Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-234/2022 15.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Quliyeva (Əzimova) Günel Qorxmaz qızına və Şirinova (Əzimova) Günay Qorxmaz qızına yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Quliyeva (Əzimova) Günel Qorxmaz qızına və Şirinova (Əzimova) Günay Qorxmaz qızına iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 10 avqust 1999-cu il tarixli 2-141 nömrəli qətnaməsi ilə Cavabdeh1, Quliyeva (Əzimova) Günel Qorxmaz qızı və Şirinova (Əzimova) Günay Qorxmaz qızına verimiş ünvan 1 ünvanına yaşayış və istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında tələbini dəqiqləşdirərək cavabdehlərin ünvan 1 ünvanına yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə tələbə “İddiaçı cavabdehlər Cavabdeh1, Quliyeva (Əzimova) Günel Qorxmaz qızı və Şirinova (Əzimova) Günay Qorxmaz qızına qarşı Naxçıvan Şəhər Məhkəməsinin 10 avqust 1999-cu il tarixli 2- 141 nömrəli qətnaməsi ilə müəyyən edilmiş ünvan 1 ünvanına yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi” çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə baxışı iclasında iş üzrə İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ünvan 2 anası X4 mülkiyyətin olmuşdur. 1995-ci ildə Bakı şəhərində metroda olan partlayış nəticəsində qardaşı X18 və onun həyat yoldaşı X7 vəfat etmişdir. Qardaşının övladları xx xxxxxxx 1988-ci il təvəllüdlü X16 və 08 oktyabr 1990-cı il təvəllüdlü X3 Şəhər İcra Hakimiyyətinin 03 aprel 1996-cı il tarixli qərarı ilə xalaları Cavabdeh1 qəyyumluğuna verilmişdir. Cavabdeh1 iddiası əsasında Naxçıvan Şəhər Məhkəməsinin 10 avqust 1999-cu il tarixli qətnaməsi əsasında qardaşının övladları Günel və Günaya, qəyyumları Şəmail ilə birlikdə anasına məxsus olan ünvan 2 ünvanında yaşamaq hüququ verilmişdir. Lakin nə Cavabdeh1, nə də uşaqlar Günel və Günay bir gün də olsun onlara ayrılıb verilən bir otaqda yaşamamışdır. Bundan sonra anası X2 şəhəri ikinci mikrorayon bina 18 ev 7-də bir otaqlı mənzil alaraq nəvələri Günel və Günaya hədiyyə etmişdir və məhkəmə qətnaməsi ilə verilən yaşamaq hüququnu əvəzləşdirmişdir. Cavabdeh1 uşaqlarla birgə öz anası evində qalaraq qızlara verilən mənzili kirayə verib dolandırmışdır. Günel və Günay ailə quranda mənzil satılaraq öz aralarında bölünmüşdür. Hazırda qardaşının övladları Günay Əzimova və Günel Əzimova ailə qurublar və ailələri ilə birlikdə yaşayırlar. Nə qızlar, nə də qəyyumları Şəmail anasının adına olan evin qeydiyyatında olmayıblar. X28 2006-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra Naxçıvan şəhəri Əlincə bina 2D mənzil 31 miras qalmışdır. Yeganə vərəsə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq miras əmlakı öz adına keçirərək bu barədə çıxarış almışdır. Bu gün mənzil üzərində sərəncam hüquqlarını həyata keçirə bilmir. Ona görə ki, həmin mənzildə məhkəmə qətnaməsi əsasında yaşayış və istifadə hüququ olduğuna görə notarius alqı-satqı müqaviləsi bağlamaqdan imtina edir. Ona görə də o məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil oğu iddianı müdafiə edərək iddiaçının izahatına əlavəsi olmadığını bildirib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, bacısı X7 əri Qorxmaz Əzimovla birlikdə 1995-ci ildə metroda partlayış nəticəsində vəfat etdikdən sonra körpə uşaqları ortada qalmışdır. Nə nənə, nə bibi uşaqlara sahib çıxmamışlar. O da uşaqları qəyyumluğuna götürmüşdür. Yaşayış yeri olmadığına görə məhkəmədə iddia qaldırmış və nənə Əsli Bəhrəmovanın adına olan Əlincə bina 2D mənzil 31 ünvanından onlara yaşamaq hüququ verilmişdir. Bacısının qayınanası bir gün bacısını o evdə yola verməmişdir. Məhkəmə tərəfindən evin bir otağı bölünüb uşaqlarla yaşamaq üçün ona verilmişdir. Lakin həmin evdə yaşaya bilməyəcəyindən neçə illər onlara ayrı bir yerdə yaşayış hüququ ilə təmin edilməsi üçün məhkəməyə şifahi qaydada müraciət etmişdir. Nəhayət sonunda nənə Bəhrəmova Əsli bir otaqlı ev alaraq uşaqlara bəxşiş etdi və bundan sonra yaşayış hüququ ilə bağlı tələbləri olmamışdır. Həmin evi kirayə verib iki qız uşağı böyütmüş və onları ərə vermişdir. Həmin bir otaqlı ev hazırda qızlar tərəfindən satılıbdır. Onun qəbul etmədiyi hal odur ki, həmin ev nənədən miras qalıbdır. Qızların orada ata payı vardır. Necə olur ki, bibi evi satır ancaq qızlara ata payını vermir. Onun Bakıda vəkili vardır. Onunla da danışmışdır. Vəkil ona demişdir ki, ata payı mütləq verilməlidir. Onun yaşayış və istifadə hüququ ilə bağlı heç bir tələbi yoxdur. Həqiqətən də nənə yaşayış hüququnun əvəzi kimi qızlara bir otaqlı ev bəxşiş etmişdir. Onun tələbi odur ki, bibi evi sata bilməz, qızların ata payını verməlidir. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Quliyeva (Əzimova) Günel Qorxmaz qızına və Şirinova (Əzimova) Günay Qorxmaz qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Quliyeva (Əzimova) Günel Qorxmaz qızının və Şirinova (Əzimova) Günay Qorxmaz qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 25 avqust 2021-ci il tarixlli ********** nömrəli çıxarışından aydın olur ki, ünvan 2-də yerləşən ümumi sahəsi 71.1 kv.metr olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/27 nömrəli reyestr kitabının 5226 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X13 09 aprel 2006-cı ildə miokart infartkı nəticəsində Naxçıvan şəhərində vəfat etmişdir və bu barədə ölüm akt qeydləri kitabında 21 aprel 2006-cı idə 137 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Naxçıvan Şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 256611 nömrəli doğum akt qeydindən çıxarışdan aydın olur ki, X17 xx xxxxxx 1990-cı ildə anadan olmuşdur və bu barədə doğum akt qeydləri kitabında 92 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 293951 nömrəli doğum akt qeydindən çıxarışdan aydın olur ki, X16 xx xxxxxxx 1988-ci ildə anadan olmuşdur və bu barədə doğum akt qeydləri kitabında 03 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 10 avqust 1999-cu il tarixli 2- 141-1999-cu il tarixli qətnaməsindən aydın olur ki, iddiaçı Cavabdeh1 cavabdeh X8 qarşı ev tələbinə dair iddiası təmin edilmiş, X16 və X3 şəhəri Əlincə məhəlləsində yerləşən 2 saylı binanın 31-ci mənzilinə köçürülmələri qət edilməklə və onların həmin mənzildən istifadə hüququ təmin edilmiş, qəyyum Cavabdeh1 qəyyumluqda olan uşaqlar hədd buluğa çatmadıqlarından birlikdə yaşamaq hüququ təmin edilmişdir. İş materiallarında olan elektron notariat informasiya sistemindən çıxarışdan aydın olur ki, vərəsəlik hüququ haqqında şəhadətnamə Naxçıvan şəhər 1 sayı Notariat Ofisində rəsmiləşdirilmiş, miras qoyan X13, qanun üzrə vərəsə İddiaçı, əmlakın təsviri Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 26.01.1993-cü il tarixdə X8 verilmiş 9610 qeydə alınma nömrəsi ilə 07 nömrəli kitabın 372-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 71.1 kv.m yaşayış sahəsi 52.4 kv.m yardımçı sahə 18.7 kv.m 4 otaqlı olan mənzildən ibarətdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 03 mart 2022-ci il tarixli 04/118 nömrəli məktubundan aydın olur ki, Naxçıvan şəhəri Əlincə məhəlləsi bina 18 mənzil 7 Naxçıvan şəhər 1-ci DNK-nın 01 fevral 2000-ci il tarixli 3/M-20 nömrəli alqı-satqı müqaviləsi əsasında 01 fevral 2000-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır. 02 mart 2006-cı il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata lınan 7/E-1-97 nömrəli bəxşiş müqaviləsi əsasında Əsli Bəhrəmova mənzili nəvələri X10 və X11 bağışlamışdır. 19.04.2017-ci il tarixdə Naxçıvan şəhər 3 –cü DNK-da qeydiyyata alınan 4ə-59 nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil 19 iyun 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 10 avqust 1999cu il tarixli 2-141-1999-cu il tarixli qətnaməsi müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, beynəlxalq hüquq aktlarında (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı) protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) isə nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Lakin o da qeyd olunmalıdır ki, mənzil hüququnu əks etdirən Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi onu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Xüsusilə qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir. Birinci təminata görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur. İkinci təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli gəlir. Həmin normaları tətbiq edən beynəlxalq hüquq qurumları öz qərarlarında mülkiyyət hüququnun tərkib hissələrinin əsas elementlərinin əhəmiyyətinə xüsusi diqqət yetirirlər. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsi Marks Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarətdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə, bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. 27.07.2001-ci il tarixli qərarında olduğu kimi Konstitusiya Məhkəməsi təkrarən təsdiq edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət hüquqlarının qanuni baxımdan hərtərəfli həllinə təminat verir. Bu qərara görə həmçinin Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Lakin Mülki Məcəllənin 228.2-ci maddəsində öz əksini tapmış «yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər» normasının onun qəbulundan əvvəl yaranmış münasibətlərlə bağlı mübahisələrin həllində tətbiqinin mümkünlüyünü dəqiqləşdirmək üçün bir neçə məqama xüsusi diqqət yetirilməlidir. Mülki Məcəllənin 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki-hüquq normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki qanunvericiliyin bir hissəsidir. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Lakin Mənzil Məcəlləsi yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsinə dair tərəflərin münasibətlərini tənzimləmədən saxlamışdır. Bununla belə, bir çox mülki hüquq münasibətləri uzanan xarakter daşıyır, bu zaman Azərbaycan Respublikasının qanunvericiliyi isə dinamik inkişaf edir və dövri olaraq yeniləşir. Bu münasibətlərin mövcudluğu zamanı onların tənzimlənməsinə yönəldilmiş bəzi qanunların dəyişilməsi, həmin münasibətlərin çərçivəsində müəyyən subyektiv hüquq və vəzifələrin əmələ gəlməsi və xitamı mümkündür. Lakin belə hallarda Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin – mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Yeni və əvvəlki qanunların arasında kolliziyalar yaranarsa, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil olunmasının mümkünlüyünü nəzərdə tutan Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi əsas götürülməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 7-ci maddəsinə görə də Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Mülki qanunvericilik müddəalarının tətbiqi mülki hüquq subyektlərinə ziyan vurarsa və ya bu subyektlərin vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi yoxdur. Bununla yanaşı nəzərdən yayınmamalıdır ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Hər iki maddənin məzmununu təhlil edərkən aşkar olunur ki, müstəsna hallardan başqa qanunun qüvvəyə mindikdən sonra yaranmış münasibətlərə şamil olunmasının qeyri-mümkünlüyü Mülki Məcəllənin 7-ci maddəsində öz əksini tapmışdırsa, bu Məcəllənin 11.1-ci maddəsi yuxarıda sadalanan konkret şərtlər mövcud olduğu hallarda oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının tətbiqinə yol verir. Belə yanaşma Mülki Məcəllənin 1.2 və 11.1-ci maddələrinin müddəalarına müvafiq olaraq qüvvədə olan mülki qanunvericiliyin elə normalarına aid oluna bilər ki, həmin normalar bundan əvvəl qanunla tənzimlənməmiş münasibətlər üçün nəzərdə tutulsun, mülki dövriyyənin iştirakçılarına daha imtiyazlı rejim yaratsın, bu şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin etsin. Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Belə ki, bu qərarda Mülki Məcəllənin 7.1-ci maddəsinin müddəalarını nəzərə alaraq Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı kimi ifadə etmişdir: «Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir». Göründüyü kimi Konstitusiya Məhkəməsi mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas götürülməsini zəruri hesab etmişdir. Bununla bağlı isə bir daha qeyd etmək lazımdır ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Məhkəmə yuxarıda göstərilən halları qeyd etməkdə məqsədi odur ki, artıq qanuni qüvvədə olan və hazırki iş üçün preyudisial əhəmiyyəti olan məhkəmə qətnaməsi ilə cavabdehlərə mübahisəli mənzildən yaşayış və istifadə hüququ verilmiş və mənzilə köçürülmələri müəyyən edilmişdir. Həmin qətnaməyə nəzər saldıqda müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh1 izahatında qəyyumluğunda olan uşaqların evlə təmin olunmasını xahiş etmiş, onlara bir otaqlı ev verildiyi halda hazırki evdən yaşayış hüququ tələbindən imtina edəcəyini göstərmişdir. Həmçinin mərhum X13 izahatında göstərmişdir ki, o nəvələri üçün bir otaqlı ev alıb verəcəkdir. İş materiallarında olan daşınmaz əmlakın məktubundan aydın olur ki, mərhum X14 tərəfindən həqiqətən bir otaqlı ev nəvələri X10 və X11 bəxşiş edilmişdir. Bu hal Cavabdeh1 tərəfindən təsdiq edilmişdir. Həmçinin Cavabdeh1 izahatında onlara məhkəmə qətnaməsi əsasında onlara verilən bir otaqdan ümumiyyətlə istifadə etmədiklərini, həmin evin qeydiyyatında belə olmaqdıqlarını göstərmişdir. Belə olan halda bir tərəfdən məhkəmə qətnaməsi əsasında verilən yaşayış və istifadə hüququ verilən bir otaq qarşılığında bir otaqlı mənzilin alınıb verilməsini məhkəmə yaşayış və istifadə hüququna kompensasiya verilməsi kimi qiymətləndirir. Əksi olan halda belə məhkəmə artıq 1999-cu il tarixli qətnamə əsasında verilən yaşayış və istifadə hüququnun verilən şəxslər tərəfindən ümumiyyətlə istifadə edilməməklə zaman və istifadə baxımından itirilməsi qətnaətinə gəlir. Belə ki, məhkəmə qətnaməsi ilə verilən yaşayış və istifadə hüququ öz mahiyyətinə uyğun olaraq istifadə olunmalıdır. Əgər zaman və istifadə baxımından yaşayış sahəsinə istifadə hüququ artıq itirilmişsə bu halda hər hansı kompensasiya ödənilməsi zərurəti yaranmır. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X17 məhkəmə qətnaməsi ilə müəyyən edilən mənzildən yaşayış və istifadə hüququndan ümumiyyətlə istifadə etməmişdir və bu halı Cavabdeh1 təsdiq etmişdir. Belə olan halda artıq məhkəmə qətnaməsi ilə müəyyən edilən yaşayış və istifadə hüququ cavabdehlərin həmin mənzildən istifadə etməməsi nəticəsində itirilmişdir. X1 vəfatından sonra qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında əmlak İddiaçı adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu mddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə Cavabdeh1 izahatında cavabdehlərin miras əmlakın ata payı olaraq onlara verilməsinə münasibətdə cavabdehə iddia tələbini xatırlatmaqla mübahisələndirdiyi tələblə əlaqədar iddia qaldırmaq hüququnu izah edir və qeyd edir ki, bu arqumentlərə hazırki iddia tələbi çərçivəsində hüquqi qiymət verilə bilməz. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan Filialına 08.09.2021-ci il tarixdə 24831 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat və 13.01.2022-ci il tarixdə 24233 nömrəli qəbzlə ödənilmiş 90 (doxsan) manat ümumilikdə 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Quliyeva (Əzimova) Günel Qorxmaz qızına və Şirinova (Əzimova) Günay Qorxmaz qızına yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 10 avqust 1999-cu il tarixli 2-141 nömrəli qətnaməsi ilə Cavabdeh1, Quliyeva (Əzimova) Günel Qorxmaz qızı və Şirinova (Əzimova) Günay Qorxmaz qızına verimiş ünvan 1 ünvanına yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan Filialına 08.09.2021-ci il tarixdə 24831 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat və 13.01.2022-ci il tarixdə 24233 nömrəli qəbzlə ödənilmiş 90 (doxsan) manat ümumilikdə 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 alınıb iddiaçıya verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-234/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-234/2022
15.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver