Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-272/2025 09.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, JN–337A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin ona qaytarılması, həmçinin 600 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.1998–ci il tarixdə JN–337A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən ona Şəmkir rayonu, Sabirkənd kəndində 0.10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini maddi imkansızlıqdan hasara almamış, bundan istifadə edən cavabdeh qardaşı torpaq sahəsini zəbt etmişdir. Bundan sonra həmin torpaq sahəsinin yerində ona göstərilməsi ilə bağlı DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin oradan bildirilmişdir ki, cavabdeh torpağa baxış keçirilməsinə icazə vermir. Torpaq sahəsini öz adına sənədləşdirmək istəsə də, cavabdeh həmin torpaq sahəsini zəbt etdiyindən və başqa şəxslərə icarəyə verdiyindən bu mümkün olmamışdır. Cavabdehdən ona məxsus torpaq sahəsini könüllü olaraq boşaltmasını tələb etsə də, cavabdeh onunla razılaşmamış və torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, JN–337A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin ona qaytarılması, həmçinin 600 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəməyə “iddia həcminin artırılması barədə” əlavə ərizə təqdim edərək, həmçinin mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pulun da cavabdehdən alınmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 53 saylı qərarı ilə təmsil etdiyi şəxsin mülkiyyətinə Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə iddiaçının adına JN–337A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin cavabdeh həmin torpaq sahəsini özbaşına zəbt edərək, təyinatına uyğun istifadə etmişdir. Təmsil etdiyi şəxs dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh ona məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Hesab edir ki, cavabdehin sahibliyi qanunsuzdur. Belə ki, iddiaçı qanuni əsaslarla mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, öz hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Ona görə də cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Odur ki, JN–337A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında iddiaçının mülkiyyətində olan, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin iddiaçıya qaytarılması, həmçinin 600 manat vəkil xidmət haqqının və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan JN–337A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 53 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025–ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN–337A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında iddiaçının mülkiyyətində olan, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh istifadəsindədir. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2025–ci il tarixli 3–16–16/2– 10/3441/2025 nömrəli rəyindən görünür ki, JN–337A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında iddiaçının mülkiyyətində olan, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh istifadəsindədir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 53 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə iddiaçının adına JN–337A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin torpaq sahəsi bütünlüklə cavabdeh tərəfindən istifadə edilir. İddiaçı dəfələrlə həmin torpaq sahəsini könüllü olaraq qaytarmağı təklif etmiş, lakin cavabdeh iddiaçıya məxsus torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə qanunsuz zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh JN–337A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə, həmçinin iddianın “600 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli müqavilədən görünür ki, İddiaçı həmin tarixdə Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamış və müqavilənin 2.1–ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 600 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 300 manat məbləğində pulun alınıb iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul da cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Belə ki, işdə olan xx.xx.2025–ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına 95 manat pul ödənilmişdir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh JN–337A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılsın, həmin torpaq sahəsi iddiaçıya qaytarılsın. Cavabdeh 300 (üç yüz) manat vəkil xidmət haqqı, 95 (doxsan beş) manat mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş rüsum olmaqla, cəmi 395 (üç yüz doxsan beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №e-2(076)-272/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-272/2025
09.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver