiklərini iddia etsə də, faktiki olaraq miras əmlakı qəbul etdiklərinə dair və ümumiyyətlə, öz iddialarını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi hər iki Mülki Məcəllənin və qeyd olunan Təlimatın tələbinə görə iddiaçılar tərəfindən mirasın hansısa formada qəbul edilməsi hər hansı bir sübutla təsdiq edilmir. Baxmayaraq ki, bu halları sübut etmək yükü onların üzərinə düşür, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, iddiaçılardan İddiaçı4 daimi olaraq Sumqayıt şəhərində, İddiaçı2 Səttar qızı və X2 şəhərində, üçüncü şəxs X1 Respublikasında daimi qeydiyyatda olmaqla, yaşayırlar. İddiaçı1 isə Şəmkir rayonu Çinarlı qəsəbəsində qeydiyyatda olsa da Şəmkir rayonu AİK–nın xx.xx.1999–cu il tarixli qərarına əsasən onun və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsindəki evində yaşayır. Cavabdehlər isə mirası qəbul etmişlər. İddiaçılar və üçüncü şəxs İlqar Qarayev ailə qurduqları üçün başqa ünvana köçmüş, miras əmlakla əlaqələri kəsilmiş, həmçinin mirası faktiki qəbul edəcək hərəkətlər etməmiş, notariat orqanına ərizə verməmişlər. Bununla da öz subyektiv vərəsəlik hüquqlarını həyata keçirməmişlər. Məhkəmə hesab edir ki, hazırkı mübahisəli münasibətlər Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273–1–ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023–cü il tarixli qərarı qəbul edilməmişdən əvvəl yarandığından, eyni zamanda iddia ərizəsi həmin Plenum Qərarı qəbul edildikdən sonra məhkəməyə verildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246– cı maddəsi tətbiq olunmalıdır. Belə ki, qərarda qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Bundan əlavə, iddiaçıların 28 ildən artıq bir müddətdə susmaları, yəni miras əmlakların cavabdehlərin və onların mərhum atasının mülkiyyətində olmasını bildikləri halda bu vaxta qədər vərəsəliyə dair hansısa mübahisə açmamaları da hazırkı iddianın xoş niyyətlə irəli sürülmədiyinə dəlalət edir. Belə ki, iddiaçılar valideynlərinin, onlarla bir evdə yaşamış mərhum qardaşları Qoşqarın vəfat etdiyi tarixləri (mirasın açılmasını) bilmiş, lakin həmin vaxtdan sonra da miras əmlaka dair iddiaları olmamışdır. Məhkəmə, yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı1 və qeyrilərinin Cavabdeh3 və qeyrilərinə qarşı miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunmasına dair iddiası rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1–ci maddəsinə əsasən sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Səttar qızının və İddiaçı3 cavabdehlər Cavabdeh3, X8 və Cavabdeh1 qarşı miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X39

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar