Məhkəmə qərarları › İş №e-2(076)-796/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-796/2025

21.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-796/2025 21.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı xx.xx.2019-cu il tarixli 4Ə- 2979 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı xx.xx.2019-cu il tarixli 4Ə- 2979 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Şəmkir rayonu Keçili Bələdiyyəsi ilə Cavabdeh1 arasında 21 dekabr 2019-cu ildə Şəmkir rayon 1 saylı notariat ofisində bağlanmış 4Ə-2879 reyestr saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun həmkəndlisidir. Onu kənd sakini kimi tanıyır və onunla hər hansı bir ədavəti və düşmənçiliyi yoxdur. Digər cavabdeh Şəmkir rayonu Keçili Bələdiyyəsi də kəndlərinin bələdiyyəsidir. Təxminən 20 il bundan əvvəl yaşadığı kəndin ərazisində 0.06 ha həyətyanı torpaq sahəsindən mübahisəsiz istifadə edir. 10 ildən çoxdur ki, həmin torpaq sahəsində istilikxana qurmuş və həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edir. Həm öz ailəsinin, həm də kənd sakinlərinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəyir. 2019-cu ilin dekabr ayının 21-də cavabdeh Şəmkir rayonu Keçili Bələdiyyəsi onun 20 ilə yaxın müddətdə mübahisəsiz istifadə etdiyi torpaq sahəsini Şəmkir rayon 1 saylı Notariat ofisində 4Ə-2879 reyestr saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, qeyd olunan alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, həmin müqavilə əsasında üçüncü şəxs, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən cavavdeh Cavabdeh1 adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv olunmalıdır. X2 mübahisə predmeti olan torpaq sahəsini Cavabdeh1 satarkən həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsində olduğundan yüklü hesab olunurdu. Qeyd etdiyi kimi o 20 ilə yaxındır ki, mübahisə predmeti olan torpaq sahəsindən mübahisəsiz istifadə edirdi. Artıq onun həmin torpaq sahəsindən istifadə hüququ yaranmışdır və həmin torpaq sahəsi ilə bağlı o mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə də müraciət edə bilərdi. Cavabdeh1 onu kənd sakini olaraq yaxşı tanıyır. Hazırda mübahisə predmeti olan torpaqdan onun uzun müddət istifadə etdiyini, həmin torpaqda yaxşılaşma aparmağını, həmin torpaqdan 20 ilə yaxın müddətdə istifadə etməyini, həmin torpaq üzərində 10 ildən çoxdur ki, istilikxana qurduğunu, həmin istilikxanadan təyinatı üzrə istifadə etdiyini yaxşı bilir. Bunu bildiyi halda həmin torpaq sahəsini əldə etməkdə vicdanlı hesab oluna bilərmi? Yaxud əksinə. Bələdiyyə həmin torpağın onun faktiki istifadəsində və sahibliyində olmasını bildiyi halda həmin torpaq sahəsini onlara sata bilərdimi? Təbii ki, sata bilməzdi. Əvvala ona görə ki, qeyd etdiyi kimi torpaq sahəsi boş deyildir. Həmin torpaq sahəsi üzərində onun tərəfindən inşa olunmuş istilikxana var idi. Satıcı alıcıya lazımı keyfiyyətdə mal satmamışdır. Satıcı onun olmayan, özgəsinin əmlakına dair sərəncam vermişdir. O mübahisə predmeti olan torpaq sahəsindən qeyd etdiyi kimi 20 ildən çoxdur ki, istifadə edirdi. 10 ilə yaxındır ki, həmin torpaq sahəsində istilikxana qurmuşdur. Həmin torpaq sahəsi rəsmi qaydada satışa çıxarılırdısa həmin torpaq sahəsi ilkin olaraq almaq üçün ona təklif olunmalı idi. Onun həmin torpaq sahəsini almaq üçün üstünlük hüququ var idi. Lakin cavabdeh Bələdiyyə bu qaydalara əməl etməmişdir. Bununla da qeyd olunan qanun normalarını kobudluqla pozmuşdur. Buna görə də o hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, torpaq sahəsi iddiaçının 20 il faktiki istifadəsində olmuşdur. İddiaçı həmin torpaq sahəsində 10 il olar ki istilikxana inşa etdirmişdir. X3 iddiaçının istifadə huquqlarını pozmuş və həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Keçili Bələdiyyəsi diğər şəxsin istifadəsi ilə yüklü olan torpaq sahəsini qanunsuz olaraq başqa şəxsə satmışdır. İddiaçı torpaq sahəsini neçə illərdir istifadə etmiş və torpaq sahəsində yaxşılaşdırma işləri aparmışdır. Keçili Bələdiyyəsi torpaq sahəsini satdığı zaman bu barədə təklifi ilkin olaraq iddiaçıya göndərməliydi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o məhkəməyə iddiaçının torpaq sahəsindən çıxarılmasına dair ərizə ilə müraciət etmişdir. O Keçili Bələdiyyəsi ilə alqı-satqı müqaviləsi bağlayaraq torpaq sahəsini almışdır. İddiaçı heç bir hüquqi əsası olmadan torpaq sahəsini zəbt etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 həmin kənddə yaşadığı üçün torpaq sahəsi ona alqısatqı müqaviləsi əsasında satılmışdır. Torpaq sahəsinin sotu 300 manata satılmışdır. Torpaq həyətyanı torpaq sahəsidir. Keçili Bələdiyyəsi dəfələrlə iddiaçıya mübahisəli torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətlər göndərmişdir. Lakin iddiaçı torpaq sahəsini sənədləşdirməmiş və həmin sahəni zəbt etmişdir. 2018-ci ildə iddiaçıya Keçili Bələdiyyəsi tərəfindən bildiriş göndərilərək torpaq sahəsinin zəbtdən azad edilməsini xahiş etmişdir. Buna görə də torpaq sahəsi digər şəxsə satılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.0698 ha həyətyanı torpaq sahəsi Keçili Bələdiyyəsinin tam mülkiyyətindədir. İşdə olan Keçili Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 23 saylı protokolundan görünür ki, Keçili Bələdiyyəsi ərazisində yerləşən Dövlət Reyestrində Keçili Bələdiyyəsinin adına xx.xx.2019-cu il tarixli **********20 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.0698 ha torpaq sahəsi 2000 manata Cavabdeh1 satılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şəmkir Rayonu Keçili Bələdiyyəsi Cavabdeh1 Şəmkir rayonu, Xuluf kəndində yerləşən ümumi sahəsi 0.0698 ha olan torpaq sahəsini 2000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.0698 ha yaşayış məntəqələrinin torpaqları Şəmkir rayonu 1 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-2879 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.0698 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 tam mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Ə.İbrahimovun şikayəti üzrə” 12.04. 2004-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.” Hazırkı iş üzrə iddiaçı alqı-satqı müqavilələrinin etibarsız hesab olunmasına dair əsas tələb, ondan irəli gələn çıxarışın ləğv edilməsinə dair törəmə tələblər irəli sürmüşdür. Belə ki, iş üzrə iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını, dolayısıyla onun əsasında çıxarışın ləğv olunmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi 20 il onun istifadəsi olmuş və 10 il olar ki həmin torpaq sahəsində o istilikxana inşa etdirmişdir. Odur ki, torpaq sahəsi onun istifadəsi ilə yüklü olunduğundan həmin torpaq sahəsinin digər şəxsə satılması qanunsuzdur, həmin alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı heç bir hüquqi əsası olmadan mübahisəli torpaq sahəsini zəbt edərək istifadə etmiş və öz başına orada istilikxana inşa etdirmişdir. Belə ki, iddiaçının həmin torpaq sahəsini istifadə etməsinə dair icarə müqaviləsi belə olmamışdır. Həmçinin iddiaçıya dəfələrlə torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətlər ünvanlansa da o torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı hər hansı bir cəhd göstərməmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair müqavilədə əks olunmuş iradə ifadəsinin zədələnmiş olduğuna əsaslanaraq, həmin əqdi mübahisələndirsə də, etibarsızlıq üçün əsasın mövcud olması müəyyən edilmir, habelə iddiaçının tələbi və tələbin təsdiqi üçün təqdim olunmuş sübutlar bir-biri ilə ziddiyyət təşkil edir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmasıyla bağlanması müəyyən olunmadığından etibarsız hesab edilə bilməz, əsas iddia sübuta yetirilmədiyindən, ondan irəli gələn qeydin ləğv olunmasına dair tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T Dİ : İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı xx.xx.2019-cu il tarixli 4Ə- 2979 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar