Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-730/2025 26.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının vəkil və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 18, mənzil 14 ünvanında yerləşən mənzilə dair yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 18, mənzil 14 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin mənzilin qeydiyyatında iddiaçının bacısı Cavabdeh dayanır. Lakin cavabdeh 2014-cü il tarixindən etibarən ali təhsil almaq üçün Türkiyə Respublikasına getmiş daha sonra isə ailə həyatı quraraq 2019-cu ildən sözügedən mənzildə yaşamamaqdadır. Hazırda isə Bakı şəhərində yaşayır orada həkim işləyir. Bu səbəbdən də iddiaçı cavabdehin yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsini istəyir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş, məhkəmə baxış iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının vəkil və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla İddiaçı iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında 2008-ci ildə Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 18, mənzil 14 ünvanında yerləşən mənzilə köçdüklərini, böyük bacısı evli olduğu üçün onun köçmədiyini, atası, anası və bacısı Aygünlə birlikdə həmin evdə yaşadıqlarını, 2014-cü ildə Aygünün təhsil almaq üçün İstanbul şəhərinə getdiyini, 2019-cu ildə isə ailə həyatı qurub Bakı şəhərində yaşamağa başladığını, 2014-cü ildən həmin evdə yaşamadığını, atasının ölümündən sonra anası və bacılarının öz paylarından imtina etdiklərini, evin vərəsəlik qaydasında özünün adına keçdiyini, bacısı Cavabdeh həmin mənzildən yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Vəkil izahatında Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 18, mənzil 14 ünvanında yerləşən mənzilin hüquqlarını müdafiə etdiyi İddiaçı mülkiyyətində olduğunu, İddiaçı bacısı Cavabdeh həmin evdən yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsini istədiyini, həmin mənzilin vərəsəlik qaydasında iddiaçıya keçdiyini, iddiaçının bildirdiyinə görə cavabdehin 2014-cü ildən həmin evdə yaşamadığını, iddiaçının Almaniyada, cavabdehin isə Bakı şəhərində yaşadığını, cavabdehin ailə həyatı qurub Bakı şəhərində yaşadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində Cavabdeh 10 ildən çoxdur ki, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 18, mənzil 14 ünvanında yerləşən mənzildə yaşamadığını, əvvəlcə tələbə olduğu üçün getdiyini, sonra da ailə həyatı qurub Bakı şəhərinə köçdüyünü, əmisigilin evi olduğu üçün bildiyini, Aygünün ona etibarnamə verdiyini, onun adına miras əmlakdakı payından imtina etməsi ilə bağlı sənədləşdirmə işlərini özünün həll etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində 15-16 ildir ki, qonşu olduqlarını, Cavabdeh əvvəlcə tələbə olduğu üçün getdiyini, sonra da ailə həyatı qurub Bakı şəhərinə köçdüyünü, 10-12 il olar ki, həmin evdə yaşamadığını bildirdi. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 55.84 m2 olan mənzil tam mülkiyyət üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2019 - Naxçıvan ŞPİ QvŞV bölməsi, FİN:xxxxxxx, d/t:xx.xx.1982) və o miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak-Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2021 tarixdə X8 verilmiş **********49-05101-093045 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.84 kv/m olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi ********** olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X1 qalmış əri (arvadı) ünvan 2 ünvanında qeydiyyatda olan X3 (AA0471035, xx.xx.2019 - Naxçıvan ŞPİ QvŞV bölməsi, FİN:22KB1YF, d/t:xx.xx.1956) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. X3 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı -Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2021 tarixdə X8 verilmiş **********49- 05101-093045 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.84 kv/m olan mənzildən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 01 iyul 2008-ci il tarixli, 624 nömrəli orderin surətindən görünür ki, X4 4 nəfərdən ibarət ailəsi (həyat yoldaşı X5, oğlu İddiaçı, qızı X9 və qızı X10) ilə birlikdə Ə.Qəmküsar məhəlləsində 18 nömrəli evdə, 14 nömrəli mənzildə 2 otaqdan ibarət 53.0 m2 olan mənzili tutmağa ixtiyarı vardır. İş materiallarına əlavə edilmiş X5 ilə İddiaçı arasında bağlanmış 04 fevral 2025-ci il tarixli, 4Ə-185 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 55.84 kv/m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini, yəni 1/2 hissəni oğlu olan hədiyyə alan İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarına əlavə edilmiş 05 avqust 2025-ci il tarixli, 04/1092 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 18 ünvanında yerləşən 14 nömrəli mənzil Naxçıvan regional “ASAN xidmət” mərkəzində notariat ofisində qeydiyyata alınan xx.xx.2025-ci il tarixli 2V-21 nömrəli vərəsəlik şəhadətnaməsi və xx.xx.2025-ci il tarixli 4Ə- 185 nömrəli bağışlama müqaviləsi əsasında xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və cavabdeh 10 ilə yaxın müddətdir ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmişdir və o hal-hazırda başqa ünvanda yaşamaqla özünə başqa yaşayış yeri seçmişdir. Cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması və başqa ünvanda yaşaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildən olan istifadə hüququ formal xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Cavabdeh mübahisəli mənzildən başqa ünvanda yaşamasını uzun müddət və davamlı olaraq mübahisəli mənzildən könüllü olaraq istifadə etməməsini, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranması əsasının aradan qalxdığını, həmçinin mülkiyyətçinin ailə üzvü olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun mübahisəli mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən Cavabdeh yaşayış və istifadə hüququna xitam verilməli; -iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən Cavabdeh yaşayış və istifadə hüququna xitam verilsin. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-730/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-730/2025
26.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver