Məhkəmə qərarları › İş №e-2(078)-714/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-714/2022

22.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-714/2022 22.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən yaşayış və istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 19 may 2006-cı il tarixli, 2-141 nömrəli qətnaməsi ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında verilmiş yaşayış və istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq bildirmişdir ki, ünvan 1 onun - İddiaçı mülkiyyətindədir. X1 29 fevral 2000-ci il tarixdə Mikayılova (Hüseynova) Jalə Sabir qızı ilə ailə qurub, nikahlarını rəsmiləşdirərək onun evinə gəlin gətirmişdir. Onların birgə nikahından Həsən və Hüseyn adlı iki nəfər övladları doğulmuşdur. Lakin müəyyən səbəblərdən onlar arasında olan nikah Naxçıvan şəhər Məhkəməsinin 17 iyul 2006-cı il tarixli, 2-127/2006 nömrəli qətnaməsi ilə pozulmuş və hər iki uşaq anaları Jalənin yanında saxlanılmışdır. Naxçıvan şəhər Məhkəməsində 19 may 2006-cı il tarixdə, 2-141 nömrəli qətnamə ilə baxılaraq Mikayılova (Hüseynova) Jalə Sabir qızının ona qarşı “mənzildən yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair” iddiası təmin olunmuşdur. Mikayılova (Hüseynova) Jalə Sabir qızına iki övladı Həsən və Hüseynlə birlikdə mənzildən yaşayış və istifadə hüququnun verilməsinə baxmayaraq həmin vaxtdan bu günə kimi bir gün olsun belə gəlib, orada yaşamamışlar. Jalə boşanandan sonra dayısı oğlu ilə ailə qurub bir müddət onunla yaşayıb, ondan da boşandı və hal-hazırda Bakı şəhərində yaşayırlar. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmişlər, məhkəmə iclaslarına gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 12 avqust 2022-ci il tarixdə Cavabdeh2 məhkəməyə ərizə göndərərək ərizədə X8 ilə rəsmi nikahla ailə qurduğunu, ailə qurduğu müddətdə 1-ci mikrorayon Atabəylər məhəlləsi, bina 9, ev 16-da 6 il yaşadığını, həmin ünvanda 2001-ci il mayın 20-də oğlu Cavabdeh1 və 2003-cü il avqustun 3-də X2 anadan olduğunu, göstərilən ünvanda dünyaya gəldiklərini, bu günə kimi qeydiyyatda olduqlarını, 2007-ci ildə ayrıldığını, hal-hazırda Bakı şəhərində Atçılıqda kirayə qaldığını, uşaqlarının təhsili ilə əlaqədar məcburiyyət qarşısında qaldığını, halhazırda keçmiş həyat yoldaşı Hüseynov Samir və anası İddiaçı onun və uşaqlarının evdən qeydiyyatdan çıxarılması üçün iddia qaldırdığını, hal-hazırda özünə və uşaqlarına məxsus yaşayış yeri olmadığına görə uşaqların təhsilini başa vurduqdan sonra qayıdıb həmin ünvanda yaşamağa davam edəcəyini qeyd edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında ünvan 1 ünvanında yerləşən evin onun mülkiyyətində olduğunu, X1nun və Mikayılova (Hüseynova) Jalə Sabir qızının 29 fevral 2000-ci il tarixdə nikaha daxil olaraq evləndiklərini, Jalənin həmin vaxt onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə gəlin köçdüyünü, onların birgə nikahından Həsən və Hüseyn adlı iki nəfər övladlarının doğulduğunu, oğlu Samirlə gəlini Jalənin arasında olan nikahın müəyyən səbəblərdən Naxçıvan şəhər Məhkəməsinin 17 iyul 2006-cı il tarixli, 2-127/2006 nömrəli qətnaməsi ilə pozulduğunu, nikah pozulduqdan sonra uşaqların anaları Jalənin yanında saxlanılmasının qət edildiyini, Naxçıvan şəhər Məhkəməsinin 19 may 2006-cı il tarixli qətnaməsi ilə Mikayılova (Hüseynova) Jalə Sabir qızının ona qarşı “mənzildən yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair” iddiasının təmin olunduğunu, Mikayılova (Hüseynova) Jalə Sabir qızına iki övladı Həsən və Hüseynlə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən yaşayış və istifadə hüququnun verildiyini, lakin Jaləyə yaşayış və istifadə hüququ verilməsinə baxmayaraq onun nikah pozulduqdan sonra hazırki mübahisəli mənzildə yaşamadığını, nikah pozulduğu vaxtdan Jalənin uşaqlarını da götürərək onun mülkiyyətində olan evdən çıxıb getdiyini, həmin vaxtdan bu günə kimi Jalənin bir gün olsun belə gəlib, orada yaşamadığını, övladları ilə birlikdə başqa ünvanda yaşadıqlarını, hətta həmin evdə qeydiyyata düşdüklərini, hazırda da onun evində qeydiyyatda olmadıqlarını, Jalənin boşanandan sonra dayısı oğlu ilə ailə qurub bir müddət onunla yaşadığını, lakin bir müddət sonra ondan da boşandığını, hal-hazırda cavabdehlərin hər üçünün də Bakı şəhərində yaşadıqlarını, nəvələri ilə münasibətinin normal olduğunu, onlara hər zaman əlindən gələn maddi köməyi etdiyini, onları çox istədiyini, lakin onların razılığı olmadan hazırki evi barəsində sərəncam verə bilmədiyini, cavabdehlərin əsassız yerə onun hüququnu məhdudlaşdırdıqlarını, ona görə də onların formal xarakter daşıyan istifadə hüquqlarının itirilmiş sayılması üçün məhkəməyə müraciət etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismindən dindirilən X7 ifadəsində uzun müddətdir ki, Validə ilə qonşu olduğunu, Validənin oğlu Samirin Jalə adlı xanımla evli olduğunu, onların nikahlarının pozulduğunu, nikahları pozulduqdan sonra bu günə qədər yəni təxminən 15-16 il olar ki, bir dəfə də olsun Jaləni Validənin hazırda yaşadığı evdə yəni ünvan 1 ünvanında yerləşən evdə görmədiyini, Jalənin övladlarının da həmin mənzildə yaşamadıqlarını, nikah pozulduqdan sonra onların anaları ilə başqa ünvanda yaşadıqlarını, hazırda da mübahisəli mənzildə Validə və onun oğlunun ailəsi ilə birlikdə yaşadığını bildirdi. Məhkəmə iclasında şahid qismindən dindirilən X9 ifadəsində 40 ilə yaxındır ki, Validə xanımla qonşu olduğunu, Validənin oğlu Samirlə gəlini Jalənin nikahlarının pozulduğunu, nikahları pozulduqdan sonra nə Jalənin, nə də onun övladlarının Validənin evində yaşamadıqlarını, Jalə ilə övladlarının başqa yerdə yaşadıqlarını, 1-2 dəfə Jalənin oğlanlarının Validəgilə qonaq gəldiyini gördüyünü, amma onların daimi olaraq boşandıqdan sonra Validənin evində yaşamadıqlarını, Jalənin isə boşandıqdan sonra həmin evə gəlib-getmədiyini, hazırda həmin evdə Validənin, onun oğlu və ailəsinin yaşadıqlarını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, iş üzrə iddiaçının X1nun və Cavabdeh2 arasında 29 fevral 2000-ci ildə nikah bağlanması, həmin nikahdan onların xx xxx 2001-ci il təvəllüdlü Cavabdeh1 və 03 avqust 2003-cü il təvəllüdlü Cavabdeh3 adlı övladlarının doğulması, tərəflər arasındakı nikahın 17 iyul 2006-cı il tarixdə məhkəmə qaydasında pozulması, mübahisəli mənzilin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması, mübahisəli mənzildə cavabdehlərin yaşayış və istifadə hüququnun olması işin mübahisəsiz hallarıdır. Bufaktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Nazirlər Kabinetinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı çıxarışdan ünvan 1 ünvanında yerləşən 77.83 kv.m ümumi sahəsi olan mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 09/1 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 17 iyul 2006-cı il tarixli, 2- 127/2006 nömrəli qətnaməsindən X8 ilə X5 29 fevral 2000-ci il tarixdə Naxçıvan Şəhər VVADQ şöbəsində nikaha daxil olması və bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 41 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə edilmiş 18 may 2022-ci il tarixli, 086144 nömrəli çıxarışdan X8 ilə X5 birgə nikahından xx xxx 2001-ci il təvəllüdlü Cavabdeh1 doğulması; -iddia ərizəsinə əlavə edilmiş 18 may 2022-ci il tarixli, 381284 nömrəli çıxarışdan X8 ilə X5 birgə nikahından 03 avqust 2003-cü il təvəllüdlü Cavabdeh3 doğulması; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 17 iyul 2006-cı il tarixli, 2- 127/2006 nömrəli qətnaməsindən X8 ilə X5 arasında bağlanmış və Naxçıvan Şəhər VVADQ şöbəsində qeydə alınmış 29 fevral 2000-ci il tarixli, 41 nömrəli nikah aktının ləğv edilməsi; - iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 19 may 2022-ci il tarixli arayışdan Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatda olması; - iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 19 may 2022-ci il tarixli arayışdan Cavabdeh3 ünvan 3 ünvanında qeydiyyatda olması; - iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 19 may 2022-ci il tarixli arayışdan Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2-141/2006 nömrəli, 19 may 2006-cı il tarixli qətnaməsindən X6 iki uşağı ilə birlikdə İddiaçı məxsus olan və Naxçıvan şəhəri, Atabəylər məhəlləsində yerləşən bina 9, mənzil 16-da yaşayış və istifadə hüququ verilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2-141/2006 nömrəli, 19 may 2006-cı il tarixli və 17 iyul 2006-cı il tarixli, 2-127/2006 nömrəli qətnamələri ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh2 mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən ona münasibətdə bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 2006-cı ildən mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Hazırda cavabdehin məhkəməyə göndərdiyi ərizədən məlum olur ki, o övladları ilə birlikdə Bakı şəhərində Atçılıq deyilən ərazidə yaşayır. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİnin MAPS şöbəsi tərəfindən verilmiş 19 may 2022-ci il tarixli arayışdan Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatda olması məlum olur. Qeyd olunan arayışdan da göründüyü kimi cavabdehin yaşayış yeri dəyişmişdir o rəsmi olaraq özünə başqa yaşayış yeri seçmişdir və həmin ünvanda da qeydiyyatdadır. Həmçinin digər cavabdehlər də özlərinə başqa yaşayış yeri seçmişdirlər iş materiallarında olan arayışdan görünür ki, onlar da Cavabdeh2 ilə eyni ünvanda qeydiyyatdadırlar. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi müəyyən edilir. Həmçinin məhkəmə onu da bildirir ki, Cavabdeh2 12 avqust 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək həmin ərizədə mübahisəli mənzildə bu günə kimi qeydiyyatda olduqlarını qeyd etsə də yuxarıda da qeyd olunduğu kimi cavabdehlər hazırda mübahisəli mənzildə qeydiyyatda deyillər. Cavabdeh2 uşaqlarının təhsili ilə əlaqədar məcburiyyət qarşısında qaldığını, hal-hazırda özünə və uşaqlarına məxsus yaşayış yeri olmadığına görə uşaqların təhsilini başa vurduqdan sonra qayıdıb həmin ünvanda yaşamağa davam edəcəyini qeyd etsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir, eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin ərizəsində qeyd etdiyi halların əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və cavabdehlər 6 aydan çoxdur ki, mübahisəli mənzildə yaşamırlar, oranı daimi əsaslarla tərk etmişlər və onlar hal-hazırda başqa ünvanda qeydiyyatda olmaqla özlərinə başqa yaşayış yeri seçmişlər. Cavabdehlərin məhkəmə qətnaməsi əsasında mübahisəli mənzildən istifadə hüquqlarının olması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamamaları və başqa ünvanda qeydiyyatda olmaları onların özlərinə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehlərin mənzildən olan istifadə hüquqları formal xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 və Cavabdeh3 istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir.Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mübahisəli mənzildən başqa ünvanda qeydiyyatda olmasını uzun müddət və davamlı olaraq mübahisəli mənzildən könüllü olaraq istifadə etməmələrini, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının yaranması əsasının aradan qalxdığını nəzərə alaraq məhkəmə hesab edir ki, onların mübahisəli mənzildən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Naxçıvan Şəhər Məhkəməsinin 19 may 2006-cı il tarixli, 2-141/2006 nömrəli qətnaməsi ilə müəyyən edilmiş İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüquqları itirilmiş hesab edilməli; -iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Naxçıvan Şəhər Məhkəməsinin 19 may 2006-cı il tarixli, 2-141/2006 nömrəli qətnaməsi ilə müəyyən edilmiş İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüquqları itirilmiş hesab edilsin. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar