Məhkəmə qərarları › İş №e-2(078)-66/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-66/2025

08.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-66/2025 08.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçının vəkil və nümayəndəsi Vəkil, Cavabdeh2 və Cavabdeh2 vəkili X11 iştirakları ilə, İddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, fərdi yaşayış evindən və torpaq sahəsindən məcburi çıxarılması, fərdi yaşayış evinin boşaldılması və fərdi yaşayış evinə məcburi köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, fərdi yaşayış evindən və torpaq sahəsindən məcburi çıxarılması, fərdi yaşayış evinin boşaldılması və fərdi yaşayış evinə məcburi köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvagir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 “yaşayış və istifadə” hüququna bazar qiymətinə uyğun müvafiq kompensasiya ödənilməklə xitam verilməsi, iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən öz hesablarına boşaldılması, iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məcburi qaydada çıxarılması və iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvagir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızının məcburi qaydada köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkil və nümayəndəsi iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, ünvan 1 ünvanında 0.24 ha torpaq sahəsində ümumi sahəsi 138.26 kv m olan fərdi yaşayış evi 05 oktyabr 2011-ci il tarixli bağışlama müqaviləsi əsasında atası X6 tərəfindən nümayəndəsi olduğu şəxsə bağışlamışdır. Nümayəndəsi olduğu şəxs həmin fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququna malikdir. Uzun illərdir ki, tərəflər arasında müxtəlif mübahisə predmetləri üzrə məhkəmə mübahisələri mövcud olmuşdur. Hazırki iş üzrə cavabdehlər həmin fərdi yaşayış evində faktiki olaraq yaşayır və eyni zamanda həmin evin pasport qeydiyyatında dayanırlar. İddiaçı da hər üç şəxsin yaşayış və istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini və həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarını istəyir və məhz buna görə də iddia qaldırmışdır. İddiaçı bundan əvvəl də Naxçıvan Şəhər Məhkəməsində eyni tələb üzrə iddia qaldırmış, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-45/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. İddianın rədd olunmasına səbəb isə iddiaçının təklif etdiyi kompensasiya məbləğinin cavabdehlərin özləri üçün müvəqqəti yaşayış yeri ilə təmin olunmasına kifayət edən məbləğin olmaması olmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, təklif olunan kompensasiya məbləği cavabdehlərin əvvəlki özlərinin mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edilə bilmələri üçün yetərli deyildir. Əlavə olaraq onu qeyd etmək lazımdır ki, hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 hazırki iş üzrə iddiaçıya qarşı “bağışlama müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia qaldırmış, iddia rədd olunmuş, həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin Naxçıvan MR Sədərək Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(088)-38/2017 saylı qətnaməsi qüvvədə qalmışdır. Hazırki iş üzrə cavabdehlər iddiaçının mənzilinə faktiki olaraq sahiblik edir, mülkiyyətçini (iddiaçını) özünə tam mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinə girməyə imkan vermir və iddiaçının hüquqlarını kobud sürətdə pozurlar. Hətta iddiaçının özü özünə məxsus fərdi yaşayış evinə məcburi köçürülmə tələbi ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Nəticə etibarı ilə iddiaçı hər 3 cavabdehin yaşayış və istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsini və həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarını istəyir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının vəkil və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş, məhkəmə baxış iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh3 iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Vəkil izahatında iddia ərizəsini müdafiə etdiklərini, iddiaçının cavabdehlərin yaşayış və istifadə hüququna xitam verilməsi üçün hər birinə 12600 manat kompensasiya ödəməyə razı olduğunu, iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 yaşayış və istifadə hüququna bazar qiymətinə uyğun müvafiq kompensasiya ödənilməklə xitam verilməsini, həmin evin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən öz hesablarına boşaldılması, həmin evdən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məcburi qaydada çıxarılması və həmin evə iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızının məcburi qaydada köçürülməsini istədiklərini, iddiaçının həmin evə mülkiyyət hüququ tam olsa da həmin evdən istifadə edə bilmədiyini, cavabdehlərin onu həmin evə buraxmadıqlarını, cavabdeh kompensasiya olaraq 10 sot torpaq istəsə də iddiaçının buna razı olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında 2011-ci ildə onları evin qeydiyyatından xəbərləri olmadan çıxardıqlarını, orqanların atasının sözünə görə qeydiyyatdan çıxardıqlarını dediklərini, notariusu da, icra nümayəndəsini də bu səbəbdən məhkəməyə verdiyini, məhkəmədə işə baxılarkən tərəflərin heç bir məhkəmə proseslərində iştirak etmədiklərini, icra nümayəndələrinin prosesə gəlmədiklərini, xətlərin atası ilə anasının olmadığını, bu səbəbdən xətşünaslıq ekspertizası keçirilməsini xahiş etdiyini, daha sonra apellyasiya şikayəti verdiyini, lakin qətnamənin qüvvədə qaldığını, evə baxış keçirildiyini, evin söküldüyünü, qapıların söküldüyünü, özünün 2013-cü ildə qeydiyyatdan çıxarıldığını bildiyini, daha sonra onlara məhkəmə qərarı ilə torpaq verildiyini, qaz, su xətlərinin ayrı olduğunu, evin girişinin də ayrı olduğunu, əziyyətlə o evi tikdiyini, təmir edib yaşadığını, 8 ildir ki, iddiaçı ilə üz-üzə belə gəlmədiklərini, danışmadıqlarını, hal-hazırda onun Bakıda yaşadığını, niyə bu iddianın qaldırıldığını bilmədiyini, özünün həmin yaşayış sahəsindən istifadə hüququ olduğunu, atasının əsəbi insan olduğunu, atasının anasına hücum elədiyini, anasının da “öz payımı oğluma verirəm” dediyini, o evdən özünün ancaq ölüsünün çıxacağını, çıxmayacağını, 6 nəfərin hal-hazırda o evdə yaşadığını, 2-ci qrup əlil olduğunu, özünün hüquqları olduğunu, xəstə olduğunu, 2 dəfə kliniki ölüm keçirdiyini, bir dəfə iddiaçıya evi satıb başqa ev almağı təklif etdiyini, ondan üzr istəyəcəyi şərti ilə razılaşdığını, özünün gedəcək başqa yeri olmadığını, özünə münasibətdə 12600 manat kompensasiya ödənilməsinə razı olmadığını, özünün həmin evi təmir etdirdiyini, 10 sot torpaq istədiyini, başqa heç nə istəmədiyini, həmin torpağı satıb özünə ev almaq istədiyini, evin özünün artırmaları hesabına dəyərinin çox olduğunu, özünün həmin həyətdə köhnə evə bitişik özü tikdiyi təmir etdirdiyi evdə yaşadığını, öz tikdiyi evin qeydiyyata alınmadığını, ancaq həmin evin komunnal xərclərini 20-25 ildir özünün ödədiyini, ailələrində heç bir problem olmadığını, sadəcə olaraq o vaxt bir dəfə iddiaçının gəlib onlarda qaldığını, falçılıq etdiyini gördüyünü, onu evdən qovduğunu, bu səbəbdən iddiaçının prinsipə düşdüyünü, bu səbəbdən illərdir mübahisələrinin olduğunu, iddiaçının evi necə adına qeydiyyata aldırdığını bilmədiyini, özünün səhhətində problem olduğunu, evi kredit götürüb tikdiyini, bahalı remont etdirdiyini, başqa qalacaq yeri olmadığını, torpaq versə satıb gedib başqa yerdə qalacağını bildirərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X15 izahatında cavabdehin həmin evdə yenidənqurma işləri apardığını, təklif edilən kompensasiya məbləğinin az olduğunu, Cavabdeh2 12600 manat kompensasiya ödənilməsinə razı olmadığını, kompensasiya qismində 10 sot torpaq sahəsi istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 izahatında özünün yaşayacaq başqa yeri olmadığını, o evin indiki vəziyyətinə gəlməsi üçün əziyyət çəkdiklərini, evdən çıxmayacaqlarını bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Naxçıvan MR, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 12-də mülkiyyətində olan 0.24 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 101.30 kv.m yaşayış, --- qeyri-yaşayış, 36.96 kv.m köməkçi sahədən ibarət 27 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 249 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş X6 ilə X10 arasında bağlanmış 05 oktyabr 2011-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X1 MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2006-cı il tarixli reyestr nömrəsi 103249 və qeydiyyat 607 nömrəli çıxarışına əsasən ünvan 1-də yerləşən 2400.0 kv.m torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 3 otaqlı, 101.3 kv.m yaşayış, 101.12 kv.m qeyri-yaşayış, 36.96 kv.m köməkçi sahədən ibarət mülkünü qızı X7 bağışlamış, həmin müqavilə imzalanarkən X10 həmin bəxşişi atası X2 bəxşiş kimi qəbul etmişdir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 10 aprel 2006-cı il tarixli, 2-103 2006 nömrəli qətnaməsindən görünür ki, vətəndaş X3 X8 ailəsi ilə birlikdə Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən yaşayış evindən məcburi qaydada çıxarılması tələbi əsassız olduğundan təmin olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 27 avqust 2014-cü il tarixli, 2(108)-29/2014 nömrəli qətnaməsindən görünür ki, Kəngərli Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2(111)-6/2014 nömrəli qətnaməsi ilə Cavabdeh2 Naxçıvan şəhər 1 saylı Dövlət Notariat Kontoru və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən, cavabdeh qismində cəlb olunmuş X6 və X4 05 oktyabr 2011-ci il tarixdə Naxçıvan şəhər 1 saylı DNK-da qeydiyyata alman 4/Ə-2-486 nömrəli bağışlama müqaviləsinin və 25 oktyabr 2011-ci il tarixdə X6 və X10 arasında bağlanmış müqavilə əsasında DƏDRX-də aparılmış qeydiyyatın ləğv olunması tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamədən iddiaçı Cavabdeh2 və onun nümayəndəsi X21 tərəfindən apellyasiya şikayəti verilmiş və Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyası tərəfindən iddiaçı Cavabdeh2 və onun vəkili X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Kəngərli Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2(111)-6/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 dekabr 2014-cü il tarixli, 2(102)-4920/14 nömrəli qərarından görünür ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 27 avqust 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinə əlavə olunmuş Sədərək Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(088)-38/2017 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 xx.xx.2011-ci il tarixdə Naxçıvan şəhər 1-ci DNK da qeydiyyata alınan 4/Ə-2-486 nömrəli bəxşiş müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(078)-45/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi çıxarılmaları tələbinə dair iddiası rədd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 28 avqust 2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı, X22, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X16 və X20 qeydiyyatdadırlar. Məhkəmə iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətlə əvəzi kimi çıxış etməlidir. Belə hallarda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzil tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən ödənilən kompensasiya da başqa yerdə yaşamaq və yeni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onunla elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsində olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətdə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin əhəmiyyətli hissəsini təşkil etdiyi hallarda da həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. Çünki bu halda şəxsin itirdiyi mənzildən istifadə hüququ əvəzinə birbaşa mülkiyyətinə ev (mənzil) əldə etmək üçün real və əhəmiyyətli maddi dəstək qazanır. İş üzrə iddiaçının vəkil və nümayəndəsi iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 hər birinə, ayrıayrılıqda 12600 manat məbləğində kompensasiya ödəməyi təklif etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Bazar qiymətlərinə uyğun olaraq kompensasiya məbləğinin düzgün müəyyən edilməsi məqsədilə məhkəmə baxışı zamanı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə ona mütənasib olan yaşayış evlərinin alqı-satqısının rəsmiləşdirilməsi və sözügedən yaşayış evinə mütənasib olan evlərin kirayə müqavilələrinin bağlanması zamanı mövcud olan bazar qiymətləri ilə bağlı məlumatın öyrənilməsi üçün Naxçıvan "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə, Naxçıvan şəhər 2 saylı Notariat Ofisinə və Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli, 1883/2024 nömrəli və 14 yanvar 2025-ci il tarixli, 63/2025 nömrəli məktublarda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evlərinin istifadəyə yararlığına, yəni yeni və köhnə tikililərə, torpağın və evin sahəsinin ölçüsündən və təmirindən asılı olaraq alqı-satqı müqavilələrinin rəsmiləşdirməsi zamanı mövcud olan bazar qiyməti 50000-100000 manat, kirayə müqavilələrinin bağlanması zamanı mövcud olan qiymət isə 200-400 manat dəyərindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli, 317 nömrəli məktubda qeyd edilmişdir ki, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 12,ev 27 ünvanında yerləşən yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə ona mütənasib olan fərdi yaşayış evlərinin satış qiyməti 80000-100000 manat, yaşayış sahələrinin kirayə müqavilələri bağlanarkən müəyyən edilmiş qiymətlər 150-200 manat aralığında dəyişir. Həmçinin tam mülkiyyət hüququ ilə Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki bazar qiymətinin müəyyən edilməsi məqsədilə Naxçıvan Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2(078)-66/2025 nömrəli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair 23 aprel 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında 0.2400 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 138.3 m2 olan fərdi yaşayış evinin 14 aprel 2025-ci il tarixinə bazar dəyəri 235800 (iki yüz otuz beş min səkkiz yüz) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında o da vurğulanmışdır ki, “Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar”. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməsi müqabilində məhkəmə iclasında iddiaçının vəkil və nümayəndəsi iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 hər birinə, ayrı-ayrılıqda 12600 manat məbləğində kompensasiya ödənilməsini təklif etdiyini bildirmiş, ancaq məhkəmə iclasında iştirak edən Cavabdeh2 həmin kompensasiya məbləği ilə razılaşmamış, iddiaçı tərəfindən ona 10 sot torpaq sahəsi verildiyi halda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməsinə razı olacağını bildirmişdir. Ancaq məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməsi müqabilində cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 hər birinə, ayrı-ayrılıqda 12600 manat məbləğində kompensasiya ödənilməsi ədalətlidir. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli və iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 hər birinə, ayrı-ayrılıqda 12600 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızının digər tələbi olan iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məcburi qaydada çıxarılmaları və həmin fərdi yaşayış evinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən öz hesablarına boşaldılması tələbinə münasibətdə isə aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli fərdi yaşayış evinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Hal-hazırda isə məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüquqlarına xitam verilməsi qənaətinə gəldiyindən, məhkəmə belə hesab edir ki, iddiaçı ona məxsus fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını və fərdi yaşayış evinin onların vəsaiti hesabına boşaldılmasını tələb etməkdə haqlıdır. Ona görə də iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləninin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə iddiaçının digər tələbi olan iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızının məcburi qaydada köçürülməsi tələbinə münasibətdə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində hər kəsin mənzil hüququ təsbit olunmuşdur. Konstitusiyanın müddəasına görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlərin iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına mübahisəli mənzildə yaşayış və istifadə hüququna maneçilik törətməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X19 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Ona görə də iddiaçı Qasımova (Məhərrəmova) X13 şəhəri, Əliabad qəsəbəsi, döngə 12, ev 27 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia təmin edilməli olduğundan qiymətləndirmə ekspertizasının aparılması üçün ekspertiza xərci olan 446 (dörd yüz qırx altı) manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızı tərəfindən Cavabdeh2 12600 (on iki min altı yüz) manat kompensasiya ödənilməklə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməli; -iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızı tərəfindən Cavabdeh1 12600 (on iki min altı yüz) manat kompensasiya ödənilməklə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməli; -iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızı tərəfindən Cavabdeh3 12600 (on iki min altı yüz) manat kompensasiya ödənilməklə Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməli; -iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məcburi qaydada çıxarılmalı və həmin fərdi yaşayış evi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılmalı; -iddiaçı Qasımova (Məhərrəmova) X13 şəhəri, Əliabad qəsəbəsi, döngə 12, ev 27 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli; -iddia təmin edilməli olduğundan iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına ödənilməli; -iddia təmin edilməli olduğundan qiymətləndirmə ekspertizasının aparılması üçün ekspertiza xərci olan 446 (dörd yüz qırx altı) manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızı tərəfindən Cavabdeh2 12600 (on iki min altı yüz) manat kompensasiya ödənilməklə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilsin. İddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızı tərəfindən Cavabdeh1 12600 (on iki min altı yüz) manat kompensasiya ödənilməklə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilsin. İddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızı tərəfindən Cavabdeh3 12600 (on iki min altı yüz) manat kompensasiya ödənilməklə Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilsin. İddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məcburi qaydada çıxarılsın və həmin fərdi yaşayış evi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılsın. İddiaçı Qasımova (Məhərrəmova) X13 şəhəri, Əliabad qəsəbəsi, döngə 12, ev 27 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia təmin edildiyindən iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına ödənilsin. İddia təmin edildiyindən qiymətləndirmə ekspertizasının aparılması üçün ekspertiza xərci olan 446 (dörd yüz qırx altı) manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar