Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-630/2024 17.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, Məmmədova Billurə Ayaz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 2950 (iki min doqquz yüz əlli) manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul еdilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, ”Azər-Türk Bank” ASC ilə cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 18 aprel 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixdə terminal vasitəsi ilə mədaxil edilmiş vəsait karta 3 dəfə oturmuş və müştəri vəsaitin bir hissəsini istifadə etmişdir. Bununla əlaqədar olaraq banka 2950 (iki min doqquz yüz əlli) manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan Cavabdeh bankın hesabına 2950 (iki min doqquz yüz əlli) manat məbləğində əsassız varlanmışdır. Göründüyü kimi, cavabdeh ilə bank arasında olan 18 aprel 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 24 yanvar 2024-cü il tarixli, 6-3/07/05- 994 saylı pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hаl-hаzırdа borclunun Müqaviləyə əsаsən “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə оlаn bоrcu 2950 (iki min doqquz yüz əlli) manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilat məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi Cavadov X1 Məhkəmə İnformasiya Sistemi vasitəsilə 18 mart 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, ərizədə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə bütün məhkəmə iclaslarının onların iştirakları olmadan keçirməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh kartı cashback qazanmaq üçün əldə etdiyini, 2 yaxınının kartdan istifadə etdiyini, bir dəfə də özü karta 3400 manat pul qoymaq istəyərkən işıqlar keçdiyini, ödənişin həyata keçib-keçmədiyini müəyyən etmək üçün banka müraciət etdiyini, daha sonra taksi fəaliyyəti ilə məşğul olduğu üçün getmək məcburiyyətində qaldığını, yolda olarkən ona ödənişin əslində həyata keçdiyini, özlərinin ikinci dəfə etdiyi ödənişi geri çəkəcəklərini bildirdiklərini, borcu qəbul etdiyini, hər ay da maaşından ödəniş etdiyini, 2450 manata kimi azaltdığını, ekspert rəyi ilə razı olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 18 aprel 2022-ci il tarixli Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair Müqavilənin imzalanması işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi haqqında Müqavilə üzrə Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etməsi isə işin mübahisəli hallarıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla və ekspert rəyi ilə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbi qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlar, ekspert rəyi və cavabdehin məhkəmədə verdiyi izahatdır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onların qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında 18 aprel 2022-ci il tarixli Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair Müqavilə imzalanmış və bank tərəfindən müştərinin adına ödəniş kartı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, mülkiprosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan qeyd olunan məbləğdə pulun həqiqətən də overdraft nəticəsində cavabdehin kart hesabına köçürülməsi aydın olur. İddia ərizəsinə əlavə olunmuş 24 yanvar 2024-cü il tarixli, 6-3/07/05-994 nömrəli xəbərdarlıqda isə cavabdehə məxsus olmayan 3100 (üç min yüz) manat vəsaitin 5 (beş) iş günü ərzində bütövlüklə geri ödənilməsinin xahiş olunduğu, əks təqdirdə həmin vəsaitin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi məhkəməyə müraciət olunacağı bildirilmişdir. Hesаblаmаlаrın düzgünlüyünün xüsusi biliyə mаlik olаn ekspert vаsitəsilə müəyyən edilməsi zərurəti olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 02 may 2024-cü il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2024-cü il tarixli, 785 saylı ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə kart hesabında olan vəsait 0.00 olmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh kart hesabından 3400.00 manat vəsait çəkilmiş və overdraft baş vermişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilədək 950.00 manat pul vəsaiti ödənilmiş, bunun nəticəsində 2450 manat borc yaranmışdır. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq belə hesab edir ki, iddiaçının borcun alınmasına dair tələbi ekspert rəyində göstərilən məbləğdə təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Yekunda məhkəmə qeyd edir ki, 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 49.50 (qırx doqquz) manat dövlət rüsumunun 41.11 (qırx bir manat on bir qəpik) manatlıq hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manat Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin edilməli; - 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - iddia tələbi qalan hissədə rədd olunmalı; - iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 49.50 (qırx doqquz) manat dövlət rüsumunun 41.11 (qırx bir manat on bir qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manat Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 49.50 (qırx doqquz) manat dövlət rüsumunun 41.11 (qırx bir manat on bir qəpik) manatlıq hissəsi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-630/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-630/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver