Məhkəmə qərarları › İş №e-2(078)-1028/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1028/2022

29.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1028/2022 29.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmədə iddia qaldıraraq cavabdeh Əliyeva (İsmayılova) Gülşən Məhəmməd qızının ailə üzvləri ilə birlikdə (X12, X9 və X10 ilə birlikdə) ünvan 1 ünvanında yerləşən, İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan mənzilin tərkib hissəsindən “yaşayış və istifadə” hüquqlarının itirilmiş (saxlanılmayan) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə aparılması zərurətinin yarandığını bildirmiş və iddia tələbinə dəqiqləşdirilmiş ərizə əsasında baxılmasını xahiş etmiş və məhkəmənin 14 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinə “Cavabdeh Əliyeva (İsmayılova) Gülşən Məhəmməd qızının ünvan 1 ünvanında yerləşən İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan mənzilin tərkib hissəsindən “yaşayış və istifadə” hüquqlarının itirilmiş (saxlanılmayan) hesab edilməsi və Əliyeva (İsmayılova) Gülşən Məhəmməd qızının ailə üzvləri X12, X9 və X5 ünvan 1 ünvanında yerləşən İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan mənzilin tərkib hissəsindən “yaşayış və istifadə” hüquqlarına kompensasiya verilmədən xitam verilməsi” tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi eyni zamanda nümayəndəsi olduğu şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin tam hüquqlu mülkiyyətçisidir, həmçinin həmin mənzildə faktiki olaraq yaşayır. Sözügedən mənzil ona mərhum həyat yoldaşından miras əmlak olaraq qalmışdır. Belə ki, digər birinci növbəli vərəsələr (övladlar) atalarından qalan miras əmlakları qəbul etməmiş, qəbul etməkdən imtina etmiş və son nəticədə həmin miras əmlak onu qəbul etmiş hazırki iş üzrə iddiaçıya verilmiş, bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib olunmuş və mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh xx.xx.2002-ci il tarixində rəsmi nikah qeydiyyatına düşməklə ailə həyatı qurmuş və həmin tarixdən etibarən mübahisə predmeti olan mənzildən çıxıb getmişdir. Təxminən 20 ildən çoxdur ki, o burada yaşamır, sadəcə olaraq övladları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında dayanır. İddiaçı cavabdehə dəfələrlə mülkiyyətində olan mənzilin pasport qeydiyyatından çıxmağı tələb etsə də, bunun bir nəticəsi olmamışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında durması iddiaçının mülkiyyət hüquqlarının tam sərbəst hüquqi baxımdan həyata keçirməsinə ciddi maneələr yaradır. Həmçinin cavabdehin övladları-xx.xx.2005-cil təvəllüdlü X12, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 da həmin mənzildə pasport qeydiyyatında dayanır. Cavabdehin həmin dövrdə qüvvədə olan Mənzil qanunverciliyinin tələbinə görə mövcud olmuş “yaşayış və istifadə” hüququ da artıq itirilmişdir, yəni həmin dövrün mənzil qanunverciliyinin tələbi baxımından 6 aydan artıq daimi olaraq yaşayış yerini tərk edən zaman “yaşayış və istifadə” hüququ artıq saxlanılmır. Hazırki iş üzrə cavabdeh də daimi əsaslarla yəni nikah münasibətlərinə daxil olduğu üçün yaşayış yerini tərk etmişdir. Eyni zamanda cavabdehin 3 yetkinlik yaşına çatmayan övladlarının da yaş baxımından məhkəmədə müstəqil olaraq cavabdeh qismində çıxış edə bilmədiklərinə görə də cavabdehə münasibətdə mübahisəyə hüquqi baxımdan aydınlıq gətirilərsə övladların da məsələsinə aydınlıq gətirilmiş olar. Belə ki, uşaqlar ümumiyyətlə orada yaşamayıblar və ən böyük olan uşaq 2005-ci ildə doğulmuşdur. Ona görə də uşaqlara münasibətdə yaşayış və istifadə hüququna xitam verilməlidir. Çünki uşaqların orada qeydiyyatda olması iddiaçının əlavə olaraq kommunal xərc ödəməsinə səbəb olur və öz mülkiyyəti üzərində hüquqlarını tam və maneəsiz şəkildə yerinə yetirə bilmir. Cavabdehin və onun yetkinlik yaşına çatmayan övladlarının formal olaraq mənzilin qeydiyyatında olması iddiaçının həmin mənzili özəlləşdirmək və ya digər hüquqlarını həyata keçirməyə maneə törədir. Hesab edir ki, hazırki işə qüvvədən düşmüş Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə məsələ həll edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun anasıdır. Özü 13-14 ildir ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Cavabdeh qeyd etmişdir ki, o, 19 ildir ki, ailə qurub anasının evindən çıxmış, həyat yoldaşının ailəsinin evinə gəlin köçmüş, sonra Naxçıvanda kirayə yaşamağa başlamış daha sonra Bakı şəhərinə köçmüş və hazırda da ailəsi ilə birlikdə Bakı şəhərində kirayə yaşayır. Övladları ümumiyyətlə anasının evində yaşamayıblar. Həyat yoldaşı Naxçıvan qeydiyyatındadır, ancaq onların evi mübahisəli vərəsə evi olduğu üçün yenidən sənədləşmə aparılmalıdır, ona görə də o və uşaqları anasının evində qeydiyyatdadır. Ailə qurandan sonra ümumiyyətlə anasının evində yaşamayıb, çünki anası və bacıları onun həyat yoldaşını qəbul etmirlər. Digər bacısı da ailəsi ilə birlikdə gəlib anasının evində yaşayırlar. Həmin evdə onların yaşamağı üçün yer yoxdur. Anası evi satmaq istədiyində bacısı Vəfa ona zəng vuraraq evin satıla bilməsi üçün evin qeydiyyatından çıxmalı olduğunu bildirmişdir. Evi 100000 manata satmaq istədiklərini, buna görə də heç olmasa evi satanda həmin evin pulundan ona 10-15 min manat pul verilməsini demiş, çünki o da həmin pulla Bakı şəhərində özünə ipoteka vasitəsilə ev ala bilsin. Lakin anası və bacıları onu söyüb təhqir etmişlər. Hazırda o, nə telefonlarına zəng edə bilir, nə də evlərinə gedib anası ilə danışa bilir, çünki onu qəbul etmirlər. Sözügedən ev anası ilə birlikdə atasının da evi olub. O da həmin evin övladıdır, orada dünyaya gəlib. Yəni bir övlad kimi onun da həmin evdə haqqım var. Nəyə görə anası övladları arasında fərq qoyduğunu bilmir. Çünki digər bacısı da hazırda anasının evində qeydiyyatdadır, lakin anası onu evin qeydiyyatından çıxarmaq üçün məhkəməyə verib. Hətta anası dayısına deyib ki, evin satışından Gülşənə az miqdarda kompensasiya verəcək. Cavabdeh sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X6 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qudadır. İddiaçı Təhminə xanım neçə illərdir həmin evdə yaşayır. Cavabdeh illərdir ki, ailə qurub və evdən çıxıb. Həmin evdə ailə qurandan sonra Gülşəni və övladlarını görməmişdir. Məhkəmə baxışı iclasında şahid X7 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudur. İddiaçı Təhminə xanım neçə illərdir həmin evdə yaşayır. Cavabdeh illərdir ki, ailə qurub və evdən çıxıb. Həmin evdə son illər Gülşəni və övladlarını görməmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, şahid ifadələrini, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti bina 3-də yerləşən 67.44 kv.m olan 37 nömrəli mənzil evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/8 nömrəli reyestr kitabının 1535 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan şəhər 1 saylı Nikah evi tərəfindən 09 sentyabr 2022-ci il tarixdə verilmiş çıxarışdan məlum olmuşdur ki, X11 ilə İsmayılova (Əliyeva) Gülşən Məhəmməd qızı arasında 27 dekabr 2002-ci il tarixdə nikah bağlanmış və bu barədə 370 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən 08 sentyabr 2022-ci il tarixdə verilmiş çıxarışlardan məlum olmuşdur ki, X11 ilə Cavabdeh xx.xx.2005-cil təvəllüdlü X12, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı övladları vardır. İş materiallarında olan Naxçıvan şəhəri 1 saylı notariat kontoruna Cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən aydın olur ki, o, mərhum atası X1 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan faktiki ona çatan payı qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Həmin miras əmlakdan vərəsəlik yolu ilə ona çatan paydan imtina edir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınması istəmir.Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. ünvan 3stismar İdarəsinin Naxçıvan şəhər Hüquq məsləhətxanasının xx.xx.2022-ci il tarixli məktubuna 01 sentyabr 2022-ci il tarixdə verilmiş 146 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Əliyeva (İsmayılova) Gülşən Məhəmməd qızı, X12, X9 və X2 şəhəri, H.Əliyev prospekti 3, mənzil 37 ünvanında pasport qeydiyyatında dururlar. 2020-ci il tarixdən bəri ünvanın sahibi İdarəyə yazılı surətdə heç bir ərizə ilə müraciət etmədiyindən məktubda adları keçən şəxslərin hansı tarixdən sözügedən ünvanda yaşamadıqları dəqiq olaraq bilinmir. ünvan 3stismar İdarəsinin xx.xx.2022-ci il tarixli 865 nömrəli arayışından aydın olur ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə işə mahiyyəti üzrə yanaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İddiaçının tələbinin övladı Cavabdeh münasibətdə qanuni əsasını analogiyanı tətbiq etməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri xx.xx.2009cu il tarixədək Mənzil Məcəlləsinin qüvvədə olduğu vaxt yaranmışdır. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından görünür ki, cavabdeh ailə üzvü olaraq mübahisli mənzildə uzun müddətdir ki yaşamır. Bu halı cavabdeh də təsdiq edir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, cavabdeh özünə başqa yaşayış yeri seçmişdir. Məhkəmə bu halı cavabdehin mübahisəli mənzildən daimi çıxıb getməsi kimi qiymətləndirir. Beləliklə, icarədarın ailə üzvü kimi cavabdehin yaşayış sahəsindən getməsi onların yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal cavabdehin mübahisəli yaşayış sahəsinə olan istifadə hüquqlarının saxlanılmaması kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin övladlarının yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə hissəsinin rədd edilməsi nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin övladlarına münasibətdə yaşayış evininin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə onun həmin evə dair istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə qiymət verilməlidir. Belə ki, hüquq mövcud olmadığı halda onun xitamından da söhbət gedə bilməz. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı hallarda ona xitam verilməsi məsələsində də söhbət gedə bilməz. Bu mülki iddiada da cavabdehlərin artıq əvvəllər mövcud olmuş yaşayış və istifadə hüquqları o dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə görə itirildiyindən onun xitamından da söhbət gedə bilməz. Burada yalnız həmin şəxslərin yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunmasından danışmaq olar. Həmçinin müvafiq Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa, məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yeniidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, Cavabdeh övladları-xx.xx.2005-cil təvəllüdlü X12, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 iddiaçının mənzilinə qeydiyyatda düşməsi vaxtı hazırda qüvvədə olan Mülki Məcəllə qüvvəyə mindikdən sonraya təsadüf edir. Cavabdeh övladları-xx.xx.2005-cil təvəllüdlü X12, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 formal şəkildə İddiaçı məxsus evə pasport qeydiyyatına düşmüş, həmin mənzildə yaşamamışdır. Bu hal cavabdehin öz izahatı, şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Cavabdehin övladlarının iddiaçıya məxsus olan evdə yaşayış və istifadə hüququ yaranmadığından ona xitam verilməsindən də söhbət gedə bilməz. İşin hallarından müəyyən edilmişdir ki, cavabdeh ailə qurub evdən çıxmış, övladları doğulduqdan sonra həmin mənzilinə qeydiyyata düşmüşlər. İşə baxılarkən ifadə verən şahidlər cavabdehin övladlarının iddiaçıya məxsus olan mənzildə yaşamadığını bildirmələri, cavabdehin öz izahatında Bakı şəhərində yaşadığını təsdiq etməsi həqiqətən də cavabdehin övladlarının qeydiyyatının formal qeydiyyat olmasını təsdiq edir. Mövcud olmayan hüquqa xitam verilməsi yolverilməz olduğundan iddia bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdeh uzun müddətdir ki, özünə başqa yaşayış yeri seçməklə daim olaraq mübahisəli mənzildən getmişdir və sadəcə mənzil qeydiyyatında adının olması reallıqda mənzildən istifadə edən şəxsin mənzili üzərində hüquqlarını həyata keçirməyə maneə yaratması ilə nəticələnir. Buna görə də iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, cavabdeh Əliyeva (İsmayılova) Gülşən Məhəmməd qızının ünvan 1 ünvanında yerləşən İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan mənzilin tərkib hissəsindən “yaşayış və istifadə” hüquqları itirilmiş (saxlanılmayan) hesab edilməli, iddia tələbi Əliyeva (İsmayılova) Gülşən Məhəmməd qızının ailə üzvləri X12, X9 və X5 ünvan 1 ünvanında yerləşən İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan mənzilin tərkib hissəsindən “yaşayış və istifadə” hüquqlarına kompensasiya verilmədən xitam verilməsi hissəsində isə rədd edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 25206 nömrəli qəbzlə ödənilmiş 100 (bir) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 50 (əlli) manatı Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Əliyeva (İsmayılova) Gülşən Məhəmməd qızının ünvan 1 ünvanında yerləşən İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüquqları itirilmiş (saxlanılmayan) hesab edilsin. İddia tələbi Əliyeva (İsmayılova) Gülşən Məhəmməd qızının ailə üzvləri X12, X9 və X5 ünvan 1 ünvanında yerləşən İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməsi hissəsində rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 25206 nömrəli qəbzlə ödənilmiş 100 (bir) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 50 (əlli) manatı Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar