Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1061/2024 31.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair yaşayış və istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə hüquqlarını müdafiə etdiyi İddiaçı məxsusdur. Həmin evdə iddiaçının bacısı Cavabdeh1 və onun oğlu Cavabdeh2 pasport qeydiyyatındadırlar. Lakin onlar 40 ildən artıqdır ki, həmin evdə yaşamırlar. Cavabdeh1 faktiki olaraq Naxçıvan şəhəri Tumbul kəndində yerləşən fərdi yaşayış evində, Cavabdeh2 isə Bakı şəhərində yaşayır. Buradan da aydın olur ki, cavabdehlər özünə başqa yaşayış yeri seçərək daimi olaraq mübahisəli mənzildən getmişdir. Lakin sözügedən mənzilin qeydiyyatında formal olaraq adının olması reallıqda mənzildən istifadə edən şəxsin mənzili üzərində hüquqlarını həyata keçirməsinə maneə yaratmasına səbəb olmaqdadır. İddiaçı isə mənzilə dair hüquqlarını maneəsiz həyata keçirmək üçün cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə dair yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul olunmasını istəyir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla İddiaçı iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsasən məhkəmə Cavabdeh1 iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşayış və istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etdiklərini, Cavabdeh1 iddiaçının bacısı, digər Cavabdeh2 isə iddiaçının bacısının oğlu olduğunu, Cavabdeh1 ailə qurduğu vaxtdan həmin evdə yaşamadığını, təxminən 40 ildir ailə qurduğunu, onun oğlu Cavabdeh2 isə ümumiyyətlə həmin evdə daimi yaşamadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh1 43- 44 ildir ünvan 1 ünvanında yerləşən mənzildə yaşamadığını, evlənib getdiyini, evin əvvəl anasının mülkiyyətində olduğunu, sonra isə 1996-cı ildə orderlə öz özünün müllkiyyətinə verildiyini, həmin vaxt elə bacısı Cavabdeh1 da ərizə verdiyini, bacısının oğlu Cavabdeh2 ümumiyyətlə həmin evdə yaşamadığını, sadəcə olaraq evləri olmadığı üçün qeydiyyata düşməsinə icazə verdiyini, qonaq kimi gəlib getdiklərini, ancaq daimi olaraq həmin mənzildə yaşamadıqlarını bildirmişdir. Keçirilən əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında 1981-ci ildə ailə həyatı qurduğunu, həmin vaxta qədər ünvan 1 ünvanında yerləşən evdə yaşadığını, evləndikdən sonra orada yaşamadığını, qonaq kimi gəlib getdiyini, uşaqlarının da gəlib getdiyini, dəqiq xatırlamadığını, ara-ara gəlib 6 ay, 1 il qədər yaşadığını, bunu təsdiq edəcək sübutu olmadığını, hal-hazırda Tumbul kəndində yaşadığını, oradan ev aldığını, iddianı qəbul etmədiyini, həmin evin qeydiyyatından çıxmayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində iddiaçı ilə qonşu olduqlarını, 1970-ci ildən həmin binada yaşadığını, iddiaçının valideynləri ilə çox yaxın olduqlarını, Leylanın həmin evdə 40 ildən artıqdır ki, yaşamadığını, evlənib getdiyini, Türkiyədə yaşadıqlarını, qonaq kimi gəlib-getdiklərini, oğlunun da özünün də həmin evdə daimi yaşamadığını, həmin evdə Əkrəmin, onun arvadının, oğlunun və gəlininin yaşadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində 1990-cı ildən iddiaçı ilə qonşu olduqlarını, Leylanı ümumiyyətlə orada görmədiyini, sadəcə olaraq keçən il Əkrəmin əməliyyat olunduğunu, qonşularla yığışıb yanına gedəndə Leylanın da orada olduğunu, kim olduğunu soruşduqda Əkrəmin bacısı olduğunun deyildiyini, həmin evdə Əkrəmin, onun arvadının, oğlunun və gəlininin yaşadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində iddiaçının bacısıgillə qonşu olduqlarını, yaxın olduqlarını, gedib-gəlişlərinin olduğunu, iddiaçının bacısı Leylanın ailə qurub getdiyini, onu həmin evdə sadəcə ad günlərində və s. gördüyünü, orada daimi yaşamadığını bildirdi. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.50 kv.m olan mənzilin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 12/20 nömrəli reyestr kitabının 3975 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, 1-99 nömrəli arayışdan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, 1-100 nömrəli arayışdan X2 ünvan 1 ünvanında qeydiyyatda olması, lakin yaşamaması və kommunal xərcləri ödəməməsi aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, 1-101 nömrəli arayışdan Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatda olması, lakin yaşamaması və kommunal xərcləri ödəməməsi aydın olur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli, 04/925 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil xx.xx.2017-ci il tarixli, 03/1286 nömrəli arxiv arayışı əsasında xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 06 avqust 1981-ci il tarixli, İİ-ЖГ seriyalı, 446077 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X7 arasında 06 avqust 1981-ci il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsində nikah bağlanmış, həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 156 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra iddiaçı özünə cavabdehin soyadını, yəni “Həsənova” soyadını seçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının kirayə müqaviləsinin ailənin digər üzvünün adına dəyişdirilməsi haqqında sərəncamından görünür ki, İddiaçı ərizəsi nəzərə alınaraq ünvan 3 ünvanında, 3 otaqlı, 45.6 kv.m sahəsi olan mənzilin kirayəçisi hesab edilməsi sərəncam edilmişdir. İş materiallarına əlavə edilmiş X6 tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış xx.xx.1996-cı il tarixli ərizədən görünür ki, o anası vəfat etdikdən sonra həmin mənzildə yaşayan qardaşı İddiaçı adına yaşadığı mənzilin onun adına keçirilməsinə sərəncam verilməsini xahiş etmiş və mənzilin onun adına keçirilməsinə etirazı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 21 iyun 1996-cı il tarixli orderdən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən, 3 otaqlı, 45.6 kv.m sahəsi olan mənzilə köçmək üçün order verilmiş və ailə tərkibinin 11 nəfər olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli, 13/1517 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 228 nömrəli kirayə müqaviləsinin ailənin digər üzvünün adına dəyişdirilməsi sərəncamında İddiaçı ünvan 3, 3 otaqlı, 45.6 kv.m sahəsi olan mənzilin kirayəçisi hesab edilməsi göstərilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 40 ildən artıq müddətdir ki, mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh1 hazırda Naxçıvan şəhəri, Tumbul kəndində yaşayır. Həmçinin digər Cavabdeh2 isə mübahisəli mənzildə ümumiyyətlə daimi əsaslarla yaşamamışdır. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və cavabdehlər 6 aydan çoxdur ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmişdir və onların qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onların özlərinə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehlərin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququ itirilmiş hesab edilməli; -iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququ itirilmiş hesab edilsin. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1061/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1061/2024
31.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver