Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-711/2024 22.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 540.36 (beş yüz qırx manat otuz altı qəpik) manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2023 tarixində kredit borcuna silinmiş 2863.36 manat vəsait eyni zamanda cavabdeh tərəfindən istifadə edilərək “onlayn” ödəniş əməliyyatları aparmış və həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh banka cəmi 540.36 (beş yüz qırx manat otuz altı qəpik) manat ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Kart hesabından çıxarışın sonuna nəzər yetirilsə oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 8298 manat mədaxil edilib, 8838.36 manat isə məxaric edilmişdir. Buradan da tam aydın olur ki, cavabdeh banka 540.36 manat ziyan vurmuşdur. Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianı əsaslı sayıb təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Məmmədov X1 şəhəri, məhəllə 1, ev 2 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 16 aprel 2024-cü il tarixli, e-2(078)-711/2024 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmiş, 22 aprel 2024-cü il tarixdə qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2023-cü il tarixli, BRCB2408931B500 nömrəli “X2 kart müqaviləsi” bağlanılmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən bu Müqaviləyə görə Bank Müştəriyə “X2” ödəniş kartı (bundan sonra - “X2 Kart” və ya “Kart) verir, Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Əməliyyatların xarakterindən irəli gəldiyi hallarda, habelə Bankın və ya Müştərinin seçiminə uyğun olaraq əməliyyatlar aparılarkən, Kart, habelə Bank tərəfindən Müştəriyə daha əvvəl təqdim edilmiş digər ödəniş kartları Müştəri tərəfindən bu Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan və ya Müştərinin artıq Bankda mövcud olan hesab(lar)ından hər hansı birinə bağlanıla bilər. Karta kredit xəttindən kənar mədaxil edilmiş hər cür öhdəliklərdən azad pul vəsaiti qanunvericiliyə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “X2 kart müqaviləsinə əsasən ona xx.xx.2026-cı il tarixədək plastik kartdan istifadə hüququ verilmişdir. Qeyd olunan müqavilə üzrə “Texniki Overdraft” nəticəsində Cavabdeh İddiaçı ASC-yə 540.36 (beş yüz qırx manat otuz altı qəpik) manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 29 dekabr 2023-cü il tarixli, 16/T3007 nömrəli bildirişdən məlum olur ki, həmin tarixdə İddiaçı ASC tərəfindən borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2408931B500 nömrəli “X2 kart müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən Hesaba yanlış daxilolma olduqda. Müştəri bu barədə 3 (üç) iş günü ərzində Banka məlumat verməli və Bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği Banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən akseptsiz qaydada Müştərinin hesabından silinə bilər. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən hesabda limitdən artıq borc - overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, Müştəri Bank qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda, Bank Müştərini xəbərdar etmədən Kartın fəaliyyətini dayandıra bilər. Həmin müqavilənin 7.2.4-cü bəndinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə etmir və onları dərhal banka geri qaytarır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli balansdan kənar məxaric orderindən görünür ki, 1 ədəd plastik kart həmin gün bank tərəfindən borcalana yəni cavabdehə verilmiş və həmin balansdankənar məxaric orderi cavabdeh tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, iddia tələbində tələb olunan overdraft nəticəsində cavabdehə verildiyi qeyd olunan pul məbləği həqiqətən də cavabdeh tərəfindən əldə edilmişdir. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılmasına dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin əsassız varlanma nəticəsində pul əldə etməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsaslı qəbul edir. Qanunvericiliyin tələbləri daxilində ərizəni və ona əlavə olunmuş sənədləri araşdıran məhkəmə yekunda qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinin əsaslı olması iş materialları ilə təsdiq olunur. Buna görə də, həmin tələb təmin olunmalıdır. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -540.36 (beş yüz qırx manat otuz altı qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli; -həmçinin iş üzrə Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 540.36 (beş yüz qırx manat otuz altı qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-711/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-711/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver