Məhkəmə qərarları › İş №e-2(078)-374/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-374/2023

22.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-374/2023 22.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsinə münasibətdə yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi (saxlanılmayan) barədə qətnamə qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq bildirmişdir ki, İddiaçı adına ünvan 1 ünvanında 265 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.3 kv.m olan 2 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi iddiaçının anası X12 tərəfindən ona hədiyyə olunmuş və hədiyyə olunan əmlak Naxçıvan şəhəri, 1-ci DNK-da (keçmiş adı ilə) xx.xx.2016-cı il tarixdə bağışlama müqaviləsi ilə rəsmiləşdirilmişdir. Həmin müqavilə rəsmiləşdirilən zaman hazırki iş üzrə cavabdeh də həmin ünvanda pasport qeydiyyatında olduğu üçün notarial qaydada razılıq ərizəsi vermiş və buna heç bir etirazının olmadığını bildirmişdir. Cavabdeh təxminən 2002-2003-cü ildən qeydiyyatda olduğu həmin fərdi yaşayış evindən birdəfəlik çıxıb getmiş və bir daha həmin evə qayıtmamışdır. 20 ildən çoxdur ki, cavabdeh həmin evdə yaşamır. Ailə həyatı qurduqdan sonra həmin evdən çıxmış və sadəcə formal olaraq həmin fərdi yaşayış evinin pasport qeydiyyatında dayanır. Bu da iddiaçıya, yəni fərdi yaşayış evinin mülkiyyətçisinə bir sıra hüquqi maneələr yaradır. Belə ki, iddiaçı öz mülkiyyəti barəsində istənilən sərəncamı verə bilmir, öz mülkiyyəti barəsində sərbəst formada hüquqi addımlar ata bilmir və belə demək mümkünsə, həmin şəxs mülkiyyətçiyə hüquqi maneələr yaratmaqla mülkiyyətçini özündən asılı vəziyyətə salmış olur. Cavabdeh artıq 20 ildən çoxdur ki, həmin fərdi yaşayış evindən artıq getmiş və bu da o deməkdir ki, həmin şəxs özünə başqa yerdə daimi yaşayış yeri seçmişdir. Artıq mübahisə predmeti olan fərdi yaşayış evində həmin şəxsin yaşayış və istifadə hüququ da itirilmişdir. Belə ki, qüvvədən düşmüş AR Mənzil Məcəlləsinin müvafiq maddəsinin tələbinə görə əgər şəxs daimi olaraq yaşayış yerini 6 aydan artıq tərk edirsə, həmin şəxsin həmin evdən yaşayış və istifadə hüququ artıq itirilmiş hesab olunur. Cavabdehin də bu hüququ həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə yarandığından hesab edirlər ki, məhz o dövrdə qüvvədə olan AR Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) normaları tətbiq olunmalıdır. Eyni zamanda bundan əvvəl tərəflərindən Naxçıvan MR İnzibati Məhkəməsində Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “məcburetmə haqqında-pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddia qaldırılmış, sonradan həmin iddia ərizəsi müvafiq ərizə əsasında geri götürülmüş və buna dair müvafiq qərardad qəbul edilmişdir. Buna səbəb isə müvafiq işə baxan məhkəmənin: “Şəxsin istifadə hüququnun itirilməsinə dair hər hansı bir qərar yoxdur, bu qərar olduğu təqdirdə həmin işə üçüncü şəxs qismində cəlb olunan Cavabdeh pasport qeydiyyatından çıxarmaq olar”- deyə mövqeyi olmuşdur. Nəticə etibarı ilə həmin işin gedişində də tərəflərindən hazırki iş üzrə cavabdehin 20 ildən çoxdur ki, qeyd edilən fərdi yaşayış evindən çıxıb getdiyi və buradan daimi olaraq getdiyi məhkəmənin nəzərinə çatdırılmışdır. Hətta bununla bağlı AR Konstitusiya Məhkəməsinin 2020-ci il tarixində Plenum qərarı qəbul etdiyini, həmin qərarda qeyd edilən mübahisələrə hansı hallarda ümumi məhkəmənin, hansı hallarda inzibati məhkəmələrin baxıldığının qeyd olunduğu məhkəmənin nəzərinə çatdırılmışdır. İddiaçının həmin şəxsin pasport qeydiyyatında olması onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir. Mülkiyyət hüququ ən əsas və ən müqəddəs hüquqlardan biridir. “Əsas hüquq”un “asılı hüquq”dan asılı vəziyyətə salınması hüquqi baxımdan ədalətsizlik olar. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı özünün təmsil etməsinin nəzərə alınmasını qeyd etməsini onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində iddiaçının oğlu, cavabdehin isə qızı olduğunu, mübahisəli evi qızına özünün bağışladığını, qızı İlhamənin də buna razılıq ərizəsi verdiyini, İlhamənin 20 ildir ki, mübahisəli evdən çıxdığını, evin Turalın adına 2-3 ildir ki keçdiyini, İlhamə ilə əlaqələrinin olmadığını, İlhamənin könüllü şəkildə evdən çıxdığını,özünə ailə quraraq başqa yaşayış yeri seçdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində iddiaçının onun qonşusu olduğunu, həmçinin iddiaçının və cavabdehin xalası olduğunu, təxminən 20 ildən artıq müddətdir ki, İlhamənin mübahisəli evdən çıxıb getdiyini, onun getməsinə səbəbin ailə qurması olduğunu, hazırda onun Bakı şəhərində yaşadığını, hazırda mübahisəli evdə yaşamadığını bildirdi. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsi tərəfindən iddiaçının vəkilinə göndərilmiş 13 yanvar 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən ünvan 2 ünvanında yerləşən 72.3 kv.m ümumi sahəsi olan mənzilin X12 tərəfindən İddiaçı bağışlanması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan ünvan 2 ünvanında yerləşən 72.3 kv.m ümumi sahəsi olan mənzilin tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/24 nömrəli reyestr kitabının 4654 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi tərəfindən verilmiş 12 yanvar 2016-cı il tarixli, 01/182 nömrəli arayışdan X3 ailə üzvləri – oğlu X7, oğlu İddiaçı, gəlini X13, nəvəsi X14, nəvəsi X16, qızı Cavabdeh ilə birlikdə ünvan 3 ünvanında pasport qeydiyyatında olması aydın olur. İş materiallarına əlavə edilmiş X12 tərəfindən Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorasına verilmiş 13 yanvar 2015-ci il tarixli ərizədən onun öz adına olan ünvan 3 ünvanında yerləşən yaşayış evinin İddiaçı bağışlanması aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 26 may 2000-ci il tarixli, 061030 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 28 mart 2000-ci il tarixdə kəskin ürək-damar çatmamazlığı səbəbindən Naxçıvan şəhərində vəfat etməsi, bu barədə ölüm akt qeydləri kitabında 148 nömrə ilə qeydiyyatın aparılması aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 mart 2004-cü il tarixli, AZ-İİ seriyalı, 332167 nömrəli doğum haqqında şəhadətnamədən X9 21 fevral 2009-cu il tarixdə Naxçıvan şəhərində doğulması, bu barədə doğum haqqında akt qeydləri kitabında 158 nömrə ilə qeydiyyat aparılması aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 yanvar 2008-ci il tarixli, AZ-İİ seriyalı, 161878 nömrəli doğum haqqında şəhadətnamədən X6 26 dekabr 2007-ci il tarixdə Babək rayonu, Nehrəm kəndində doğulması, bu barədə doğum haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeydiyyat aparılması aydın olur. İş materiallarına əlavə edilmiş Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ serialı 067269 nömrəli xx.xx.2021-ci il tarixli çıxarışdan X10 ilə Cavabdeh oğlu arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış nikah haqqında akt qeydləri kitabında 174 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorasına verilmiş ərizədən onun qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən anası X3 adına olan mülkün satılmasına (bağışlanmasına) etirazının olmadığı aydın olur. İş materiallarına əlavə edilmiş X13 tərəfindən Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorasına verilmiş ərizədən X3 adına olan ünvan 3 ünvanında yerləşən yaşayış evinin İddiaçı bağışlanmasına etirazının olmadığı aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi tərəfindən verilmiş 05 yanvar 2016-cı il tarixli arayışdan ünvan 3 ünvanında yaşayan X3 Naxçıvan Bələdiyyəsinə 2016-cı il vəziyyətinə vergi borcu olmadığı aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 17 iyun 1976-cı il tarixli, 319882 nömrəli nikah haqqında şəhadətnamənin surətindən X17 ilə X4 arasında 17 iyun 1976-cı il tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 87 nömrə ilə qeydə alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 04 iyul 1984-cü il tarixli, 270500 nömrəli doğum haqqında şəhadətnamənin surətindən İddiaçı xx xxxx 1984-cü il tarixdə doğulması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli, 7/2884 nömrəli məktubdan Cavabdeh Naxçıvan şəhəri, 1-ci küçə, ev 82B ünvanından qeydiyyatdan çıxarılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində göstərilən əsaslara uyğun olmadığından xx.xx.2021-ci il tarixli ərizənin icra edilə bilmədiyi aydın olur. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən göndərilmiş 20 iyun 2021-ci il tarixli 04/407 nömrəli məktubda NMR-in daşınmax əmlakın dövlət reyestrində İddiaçı adına xx.xx.2013-cü il tarixdə Naxçıvan şəhəri 2-ci DNK-nın xx.xx.2012-ci il tarixli 4/ə-02-582 nömrəli alqı-satqı müqaviləsi əsasında Naxçıvan şəhəri Tumbul kəndi, 4-cü küçə 1D ümnvanında 330 m2 həyətyanı torpaq sahəsi və xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhəri 1-ci DNK-nın xx.xx.2016-cı il tarixli 4ə-16 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 5 ünvanında 265 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 72,3 m2 olan 2 otaqlı fərdi yaşayış evi qeydiyyata alınması qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan Naxçıvan şəhəri, 1-ci küçə, ev 82B ünvanında yerləşən 72.3 kv.m ümumi sahəsi olan mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/24 nömrəli reyestr kitabının 4654 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. Məhkəmə araşdırması zamanı şahidlərin ifadələrindən və iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatından məlum olmuşdur ki, Cavabdeh anası X12 tərəfindən mübahisəli mənzil İddiaçı bağışlanmadan əvvəl mübahisəli mənzildən olan yaşayış və istifadə hüququnu itirmişdir. Məhkəmə bu qənaətə gələrkən Cavabdeh mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən ona münasibətdə bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəalarını əsas tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 20 ilə yaxın müddətdir ki, mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Bunu məkəmə iclasında dindirilmiş şahid ifadələri və iş üzrə iddiaçının izahatları təsdiq edir. Cavabdeh hazırda Bakı şəhərində yaşayır. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, mübahisəli mənzil X5 mülkiyyətinə verilmişdir, cavabdeh də onun ailə üzvü kimi həmin mənzildən istifadə hüququ əldə etmişdir, lakin cavabdeh anası mübahisəli mənzilin mülkiyyətçisi olduğu vaxtda həmin mənzili 6 aydan çox müddətə daimi əsaslarla tərk etmiş, onun həmin mənzildə qeydiyyatı formal xarakter daşımışdır ki, bunun nəticəsində də cavabdehin mübahisəli evdən olan istifadə hüququ itirilmişdir. Cavabdehin mübahisəli mənzilin iddiaçıya bağışlanmasınadək uzun müddət mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, yuxarıda qeyd olunanları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddiası aşağıdakı əsaslara görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləninin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.4-ci maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 may 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Həmin Qərara əsasən Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). İddia ərizəsindən, iş üzrə məhkəmə araşdırmasından aydın olur ki, mübahisəli mənzil İddiaçı mülkiyyətinə keçənə qədər cavabdeh həmin mənzildən istifadə hüququnu itirmişdir. 2016-cı ildən mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra isə Cavabdeh qeydiyyatda olduğu ünvanda – Naxçıvan şəhəri, 1-ci küçə, ev 82B-də yaşamamışdır. Mənzil üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alındıqdan sonra Cavabdeh mənzildən istifadə hüququnun yaranmasına dair tərəflər arasında notarial qaydada təsdiq olunmuş müqavilə bağlanmamışdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Qeyd olunan Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur Məhkəmə qeyd edir ki, hazırki iddia tələbində də cavabdeh qismində göstərilmiş Cavabdeh mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra da həmin mənzildə qeydiyyatda qalması onun həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmamışdır. Cavabdeh mübahisəli mənzilə anasının mülkiyyətində olduğu vaxt istifadə hüququnu itirmiş, 2016-cı ildə həmin mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra həmin mənzilə istifadə hüququ yaranmamışdır. Belə olan halda mövcud olmayan istifadə hüququnun itirilmiş hesab edilməsindən söhbət gedə bilməz. Həmçinin "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Həmçinin müvafiq Plenum qərarında o da qeyd olunmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Plenum Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar