Məhkəmə qərarları › İş №e-2(076)-1929/2024

Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(076)-1929/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1929/2024 25.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 6000 manat pulun alınaraq ona ödənilməsinə, həmçinin tərəfindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun və vəkilə ödədiyi 300 manat məbləğində pulun da cavabdehə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında ** DU *** dövlət qeydiyyat nişanlı Ford Fusion minik markalı avtomobilə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə Cavabdeh 24 ay müddətinə hər ay 250 manat olmaqla cəmi 6000 manat məbləğində pulu ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini müqavilə bağlanan gündən bu günə kimi icra etməmişdir. Hazırda cavabdehin 6000 manat borcu vardır. Lakin o, borcunu ödəmir. Ona görə də o pretenziya qaydasında ona müraciət edərək 10 (on) gün müddətində aralarında olan müqavilənin şərtlərinin icra edilməsini, əks halda pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin o, buna məhəl qoymamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2023-cü il tarixli 845 nömrəli icarə müqaviləsindən görünür ki, Səmədov X1 Rövşən Zəfər oğluna Ford Fusion (texpasport **- DU-***)markalı avtomobilini 24 ay müddətinə aylıq 250 manat hesablamaqla 6000 manat məbləğində avtomobili icarəyə verir. Cavabdeh cədvəldə qeyd olumuş məbləği, qeyd olunan tarixə ödəniş edib avtomobilin hüquqi sahibinə keçməlidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtinə görə müqavilə üzrə ödəniş müddətindən 15 gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə, icarə verən icarə alana telefon vasitəsi ilə xəbərdarlıq edərək avtomobili 3 gün ərzində geri tələb edə bilər. İcarə alan tələbi yerinə yetirmədiyi təqdirdə və icarədə olan avtomobili gizlədərsə, icarə verən məhkəməyə müraciət etmədən icarə predmeti olan avtomobili geri almaq üçün X2 axtarışa verə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 21 iyul 2023-cü il tarixdə “Ford Fusion” minik markalı, **- DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 845 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh 24 ay müddətinə hər ay 250 manat ödəniş etmək şərti ilə “Ford Fusion” minik markalı, 2008-ci il buraxılışlı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş və tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən icarə alan müqavilə üzrə müəyyənləşdirilmiş aylıq 250 manat hesablanmaqla 24 ay müddətinə 6000 manat məbləğində icarə verənə ödəniş edib avtomobilin hüquqi sahibinə keçməli idi. Lakin, icarə alan Cavabdeh icarə müqaviləsi üzrə müəyyənləşdirilmiş icarə haqqını ödəməmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı iddia tələbində ödənilməmiş icarə haqqı olan 6000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və iddiaçı icarəyə verdiyi avtomobilə görə cavabdeh tərəfindən ödənilməmiş 24 aylıq icarə haqqı üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasəm icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 6000 (altı min) manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin iddianın "300 manat vəkil xidmət haqqının cavabdehdən alınması" hissəsini əsaslı hesab edir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli ödəmə qəbzindən görünür ki, Sumqayıt Regional Vəkil Bürosunun hesabına xx.xx.2024-cü il tarixdə 300 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı mülki işin hallarını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 300 manat pulun alınıb iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i̇ İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 (səksən) manat və vəkilin göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Şəmkir Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar