Məhkəmə qərarları › İş №e-2(077)-139/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-139/2025

20.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-139/2025 20.05.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X4 Bəşərəddin oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin (VÖEN**********) təsisçisi olan Cavabdeh üzərinə onun direktor (qanuni təmsilçi) vəzifəsindən azad olunması ilə bağlı müəssisənin reyestr məlumatlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmək öhdəliyinin qoyulması, ödənilmiş 100 manat dövlət rüsumunun və 60 manat mediyasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəllər dostluq münasibətində olmuşdur və onun bir neçə şirkətin təsisçisi olduğunu bilmişdir. Cavabdeh yaxın dostu kimi müvəqqəti olaraq "xxxx" MMC-nin direktoru kimi təmsil olunmasını xahiş etmişdir. Bir müddət sonra münasibətləri korlanmışdır. Dəfələrlə Cavabdeh təsisçi olaraq özünü və ya başqa şəxsi direktor təyin edərək, onu direktor vəzifəsindən azad olunması ilə bağlı müəssisənin reyestr məlumatlarında dəyişiklik etmək barədə vergi orqanına müraciət etməsini tələb etsə də o, tələblərinə məhəl qoymamışdır. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etsə də, həmin qurum xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-H-20xx-xx/2024 saylı məktubla hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyuişdirməkdən imtina edilmişdir. Direktor olandan bu günə qədər adına maaş qeyd edilsə də, naməlum səbəblərdən maaşı əldə etmək mümkün olmamışdır. Şirkətdə direktor kimi təmsil olunduğu dövrdə hər hansı fəaliyyət olmamasına və ya hər hansı vergi öhdəliyi yaranmamasına baxmayaraq, əksinə müəssisənin əvvəldən yaranmış vergi borcundan 10000 manat borcu qalmışdır. Təsisçi ilə aralarında olan münasibət işçi-işəgötürən arasında yaranan münasibətdir ki, əmək qanunvericiliyinə əsasən də işçini hər hansı üsulla və ya zorla əmək münasibətlərində qalmağa (işi (xidməti) yerinə yetirməyə) məcbur etmək qadağandır və müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. "xxxx" MMC-nin vergi borcu olduğundan və müəssisənin reyestr məlumatında direktor kimi onun adı qaldığından Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-2145/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi əsasında ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2015-ci ildə cəmiyyətin direktoru vəzifəsinə təyin olunmasına razılıq verməsi cəmiyyətin əvvəldən yaranan vergi öhdəliyini öz üzərinə götürməsi deyil və qanunvericilikdə də bunu əksini göstərən norma yoxdur. Hazırki halda reyestrdə olan məlumatlarda qanuni təmsilçi olaraq qaldığından və təqsiri olmadan hüquqi şəxsin yaranmış vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmaqla hüquqları pozulmaqdadır. Hal-hazırda faktiki və hüququ baxımdan "xxxx" MMC-nin işçisi (direktoru) sayılmır. Buna baxmayaraq, müəssisənin reyestr məlumatlarında direktor olaraq rekvizitləri göstərildiyindən vergi orqanı, o cümlədən məhkəmələr tərəfindən hüquqlarım kobudcasına tapdalanmaqdadır. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, "xxxx" MMC mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Nizamnamə kapitalında mayalarının miqdarının 100 faizi Cavabdeh məxsusdur. - "xxxx" MMC-nin (VÖEN**********) təsisçisinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2021-ci il tarixli, xxxxxxx000500 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" MMC-nin direktoru vəzifəsinə işə qəbul olunmuşdur. Bildirişin çap edildiyi xx.xx.2025-ci il tarixinə əmək müqaviləsinin statusu “Xitam edilib” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmişdir. - Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) icra orqanının rəhbəri İddiaçıdur. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-2145/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə olan 3,38 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0,89 manat, “Asteroid" MMC-nin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə olan 8566,85 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-H-20xx-xx/2024 saylı məktubundan müəyyən olunur ki, rəhbər dəyişikliyinin dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçının müraciətinə baxılmış, hüquqi şəxsdə rəhbər dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün təsisçinin qərarı və yeni təyin edilən rəhbərin şəxsiyyət vəsiqəsinin surətinin “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalı olması, hazırkı tarixədək vergi orqanına dəyişikliyin aparılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edilmədiyi, bildirilmiş, bu səbəbdən iddiaçıya hüquqi şəxslə aralarında yaranmış mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞAB/MT041/2025-00143 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı 60 manat məbləğində mediasiyaya xərcini ödəmişdir. - Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 71-ci maddəsinin İİ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-7-ci maddəsinə əsasən bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. 91.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9-1.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9-1.4-ci maddəsinə əsasən, təsis sənədlərinin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün daxil edilmiş məlumatlar müvafiq olaraq təsisçilərin və ya idarəetmə orqanlarının üzvlərinin gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir. Nizamnamədə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanır. Bu halda təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3.2-ci maddəsinə əsasən, işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. 3.3-cü maddəsinə əsasən, işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. 290-cı maddəsinə əsasən, fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. 292-ci maddəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır və cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bir iştirakçısı olan cəmiyyətdə isə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri həmin iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Lakin cəmiyyətin yeganə iştirakçısı olan Cavabdeh tərəfindən heç bir əsas olmadan İddiaçı qaldırdığı məsələ üzrə qərar qəbul edilməmiş və bu barədə dövlət qeydiyyatı orqanına müraciət edilməmişdir. Bu isə öz növbəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına əsas vermədiyindən, iddiaçı iradəsinə zidd olaraq reyestr məlumatlarında faktiki olaraq cəmiyyətin qanuni təmsilçisi kimi qalmaqdadır. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-nin dierktoru vəzifəsinə təyin olunmuş, həmin əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Lakin buna baxmayaraq, iddiaçının "xxxx" MMC-nin direktoru olmaması ilə bağlı cəmiyyətin reyestr məlumatlarında müvafiq dəyişikliklər aparılmamış, nəticə də, iddiaçının konstitusion hüquqları pozulmuş və qanuni qüvvəsini almış məhkəmə qərarı ilə ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulduğundan iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədlərin cəmiyyətin reyestr məlumatlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu və 60 manat mediasiya xərci cavabdehdən alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin (VÖEN**********) təsisçisi olan Cavabdeh üzərinə iddiaşı İddiaçı "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunması ilə bağlı cəmiyyətin reyestr məlumatlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək öhdəliyi qoyulsun. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu və 60 (altmış) manat mediasiya xərci alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar